Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1669/2022 16.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskindən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6992/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh ASC-yə və Suraxanı rayon Sukanal idarəsinə qarşı “qanunsuz tərtib edilmiş aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin tabeliyində olan Suraxanı rayon Sukanal idarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 11.05.2021-ci il tarixli 007019 nömrəli aktın ləğv edilməsi və qanunsuz olaraq hesablanmış 4104 manat borcun silinməsi və ödənilmiş 61 manat dövlət rüsumunun və Suraxanı Rayon Məhkəməsinə yol xərci kimi xərclədiyi 20 manat pulun Cavabdeh ASCdən onun xeyrinə tutulması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ASC tərəfindən tərtib edilmiş 11.05.2021-ci il tarixli, 007019 nömrəli aktın etibarsız hesab edilməsi, qanunsuz olaraq hesablanmış 4104 manat borcun abonent hesabından silinməsi və ödənilmiş 61 manat dövlət rüsumunun Cavabdeh ASCdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərsu “ ASC-nin tabeliyində olan Suraxanı rayon Sukanal idarəsinin əməkdaşları qanunsuz olaraq iddiaçının mülkiyyətində olan icarəyə verdiyi ünvan 1 ünvanda yerləşən məişət obyektindəki mebel təmir emalatxanasında qanunsuz akt tərtib edərək 4104 manat borc hesablamış və ödənilməsini 14.09.2021-ci il tarixdə iddiaçıdan tələb etmişdir. İcarəçilərin də xəbəri olmadan, onların iştirakı olmadan “Azərsu “ ASC-nin tabeliyində olan Suraxanı rayon Sukanal idarəsinin 2 əməkdaşı 11.05.2021-ci il tarixdə 007019 saylı qanunsuz akt tərtib edərək, ********* nömrəli fakturaya əsasən 4104 manat borc hesablayıblar və həmin borcu iddiaçının 021084 kodlu kartıma yükləyiblər. Həmin aktda iddiaçıya məxsus mebel təmiri sexində sayğacdan kənar qanunsuz sudan istifadə halı aşkarlanması qeyd edilmişdir. Həmin akt 11.05.2021-ci ildə tərtib edildiyi halda, onlara 14.09.2021-ci il tarixdə Suraxanı rayon Sukanal idarəsində verilmişdir. O, baş verən özbaşnalıq barədə 15.09.2021-ci il tarixdə Suraxanı rayon Sukanal idarəsinə və “Azərsu “ ASC-yə ərizə ilə mürciət etmişdir. Suraxanı rayon Sukanal idarəsindən onlara akt artıq tərtib edildiyindən və hesablanmış borc “Azərsu “ ASC tərəfindən karta dxail edildiyindən heç bir şey edə bilməyəcəklərini bildirmişlər. Suyun verilməsi də ancaq “Azərsu “ ASC tərəfindən bərpa edilə bilər. Odur ki, “Azərsu “ ASC-yə müraciət etmişlər. Cavabdeh “Azərsu“ ASC isə iddiaçıya verdiyi 30.09.2021-ci il tarixli,01/4/01-7/6/15373 saylı cavab məktubunda göstərmişdir ki, müqavilə nömrəsi 021084 olan obyektə baxış keçirilən zaman su-kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadəyə görə idarənin nümayəndələri tərəfindən 11.05.2021-ci il tarixli 007019 saylı akt tərtib olunmuş, 4104 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Sayğac 2019-cu ildə iddiaçının vəsaiti hesabına dəyişdirilmişdir. Ola bilər ki, sayğacda nasazlıq səbəbindən xəttdən su axıb, bu o demək deyildir ki, obyektdə sayğacdan kənar xətt vardır. O, bu barədə cavabdeh "xxxx" ASC-dən komissiya tələb etsə də, onlar heç bir yoxlama aparmadan, Suraxanı rayon Sukanal idarəsi tərəfindən tərtib olunmuş qanunsuz akta bəraət qazandırmışlar. Hesab edir ki, akt qanunsuzsur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6992/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ASC tərəfindən qanunsuz tərtib edilmiş 11.05.2021-ci il tarixli, 007019 nömrəli akt tərtib edildiyi andan etibarsız hesab edilməsi, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən mebel təmiri emalatxanasında sərf edilmiş suya görə 11.05.2021-ci il tarixli, 007019 nömrəli akt əsasında əsassız hesablanmış 4104 (dörd min yüz dörd) manat borcun iddiaçının abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməsi, dövlət rüsumu kimi ödənilmiş 61 (altmış bir) manat məbləğində pulun Cavabdeh ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 30.52 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə baxış keçirilən zaman sayğacdan kənar bir ədəd d=20 mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə faktı aşkar edilmişdir. Bu barədə 11.05.2021-ci il tarixli 007019 saylıakt tərtib edilmiş, faktı təsdiq edən video çəkiliş aparılmışdır. Belə ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə maddi ziyan dəymiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il tarixli, 17 iyul 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 4 nömrəli əlavəsinə uyğun aparılan hesablama ilə həmin ziyanın məbləğinin 4104 manat olması müəyyən edilmişdir. Ziyanın ödənilməsi iddiaçıya təklif olunmuşdur. İddiaçı həmin məbləği ödəməkdən imtina etmişdir. Hesab edilir ki, məhkəmə qətnamə qəbul edərkən, təqdim edilmiş video görüntüyə, obyektin yerləşdiyi əraziyə baxış keçirmədən, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq qətnamə çıxarmış. Tərəflərindən məhkəməyə təqdim edilmiş sübutlara baxmayaraq məhkəmə bu faktlara hüquqi qiymət verməyərək əsassız qətnamə qəbul etmişdir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı sayğacdan kənar boru vasitəsi ilə qoşulma edərək sudan qeyri-qanuni istifadə etmiş, bunun nəticəsində Cavabdeh ASC-yə 4104 manat məbləğindəziyan vurmuşdur. Ziyanın məbləği qaydaların 8.7-ci bəndinə əsasən hesablanmışdır. Qanunsuz qoşulma faktını təsdiq edən akt tərtib edilmiş və video çəkiliş aparılmışdır. İş üzrə bu kimi sübutların olmasına baxmayaraq, məhkəmə tərəfindən göstərilən maddi hüquq normaları tətbiq edilməmiş, nəticədə əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə tərəfindən məhkəmə prosesində sudan qeyri-qanuni istifadə faktını sübut edən video görüntü ətraflı araşdırılmamışdır. Eyni zamanda həmin faktın doğruluğunu yoxlamaq üçün aktı tərtib edən əməkdaşlar şahid kimi dindirilməmiş, hadisə yerinə baxış keçirməmişdir. Video görüntünün araşdırılmamasıməhkəmənin yanlış nəticəyə gəlməsinə səbəb olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6992/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan DƏDRX tərəfindən verilmiş RX ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “ D” yaşayış sahəsi, S.Cəfərov küçəsi 26 A nömrəli qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Cavabdeh ASC-nin Suraxanı rayon Sukanalı İdarəsinin əməkdaşları – mühəndis Filman Məhərrəmov və Razim İsmayılov tərəfindən tərtib edilmiş 11.05.2021-ci il tarixli 007019 nömrəli aktda göstərilmişdir ki, Cavabdeh ASC-nin Suraxanı rayon Sukanalı İdarəsinin nümayəndələri iddiaçıya məxsus Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi 26 nömrəli evin həyətində iddiaçıya məxsus mebel sexində sayğacdan kənar qanunsuz sudan istifadə halı aşkarlanmışdır. İş materiallarında olan 15.07.2021-ci il tarixli qanunsuz istifadə fakturasına əsasən 15.07.2021-ci 7019 saylı akta əsasən su təchizatı və kanalzasiya xidmətlərindən qanunsuz istifadə üçün 4104 manat borc hesablanmışdır. İş materiallarında olan Cavabdeh ASC 30.09.2021-ci il tarixli 01/4/01-7/6/15373 nömrəli məktubla İddiaçı müraciətinə cavab verərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 8.6-cı bəndinə əsasən su təchizatı sisteminə özbaşına qoşulma halları aşkar edildikdə STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş ziyanın ödənilməsini həmin şəxsdən tələb etməlidir. Suraxanı rayon Sukanal İdarəsinin xidməti ərazisində yerləşən müqavilə nömrəsi 021084 olan obyektə baxış keçirilən zaman su təchizatı və kanalzasiya xidmətlərindən qeyriqanuni istifadəyə görə idarənin nümayəndələri tərəfindən 11.05.2021-ci il tarixli 007019 saylı akt tərtib edilmiş, 4104 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Hazırda sayğac göstəricisi 20m3 olmaqla, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə abonent hesabında 4104 manat borc vardır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. “Sudan istifadə Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan İstifadə qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mübahisəli borc Cavabdeh ASC-nin tərəfindən hesablanıldığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mebel təmiri emalatxanası üzrə İddiaçı hesablanılmış 4104 manat məbləğində borcun qanuni əsaslarla yazılmasına və sudan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının iddiası əsaslı olduğundan təmin ediməlidir. Apellyasiya şikayətinin dəlilərlinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunan dəlillər qanuni və əsaslı məhkəmə qətnaməsin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş video yazıya məhkəmə tərəfindən baxış keçirilərkən, video yazıda iddiaçıya məxsus mebel sexində sayğacdan kənar xəttin olması və sudan qanunsuz istifadə halı aydın şəkildə öz əksini tapmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında qanunsuz olaraq hesablanmış 4104 manat borcun silinməsi tələb etmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin tam mübahisələndirildiyindən, həmin tələb isə 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6992/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6992/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1669/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1669/2022
16.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver