Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1679/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “qanunsuz tikilinin sökülüb kənarlaşdırılması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh, onun vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülüb kənarlaşdırılması ” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1144/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. 12 saylı məntəqənin yol ustası V.Cəbrayılov, azad olmayan yol briqadiri A.Qurbanov və yol montyoru N.Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, YBNZ-Əhmədli mənzili 6 km pk3-də dəmiryolunun sağ tərəfindən təxminən 6 m məsafədə yerləşən qeyri-qanuni yaşayış evi dəmir yolunu mühafizə zonasında yerləşir. Həmin ərazidi dəmir yolunun mühafizə zolağının ölçüsü yolun oxundan hər iki istiqamətdə 24 m təşkil edir;
2. 4 nömrəli Bakı yol sahəsinin YBNZ-Əhmədli mənzilində hərəkət istiqamətinin sağ tərəfində dəmir yolunun mühafizə zolağında olan yaşayış evinin sxematik təsvirindən görünür ki, həmin ərazidə dəmir yolunun mühafizə zolağının ölçüsü yolun oxundan hər iki istiqamətdə 24 m təşkil edir. Yaşayış evi dəmir yolu xəttindən 6 m kənarda yerləşir;
3. ünvan 1 ünvanıda yaşayan Şəidi Şəhriyara məxsus fərdi yaşayış evinin texniki vəziyyəti haqqında xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, fərdi yaşayış evi 1950-cı illərdə NZS qəsəbəsi ərazisində dəmiryolunun ətrafında, dəmiryolundan 6-7 metr yüksəklikdə yamacda yerləşir. 1 mərtəbəli ev qismən düzbucaqlı formada olub, 40,46 m2 sahədə qonşu evinə bitişik halda inşa edilmişdir. Daxili otaqların hündürlüyü 2.6 metrdir. Evin yükdaşıyan divarlarının qalınlığı 40 sm, arakəsmələrin qalınlığı 20 sm olmaqla, mişarlanmış əhəngdaşı ilə tikinti norma və qaydalarına əməl edilmədən inşa edilmişdir. Tavan və döşəmələr dikt, qapı və pəncərələr ağac materialındandır. Evin damı biryamaclı, çardaq tipli olub, ağac konstruksiyalar üzərində dalğalı azbest-şiferdir. Evə giriş hissəsinin altında yamacda olan metal boru dayaqlan üzərində primitiv düzəldilmiş meydançanın hər an uçma təhlükəsi vardır. Dəmiryolunda qatarların hərəkəti zamanı mütəmadi olaraq əmələ gələn dinamiki titrəyişlərdən uzun müddət təmirsiz istismar olunan mənzilləin divarlarının suvaq qatı ovulub yararsız hala düşmüşdür. Sakinlər tərəfindən mənzildə su, kanalizasiya və işıq xətləri pərakəndə qaydada çəkildiyindən, borulardan sızan su sızmaları və atmosfer suları damı yararsız hala salmışdır. Hamamda və ayaqyolunun divarlarında nəmişlik əlamətləri nəticəsində eni 1-3 mm olan müxtəlif istiqamətli birtərəfli çatlar yaranmışdır. Evin giriş hissəsinin yamacda dəmiryolunun mühafizə zonasında hündürlükləri 6- 7 metr olan metal boru dayaqlar və tirlər üzərindəki meydançada inşa edildiyini, bu meydançanın istismara yararsız vəziyyətini, evin divarlarında yaranmış çatların mövcudluğunu və qatarların hərəkəti zamanı ciddi titrəyişlərə məruz qalmasından meydançanın hər an uçma təhlükəsinin olduğunu nəzərə alaraq, evin texniki vəziyyəti yolverilməz kimi qiymətləndirilir. Evin giriş hissəsinin altında yerləşən metal estakadanın və meydançanın təhlükəsiz istismarı üçün konstruktiv tədbirlərin görülməsi zəruridir;
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3458 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evi ilə dəmir yolu xətti arasındakı məsafənin 7.4 metr təşkil etdiyini nəzərə alaraq həmin fərdi yaşayış evinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəmir yolları üçün və dəmiryolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normaları”nın 3.5-ci bəndində əsasən "Azərbaycan Dəmir Yollan” Qapalı Səhmdar Cəmiyyəti”nin balansında olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, NZS ərazisindən keçən dəmir yolu xəttinin mühafizəsi zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur;
5. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2022-ci il tarili MİHO/1.1-2- 2022-7295 saylı məktubunun surətindən görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyində ünvan 2 ünvanda yerləşən dörd fərdi yaşayış evlərin texniki vəziyyətinə dair Fövqəladə Hallar Nazirliyinin aktından göründüyü kimi, bu tikililər 1960-cı illərdə dəmir yolunun mühafizəsi zonasında özbaşına olmaqla yamacda və bir hissəsi metal boru dayaqlar və tirlər üzərində primitiv qaydada düzəldilmiş meydançada tikinti normaqaydalarına əməl olunmadan inşa edilmiş və fiziki köhnəlmədən, qatarların hərəkətindən yaranan titrəyişlərdən və uzun müddət təmirsiz istismar edildiyindən yararsız hala düşmüşdür. Eyni zamanda, daxil olmuş məktubda fərdi evlərin sakinlərinin maddi yardım müqabilində köçürülməsi haqda qərarın hansı instansiyada qəbul edildiyi barədə məlumat verilməmişdir. Digər tərəfdən, məsələ barədə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Bakı Şəhər icra Hakimiyyətinə ünvanlanmış 2022-ci il 13 sentyabr tarixli 216489 nömrəli məktubuna əsasən sözügedən evlər dəmir yolunun mühafizə zolağında qazma yataq üzərində qanunsuz olaraq inşa edildiyi üçün onların məhkəmə qaydasında sökülməsi məqsədilə Səhmdar Cəmiyyət tərəfindən hüquqi prosedurlara başlanılmışdır. Ölkə ərazisində dövlət əhəmiyyətli strateji magistral boru kəmərləri və kommunikasiyaların (qaz, neft kəmərləri, dəmir yolu, elektrik verilişi xətləri və s.) mühafizə zonasında yerləşən şəhərsalma və tikintiyə dair normativlər pozulmaqla özbaşına inşa edilmiş kifayət qədər yaşayış evlərinin mövcud olduğunu və sözügedən dörd fərdi evin sakinlərinin maddi yardım verilməklə köçürülməsinin arzuolunmaz presedentə səbəb ola biləcəyini nəzərə alaraq, məsələnin "Azərbaycan Dəmir Yollan” QSC tərəfindən hüquqməhkəmə müstəvisində həllini dəstəkləyir və gələcəkdə bu qəbildən olan müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsini təklif edirlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, NZS ərazisindən keçən dəmir yolunun mühafizə zonasında qazma yataq üzərində inşa edilmiş qanunsuz tikili Cavabdeh hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması, 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "Azərbaycan Dəmir Yolları” QSC-nin hesabına ödənilməsini xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "Azərbaycan Dəmir Yolları” QSC- nin (ADY) balansında olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, NZS ərazisindən keçən dəmir yolunun mühafizə zonasında qazma yataq üzərində torpaq sahələrinin zəbt edilərək qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, həmin ərazidə dəmir yolunun mühafizə zonasının eni 24 metr təşkil etdiyi halda Cavabdeh tərəfindən 6 metr məsafədə tikinti işləri aparılmışdır. Dəmir yolu xəttinin qazma yataqda çəkilməsi, həmçinin hazırda bu evin qəzalı vəziyyətdə olması və həmin dəmir yolu xətti ilə neft və neft məhsullarının daşınması təhlükəliliyi daha da artırır, gələcəkdə neqativ halların baş verməsini qaçılmaz edir. ADY-yə daxil olmuş Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 11-19/138 nömrəli məktubunda həmin ərazidə yerləşən qəzalı vəziyyətdə olan fərdi yaşayış evinin Cavabdeh məxsus olması qeyd edilmişdir. Bununla bağlı, ADY-nin aidiyyəti işçilərinin iştirakı ilə həmin əraziyə xx.xx.2022ci il tarixində baxış keçirilmiş, qeyd edilən fakt bir daha öz təsdiqini tapmışdır. Bu səbəbdən ADY hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1144/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, NZS ərazisindən keçən dəmir yolunun mühafizə zonasında qazma yataq üzərində inşa edilmiş qanunsuz tikili Cavabdeh hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması, iddiaçı "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutulması, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
9. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, cavabdehə məxsus fərdi yaşayış evi ilə dəmir yolu xətti arasındakı məsafənin 7.4 metr təşkil edir və fərdi yaşayış evi "Azərbaycan Dəmir Yollan” Qapalı Səhmdar Cəmiyyəti”nin balansında olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, NZS ərazisindən keçən dəmir yolu xəttinin mühafizəsi zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Hazırkı iddianın təmin edilməsi cavabdehin hüquqlarına və mənafelərinə xələl gətirə bilməz. Belə ki, onun inşa etdiyi tikili özbaşına tikilidir, bunun üçün ayrılmayan torpaq sahəsində, buna lazımi icazələr almadan tikilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdirr ki, iddia təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, NZS ərazisindən keçən dəmir yolunun mühafizə zonasında qazma yataq üzərində inşa edilmiş qanunsuz tikili Cavabdeh hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılmalıdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci, 14-cü, 41-ci, "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nın və "Dəmiryolları üçün və dəmir yolunun sanitaiya-mühafizə zonası üçün torpaqayırma Normaları"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2005-ci il tarixli 33 saylı qərarının 2-ci, 21-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180cı, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 129-cu maddəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən Cavabdeh oğl apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o və anası uzun illərdir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi,NZS qəsəbəsində yerləşən həyət evində yaşayırlar. Həmin ev 1950-1960-cı illərdə tikilmişdir və evi tikən adam 1994-cü ildə bu evi əmisinə satmışdır. 1994-cü ildə isə əmisi həmin evi onlara satmışdır. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, NZS qəsəbəsində yerləşən həyət evinə dair 2010-cu ildə verilmiş texniki pasport vardır. Beləki həyət evləri dəmir yolunun mühafizə zonasında yerləşdiyindən onlarbu günə qədər mülkiyyət hüququnu təsdiq edən sənədi-çıxarışı ala bilməmişlər. Bu səbəbdən də mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyesterində qeydiyyata alınmamışdır. Lakin o və anası 30 ildir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, NZS qəsəbəsində yerləşən həyət evində məskunlaşmışlar. O, həmin evə dair kommunal ödənişləri də vaxtaşırı ödəyir. Sadəcə olaraq evin dəmir yolunun mühafizə zonasında yerləşdiyindən digər sakinlər kimi onlar da öz yaşadıqları evə dair çıxarış əldə edə bilmirlər. Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti onların evinin sökülməsi zamanı heç bir kompensasiya ödənilməməsini, sadəcə olaraq həmin evdən çıxarılmaqlarını tələb etmişdir. Lakin onlar həmin evin alınması zamanı pul ödəmişlər və illərdir ki, burada yaşayırlar. 2017-ci ilddə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilən siyahıya əsasən dövlət tərəfindən həmin ərazidə məskunlaşan 477 ailəyə kompensasiya verilmiş və bundan sonra onların evi sökülmüşdür. Həmin vaxt bu məsələ ilə bağlı ayrılmış maliyyə vəsaiti tükəndiyindən onlar və ətraf evlərin sökülməsi dayandırılmışdır. 2017-ci ilin avqust ayından 2018-ci ilin mart ayına qədər 477 ailənin köçürülməsi baş tutmuşdur. 2010-cu ildə bu məsələ ilə bağlı dövlət tərəfindən komissiya da yaradılmışdır. Hesab edir ki, hazırki şikayətin 5-ci və 6-cı bəndlərində göstərilən dəlillər və sübutlar məhkəmənin iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normalarını düzgün tətbiq etməməsi və maddi hüququn tələblərinin və prosessual hüquq normalarının tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında Cavabdeh, onun vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etmişlər. Əlavə olaraq Cavabdeh qeyd etmişdir ki, fərdi yaşayış evi 1950-cı illərdə NZS qəsəbəsi ərazisində dəmiryolunun ətrafında mövcud olmuşdur. Həmin evi 1994-cü ildə atası evin sahibindən aralarında olan şifahi alqı-satqı ilə almışdır. Həmin vaxtdan da 30 ildir orada yaşayırlar. Həmin evədə anası ilə birlikdə yaşayır. Həmin evdə qeydiyyatdadır, butün kommunal xidmətlər verilir və onunla aralarında müqavilə də mövcuddur. Belə olan halda onun başqa yaşayış sahəsi olmadığından həmin evin sökülməsinə etiraz edir. Yalnız onlara müvafiq kompensasiya ödnərsə sökülməsinə etirazları yoxdur. Hazırki halda uzun illərdir mövcud olan və hər hansı formada buna bir etiraz bildirmədən yaşadığımz halda, heç bir yaşayış sahələri olmadan sökülməsinion tələb edilməsi ədalətsizdir.
15. Məhkəmə iclasında iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. Apellyasiya instansiya məhkəməsində işə baxılması zamanı Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
d) Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
18. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 46-cı maddəsinə əsasən dövlətin obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
20. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının: 8.1-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. 8.2-ci maddəsinə əsasən milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.
21. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. e) Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçı Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülüb kənarlaşdırılması” tələbinə dair iddiası təmin edilməməlidir.
26. Qanuna əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Hazırkı işin müəyyən olunmuş hallarından görünür ki, mübahisə predmeti olan tikili, dövlətə məxsus torpaq sahəsində inşa edilən özbaşına tikilidir, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Lakin cavabdehin fasiləsiz olaraq 1994-cü il tarixdən həmin tikilidə yaşadığı müəyyən edilmişdir.
27. Göründüyü kimi iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti mübahisəli torpaq sahəsi üzərində inşa edilmiş 50 ildən çox müddət ərzində mövcud olmuş tikilidən cavabdehdən öncə yaşayan şəxslərə və eləcə də 30 il müddətində cavabdehin istifadəsinin ligitimliyi tanınmış, hazırda da həmin tikili Cavabdeh istifadəsinə verilmişdir. Lakin iddiaçı tərəfindən cavabdehin həmin ərazidə yaşadığı 30 il ərzində inşa edilmiş mübahisəli tikilinin məhz dəmir yolunun mühafizə zonasında qazma yataq üzərində yerləşən torpaq sahəsinin zəbt edilərək qanunsuz tikintinin mğvcudluğundan məlumatlı olunduğu halda bununla bağlı hər hansı bir tələbləri olmamışdır. Buna görə də birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin ailəsi ilə birlikdə yaşadığı ev onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində evin mövcudluğunu və mühafizə zonasında olmasını bildikləri halda bunun belə qalmasına hər hansı bir reaksiya verməməklə əksinə onların burada yaşamasına şərait yaratmış, onların sahibliyini tanımışdır.
28. Avropa Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” qərarının da məzmunundan göründüyü kimi, insan Hüquqları üzrə Avropa Məhkəməsi ərizəçinin evinə müdaxilənin Konvensiyanın 8-ci maddəsinin pozuntusu kimi tanımışdır. Qeyde edilmişdir ki, evin sökülməsi və oradan çıxarma mütənasibliyi məhkəmə tərəfindən araşdırılmamış, onun və qızının evdən çıxarılacağı təqdirdə evsiz qalacaqları nəzərə alınmamışdır. Hökumət iddia etmişdir ki, dövlət orqanlarının ərizəçinin evinə hörmət hüququna müdaxiləsi demokratik cəmiyyətdə ölkənin iqtisadi rifahı naminə zəruri olmuşdur və bu, daxili qanunvericiliyə uyğun olmuşdur. Məhkəmə qeyd etmişdir ki, 8-ci maddənin mənasında “ev” anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla qurulmuş binalarla məhdudlaşmamışdır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən “ev” olubolmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olacaq (baxın: X3rşı, № 66610/10, § 30, 14 mart 2017). Ərizəçi sözügedən evdə 1994-cü ildən yaşayır, hazırda da anası ilə birlikdə yaşayır. Buna görə də, ev Konvensiyanın 8-ci maddəsinin mənasına görə ərizəçinin evi olmuşdur.
29. Qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmənin qərarlaşmış presedent hüququna əsasən, evin itirilməsi evə hörmət hüququna müdaxilənin ən ifrat formasıdır, bu baxımdan risk altında olan istənilən şəxs – həmin şəxsin həssas qrupa aid olubolmamasından asılı olmayaraq – Konvensiyanın 8-ci maddəsinə əsasən müvafiq prinsiplər işığında müstəqil tribunal tərəfindən müəyyən edilən tədbirin mütənasibliyinə malik olmalıdır. Bu baxımdan qeyri-qanuni tikintidən söhbət gedəndə ön plana çıxa biləcək amillər evin qanunsuz tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə evi tikməməsi, qanunsuz tikilinin kim tərəfindən inşa edilməsi, müvafiq orqanların buna icazə vermələri, sözügedən qanunsuzluğun xarakteri və dərəcəsinin nədən ibarət olması, söküntü ilə qorunmaq istənilən marağın dəqiq mahiyyəti və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerinin olub-olmaması kimi hallar araşdırılmalıdır. Buna görə də, əgər aidiyyəti şəxs bu cür arqumentlər əsasında müdaxilənin mütənasibliyinə etiraz edərsə, məhkəmələr onları diqqətlə araşdırmalı və onlarla bağlı adekvat səbəblər göstərməlidirlər (baxın: McCann Birləşmiş Krallıqa qarşı, № 19009/04, § 50. , AİHM 2008; Yordanova və başqaları Bolqarıstana qarşı, № 25446/06, § 118 (iv) cərimə, 24 aprel 2012ci il və yuxarıda adı çəkilən İvanova və Çerkezov, § 53).
30. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda sökülməsi tələb edilən ev cavabdeh və onun anasının yeganə yaşaya biləcəkləri evi olduğunu və başqa ev almaq üçün imkanları olmadığı üçün evin sökülərək oradan çıxarılacağı halda anası ilə birlikdə evsiz qalacağını məhkəmə nəzərə almamışdır. Həmin evin işin mübahisəsiz halları ilə müəyyən edildiyi kimi, 1950-cı illərdən NZS qəsəbəsi ərazisində dəmiryolunun ətrafında mövcud olmuşdur. Həmin vaxtdan hazırki dövrlərədək (iddia qaldırılana kimi) ərazi üzrə və aidiyyatı orqanların evin özbaşına tikili olması və sökülməli olması ilə bağlı mənfi reaksiyaları olmamış, həmin ev kommunal xidmətlərlə təhciz olunaraq orada yaşayış davam etmiş və etməkdədir, o cümlədən cavabdeh həmin evdə qeydiyyatdadır. Konvensiyanın 8-ci maddəsinin tələbləri fonunda cavabdehin şəxsi şəraiti nəzərə alınmaqla onun mütənasibliyi lazımi qaydada yoxlanılmadan iddiaçı tərəfindən tikilinin sökülməsi, ərazinin boşaldılmasına dair qaldırılmış iddianın təmin edilməsi halında Konvensiyanın 8-ci maddəsi pozulacaqdır. Məhkəmə kollegiyası cavabdehin alternativ yaşayış yerinin, başqa ev almaq üçün imkanlarının olub-olmaması ilə bağlı halları aydınlaşdıraraq müəyyən etmişdir ki, cavabdehin adına mülkiyyət əsasında qeydə alınmış yaşayış evlərinin olmasına dair iddiaçı tərəfindən də sübut təqdim edilməmişdir. Eyni zamanda məhkəmə tərəfindən bu hal yoxlanılaraq başqa yaşayış yerinin olmaması müəyyən edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən inşa olunmuş özbaşına tikilinin müvafiq kompenssasiya ödənilmədən sökülməsi də sosial ədalət prinsipinə zidd olardı.
31. Beləliklə, yuxarıda qeyd edilən xüsusatları nzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir.
32. Belə olan halda kollegiya hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1144/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıa aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıdan alınaraq cavabdehə ödənilməlidir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1144/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülüb kənarlaşdırılması” tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən alınaraq Cavabdeh ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.