Məhkəmə qərarları › İş №2(103)-1680/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1680/2021

03.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1680/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh3, 12 saylı notariat ofisinin notariusu X4, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili X1, Cavabdeh5 və Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 3176/20 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər 12 saylı Notariat ofisinə, Cavabdeh2 MMC-yə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müəraciət edərək, ipoteka predmeti olan İsmayıllı şəhəri, H.Əliyev prospekti, 7 ünvanında yerləşən əmlak kompleksi barədə Cavabdeh3 və Cavabdeh4 ilə Cavabdeh5 və Cavabdeh6 arasında bağlanmış xx.xx.2019cu il tarixli AN-1 №0780029 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov, iş № 2(004)-3176/20) iddia təmin edilməmişdir. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2014-cü il, xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixli kredit müqavilələri üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 və Cavabdeh4 məxsus olan İsmayıllı şəhəri, H.Əİiyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksi İpoteka müqaviləsinə əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada, vaxtlı-vaxtında icra edə bilməmiş və bununla da kredit müqaviləsinin şərtləri dəfələrlə pozulmuşdur. Bununla bağlı ipoteka qoyanlar Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək ipoteka predmetinin satılmasına və satışdan əldə olunacaq vəsaitin Cavabdeh2 MMC-nin İddiaçı ASC qarşısında icra olunmamış öhdəliklərinə yönəldilməsinə dair razılığın verilməşini xahiş etmişlər. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İpoteka qoyanlara məxsus əmlak kompleksinin ipotekada qalmaqla özgəninkiləşdirilməsinə və özgəninkiləşdirilməsindən əldə olunan vəsait hesabına bank, notarial, vergi, dövlət rüsumu və sair məcburi dövlət ödənişləri və xərcləri çıxıldıqdan sonra borclu Cavabdeh2 MMC-nin kreditor İddiaçı ASC qarşısında bütün kredit müqavilələri üzrə xx.xx.2019-cu il tarixinə olan ümumilikdə 1.090.333,34 manat borc öhdəliyinin icra edilməsi məqsədilə həmin məbləğin tam olaraq İddiaçı ASC-nin hesablaşma hesabına köçürülməsi şərtilə etiraz edilməməsi barədə 12 saylı Notariat ofisinə xx.xx.2019-cu il tarixli, **********750 saylı razılıq məktubu verilmişdir. Lakin daha sonra müəyyən edilmişdir ki, bankın kommersiya maraqları pozulmaqla, ipoteka qoyanlar tərəfindən ipoteka predmeti olan əmlak kompleksi xx.xx.2019-cu il tarixli AN-1 № ******* saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh5 və Cavabdeh6 satılmış və qeyd edilən alqı-satqı müqaviləsi 12 saylı Notariat ofisi tərəfindən təsdiqlənmişdir. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ipoteka predmetinin satışından əldə olunacaq vəsaitin tam şəkildə, yəni 1.090.333,34 manatın tam olaraq borcun yönəldilməsinə razılıq verildiyinə baxmayaraq, həmin məbləğin sadəcə 500.000 manatı yönəldilmiş, qalıq 590.333,34 manat borcun ödənilməsi öhdəliyi isə ipoteka predmetinin yeni alıcıları Cavabdeh5 və Cavabdeh6 üzərinə qoyulmuşdur. Göründüyü kimi, ipoteka predmetinə sərəncam vermə qaydaları pozulmuş, ipoteka saxlayanın iradə ifadəsinə uyğun olmayan, hüquq və kommersiya maraqlarının pozulması ilə nəticələnən qanunsuz alqı-satqı müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsində iştirak edən cavabdehlər Cavabdeh5 və Cavabdeh6 iddia ərizəsinə ediraz edərək göstərmişlər ki, İsmayıllı şəhəri H. Əliyev pr. 7 ünvanda yerləşən Əmlak Kompleksinin 1/2 hissəsi Cavabdeh3, 1/2 hissəsi isə Cavabdeh4 xüsusi mülkiyyətlərində olmuşdur. Hər iki şəxsin təssisçisi olduğu Cavabdeh2 MMC İddiaçı ASC ilə kredit müqavilələri bağlayaraq borc pul götümüşdür. Göstərilən kredit müqavilələri üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədilə Cavabdeh3 və Cavabdeh4 İddiaçı ASC ilə İpoteka müqaviləsi bağlayaraq paylı mülkiyyətlərində olan Əmlak Kompleksini ipoteka ilə yüklü etmişlər. Kredit müqavilələri üzrə Cavabdeh2 MMC-nin xx.xx.2019-cu il tarixə 1.090.333,34 manat borc öhdəliyi yaranmış və tərtib olunmuş cədvəl üzrə borcun ödənilməsi dayandırılmışdır. İddiaçı bank ipoteka ilə yüklü əmlakı hərracdan sataraq kreditə yönəldilməsini təklif edən zaman MMC-nin təsisçisi Cavabdeh3 (Cavabdeh4 ona etibarnamə vermişdir) ilə yaxın münasibətdə olduqlarına görə bildirmişdir ki, İddiaçı ASC ilə danışmışdır ki, özü əmlakı satıb krediti bağlayacaqdır və əmlakı almağı onlara təklif etmişdir. Cavabdehin təkilfı ilə razılaşandan sonra bankın xx.xx.2019-cu il tarixli razılıq məktubuna əsasən satıcılar əmlak kompleksini xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən 1.090.333,34 manata onlara satmışdır. Alqı-satqı müqaviləsində göstərilmişdir ki, alıcılar əmlak kompleksini bəyənib 1.090.333,34 manata razılaşdığı qiymətin 500.000 manatını satıcıların razılığı ilə həmin əmlaka dair satıcıların İddiaçı ASCyə xx.xx.2019-cu il tarixinə olan borc öhdəliyinin bir hissəsinin icrası üçün notariusun bankda açılan depozit hesabı vastəsi ilə ödəyirlər, qalan 590.333,34 manat məbləği isə satıcıların İddiaçı ASC-yə olan öhdəliyinin icrası üçün ödəməyi öz öhdəliklərinə götürürlər. Ona görə də, göstərilən məbləğdən 500.000 manatını notariusun bankda açdığı depozit hesabına, qalan 590.333,34 manat məbləği isə satıcıların İddiaçı ASC-yə olan öhdəliyinin icrası üçün Cavabdeh3 ödənilmişdir. Belə ki, Cavabdeh3 bildirmişdir ki, təsisçisi olduğu Cavabdeh2 MMC-nin İddiaçı ASC ilə bağladığı kredit müqaviləsinə əsasən bankın tərtib etdiyi kreditin ödənilməsi cədvəli üzrə borcun qaytarılması üçün son müddət xx.xx.2021-ci il tarxədək müəyən edildiyinə görə 500.000 manat bankın hesabına ödəniləndən sonra, qalan 590.333,34 manat vəsaitin bankın tərtib etdiyi kreditin ödənilməsi cədvəli üzrə özü tərəfindən Fonda ödəyəcəyinə dair razılıq əldə etmişdir. Cavabdeh3 uzun müddət tanıdıqlarına görə onunla razılaşaraq əvvəlcə ona 100.000 ABŞ dolları beh verilmiş, sonra isə Bakı şəhəri İnşaatçılar pr.5 ünvanda yerləşən ofisdə qohumları olan Vidadi Əliyev tərəfindən Cavabdeh3 əmlaka görə 80.000 manat verilmişdir. Alqı-satqı müqaviləsi bağlamaq üçün Notariat kontoruna gedəcəkləri gün Cavabdeh3 bildirmişdir ki, Əmlak Kompleksinin alqı-satqısına görə həyat yoldaşının razdığı lazımdır və qalan vəsaiti ödəmələini xahiş etmişdir. Həmin vaxt ona 340.000 manat vermək istəyərkən Cavabdeh3 bildirmişdir ki, Çin Rəspublikasına getmək istəyir və xahiş etmişdir ki, həmin pulu ona ABŞ dolları ilə ödəsinlər. Ona görədə ümumi manatı 200.000 ABŞ dollarına çevirmiş və Cavabdeh3 həyat yoldaşına çatdırmışlar. Bundan sonra alqı-satqını rəsmiləşdirmək üçün Notariat kontoruna getmişdirlər. Satıcı Cavabdeh3 əmlak kompleksinə ipotekadan azad yeni çıxarış təqdim ediləcəyini üzərinə götürdüyünə görə, alqı-satqı müqaviləsində bu nəzərə alınaraq qeyd olunmuşdur ki, satıcılar alıcılara üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür). Əmlak kompleksi Reyestr Xidmətində qeydiyyata alınaraq ipotekadan azad çıxarış verilən tarixdən iddiaçı bankın ərizəsinə əsasən məhkəmənin qəbul etdiyi qərardadına əsasən tikinti işlərinin dayandırıldığı xx.xx.2020-ci il tarixədək orada cəmi 2.818.300 manat məbləğində əsaslı təmir-tikinti və sair işlər aparılmışdır. Hal-hazırda məlum olmuşdur ki, alqı-satqı müqaviləsi bağlanandan sonra Cavabdeh3 təsisçisi olduğu Cavabdeh2 MMC-nin İddiaçı ASC-yə qalan kredit borcunu ödəmək məqsədi ilə aldığı 590.333,34 manat məbləğindən bankın tərtib etdiyi kreditin ödənilməsi cədvəli üzrə bu günə kimi heç bir vəsait ödəməmişdir. İddiaçı Fond isə təxminən 10 aydan çox müddət ərzində Cavabdeh2 MMC-dən verdiyi kreditin alınmasına dair heç bir tədbir görməməklə yanaşı, orada aparılan təmit-tikinti işlərinin dayandırılması barədə mülkiyyətçi kimi onlara xəbərdarlıq etməmişdir. Onlara ipotekadan azad əmlaka dair çıxarış verilməsəydi, orada heç bir tikinti-təmir işləri görməzdilər. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər ipoteka saxlayanın hüquqlarını pozaraq, verilmiş razılığa zidd olaraq alqı-satqı müqaviləsi bağlamışlar, həmin müqavilənin 8-ci bəndində verdikləri məktubun mahiyyətinə, alqı-satqı müqaviləsinin iddiaçı tərəfindən əmlakın yüklülükdə qalması şərtinə zidd olaraq qanunsuz əmlakın üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verilməsi bəndini əlavə etmişlər. 12 saylı Notariat Kontorunun, alıcı və satıcıların qanunsuz əməlləri nəticəsində qeyd olunan vəsait notariusun hesabına daxil olaraq sonradan bankın hesabına köçürülməmiş, qanunsuz olaraq əmlak ipotekadan azad edilmişdir. Nəticədə ipoteka saxlayan LPO "İddiaçı" ASC öz ipoteka əmlakından məhrum edilmişdir və əlavə olaraq Cavabdeh2 MMC-nin banka olan borcu ödənilməmişdir. Məhkəmə öz qətnaməsində onların alqı-satqı müqaviləsinin bağlanmasına razılıq vermələrini qeyd etsə də, həmin müqavilənin bağlanmasına razılıq məktubunda qeyd olunan iradə ifadələrini tam şəkildə diqqətə almamış və nəticədə yanlış qərar vermişdir. İddiaçının nümayəndəsi A.Nəcəfzadə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehlərdən Cavabdeh5 və Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Cavabdeh3 və Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili S.Allahverdiyev izahatlarında göstərdilər ki, müqavilə üzrə qalıq borcunun ödənilməsi vəzifəsi alıcılar Cavabdeh5 və Cavabdeh6 üzərinə qoyulsa da, onlar banka olan kredit borcunu hələ ödəyib qurtarmamışlar. Onları maraqlandıran əsas məsələ Bankla Cavabdeh5 və Cavabdeh6 arasında mübahisənin həll edilməsi və borcun ödənilməsidir. 12 saylı notariat ofisinin notariusu H.Hacıyev apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi və izahatında bildirdi ki, ipoteka predmeti olan daşınmaz əmlakın alqı-satqı müqaviləsi ipoteka saxlayanın razılıq məktubu əsasında və ipoteka ilə yüklülüyün qalması şərtilə təsdiq olunmuşdur. Müqavilə tərəflərinin qarşılıqlı razılığına əsasən qalıq kredit borcunun ödənilməsi vəzifəsi alıcıların üzərinə qoyulmuşdur. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X5 məhkəməyə məktub göndərərək ipoteka predmeti olan əmlak kompleksi kimi müəssisənin ipotekadan azad edilmədiyini, LPO İddiaçı ASC-nin xeyrinə yüklü olduğunu və yüklülüyün xx.xx.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığını göstərmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2014cü il, xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixli kredit müqavilələri bağlanmış, həmin kredit müqavilələri üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 və Cavabdeh4 məxsus olan İsmayıllı şəhəri, H.Əİiyev prospekti, 7 ünvanında yerləşən əmlak kompleksi İpoteka müqaviləsinə əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh2 MMC-nin ləğv prosesində olan İddiaçı ASC qarşısında xx.xx.2019-cu il tarixə xx.xx.2014cü il tarixli kredit müqaviləsi üzrə 300.000 manat əsas, 26.100 manat faiz, cəmi 326.100 manat, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 400.000 manat əsas, 38.133,34 manat, cəmi 438.133.34 manat və xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 300.000 manat əsas, 26.100 manat faiz, cəmi 326.100 manat borc öhdəliyi olmaqla, ümumilikdə 1.090.333.34 manat borc öhdəliyi mövcud olmuşdur. Ləğv prosesində olan İddiaçı ASC Bakı şəhəri 12 saylı Notariat ofisinə göndərdiyi xx.xx.2019-cu il tarixli məktubda bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İpoteka qoyanlara məxsus olan əmlak kompleksinin ipotekada qalmaqla özgəninkiləşdirilməsinə və özgəninkiləşdirilməsindən əldə olunan vəsait hesabına bank, notarial, vergi, dövlət rüsumu və sair məcburi dövlət ödənişləri və xərcləri çıxıldıqdan sonra borclu Cavabdeh2 MMC-nin kreditor İddiaçı ASC qarşısında bütün kredit müqavilələri üzrə xx.xx.2019-cu il tarixinə olan ümumilikdə 1.090.333,34 manat borc öhdəliyinin icra edilməsi məqsədilə həmin məbləğin tam olaraq bankın hesablaşma hesabına köçürülməsi şərtilə razılıq vermişdir. xx.xx.2019cu il tarixdə satıcılar Cavabdeh3 və Cavabdeh4 ilə alıcılar Cavabdeh5 və Cavabdeh6 arasında İsmayıllı şəhəri, H.Əİiyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksinin 1.090.333,34 manata özgəninkiləşdirilməsinə dair alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə Bakı şəhəri 12 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuşdur. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra qeyd olunan əmlak kompleksi daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh5 və Cavabdeh6 adlarına mülkiyyət hüququ üzrə bərabər paylarla qeydə alınmış və xx.xx.2019-cu il tarixində bu barədə müvafiq çıxarış verilmişdir. Qeyd olunan hallar işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası onları işin mübahisəsiz halları kimi qəbul edir. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu alqı-satqı müqaviləsinin ləğv prosesində olan İddiaçı ASC-nin kommersiya maraqlarını pozduğunu, razılıq şərtlərinə və iradə ifadəsinə uyğun bağlanmadığını, ipoteka predmetinin qanunsuz olaraq yüklülükdən azad edildiyini əsas gətirərək xx.xx.2020-ci il tarixdə məhkəmədə həmin müqavilənin etibarsız hesab edilməsi barədə iddia qaldırmışdır. İddia tələbinin faktiki əsası kimi müqavilə məbləğinin bankın hesabına tam həcmdə ödənilməməsinə və ipoteka predmetinin qanunsuz olaraq yüklülükdən azad olunmasına, hüquqi əsası kimi isə Mülki Məcəllənin 324-cü, “İpoteka haqqında” Qanunun 31-ci və “Notariat haqqında” Qanunun 45-ci maddələrinə istinad edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini əsassız sayaraq rədd etmiş və hesab etmişdir ki, ipoteka predmeti olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə ipoteka saxlayan, yəni iddiaçı razılıq verdiyindən, alqı-satqı müqaviləsi məhz bu razılıq əsasında bağlandığından, alqı-satqı müqaviləsi bağlanarkən və rəsmiləşdirilərkən hər hansı qanun pozuntusuna yol verilmədiyindən həmin müqavilə etibarsız hesab edilə bilməz. Beləliklə, məhkəmə əqdin etibarsızlığı üçün əsasların olmadığı qənaətinə gəlmiş və bu qənaətini Mülki Məcəllənin 324, 337.1, 337.2-ci və “İpoteka haqqında” Qanunun 30.1ci maddələri ilə əsaslandırmışdır. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə gedişatında qiymətləndirmə rəylərinin etibarsızlığına dəlalət edən hər hansı bir əsas aşkar edilməmişdir. Həmin Məcəllənin 337.2.-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. “İpoteka haqqında” Qanunun 30.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçı LPO İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu müqavilə tərəfi olmadığından həmin əqdi mübahisələndirmək hüququna malik deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu qənaətini əsassız sayır və qeyd edir ki, iddiaçı müqavilə tərəfi olmasa da ipoteka saxlayan kimi ipoteka predmeti olan daşınmaz əmlakın alqı-satqı müqaviləsini mübahisələndirmək hüququna malik olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ümumən iddianın əsassız olması ilə bağlı düzgün nəticəyə gəldiyindən və subyektiv hüquqla bağlı bu müddəa bütövlükdə məhkəmənin gəldiyi yekun nəticəyə təsir etmədiyindən qətnamə ləğv olunmadan həmin müddəa qətnamədən xaric edilməlidir. Apellyasiya şikayətinin əsas dəlilləri alqı-satqı müqaviləsinin Bankın kommersiya maraqlarına zidd olması, onun iradəsini əks etdirməməsi, eləcə də ipoteka predmetinin qanunsuz olaraq yüklülükdən azad edilməsi barədədir. Məhkəmə kollegiyası həmin dəlilləri əsassız sayır və ilk növbədə qeyd edir ki, Bankın ipoteka predmeti olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə razılıqla bağlı iradə ifadəsi Ləğv prosesində olan İddiaçı ASC-nin Bakı şəhəri 12 saylı Notariat ofisinə göndərdiyi xx.xx.2019-cu il tarixli məktubda öz əksini tapmış və notarius məhz həmin razılıq məktubuna əsaslanaraq və müqavilənin mətnində həmin məktuba istinad edərək mübahisələndirilən alqı-satqı müqaviləsini təsdiq etmişdir. Müqavilə məzmununun və şərtlərinin müəyyən edilməsi isə bilavasitə həmin müqavilənin tərəflərinin səlahiyyətinə aiddir və işin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisələndirilən müqavilənin məzmunu tərəflərin iradə ifadəsinə uyğun olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ipoteka predmetinin alqı-satqı müqaviləsinə əsasən yüklülükdən azad olunması barədəki dəlilini də əsassız sayır və qeyd edir ki, ipoteka predmeti ilə bağlı hüquqların qeydiyyatını aparmış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X5 apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş və həmin İdarənin məhkəmənin sorğusuna əsasən verdiyi xx.xx.2021-ci il tarixli məktubdan və məktuba əlavə olunmuş çıxarışın surətindən görünür ki, ipoteka predmeti olan daşınmaz əmlak (əmlak kompleksi kimi müəssisə və torpaq sahəsi) Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə yüklüdür. Bu yüklülük xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas vermir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar