Məhkəmə qərarları › İş №2(103)-1672/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1672/2020

26.02.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1672/2020 26.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Etibar Qəzənfər oğlu Nəbiyev və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Günel Lətif qızı Nəbiyevanın katibliyi ilə, Cavabdeh2 vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi istifadədə olan yolda gediş-gəlişin bərpa olunması və həmin yolda tikilən tikililərin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3488/2018 saylı, 10 dekabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yaşayış massivində yerləşən və Cavabdeh1 və Cavabdeh2 qardaşları tərəfindən zəbt olunan ümumi istifadədə olan yolda gediş-gəlişin bərpa olunması və həmin yolda tikilən tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3488/2018 saylı, 10 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yaşayış massivində 15 ildən çoxdur yaşayırlar. Onlar ilə qonşuluqda yaşayan Cavabdeh1 və Cavabdeh2 qardaşları ümumi istifadədə olan yolu iki tərəfdən hasarla hörərək yollarını bağlamışlar. O, məcbur olaraq həmin yola çıxmaq üçün digər qonşunun həyətindən istifadə edir. Yaxın qohumlarının onun evinə gəlməyə imkanları yoxdur. Belə ki, həmin yol yuxarıda adlarını qeyd etdiyi Məmmədov qardaşları tərəfindən bağlanmışdır. Onların bu qanunsuz hərəkətləri barədə Qala Bələdiyyəsinə və Xəzər Rayon Polis İdarəsinə dəfələrlə müraciət etmişdir. Lakin yalandan sökəcəklərini vəd etməklə heç bir tədbir görülmür. Küçənin bir tərəfinin hasarı Azərsu tərəfindən, digər qarşı tərəfi isə fərdi yaşayış evlərinin hasarı təşkil edir. Məmmədov qardaşları küçəni daş hasarla bağlayaraq qanunsuz olaraq həmin yolda hamam və ayaqyolu tikmişdir. Onların bu qanunsuz hərəkətləri barədə heç bir tədbir görülmədiyindən o, məcbur olaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Cavabdeh2 vəkili X2 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İş üzrə iddiaçı və digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da məhkəmə iclasına gəlməmişlər. İddiaçı və nümayəndəsi teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçı və digər cavabdehin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, Bakı şəhəri Xəzər rayonu Qala Bələdiyyəsi tərəfindən 10 dekabr 2018-ci il tarixində göndərilmiş 138 saylı məktubda mübahisəli ərazidə iddiaçının qeyd etdiyi yerdə əvvəllər qaz xətti olduğu və orada ümumi istifadədə olan yolun olmadığı qeyd edilmişdir. Məhkəmə tərəfindən mübahisəli əraziyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçının yol olduğunu iddia etdiyi zolaq hazırda cavabdehlərin istifadəsində olan həyətyanı sahədə yerləşir və hər tərəfdən hasara alınmışdır. Qeyd edilən zolaq tərəflərin “Azərsu”nun ərazisi kimi təqdim etdikləri ərazinin hasarı boyunca düz xətt üzrə yerləşir. Həmin zolağın bir hissəsi daşlı-kəsəklidir və orada əvvəllər hər hansı bir yolun olmasının əlamətləri yoxdur. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan həyətyanı sahəyə küçədən birbaşa giriş yoxdur və həmin həyətə başqa bir həyətin ərazisindən istifadə etməklə daxil olmaq mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111, 180.1, 180.3 və 180.4cü maddələrinə istinad etməklə əsaslı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı tərəf özünün iddia tələbində Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yaşayış massivində yerləşən və Cavabdeh1 və Cavabdeh2 qardaşları tərəfindən zəbt olunan ümumi istifadədə olan yolda gediş-gəlişin bərpa olunması və həmin yolda tikilən tikililərin sökülməsini tələb etmiş, lakin istifadə etdiyi torpaq sahəsinə dair hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iddiaçı tərəf mübahisəli torpaq sahəsinin yol olmasını və oranın əvvəllər yol kimi istifadə edilməsini məhkəmədə sübut edə bilməmişdir. Bundan başqa, müəyyən edilmişdir ki, iddiaçının yol olduğunu iddia etdiyi torpaq sahəsində əvvəllər boru kəməri keçmiş, sonradan həmin kəmər sökülərək oradan götürülmüşdür. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3488/2018 saylı, 10 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar