Məhkəmə qərarları › İş №2(103)-1682/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1682/2025

18.02.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1682/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 2(011)-1603/2025 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Heydər Əliyev adına X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerİəşən ərazidə Heydər Əliyev adıina X3 (NEZ) məxsus neft məhsulu nəql olunan Dş- 150 mm neft boru kəmərinin "Mühafizə Zonasi"nda boru kəmərinden 25 metr aralı məsafədə, NEZ-a məxsus neft məhsulları saxlanılan TC-1 rezervuar parkının "Mühafizə Zonası"nda rezervuar parkının sərhədindən 22.1 metr aralı məsafədə cavabdehlər tərəfindən inşa edilmiş yeni fərdi yaşayi evinin özbaşına (qanunsuz) tikili hesab edilərək həmin tikilinin sökülməsi və iddia ərizəsi verilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş cəmi 101 (yüz bir) manat məbləğində məhkəmə xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 2(011)-1603/2025 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi və ekspertin rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Cavabdeh2 qərardadın iş üzrə icraatın dayandırılması hissəsindən şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə icraatın dayandırılmasına dair 09 yanvar 2025-ci il tarixli qərardadının ləğv edilməsi və mülki işə mahiyyəti üzrə baxıb şikayətdə göstərilən xüsusatlara hüquqi qiymət verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırki məqamda ekspert rəyinə ehtiyac olmadığı halda müvafiq qərar qəbul etmiş, iddia tələbinin əsassız olmasına diqqət yetirməmiş, öz qərarını əsaslandırmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə ekspertin rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraatı dayandıra bilər (255.0.5, 256.0.2). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin verdiyi hüquqdan istifadə edərək qanuni və əsaslı olaraq iş üzrə icraatı dayandırmışdır. Şikayətin dəlilləri ekspertizanın keçirilməsinə etirazla bağlı olduğundan və ekspertiza təyin olunması barədə qərardaddan şikayət verilməsi qanunla nəzərdə tutulmadığından Kollegiya həmin dəlillərə qiymət vermir. Ona görə də şikayət təmin edilməməli, icraatın dayandırılması barədə qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apelyatorun nümayəndəsi (vəkili) Vəkil işə şifahi icraatda baxılması barədə vəsatət versə də, məhkəmə kollegiyası bunun üçün əsaslar olmadığından vəsatəti təmin etmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 2(011)-1603/2025 saylı qərardadı apellyasiya baxışının predmeti olan hissədə (icraatın dayandırılması hissəsində) dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar