Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1668/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi və vurulmuş ziyana görə pul” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənzilin təhvil verilməsi və vurulmuş ziyana görə pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-359/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi, vurulmuş ziyana görə və pul” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə bağlanmış xx.xx.2018-ci il tarixli, 0490 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən və tikilməkdə olan hündür mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 98,5 kv metrdən ibarət D.11.6 saylı mənzilin Cavabdeh MMC tərəfindən ona təhvil verilməsi, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il tarixli, 0490 saylı müqavilənin şərtinə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən və tikilməkdə olan hündür mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 98,5 kv metrdən ibarət D.11.6 saylı mənzil təhvil verilənədək kirayə haqqı olaraq hər ay 600 manat məbləğində pul, dəymiş mənəvi ziyanın əvəzi olaraq 600 manat, vəkil haqqı qismində ödənilmiş 110 manat və 120 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Nizami Rayon Məhkəməsinin (X1) 2(007)-359/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2018-ci il tarixli, 0490 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən və tikilməkdə olan hündür mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 98,5 kv metrdən ibarət D.11.6 saylı mənzil Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il tarixli, 0490 saylı müqavilənin şərtinə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən və tikilməkdə olan hündür mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 98.5 kv.metrdən ibarət D.11.6 saylı mənzil təhvil verilənədək kirayə haqqı olaraq hər ay 600 manat məbləğində pul, dəymiş mənəvi ziyanın əvəzi olaraq 600 manat, vəkil haqqı qismində ödənilmiş 110 manat və 120 manat ödənilmiş dövlət rüsumu Cavabdeh MMCdən tutularaq İddiaçı verilməsi qət edilmişdir.
3. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 389.1, 390.1, 399.1, 423.2, 424.5, 427.4, 425.1, 425.2, 442, 443.1, 567 və 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 88-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. Cavabdeh qiyabi qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır. Digər tərəfdən müqavilənin 5.2-ci bəndinə görə təmir və tikinti işləri yekunlaşdıqdan sonra cavabdeh mənzili iddiaçıya təhvil verəcəkdir. Hazırda da təmir və tikinti işləri yekunlaşmaq üzrədir, işlər yekunlaşdıqdan sonra mənzil iddiaçıya təhvil veriləcəkdir. Belə olan halda məlum olur ki, onlar müqavilənin şərtlərini pozmamışdır. Bu səbəbdən, qiyabi qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi, bildirdi ki, tərəflər arasında olan müqavilədə kirayə haqqı ilə bağlı şərt nəzərdə tutulmayıb, bu yalnız pilot layihə ilə sökülən binada mənzili olan şəxslərlə bağlı olan müqavilələrdə olur, iddiaçının orda evi sökülməyib, o ümumi qaydada bizdən mənzil alıb, ola bilsin iddiaçı kirayə haqqı tələbində tikintinin gecikməsi ilə bağlı ona dəymiş maddi ziyanı nəzərdə tutub. Halbuki bu da baş verməmiş, əksinə, hazırda təqdim etdiyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7350 saylı, xx.xx.2023-cü il tarixli rəyindən də məlum olur ki, hazırda həmin binada təmirsiz mənzilin bir kv.m-i 1500 manatdır, iddiaçı isə bir kv.m. 900 manata almışdır, bununla da müəyyən olunur ki, iddiaçı zərər yox, xeyir etmişdir. Bundan başqa, müqavilədə binanın inşa edilməsi müddəti texniki səbəbdən 17 ay kimi qeyd edilmişdir, lakin tikinti sahəsində olan praktikadan da məlum olduğu kimi bu müddət 30 ay, ən yaxşı halda 24 ay çəkir. Onların tikintidə müəyyən ləngiməsi hamıya məlum pandemiya ilə bağlı olmuşdur, hazırda işlər yekunlaşmaq üzrədir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
6. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 ayrılıqda apellyasiya şikayəti ilə razılaşmayaraq təmin olunmamasını, rayon məhkəməsinin qiyabi qətnaməsinin qüvvədə saxlanmasını xahiş etdi, eyni zamanda iddiaçı orada sökülən binada mənzili olmadığını, kənardan gələrək həmin tikilidə mənzil aldığını, həmçinin mənzilin bir kv.m-ini 900 manata aldığını, həmin binada mənzilin hazırda bir kv.m-nin 1500 manat olduğunu təsdiq etdi. Sübutların tədqiqi: - Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 0490 nömrəli müqaviləyə əsasən cavabdeh (İcraçı) Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki “My Home” yaşayış kompleksinin “D” blokunun 11-ci mərtəbəsində yerləşən sahəsi 98.5 kv.m olan, 3 otaqlı, D.11.6 nömrəli mənzili hər kv.metrinin qiyməti 900 manat olmaqla cəmi 88650 manat müqabilində tam təmirli şəkildə iddiaçıya (Sifarişçiyə) təhvil verməyi öhdəsinə götürmüşdür.
7. Həmin müqavilənin:
8. 2.2.1-ci maddəsinə əsasən, İcraçı, çoxmərtəbəli yaşayış kompleksini müqavilə bağlandığı andan etibarən 17 ay müddətinə təhvil verməyi öhdəsinə götürmüşdür.
9. 1.4 və 3.2-ci bəndlərinə müvafiq olaraq müqavilə qiymətinin 50000 manat hissəsi sifarişçinin şəxsi vəsaiti hesabına, qalan 38650 manat hissəsi isə 12 ay müddətində, hər ay 3221 manat olmaqla, 20 dekabr 2019-cu il tarixədək ödənilməlidir.
10. 5.2-ci maddəsinə əsasən, təmir və tikinti işləri başa çatdıqdan sonra, müqavilənin 1-ci maddəsində nəzərdə tutulmuş mənzil icraçı tərəfindən müvafiq hüquqi sənəd əsasında Sifarişçiyə tam ödənişlər başa çatdıqdan sonra bir ay müddətində təhvil verilməlidir.
11. Cavabdeh MMC tərəfindən verilmiş MA-0486 nömrəli, xx.xx.2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında imzalanmış 0490 nömrəli, xx.xx.2018-ci il tarixli “Daxili kredit” müqaviləsinin predmeti sayılan Bakı şəhəri, Şirin Mirzəyev küçəsində tikilməkdə olan D bloku, D.11.6 nömrəli mənzil üçün mövcud 88650 manat borc xx.xx.2019-cu il tarixdə tam ödənilmişdir. xx.xx.2019-cu il tarixdən müştərinin heç bir borcu yoxdur.
12. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 21308 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən həmin tarixdə 120 manat dövlət rüsumu ödənilmişdir.
13. Cavabdehin nümayəndəsinin təqdim etdiyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7350 saylı, xx.xx.2023-cü il tarixli rəyinin surətindən də məlum olur ki, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən binada təmirsiz mənzilin bir kv.m-nin orta bazar qiyməti təqribən 1430 manat təşkil edir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
17. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
18. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
20. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
21. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.
22. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
24. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
25. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
32. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
33. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
34. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
35. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
38. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
39. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Apellyasiya Məhkəməsinin baxışının hədləri:
40. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
41. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, kirayə haqqı ilə bağlı iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
42. Kollegiya qeyd edir ki, tərəflər arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən 20 dekabr 2018-ci il tarixli bağlanmış müqavilədə cavabdehin bina hazır olana kimi iddiaçıya kirayə haqqı ödəməsi barədə şərt nəzərdə tutulmamışdır.
43. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
44. Bununla da məlum olur ki, rayon məhkəməsi iddia tələbini kirayə haqqı ilə bağlı hissədə təmin etməkdə haqlı olmamışdır, çünki tərəflər arasında bağlanmış müqavilədə cavabdehin belə bir öhdəliyi müəyyən olunmamışdır.
45. Bundan başqa, iddiaçının həmin tələbi əldən çıxmış fayda olaraq zərər kimi də mövcud deyildir, çünki məhkəmə kollegiyasının iclasında tərəflər hər ikisi təsdiq etmişlər ki, iddiaçının bir kv.m-i 900 manatla aldığı mənzilin, hazırda bazar dəyəri artaraq bir kv.m-nin 1500 manat olmuşdur. Demək ki, iddiaçıya zərər dəyməmişdir.
46. Məhkəmə kollegiyasının iclasında cavabehin nümayəndəsi həqiqətən də pandemiya ilə əlaqədar tikintidə müəyyən ləngimələrin olduğunu təsdiq etdiyindən, rayon məhkəməsi iddia tələbini qalan hissədə təmin etməkdə haqlı olmuşdur, apellyasiya şikayəti həmin hissədə əsassızdır və təmin edilə bilməz. Nəticə:
47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qiyabi qətnamə qismən, kirayə haqqı ilə bağlı iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
48. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin ödənilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
49. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Nizami Rayon Məhkəməsinin 2(007)-359/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsi qismən, kirayə haqqı ilə bağlı iddia tələbinin təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov