Məhkəmə qərarları › İş №2(103)-1673/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1673/2023

09.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1673/2023 09.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh2 Viktorovnanın vəkili və nümayəndəsi Vəkil1 və Bakı şəhəri 9 saylı Notariat Ofisinin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Ofisi və Cavabdeh2 Viktorovnaya qarşı “vəsiyyət üzrə vərəsə kimi tanınma, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş reyestr çıxarışının ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 Viktorovnanın apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev № 12A-da yerləşən 79 №-li mənzillə bağlıdır (bundan sonra – miras mənzil). Mənzil X1 mülkiyyətində olub. Mülkiyyətçi İddiaçı ögey oğlu, Cavabdeh2 Viktorovnanın isə qardaşıdır. xx.xx.2014-cü ildə mülkiyyətçinin (vəsiyyət edənin) adından İddiaçı adına mənzilə dair ev vəsiyyətnaməsi verilib. Bundan 1 ay 3 gün sonra xx.xx.2014-cü ildə mülkiyyətçi ölüb. 9 saylı Notariat Ofisinin notariusu mənzilə dair Cavabdeh2 Viktorovnanın adına xx.xx.2015-ci il tarixli 2-V-1-243 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verib. Həmin şəhadətnamənin əsasında Cavabdeh2 Viktorovnanın mənzil üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, İddiaçı vəsiyyət üzrə vərəsə kimi tanınsın, Cavabdeh2 Viktorovnanın adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə və həmin şəhadətnamənin əsasında verilmiş reysetr çıxarışı ləğv edilsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, İddiaçı miras qoyanın vəsiyyət üzrə vərəsəsi kimi tanınsın, mənzilə onun vəsiyyət üzrə vərəsəlik hüququ tanınsın, mənzilə dair Cavabdeh2 Viktorovnanın adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə ləğv edilsin, mənzil üzərində Cavabdeh2 Viktorovnanın mülkiyyət hüququna dair dövlət reyestrində aparılmış qeyd və verilmiş reyestr çıxarışı ləğv edilsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Bundan əvvəl mülki işə bir dəfə apellyasiya qaydasında baxılıb, mübahisələndirilən qətnamə apellyasiya məhkəməsinin qətnaməsi ilə dəyişdirilmədən saxlanılıb, lakin bu qətnamə kassasiya qaydasında ləğv olunub və mülki iş yeni apellyasiya baxışına göndərilib. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Viktorovnanın vəkili və nümayəndəsi Vəkil1 bildirdi ki, apellyasiya şikayəti əsaslıdır, ona görə də qətnamə ləğv edilməli, iddia rədd olunmalı, habelə qətnamənin icrasında dönüş edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinin vəkili və nümayəndəsi Vəkil2 bildirdi ki, apellyasiya şikayəti əsassızdır, ona görə də qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı, üçüncü şəxslər X6, X4 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Qətnamənin yoxlanılması: xx.xx.2014-cü ildə vəsiyyət edən X1 adından İddiaçı adına ev vəsiyyətnaməsi verilib. Mülki Məcəllənin “Ev vəsiyyətnaməsi” adlı 1186-cı maddəsinə görə, vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. Göründüyü kimi, ev vəsiyyətnaməsinə dair qanunun tələbi ondan ibarətdir ki, o, vəsiyyət edənin öz əli ilə yazılmalıdır. Lakin həmin vəsiyyətnaməni vəsiyyət edən öz əli ilə yazmayıb, vəsiyyətnaməni İddiaçı əli ilə yazıb. Belə ki, mülki işdə həmin vəsiyyətnamənin kserosurəti mövcuddur. Vəsiyyətnamənin sonunda 2 şəxsin imzası var: X1 imzası və İddiaçı imzası. Apellyasiya icraatı zamanı məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuş və ekspertin qarşısında belə sual qoyulmuşdur ki, vəsiyyətnamənin kserosurətinin sonunda İddiaçı aid imzadan sonra yerləşən “İddiaçı” yazısı və həmin vəsiyyətnamənin mətni eyni şəxsin yazısının surətidirmi? Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/502 nömrəli rəyinə görə, vəsiyyətnamənin kserosurətində əks olunan yazılar ilə həmin vəsiyyətnamənin sonunda “İddiaçıM” yazısı eyni şəxs tərəfindən icra olunmuşdur. Bu isə onu təsdiq edir ki, vəsiyyətnaməni İddiaçı öz əli ilə yazıb. Beləliklə, vəsiyyətnamə tərtib edilərkən qanunun tələbi pozulub. Pozuntunun xüsusiyyətinə görə vəsiyyətnamə əhəmiyyətsiz əqd sayılır. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Bu səbəbdən İddiaçı vəsiyyət üzrə vərəsə sayılmır, o, hazırkı iddianı irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik deyil. Odur ki, qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Bundan başqa, icrada dönüş edilməlidir. Belə ki, ləğv edilmiş qətnamənin icrası nəticəsində göstərilənlər baş verib: 1) Cavabdeh2 Viktorovnanın adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə, şəhadətnamənin əsasında dövlət reyestrində onun mülkiyyət hüququna dair aparılmış qeyd və verilmiş reyestr çıxarışı ləğv edilib; 2) 9 saylı Notariat Ofisinin notariusu tərəfindən İddiaçı adına “Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilib, şəhadətnamənin əsasında dövlət reyestrində onun mülkiyyət hüququ qeydə alınıb və reyestr çıxarışı verilib. Məhkəmə Mülki-Prosessual Məcəllənin 236-1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, həmin nəticələr aradan qaldırılmalı, Cavabdeh2 Viktorovnanın adına olan vərəsəlik şəhadətnaməsi və mülkiyyət hüququna dair reyestr qeydi etibarlı sayılmalı, İddiaçı adına olan vərəsəlik şəhadətnaməsi, mülkiyyət hüququna dair reyestr qeydi və reyestr çıxarışı etibarsız sayılmaqla ləğv edilməlidir. Bundan başqa, müəyyən olunur ki, mənzil üzərində İddiaçı mülkiyyət hüququ dövlət reyestrində qeydə alındıqdan sonra o, mənzili xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X5 (hazırkı iş üzrə üçüncü şəxsə) satmışdır. X3 mənzil üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alındıqdan sonra o, mənzili xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X2 (hazırkı iş üzrə üçüncü şəxsə) satmışdır. Qeyd olunan müqavilələrin bağlanması qətnamənin icrası hesab edilmədiyinə görə müqavilələr qətnamənin icrasında dönüşlə etibarsız hesab oluna bilməz, müqavilələr ümumi qaydada iddia verilməklə mübahisələndirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh2 Viktorovnanın apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)- 367/2018 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Ofisi və Cavabdeh2 Viktorovnaya qarşı “vəsiyyət üzrə vərəsə kimi tanınma, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş reyestr çıxarışının ləğv edilməsi barədə” iddiası rədd olunsun. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)-367/2018 nömrəli qətnaməsinin icrasında dönüş edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev № 12A-da yerləşən 79 №-li mənzilə dair Cavabdeh2 Viktorovnanın adına Bakı şəhəri 9 saylı Notariat Ofisinin notariusu tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 2-V-1-243 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüquq haqqında” şəhadətnamə, şəhadətnamənin əsasında dövlət reyestrində Cavabdeh2 Viktorovnanın mülkiyyət hüququna dair aparılmış qeyd etibarlı sayılsın. Həmin mənzilə dair İddiaçı adına Bakı şəhəri 9 saylı Notariat Ofisinin notariusu tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 2-V-160 reyestr nömrəli “Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə, şəhadətnamənin əsasında dövlət reyestrində İddiaçı mülkiyyət hüququna dair aparılmış qeyd və verilmiş reyestr çıxarışı etibarsız sayılmaqla ləğv olunsun. Ekspertiza xərci olan 126 (yüz iyirmi altı) manat İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar