Məhkəmə qərarları › İş №2(103)-1672/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1672/2025

06.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1672/2025 06.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: zərərin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi X6, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4775/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 126, mənzil 37 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

2. "xxxx" ASC-nin R276564 №-li xx.xx.2023-cü il tarixli akta əsasən abonent Ağamirov Sənana məxsus Bakı şəhəri Nərimanov rayonu, M.Əlizadə 126, mənzil 37 (abonent kodu **********60037) ünvan üzrə yerləşən evinə aid elektrik sayğaca baxış keçirilmiş, baxış zamanı abonent sayğacdan kənar mənzilə elektrik xətti çəkərək elektrik enerjisindən qeyriqanuni istifadə edir, mənzilə axan yük tərəflərindən ampermaşa vasitəsilə ölçülüb, 2.3 (iki onda üç) amper təşkil edir. Həmin aktdan görünür ki, yoxlama zamanı abonent iştirak etməmişdir.

3. Azərişıq» ASC tərəfindən verilən Texniki idarənin görəcəyi işlər barədə tələblərdən görünür ki, M.Əlizadə küçəsi, ev 126, mənzil 37 ünvanına kənar xətt qüsuruna görə 1097,10 manat məbləğində borc yazılmışdır (4,4 kvt x 24 saat x 0,7 x 120 gün=8870 kvts).

4. "xxxx" ASC-nin Müştəri Xidmətləri İdarəsi tərəfindən verilən MXİ 0014-Ə nömrəli, xx.xx.2024-cü il tarixli razılaşma protokolundan görünür ki, abonentin AR Energetika Nazirliyi X3 Agentliyinin Bakı filialına etdiyi 3-15-2-1/2-9/2024 saylı, xx.xx.2023-cü il tarixli "xxxx" ASC-yə daxil olmuş 13-13/-1-1-178/2024 saylı, xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən, Nərimanov RETSİ-i tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Rİ 276564 saylı aktla verilmiş 8870 kvts (1097.10 manat) enerji sərfiyyatı ilə əlaqədar baxılmışdır və abonentə 2494 kvts (274.34 AZN) azalma verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə dair qanunsuz hesablanmış 1097,10 manat məbləğində borcun silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2023-cü il tarixli mülkiyyətə dair Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir. Həmin mənzilə elektrik enerjisinin verilməsi qanunvericiliyin tələbinə əsasən abonentlə elektrik enerjisinin satışını həyata keçirən "xxxx" ASC arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsaən həyata keçirilir. Həmçinin, mənzilə normalara uyğun smart tipli **********24 nömrəli elektrik sayğacı quraşdırılmışdır. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Nərimanov RETSİ-nin əməkdaşları tərəfindən elektrik sayğacına baxış keçirilərək qanunsuz və əsassız olaraq Rİ 276564 nömrəli Akt tərtib edilmişdir. Həmin aktda qeyd edilmişdir ki, abonent sayğacdan kənar mənzilə elektrik xətti çəkərək elektrik enerjisindən qeyri-qanuni istifadə edir. Nəticədə, 8870 kVts həcmində əlavə elektrik sərfiyyat hesablayaraq 1097.10 manat əlavə borc məbləği abunə cədvəlinə daxil edilmişdir. Bildirilir ki, qeyd edilən aktın yazılmasından ümumiyyətlə xəbəri olmayıb, həmçinin iddiaçı və ailə üzvləri tərəfindən akt imzalanmamışdır. Həmin qanunsuz aktın yazılmasından bir müddət sonra xəbər tutaraq, aktda yazılanlarla razılaşmayıb aidiyyatı orqana müraciət edərək yenidən mənzilə quraşdırılmış, elektrik sayğacına baxış keçirilməsini xahiş etdi. Nəticədə, müraciətinə uyğun olaraq EMTA-nın Bakı filialının müfəttişləri, "xxxx" ASC-nin Nərimanov RETSİnin nümayəndələrinin və şikayətçi olaraq iddiaçının nümayəndəsi Arif Nuriyevin iştirakı ilə elektrik sayğacına baxış keçirildi və xx.xx.2023-cü il tarixdə 3-15-2-1/1623 nömrəli Akt tərtib edildi. Həmin aktda qeyd edilmişdir ki, baxış zamanı müəyyən edildi ki, aşkar edilmiş kabel xətti mənzilə məxsus sayğacın çıxışından mənzilin zirzəmisinə çəkilmiş kabel xəttidir və həmin kabel xəttinin istehlak etdiyi elektrik enerjisinin hesabatı və enerji sərfiyyatı mənzilə məxsus elektrik sayğacı tərəfindən qeyd edilir. Nəzərə çatdırılır ki, mənzildə bir sayğac var və zirzəmi mənzilə aid yardımçı sahə olduğuna görə ora çəkilmiş elektrik xətti eyni sayğaca daxildir və həmin kabel xətti ilə istehlak edilmiş elektrik enerjisinin sərfiyyatı sayğac tərəfindən tam şəkildə qeydiyyata alınır. Nəticə etibarı ilə sayğaca kənar müdaxilə yoxdur və sayğacdan kənar elektrik enerjisindən istifadə halı öz təsdiqini tapmamışdır. Göründüyü kimi cavabdeh orqan olan "xxxx" ASC əsassız borc yazarkən həmin borcun yazılma əsasını sübut edə bilməmişdir. Dövlət orqanı cərimə və ya borc hesablayarkən konkret olaraq hansı normativ akta istinad etdiyini göstərməlidir, əks halda həmin borc və ya cərimənin yazılmasının heç bir hüquqi əsası yoxdur.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4775/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı məxsus ünvan 2 (abonent kodu: **********60037) ünvanına əsassız hesablanmış 772,76 (yeddi yüz yetmiş iki manat, yetmiş altı qəpik) manat məbləğində borc iddiaçının **********60037 saylı abunə hesabından silinməsi, dövlət rüsumu olaraq ödənilməli olan 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus mənzildəki sayğaca qanunsuz qoşulma faktı öz təsdiqini tapdığından cavabdeh tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli, 276564 nömrəli akt tam qanuni olmuşdur. Lakin, bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçının nə vaxtdan etibarən sayğaca qanunsuz qoşulması müəyyən edilməmişdir. Halbuki, məhkəmə qeyd edir ki, bu, cavabdehin vəzifəsi olmaqla onun tərəfindən sayğaca qanunsuz qoşulma halı əvvəlcədən müəyyən edilməli və bu, qanuna uyğun olaraq aktlaşdırılmalı idi. Odur ki, məhkəmə sayğaca qanunsuz qoşulma halının hansı tarixdən başlanmasının qeyrimüəyyən olmasını və bunun cavabdehin öhdəliyi olması (hər ay olaraq baxış keçirməklə) halını nəzərə alaraq hesab edir ki, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən mənzilə dair qanunsuz hesablanmış borc qismən silinməlidir. Bundan başqa məhkəmə akta əsasən hesablanmış 822,76 (1097,10- 274,34=822,76) manat məbləğində borcun silinməsi hissəsi ilə əlaqədar qeyd edir ki, akta əsasən iddiaçıya 120 gün üçün əlavə ödəniş hesablanmışdır. Elektrik enerjisindən istifadə üzrə hesablaşma dövrünə uyğun olaraq iddiaçıya bir ay üçün əlavə ödəniş hesablanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi qismən əsaslıdır və iddiaçıya aylıq ödənişlər nəzərə alınmaqla 30 gün üçün əlavə ödəniş (50 manat həcmində) hesablanması ağlabatan hesab edilir. Odur ki, akta əsasən hesablanmış borcun digər hissəsi – 772,76 manat isə (822,76- 50) əsassız hesab edilməklə iddiaçının abunə hesabından silinməlidir.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.1, 7.6, 8.1, 8.2, 8.4, 9.1-ci bəndləri, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1, 9.1.5, 9.4-cü maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 217.3, 217.4, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-4775/2024 saylı qətnaməsinin qisməniddia tələbinin təmin olduğu hissəsinin ləğv edilməsi və iddianın tam təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə İddiaçı Bakı şəhəri, Nərimanov rayonu,Əlövsət Əbdülrəhimov küçəsi,126,mənzil 37 ünvanında yerləşən fərdi yaşayış evinə (abunə kodu: **********60037) quraşdırılmış elektrik sayğacına baxış keçirmiş,baxış keçirilən zaman elektrik sayğacıdan kənar mənzilə elektrik xətti çəkilməsinin və elektrik enerjisindən qeyri-qanuni istifadə olunması müəyyən edilmişdir. "xxxx" ASC-nin əməkdaşları ( V.Əsədov,T.Fəzili və İ.Soltanov) tərəfindən xx.xx.2024-cü il tarixdə R 276594 saylı müvafiq akt tərtib olunmuşdur və video çəkiliş aparılmışdır. Aktın tərtib edilməsi zamanı abonent iştirak etməmişdir. "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən xx.xx.2024-cü il tarixdə R 276594 saylı akt üzrə 8.870 kvts= (4,4kvt*24 saat*0,7*120 gün*) itirilmiş elektrik enerjisinin dəyəri 1.097,10 manat məbləğində müəyyən edilməklə abonentin (kod: **********60037)) abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. "xxxx" ASC-nin Müştəri Xidmətləri İdarasinin xx.xx.2024-cü il tarixli MXİ 0014-Ə saylı razılaşma protokolu əsasən xx.xx.2024-cü il tarixdə R 276594 saylı akt üzrə 6652 kvts= (4,4kvt*24 saat*0,7*90 gün*) itirilmiş elektrik enerjisinin dəyəri 823 manat məbləğində müəyyən edilməklə abonentin (kod: **********60037)) abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir Hesab etmişdir ki, qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 apellasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, qətnamə ilə razı deyil. Elektrik sayğacından kənar xətt aşkar edilmişdir. Buna uyğun olaraq da müvafiq akt tərtib edilmişdir. 1097.10 manat borc yazılmışdır. Daha sonra 274 manat borc azaldılıb. Məhkəmənin aktın düzgün tərtib edilməməsi qənaəti ilə razı deyil. Hesab edir ki, şikayəti əsaslıdır. Aktdan əvvəl elektrik sərfiyyatı az idi, sonradan isə qalxıb. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.

14. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X6 apellasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, kənar xəttdən istifadə etməyib. Aktı onları iştirakı olmadan tərtib edilmişdir. Daha sonra nazirliyə müraciət ediblər. 274 manat borc silindi. Nəyə əsasən həmin məbləğin silindiyini bilmir. Müvafiq araşdırmalar aparıldı və onlara məhkəmədə iddia qaldırmağı izah edildi. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

Tətbiq edilən hüquq normaları:

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. «Elektrik enerjisindən istifadə qaydaları» Maddə 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Maddə 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Maddə 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Maddə 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Maddə 9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X3 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır

17. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

22. İşin halları ilə müəyyən edilir ki, Bakı şəhəri Nərimanov rayonu, M.Əlizadə 126, mənzil 37 (abonent kodu **********60037) ünvan üzrə yerləşən evinə aid elektrik sayğaca baxış keçirilmiş, baxış zamanı abonent sayğacdan kənar mənzilə elektrik xətti çəkərək elektrik enerjisindən qeyri-qanuni istifadə etdiyi müəyyən edilmiş və R276564 №-li xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir.

23. "xxxx" ASC tərəfindən verilən Texniki idarənin görəcəyi işlər barədə tələblərdən görünür ki, M.Əlizadə küçəsi, ev 126, mənzil 37 ünvanına kənar xətt qüsuruna görə 1097,10 manat məbləğində borc yazılmışdır (4,4 kvt x 24 saat x 0,7 x 120 gün=8870 kvts).

24. "xxxx" ASC-nin Müştəri Xidmətləri İdarəsi tərəfindən verilən MXİ 0014-Ə nömrəli, xx.xx.2024-cü il tarixli razılaşma protokolundan görünür ki, abonentin AR Energetika Nazirliyi X3 Agentliyinin Bakı filialına etdiyi 3-15-2-1/2-9/2024 saylı, xx.xx.2023-cü il tarixli "xxxx" ASC-yə daxil olmuş 13-13/-1-1-178/2024 saylı, xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən, Nərimanov RETSİ-i tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Rİ 276564 saylı aktla verilmiş 8870 kvts (1097.10 manat) enerji sərfiyyatı ilə əlaqədar baxılmışdır və abonentə 2494 kvts (274.34 AZN) azalma verilmişdir.

25. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir.

26. İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə dair qanunsuz hesablanmış 1097,10 manat məbləğində borcun silinməsini xahiş etmişdir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, "xxxx" ASC tərəfindən iddiaçıya məxsus mənzildəki sayğaca qanunsuz qoşulma faktı öz təsdiqini tapmışdır, bu səbəbdən cavabdeh tərəfindən tərtib edilmiş akt əsaslıdır. İddiaçıya məxsus mənzildəki sayğaca qanunsuz istifadə edilməsi X2 Agentliyi tərəfindən 3-15-2-1/1623 nömrəli, 20 dekabr 2023-cü il tarixli tərtib olunmuş akt və Azərbaycan Respublikasının Energetika Nazirliyinin X2 Agentliyi Bakı filialı tərəfindən vətəndaş İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-15-2-1/2-Ə-290-5-379/2024 saylı məktubda da qeyd edilmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" ASC tərəfindən itirilmiş sərfiyyat olaraq 90 gün üçün 822,76 manat (1097.10 - 274,34) məbləğində sərfiyyat hesablanmışdır.

29. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiiyin tələbinə əsasən iddiaçıya aylıq ödənişlər nəzərə alınmaqla 30 gün üçün əlavə ödəniş (50 manat həcmində) hesablanması ağlabatan və ədalətli hesab edilə bilər.

30. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, "xxxx" ASC tərəfindən hesablanmış 50 manat məbləğində ödənilməli olması, qalan 772,76 manat (822,76-50) məbləğində borcun silinməli olması ilə bağlı birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir.

31. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğu üçün qətnamədən kassasiya şikayəti verilə bilməz.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4775/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar