Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1671/2022 11.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı – cavabdeh "xxxx" MMC-yə qarşı «hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2809/2021 saylı, 10.11.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı - cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracın yekun nəticələri barədə 08.08.2018-ci il tarixli və 31.08.2018-ci il tarixli protokolların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 09.02.2018-ci il tarixli icra vərəqəsi əsasında iddiaçıya məxsus ünvan 2 və Bakı Apellyasiya Məhkəməsinin 09.02.2018-ci il atrixli icra vərəqəsi əsasında iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərinin açıq hərrac vasitəsilə satışı "xxxx" MMC-yə tapşırılmışdır. 08.08.2018-ci il və 31.08.2018-ci il tarixdə hərrac keçirilmişdir. Lakin keçirilmiş hərrac barəsində iddiaçıya məlumat verilməmişdir. Göstərilənlərə əsasən qiymətləndirilmə barədə hesabatın və hərracın nəticələri barədə protokolun etibarsız hesab olunması barədə qətnamə çıxarılması xahiş olunur.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2809/2021 saylı, 10.11.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: İlkin Rüstəmli).
4. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Məhkəmə iddiaçının ünvanına 088561,102962,102396 saylı qəbzlərlə bildiriş göndərildiyini yazır, lakin həmin qəbzlərin məhz kim tərəfindən qəbul edildiyi barədə heç nə yazmır, həmçinin qəbzlərin tarixi barədə də məlumat vermir. Halbuki həmin qəbzlərlə bildiriş müvafiq olaraq 08.07.2018-ci il tarixdə və 30.07.2018-ci il tarixdə iddiaçıya çatdırılmalı idi. Bundan başqa, məhkəmənin analogiya ilə tətbiq etdiyi İpoteka haqqında Qanunun 42.1-ci maddəsi imperativ qaydada, “hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir” tələbinin əməl olunub-olunamaması barədə qətnamədə heç bir istinad etməməsi də MPM-nin 385.1.1.,386,415.2-ci maddələrin maddələrinin pozulmasıdır. Bundan başqa, məhkəmə MM-nin 415.4-cü maddəsini də pozmuşdur. Belə ki, həmin maddənin tələblərinə əsasən, hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. 415.5-ci maddəyə görə isə hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Halbuki, 08.08.2018-ci il tarixli Y-272 saylı Protokol və onun əsasənda yazılmış müqavilə və 31.08.2018-ci il tarixli Y-272/1 saylı Protokol və onun əsasında yazılmış müqavilədən göründüyü kimi “alıcı” Baxişev Ç.N. heç bir beh ödəməmişdir. Bu isə MM-nin 416.1-ci maddəsinə əsasən “Maddə 416. Hərrac keçirilməsi qaydalarının pozulması nəticələri Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.” -hərracın etibarsız sayılması üçün əsasdır. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlanayaraq kollegiya iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməməsini və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir.
7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
9. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 09.02.2018-ci il tarixli icra vərəqəsi ilə ünvan 2 və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evləri açıq hərraca çıxarılmış, ünvan 2 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 80.000 manat, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 120.000 manat dəyərində qiymətləndirilmiş və keçirilən hərracda ünvan 2 ünvanında yerləşən mənzil 80,000 manata, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi isə 120.000 manata X3 satılmışdır.
10. İş materiallarında olan Xİİ-ЖГ № 433904 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Gülkən Rövşən qızının atasıdır.
11. iş materiallarında olan 088561, 102952, 102396 və digər nömrəli qəbzlərdən görünür ki, "xxxx" MMC tərəfindən mənzilin ilkin satış qiymətini və hərracın keçirilmə yerini və vaxtını göstərməklə müvafiq bildirişlər iddiaçının ünvanına Mega Ekspress sürətli poçt vasitəsi ilə məktublar göndərilmiş və xəbərnamələrə imza olunmaqla iddiaçının nümayəndəsi tərəfindən qəbul edilmişdir.
12. Hüquqi dəyərləndirmə:
13. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri sayır:
14. «İpoteka haqqında» Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (hərracın təşkilatçısına) sifariş verir.
15. Həmin qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.
16. Həmin qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
18. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
19. Kollegiya iş materiallarına və apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, iddiaçı iddia tələbinin və apellyasiya şikayətinin əsası kimi ipoteka predmeti olmuş İddiaçı məxsus ünvan 2 və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evləri barəsində açıq hərracın keçirilməsi barədə ona məlumat verilməməsi halına istinad etmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin 09.02.2018-ci il tarixli icra vərəqəsi ilə ünvan 2 və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evləri açıq hərraca çıxarılmış, ünvan 2 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 80.000 manat, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 120.000 manat dəyərində qiymətləndirilmiş və keçirilən hərracda ünvan 2 ünvanında yerləşən mənzil 80,000 manata, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi isə 120.000 manata X3 satılmışdır. İşin bu halları mübahisəsizdir və iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 09.02.2018-ci il tarixli icra vərəqəsi, 08.08.2018-ci il, 31.08.2018-ci il tarixli və Y-272, Y-272/1 nömrəli protokollarla təsdiqlənir.
21. Kollegiya iddiaçının iddia tələbinin və apellyasiya şikayətinin hərracın keçirilməsindən məlumatsız olması əsasına münasibətdə qeyd edir ki, iddia tələbi və apellyasiya şikayəti bu hissədə əsassızdır.
22. Belə ki, iş materiallarında olan 088561, 102952, 102396 və digər nömrəli qəbzlərdən görünür ki, "xxxx" MMC tərəfindən mənzilin ilkin satış qiymətini və hərracın keçirilmə yerini və vaxtını göstərməklə müvafiq bildirişlər iddiaçının ünvanına Mega Ekspress sürətli poçt vasitəsi ilə məktublar göndərilmiş və xəbərnamələrə imza olunmaqla iddiaçının nümayəndəsi tərəfindən qəbul edilmişdir. Burdan belə bir nəticəyə gəlinir ki, iddiaçı hərracın keçirilməsi, onun vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışdır.
23. Kollegiya işin hallarına əsasən vurğulayır ki, iddiaçının hərracın keçirilməsi barədə məlumatsız olmasına dair apellyasiya şikayətinin dəlilləri əsassızdır. Çünki iddiaçıya sürətli poçt vasitəsilə hərracın keçirilməsi barədə məlumatın göndərilməsi iş materialları ilə öz təsdiqini tapır. Belə olduğu halda, iddiaçının hərrac barədə məlumatsız olmasına dair iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri mülahizə xarakteri daşıyır və qətnamənin ləğvi üçün əsas deyildir.
24. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
26. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Beləliklə, kollegiya hesab edir ki, iddia tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olduğundan apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
30. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2809/2021 saylı, 10.11.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev