Məhkəmə qərarları › İş №2(103)-167/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-167/2021

28.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-167/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı1, Cavabdeh iştirakları ilə İddiaçı1 Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Səlimov Vaqif Səlim oğluna qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3677/2019 saylı, 23 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N ETDİ: İddiaçı1 Cavabdeh qarşı ərizəsi, iddia tələbinin qismən artırılması və iddia tələbinin qismən dəyişdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26.04.2019-cu il tarixli 6449 saylı ekspertiza rəyinin məlumatlarını qismən əsas tutaraq, Müstəqilliyin 20 illiyi ev 9 ünvanına aid tikilillər istisna olmaqla, tikintiyə heç sənəd olmadan, qanunsuz dövlətin balansında olan torpaq sahəsini, həmçinin ümumi avtomobil yolunu zəbt edərək onun və ailəsinin həyətdən maşınla çıxmasına maneələr yaradan ümumi istifadədə olan torpaq və avtomobil yolunda Cavabdeh eni 4,4 m uzunluğu 6 m olan tikilisinin sökülməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsasları ondan ibarət olmuşdur ki, iddiaçının qonşusu Cavabdeh yaşadığı ünvanda həyətin planından çıxaraq küçəyə tərəf evinin həcmini artırmışdı. Dövlətin balansında və ümumi istifadədə olan həm küçənin sahəsini, həm də 2 tərəfli avtomobil yolunun bir hissəsini zəbt etmişdir. Onun bu hərəkəti nəinki maşınların küçədən keçməsinə, həmçinin onun ailə üzvlərinin həyətdən maşın çıxartmasına da çətinlik yaradır. Dəfələrlə maşını küçəyə çıxartmaq istəyəndə maşının buferi onun küçədə tikdiyi tikiliyə dəyərək yerə düşmüş və əzilmişdi. Nəticədə onun ailə büdcəsi hesabına nasazlığı aradan qaldırmışdır. Həmçinin küçədə avtomobillər iki tərəfə hərəkət etdikləri üçün maşını döndərmək olmur, çünki avtomobil yolunun da müəyyən hissəsi tikilinin altında qalmışdı. X2 polis bölməsinə və qəsəbə nümayəndəliyinə şikayət etmiş, oradan məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Son günlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etmiş, Agentliyin müfəttişləri baxış keçirərək qeyd etmişlər ki, bu avtomobil yolu Suraxanı İcra Hakimiyyətinin balansındadır. Küçədə tikilən evin nə tikintiyə icazəsi, nə də hüquqi sənədi var, həmçinin texniki pasportda öz əksini tapmamışdır, yəni qanunsuz tikilidir. İcra Hakimiyyətinin bu fakta göz yummasının səbəbini bilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eskpertizasının 26 aprel 2019-cu il 6449 №-li ekspertizası keçirilmişdir və nəticəyə gəlinmişdir ki, Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsində yerləşən 9 saylı evin qarşısına texniki pasportda nəzərdə tutulmayan 4,4 m enində 6 m uzunluğunda hasar tikilişi inşa olunmuş metaldan iki taylı darvaza quraşdırılmış, avtomobil yolu qismən daraldılmışdır. Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsində yerləşən 9 saylı evin qarşısında aparılmış tikinti işləri texniki pasportda öz əksini tapmadığından tikinti norma və qaydalarına uyğun deyildir. Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsində yerləşən 9 saylı evin qarşısında aparılmış tikinti işləri idddiaçıya məxsus dalandan küçəyə giriş-çıxışına qismən maneə yaradır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3677/2019 saylı, 23 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı X1 məxsus Bakı şəhəri, ünvan 3 qaydalarla Bakı şəhəri, ünvan 1 ünvanından, yəni həmin evin yerləşdiyi dalandan küçəyə giriş-çıxışa yaradılan qismən maneənin aradan qaldırılması üçün, ünvan 2 ünvanına aid tikilillər istisna olmaqla, Cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsində yerləşən 9 saylı evin qarşısında texniki pasportda nəzərdə tutulmayan 4.4m enində 6.0m uzunluğunda apardığı özbaşına tikilinin həmin cavabdehin hesabına sökülməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi işin faktiki hallarına, tərəflərin qarşılıqlı münasibətlərinə tamamilə uyğun deyil və əraziyə düzgün baxış keçirilsə qeyd edilənlərin faktiki təsdiqi görmək olar. İddiaçının həyətinə girişin başlanğıc hissədə eni nəinki bir maşının hətta iki maşının yanaşı hərəkət etməsinə imkan verir. Bundan başqa mövcud vəziyyət illərdir ki, var və bu heç vaxt narazılıq yaratmamışdır. İddiaçının məhz qanunsuz yolla mülkiyyət hüququnu əldə etməsindən sonra qərəzli mövqeyi hazırki iddianın yazılması mənbəyidir. Birinci instansiya məhkəməsi də həqiqi hallara deyil formal mülahizələrə əsaslanmışdır. Apellyasiya baxışı zamanı cavabdeh vəsatət təqdim edərək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli qərardadı ilə vəsatət təmin edilərək, Səlimov Vaqif Səlim oğlunun İddiaçı1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “dövlət reyestrində aparılmış qeydiyyatım ləğv olunması və həmin qeydiyyatın aparılmasına əsas olmuş sənədlərin etibarsız sayılması” barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək hazırki iş üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qərardadı ilə iş üzrə icraatın dayandırılmasına əsas olmuş hal aradan qalxdığı üçün işin icraatı təzələnmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnaməni cavabdeh mübahisələndirmiş, iddiaçı isə qətnaməni iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirməmişdir. Bu baxımdan hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir. İş materiallarına əlavə edilmiş RX seriyaplı ******* saylı 12.07.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 3 qaydalarla Bakı şəhəri, ünvan 1 xüsusi mülkiyyət kimi İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestr kitabında 39706 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş texniki pasportdan görünür ki, Bakı şəhəri, ünvan 3 ünvan ünvan 47 ünvanı üzrə texniki pasport 05.07.2018-ci ildə İddiaçı1 adına tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon məhkəməsinin 2(010)-844/2019 saylı 07.06.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı2 cavabdehlər Cavabdeh və Suraxanı rayon İcra Hakimiyyətinə qarşı qanunsuz tikilinin sökülməsi, dəymiş maddi və mənəvi ziyanın əvəzində 5000 manat təzminatın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin olunmamış, ekspertiza tədqiqatının dəyəri - 50(əlli) manat İddiaçı2 dövlət büdcəsi xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26.04.2019-cu il tarixli 6449 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsində yerləşən 9 saylı evin qarşısında aparılmış tikinti işləri iddiaçılara məxsus evə gələn yola maneçilik törətmədiyi müəyyən edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsində yerləşən 9 saylı evin qarşısında aparılmış tikinti işləri texniki pasportda öz əksini tapmadığından tikinti norma və qaydalarına uyğun deyildir. Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsində yerləşən 9 saylı evin qarşısında aparılmış tikinti işləri iddiaçıya məxsus dalandan küçəyə giriş-çıxışına qismən maneə yaradır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(102)-2376/2021 saylı, 03 may 2021-ci iltarixli qərarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli 2(010)- 5128/2019 saylı qətnaməsi ilə iddiaçı Səlimov Vaqif Səlim oğlunun cavabdeh İddiaçı1 qızı və 3-cü şəxs qismində Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqaviləsinin etibarsız sayılması” tələbinə dair ilkin və İddiaçı1 qızının cavabdeh Səlimov Vaqif Səlim oğluna qarşı “alqı-satqı müaviləsinin ləğvi, çıxarışın etibarsız hesab edilməsi və pul tələbinə” dair qarşılıqlı iddiası rədd edilmişdir. Həmin qətnamədən V.S.Səlimovun apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5400/2020 nömrəli iş üzrə 20 iyul 2020-ci il tarixli qətnaməsi qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qismən – mübahisələndirilən, ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılmaqla ilk iddia tələbi rədd edilmişdir və nəhayət həmin qətnamədən iddiaçı Səlimov Vaqif Səlim oğlunun kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5400/2020 nömrəli iş üzrə 20 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır. İşin müəyyən edilmiş halına görə, Cavabdeh məxsus evin qarşısında 4.4 m enində, 6.0 m uzunluğunda hasar tikilisi özbaşına inşa olunmuş, metaldan iki taylı darvaza quraşdırılmışdır. İddiaçıya məxsus evin yerləşdiyi istiqamətdə olan dalandan küçəyə doğru istiqamətdə çıxdıqda küçənin eni cavabdeh tərəfindən müəyyən qədər daraldılmışdir. Bu da iddiaçının küçəyə giriş çıxışına qismən maneə yaradır. Birinci instansiya məhkəməsi iddia tələbini mübahisələndirilən hissədə təmin edərkən, Məhkəmə Ekspertiza Mərkəzi iş üzrə 26.04.2019-cu il tarixdə 6449 saylı ekspert rəyinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin rəyi sübut kimi qəbul etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, vaxtilə iddiaçının həyat yoldaşı tərəfindən ilkin olaraq hazırki iş üzrə cavabdehə qarşı qaldırılmış mülki iddia araşdırılan zamanda həmin hallar məhz iş üzrə keçirilmiş və əldə edilmiş ekspertiza rəyi ilədə müəyyən edilmişdir. Lakin Bakı şəhəri, ünvan 3 qaydalarla Bakı şəhəri, ünvan 1 xüsusi mülkiyyət kimi İddiaçı1 adına olduğundan və cavabdehin vaxtilə apardığı qanunsuz tikilini mübahisələndirmək hüququ həmin şəxsə mənsub olduğundan, həmin iddia hüququ olmayan şəxs tərəfindən irəli sürülməsi əsaslarına görə məhkəmə tərəfindən təmin edilməmişdir. Lakin hazırki iddia cavabdehə qarşı məhz İddiaçı1 tərəfindən irəli sürüldüyündən məhkəmə hesab edir ki, iddia hazırki məqamda buna hüququ olan şəxs tərəfindən irəli sürülmüşdür. Həmin ekspertiza rəyindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsində yerləşər 9 saylı evin qarşısında texniki pasportda nəzərdə tutulmayan 4.4 m enində, 6.0 m uzunluğunda hasar tikilisi inşa olunmuş, metaldan iki taylı darvaza quraşdırılmış, avtomobil yolu qismən daraldılmışdır. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsində yerləşən 9 saylı evin qarşısında aparılmış tikinti işləri iddiaçıya məxsus evə gələn yola maneçilik törətmədiyi müəyyən edilsədə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqil iyin 20 illiyi küçəsində yerləşən 9 saylı evin qarşısında aparılmış tikinti işləri texniki pasportda öz əksini tapmadığından tikinti norma və qaydalarına uyğun deyildir. Həmçinin Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsində yerləşən 9 saylı evin qarşısında aparılmış tikinti işləri iddiaçıya məxsus dalandan məhz küçəyə giriş-çıxışına qismən maneə yaratmasıda müəyyən edilmişdir. Göründüyü kimi Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsində yerləşən 9 saylı evin qarşısında texniki pasportda nəzərdə tutulmayan 4.4m enində 6.0m uzunluğunda apardığı özbaşına tikilisi məhz iddiaçı Tahirova Sevdaya məxsus Bakı şəhəri, ünvan 3 qaydalarla Bakı şəhəri, ünvan 1 ünvanından, yəni həmin evin yerləşdiyi dalandan küçəyə giriş-çıxışa qismən də olsa maneçilik yaradır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mübahisələndirilən hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, cavabdeh apellyasiya şikayətində iddiaçının həyətinə girişin başlanğıc hissədə eni nəinki bir maşının hətta iki maşının yanaşı hərəkət etməsinə imkan verməsini qeyd etsə də işin faktiki halları ilə Cavabdeh məxsus evin qarşısında 4.4 m enində, 6.0 m uzunluğunda hasar tikilisinin özbaşına inşa olunması, metaldan iki taylı darvaza quraşdırılması, iddiaçıya məxsus evin yerləşdiyi istiqamətdə olan dalandan küçəyə doğru istiqamətdə çıxdıqda küçənin eni cavabdeh tərəfindən müəyyən qədər daraldılması və bunun da iddiaçının küçəyə giriş çıxışına qismən maneə yaratması müəyyən edilmişdir. Bundan başqa apellyasiya şikayətində cavabdeh, iddiaçının qanunsuz yolla mülkiyyət hüququnun əldə edilməsini qeyd etsə də apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı Səlimov Vaqif Səlim oğlu cavabdeh İddiaçı1 qızı və 3-cü şəxs qismində Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 6 ünvanında yerləşən, sahəsi 0,10857 ha olan torpaq sahəsinin 0,0253 ha hissəsinin (hazırda 9A saylı ünvan) cavabdehlərdən İddiaçı1 bağışlanması barədə 4 saylı Asan Xidmət Mərkəzində təsdiq edilmiş 4Ə100 reyestr saylı, 22 yanvar 2018-ci il tarixli müqavilənin etibarsız sayılması və həmin müqaviləyə əsasən dövlət reyesterində aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də həmin iddia tələbi yekun məhkəmə qərarı ilə təmin edilməmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3677/2019 saylı, 23 avqust 2019cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar