Məhkəmə qərarları › İş №2(103)-1664/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1664/2025

12.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1664/2025 12.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil3, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və məcburi payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2(006)-4535/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı və cavabdeh doğma bacıdırlar. Vəfat etmiş şəxs Məmmədov İntizar tərəflərin anası olub. Hədiyyə verən X4 ilə hədiyyə alan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlaması müqaviləsinin surətindən görünür ki, həmin müqavilə hədiyyə verənin Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, ev 24, mənzil 176, ümumi sahəsi 58 kv.m olan mənzilin tam mülkiyyət üzrə məxsus hissəsindən-hədiyyə alan Cavabdeh bağışlaması haqqında bağlanmışdır. Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi ev 24, mənzil 176 mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. Hazırda iddiaçı bağışlama müqaviləsini mübahisələndirir və məcburi payın müəyyən olunmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anasından miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km, “ünvan 1 ünvanında yerləşən mənzilə dair bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və həmin ünvanda məcburi pay hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km “ünvan 1 ünvanında yerləşən mənzil anası X1 adına olmuşdur. Sözügedən mənzili mərhum anası 01 may 2023-cü il tarixdə cavabdeh olan bacısı Cavabdeh bağışlamışdır. Lakin bu bağşılama cavabdehin anasına olan təzyiq və təhdidlərindən sonra baş vermişdir. Belə ki, mərhum anasının yaşadığı yerdə olan qonşular belə cavabdehin anasına qarşı göstərdiyi şiddətə şahidlik etmişlər. Həmin qonşular hətta anasının cavabdehə "nolar elmə-etmə” deyərək yalvararaq ağladığını belə eşitmişlər. Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km, "ünvan 2 ünvanında yerləşən mənzil mərhum anasının aldanması nəticəsində bağışlandığı üçün etibarsız hesab edilməli və sözügedən mənzil üzərində onun məcburi pay hüququ olmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2(006) 4535/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli daşınmaz əmlaklarla bağlı cavabdehlə iddiaçı arasında notarial qaydada təsdiq olunmuş daşınmaz əmlakın bağışlama müqaviləsi bağlanmışdır. Həmin vaxt qanunvericiliyin pozulması halı məhkəmə iclasında müəyyən edilməmişdir. Hazırkı mübahisə üzrə qeyd edilən müqavilənin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Bundan başqa, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İş materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, mübahisəli daşınmaz əmlakla bağlı müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı anası X1 şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi təmin edilməmişdir. İddia ərizəsindən müəyyən edilir ki, iddiaçı əqdin etibarsız olması dəlillərini “bağşılama müqaviləsinin cavabdehin anasına olan təzyiq və təhdidlərindən sonra baş verməsi” ilə əlaqələndirmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə Abşeron RPİ-nin xx.xx.2023-cü il tarixli qərarında olan İntizar Məmmədovanın izahatında göstərilmişdir ki, İddiaçı onun doğma qızıdır. O, Xırdalan şəhəri, İ.Səfərli küçəsində digər qızı Cavabdeh ilə birlikdə yaşayır. Sonuncu ona daimi qulluq etmiş, onun qayğısına qalmışdır. Lakin, digər qızı İddiaçı mütəmadi olaraq onun qızı ilə birlikdə yaşadığı evə gəlmiş onları narahat etmişdir. Təxminən bir il əvvəl Gülüş onu aldadaraq və zorla onu döyərək yaşadıqları evi tanımadığı şəxsə satmışdır. Mütəmadi olaraq Gülüş onun yaşadığı evə gəlib zorla aparmaq istəmişdir. Buna səbəb Xırdalan şəhərində yerləşən digər evini də öz adına keçirmək istəməsidir. O, əlavə olaraq qızı Cavabdeh tərəfindən döyülmədiyini, İddiaçı yalan məlumat verdiyini bildirmiş, bədəni üzərində xəsarət olmadığından MTE müayinəsindən keçməkdən imtina etmişdir. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş “Məişət zorakılığı haqqında iş üzrə” Qərarın surətindən görünür ki, İddiaçı cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq olunması, Cavabdeh və anası X2 30 gün olmaqla qısamüddətli mühafizə orderi verilməsi (xx.xx.2022-ci il– xx.xx.2022-ci il ) qərara alınmışdır. Göründüyü kimi, İntizar Məmmədova müqavilə bağlanılan vaxt öz hərəkətlərinin mənasını tam dərk etməklə, onları idarə etmək iqtidarında olmuş, müqavilənin mahiyyətini tam olaraq anlamışdır. Bundan əlavə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Məhkəmə hesab etmişdir ki, yuxarıda adı çəkilən bağışlama müqaviləsi üzrə hədiyyə verənin hədiyyəni bağışlamağa niyyəti olmuş, hədiyyə alan Cavabdeh isə hədiyyəni qəbul etməyə razılığı olmuşdur. Bununla da, bağışlama baş tutmuş və müqavilədə göstərilən bağışlanan mənzil Cavabdeh mülkiyyətinə keçmişdir. Qanunvericilik daşınmaz əşyalara dair bağlanacaq bağışlama müqaviləsinin formasının yazılı şəkildə notarial qaydada təsdiqlənməklə bağlanılmalı olduğunu imperativ qaydada müəyyən edir. Bu mənada, hazırki mübahisə üzrə bağışlama müqaviləsinin forma tələbinə əməl edilmişdir. Bundan başqa, qanunvericilik bağışlama müqaviləsinin şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməsinin və ya edilməməsinin mümkünlüyünü nəzərdə tutur. Mübahisələndirilən bağışlama müqaviləsinin məzmunundan isə görünür ki, həmin müqavilə şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. Mübahisə üzrə nəticəyə gələrkən məhkəmə həmçinin əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin ümumi yanaşmasını da nəzərə alaraq qeyd etmişdir ki, əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. İşin müəyyən edilmiş faktiki hallarını və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab etmişdir ki, mübahisələndirilən xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün sadalanan qüsurlardan da heç biri mövcud deyildir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab etmişdir ki, iddia “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” hissədə təmin edilmədiyindən iddianın “məcburi payın müəyyən edilməsi” hissəsi də təmin edilə bilməz. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin həqiqi halları ondan ibarətdir ki, mərhum anası X4 bağışlama müqaviləsini cavabdehin ona etmiş olduğu fiziki və psixoloji təsir əsasında imzalamışdır. Çünki həmin ərəfələrdə anası iflic (paralic) keçirdiyi üçün, öz hərəkətlərini sərbəst idarə etməkdə çətinlik yaşamışdır. O həmin xəstəlik səbəbindən, sərbəst hərəkət etməkdə və öz zəruri təlabatını ödəməkdə çətinlik çəkmiş, təkərli əlil arabasında olmuşdur. Belə olan halda isə anasının cavabdehin fiziki və psixoloji təsiri altında həmin bağışlama müqaviləsinin mahiyyətini dərk etmədən imzalamışdır. Bundan başqa həmin əqdin etibarsız olmasını təsdiq edən faktlardan biri də iş materiallarında 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzində bağlanılmış həmin əqdin rəsmiləşdirilməsi zamanı qeydə alınmış videogörüntülərin mövcud olmaması halı olmuşdur. Halbuki, həmin videogörüntülər mövcud olduğu halda ən azı mərhum anasınının zahiri görnüşündə və öz hərəkətlərində xarici təsirin olub-olmadığını müəyyənləşdirmək mümkün olardı. Eyni zamanda tərəfindən məhkəməyə təqdim edilmiş sübutların demək olar ki, heç biri nəzərə alınmamış, qonşular tərəfindən təqdim edilmiş akta düzgün hüquqi qiymət verilməmiş, hətta məhkəmə öz qətnaməsində qonşuların heç birinin ifadəsinə əsaslanmağı lüzum bilməmişdir. Eyni zamanda cavabdeh dəfələrlə anasına özünün qulluq edəcəyi adı ilə onun nəzarətindən uzağlaşdıraraq qaldığı evə aparmışdır. Lakin hər dəfə cavabdehin qaldıqları evin qonşuluğunda yaşayanlardan, sağ ikən anasının özündən bacısının anasına hansı əzab işgəncələr verməsini eşitmişdir. Bu səbəbdən də hər dəfə anasının cavabdehlə birlikdə yaşamasının əleyhinə olmağa çalışmışdır. Hətta anası sağ olarkən belə bacısı gəlib onu məcburi şəkildə apardıqdan sonra bu qanunsuzluqlardan bezib müxtəlif televiziya kanallarına çıxaraq bu məsələni ictimailəşdirmək qərarına gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının məhkəməyə təqdim etmiş olduğu “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın və mühafizə orderinə sübut olaraq düzgün hüquqi qiymət verilməmişdir. Görünən odur ki, məhkəmə qətnaməsində həmin sübuta istinad edilərək onun əsasında qətnamə qəbul edilmişdir. Halbuki, məhkəmə hələ anasının səhhətində yaranmış problemlərin ciddiləşmədiyi bir dövrdə, yəni öz hərəkətlərini sərbəst idarə edərkən Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin rəisinə xx.xx.2021-ci il tarixli, yazmış olduğu ərizəsində və həmin tarixdə vermiş olduğu izahatında bildirmişdir ki, “qızım Cavabdeh mənə məxsus təqaüd kartımı götürərək bu ilin mart ayından bu günə qədər mən xəstə olduğum üçün pulları çıxardıb mənə xərcləyirdi. Mən dəfələrlə qızım Xatirədən təqaüd kartımı istədikdə verməyəcəyini mənə bildirdi. Xahiş edirəm qızım Xatirədən mənə məxsus təqaüd kartımı mənə qaytarılmasını və bir daha məni narahat etməməsi üçün mənə köməklik göstərəsiniz”. Lakin məhkəmə tərəfindən həmin ərizə və izahat tədqiq edilmədiyi halda anasının fəaliyyət qabiliyyətliliyini itirdiyi bir dövrdə cavabdehin fiziki və psixoloji təsir əsasında polisə etmiş olduğu müraciətləri sübut olaraq qiymətləndirilmişdir. Cavabdeh vəkili-nümayəndə Vəkil2 apellyasiya şikayətinə etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1664/2025 saylı, 24 fevral 2025-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmış, qiymətləndirmə mütəxəssislərə həvalə edilmiş, mütəxəssis rəyi daxil olduqdan sonra iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və onun nümayəndəsivəkili ayrı-ayrılıqda apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlaması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiq edildikdə etibarlıdır. 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 670.1-ci maddəsinə uyğun olaraq bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli qərarı. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi:

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - məcburi payın müəyyən edilməsi tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan hədiyyə verən X4 ilə hədiyyə alan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlaması müqaviləsindən göründüyü kimi həmin müqavilə hədiyyə verənin Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, ev 24, mənzil 176, ümumi sahəsi 58 kv.m olan mənzilin tam mülkiyyət üzrə məxsus hissəsindən-hədiyyə alan Cavabdeh bağışlaması haqqında bağlanmışdır. Tərəflərin anası X4 19 aprel 2024-cü il tarixdə vəfat etmişdir. Mübahisəli daşınmaz əmlakla bağlı İddiaçı mərhum anasından miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km, “ünvan 1 ünvanında yerləşən mənzilə dair bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və həmin ünvanda məcburi pay hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, bağışlama müqaviləsi bağlanan vaxt qanunvericiliyin pozulması halı məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Həmin hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Belə ki, bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmçinin bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Göründüyü kimi, əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Lakin hazırkı mübahisə üzrə isə qeyd edilən müqavilənin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Eyni zamanda əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İş materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, mübahisəli daşınmaz əmlakla bağlı müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Bundan başqa qanunvericilik daşınmaz əşyalara dair bağlanacaq bağışlama müqaviləsinin formasının yazılı şəkildə notarial qaydada təsdiqlənməklə bağlanılmalı olduğunu imperativ qaydada müəyyən edir. Bu mənada, hazırki mübahisə üzrə bağışlama müqaviləsinin forma tələbinə əməl edilmişdir. Həmçinin qanunvericilik bağışlama müqaviləsinin şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməsinin və ya edilməməsinin mümkünlüyünü nəzərdə tutur. Mübahisələndirilən bağışlama müqaviləsinin məzmunundan isə görünür ki, həmin müqavilə şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Lakin mübahisələndirilən xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün sadalanan qüsurlardan da hər hansı biri mövcud olmamışdır. Apellyasiya şikayətində iddiaçı mərhum anası X1 bağışlama müqaviləsini cavabdehin ona etmiş olduğu fiziki və psixoloji təsir əsasında imzalamasını bildirsə də, bu barədə mötəbər sübutlar təqdim etməmiş, həmçinin işin faktiki halları ilə qeyd olunanlara müəyyən edilməmişdir. Kollegiya apellyatorun anasının fəaliyyət qabiliyyətinin olmamasına dair dəlilləri ilə bağlı qeyd edir ki, İddiaçı Məhərəm qızının Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində göstərilməklə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi Nəsimi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası iddia tələbinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Bununla belə Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin məcburi payın müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli qərarından görünür ki, “vərəsəlik hüquq institutu ailə və əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimlədiyindən, bağışlanmış əşyanın vərəsəlik hüququ ilə məhdudlaşdırılmasına dair göstəriş Mülki Məcəllənin 32-ci fəslində də nəzərdə tutulmuşdur. Həmin fəsil bağışlamaya dair normaları təsbit edərək, bağışlama müqaviləsini sağ ikən bağlanan və hədiyyə verənin öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirən, hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməyən müqavilə kimi müəyyən etmişdir (Mülki Məcəllənin 666.1-ci maddəsi). Mülki Məcəllənin bağışlamaq və hədiyyəni qəbul etmək qabiliyyətini müəyyən edən 667-ci maddəsində isə bağışlamanın həyata keçirilməsi üçün zəruri olan şərtlər nəzərdə tutulmuşdur. Belə ki, Məcəllənin 667.1-ci maddəsində göstərilmişdir ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Müvafiq maddədə bağışlama hüququnun konkret hansı vərəsələrin hüquqları ilə məhdudlaşdırıldığı dəqiq göstərilməsə də, Mülki Məcəllənin 667.1, 1193 və 1200-cü maddələrinin funksional əlaqəsinin, həmçinin vərəsəlik hüququnun prinsipləri ilə bağlı yuxarıda qeyd olunanların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, qanunverici bağışlama qabiliyyətinin reallaşdırılmasını bağışlanan əmlakın vərəsəlik hüquq normalarına uyğun olaraq qanun üzrə vərəsələrdən birinci növbə vərəsələrə, yəni məcburi pay əldə etmək hüququ olan şəxslərə çatacaq əmlak payına daxil olan hissəsi ilə məhdudlaşdırmışdır. Beləliklə, Mülki Məcəllənin 667.1-ci maddəsində bağışlama müqaviləsinin bağlanması zamanı vərəsəliklə bağlı müddəalarla mülkiyyətçi üçün müəyyən məhdudiyyətlər tətbiq edilməsi, vərəsəlik institutunun mahiyyətinin və prinsiplərinin, ailə maraqlarının qorunmasına xidmət edir və istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı mirasda məcburi pay hüququ olan şəxslərin müvafiq paya hüquqlarını təsbit edir. Qanunverici həmin maddədə bağışlama müqaviləsinin əvəzsiz xarakter daşıdığını nəzərə alaraq bağışlamaya dair belə məhdudiyyət müəyyən etməklə, miras qoyan tərəfindən müxtəlif motivlə sağ ikən verilmiş sərəncamlar nəticəsində məcburi pay sahibi vərəsələrinin məcburi paylarının pozulmasının qarşısının alınması məqsədini güdmüşdür. Qərarda həmçinin qeyd edilmişdir ki, vərəsəlik hüququ baxımından qeyd olunan normanın davamı olaraq Mülki Məcəllənin 1200-cü maddəsində məcburi payın bağışlanmış əşya hesabına artırılması qaydası nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Qeyd olunan maddə məcburi paya hüququ olan şəxslərin məcburi paylarının artırılmasını tələb etmək hüquqlarını müddətlə məhdudlaşdıraraq, yalnız hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına həmin payın tamamlanmasını mümkün hesab etmişdir. Qanunvericilikdə bu şəkildə məhdudlaşdırıcı müddətin müəyyən olunması əsasən bağışlama müqavilələri baxımından hüquqi etimadın təmin olunmasında tarazlığı qorumaq məqsədinə yönəlmişdir. Məcburi payın tamamlanması tələbi məcburi paya hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulmuş hüquqlarını bərpa etməkdən ibarətdir. Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir. Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır:- tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı;- əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı;- əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli;- həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, məcburi pay miras əmlakdan məcburi vərəsəyə mütləq şəkildə çatası pay olduğundan qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) belə payı miras qoyanın iradəsindən asılı olmadan əldə edirlər. Lakin vəsiyyətnamə olmadığı təqdirdə qeyd olunan şəxslərin aldığı miras əmlaka məcburi pay da daxil olduğundan, bir qayda olaraq həmin məcburi pay hüququnun müdafiəsinə zərurət qalmır. Bağışlama halında isə məcburi pay hüququ olan şəxslər hesab olunan birinci növbə vərəsələrə çatacaq pay pozulduğundan, onlar həmin bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə pozulmuş hüquqlarını bərpa edə bilərlər”. Birinci instansiya məhkəməsi isə iddia tələbinin məcburi payın müəyyən edilməsi hissəsi ilə bağlı, Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarında ifadə edilmiş hüquqi mövqeyə uyğun ətraflı araşdırma aparmayaraq iddia “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” hissədə təmin edilmədiyindən iddianın “məcburi payın müəyyən edilməsi” hissəsi də təmin edilə bilməz qənaəti ilə kifayətlənmişdir. Halbuki işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı mərhum X1 mirasına münasibətdə məcburi pay almaq hüququna məxsus olmuşdur. Belə ki, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. (MM-nin 1193-cü maddəsi). Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunverici bağışlama qabiliyyətinin reallaşdırılmasını bağışlanan əmlakın vərəsəlik hüquq normalarına uyğun olaraq qanun üzrə vərəsələrdən birinci növbə vərəsələrə, yəni məcburi pay əldə etmək hüququ olan şəxslərə çatacaq əmlak payına daxil olan hissəsi ilə məhdudlaşdırmışdır. Həmçinin iş materiallarından göründüyü kimi, mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçməmişdir. Göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Hazırda bağışlama halında məcburi pay hüququ olan şəxs hesab olunan birinci növbə vərəsə olan iddiaçı ona çatacaq pay pozulduğundan, həmin bağışlanmış əşya hesabına məcburi payının tamamlanmasını tələb etməkdə haqlı olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddiaçı bağışlama müqaviləsini mübahisələndiməklə yanaşı məcburi payın müəyyən edilməsini də tələb etdiyindən apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı mövqeyi baxımından qeyd edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, ev 24, mənzil 176, ümumi sahəsi 58 kv.m olan mənzilin dəyərinin müəyyən edilməsi üçün mülki iş üzrə qiymətləndirmə təyin edilmişdir. "xxxx" MMC-nin 21 aprel 2025-ci il tarixli, MEB/03-3265/2025 nömrəli hesabatında görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, ev 24, mənzil 176, ümumi sahəsi 58 kv.m olan mənzilin bazar dəyəri 58.500 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, tamamlanma tələbi zamanı bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, miras əmlaka daxil olmalı olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, ev 24, mənzil 176, ümumi sahəsi 58 kv.m olan mənzilin dəyərinin 1/4 hissəsi olan 14.625 ( 58.500 : 4 ) manat vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Apellyasiya instansiya məhkəməsinin iclasında cavabdeh izahatında bildirdi ki, anası sağlığında iddiaçıya 9 mart 2022-ci il tarixdə özünəməxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evini iddiaçıya bağışlamışdır. İddiaçı sonradan həmin fərdi yaşayış evini 9 avqust 2022-ci il tarixdə satmışdır. Cavabdeh hesab edir ki, anası tərəfindən sözügedən ev iddiaçıya bağışlandığı üçün hazırda anasının ona, yəni cavabdehə bağışladığı evdən iddiaçıya məcburi pay düşmür. Kollegiya cavabdehin bu dəlili ilə bağlı bildirir ki, yuxarıda qeyd edilən qərarda da göstərildiyi kimi Mülki Məcəllənin 1200-cü maddəsi tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmasını təsbit etmihdir

1. tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; 2. əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; 3. əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; 4 həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Müəyyən edilmişdir ki, mərhum ananın sağlığında iddiaçı tərəfindən ona bağışlanmış evi satıldığından, başqa sözlə artıq digər şəxsin mülkiyyətinə keçdiyindən və bağışlamadan iki ildən artıq müddət keçməklə həmin vaxtı da mirasa daxil olmadığından qeyd edilən dəlil hazırki iddianın əsassız olmasına dəlalət etmir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia tələbinin-məcburi payın müəyyən edilməsi hissəsinə münasibətdə maddi hüquq normalarının tətbiqində səhvə yola verməklə düzgün nəticəyə gəlməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən-məcburi payın müəyyən edilməsi tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməklə 14.625 manat vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməli, həmçinin apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 500 manat məbləğində pul tərəflərdən müştərək qaydada, yəni 250 manat iddiaçıdan, 250 manat cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı qız tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2(006)- 4535/2024 saylı qətnaməsi - məcburi payın müəyyən edilməsi tələbinin təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə İddiaçı Cavabdeh qarşı “məcburi payın müəyyən edilməsi” tələbi qismən təmin edilsin. Cavabdeh 14.625 (on dörd min altı yüz iyirmi beş) manat vəsait tutularaq İddiaçı verilsin. Qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 500 manat məbləğində pul tərəflərdən müştərək qaydada, yəni 250 manat iddiaçıdan, 250 manat cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar