Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1683/2024 09.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3 qarşı (Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “evdən çıxarılma, evin təhvil verilməsi və evə köçürülmə” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(008)- 846/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3 qarşı (Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3 ona məxsus ünvan 1ndə inşa edilmiş fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin ona təhvil verilməsi və onun həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə birinci instansiya məhkəməsində baxılan zaman Cavabdeh1 vəsatətlə məhkəməyə müraciət edərək, onun atası Cavabdeh2 iddiaçıya qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxıldığını bildirmiş və həmin işin nəticələrinin hazırki işə təsirinin nəzərə alınmasını və işlə bağlı yekun qərar qəbul olunana qədər hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-846/2023 saylı qərardadı ilə Cavabdeh1 iş üzrə icraatın dayandırılmasına dair vəsatəti təmin edilməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 846/2023 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, İddiaçı ünvan 1 ünvanında inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh1, eyni tarixli qətnaməsindən isə İddiaçı apellyasiya şikayəti vermişdir. Həmin şikayətə və apellyasiya şikayətinə baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-846/2023 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə apellyasiya Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4395/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmiş və şikayət ona geri qaytarılması üçün işlə birlikdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərardad xx.xx.2023-cü il tarixdə Cavabdeh1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. Buna uyğun olaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-846/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-846/2023 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Həmin qərardad xx.xx.2023-cü il tarixdə Cavabdeh1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. Bundan sonra Cavabdeh3 ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və prossesual müddətin bərpa olunaraq apellyasiya şikayətinin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-846/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh3 ərizəsi rədd edilmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan cavabadeh Cavabdeh3 şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5712/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6401/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti mümkün hesab edilmişdir. Lakin Cavabdeh1 apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə və apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etdiyindən və buna uyğun olaraq, birinci instansiya məhkəməsinin müraciəti daxil olduğundan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6401/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6401/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-846/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 ərizəsi təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-846/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilmiş və apellyasiya şikayəti baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və buraxılmış müddətin bərpası barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərardaddan Cavabdeh1 qizi tərəfindən verilmiş şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Baki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Lakin sonuncunun xx.xx.2023-cü il tarixli, 2(103)- 4395/2023 nömrəli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-846/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh1 qizi tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri mümkün hesab edilmiş və şikayət ona geri qaytarilması üçün işlə birlikdə Baki şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 sözügedən qərardaddan verdiyi şikayət geri qaytarılmışdır. Yəni ki, adı çəkilən qərardadın son cavabı tərəfə xx.xx.2023-ci il tarixdə məlum olmuşdur. Cavabdeh1 isə qətnamədən apellyasiya şikayətini xx.xx.2023-cü il tarixdə elektron qaydada məhkəməyə təqdim etmişdir. Demək ki, cavabdehə xx.xx.2023-cü il tarixdə qərardadın son nəticəsi məlum olmuşsa, qətnamədən apellyasiya şikayəti xx.xx.2023-cü il tarixədək verilməli idi. Bu səbəbdən cavabdehin bildirdikləri apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunması üçün əsas deyil. Yəni, cavabdeh yuxarıda göstərilən hallardan birində təxminən 5 ay, digər halda isə 2 ay müddətində apellyasiya şikayəti vermişdir. Bunun hesablanması üçün xüsusi biliyə və ya ekspert, mütəxəssis rəyinə ehtiyac yoxdur. Orta məktəb riyazi biliyi kifayət edir. İddiaçı şikayəti Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmişdir. Bundan sonra İddiaçı məhkəmə tərkibinə yazılı etirazını məhkəməyə təqdim etmişdir. Lakin etiraz əsassız olduğundan baxılmamış saxlanılmışdır. Bundan başqa şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə təmin edilməməli, buraxılmış müddətin bərpasından imtina edilməklə, apellyasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır; 134.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir; 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 227.4-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 846/2023 saylı qətnaməsi tərəflərin, o cümlədən Cavabdeh1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Qətnamənin nəticə, yəni “QƏT” etdi hissəsində də qətnamədən şikayət verilmə müddəti və qaydası açıq və aydın şəkildə göstərilmişdir. Bununla belə, qanunvericiliyin tələbləri baxımından bu tərəfin qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin axını xx.xx.2023-cü il tarixdən başlamış və xx.xx.2023-cü il tarixdə bitmişdir. Lakin Cavabdeh1 həmin qətnamədən qeyd edilən müddət bitdikdən 3 ay 17 gün sonra apellyasiya şikayəti vermiş, eyni zamanda məhkəməyə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barərə ərizə təqdim edərək, müddətin buraxılmasını vəsatəti üzrə çıxarılmış qərardadı mübahisələndirməsi və bunun nəticələrini gözləməsi ilə əsaslandırmışdır. Halbuki, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadının mübahisələndirilməsi, həmin tarixli qətnamədən apellyasiya şikayətinin verilməsinə hər hansı formada maneə olmur. Bununla bağlı mülki prosessual qanunvericilikdə hər hansı qadağa nəzərdə tutulmamışdır. Belə olna halda, onun vəsatət üzrə qərardadı mübahisələndirməsi apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin üzürlü səbəbdən buraxılması kimi qiymətləndirilə bilməz. Digər tərəfdən cavabdehin istinad etdiyi hallar üzürlü səbəb kimi qəbul edildiyi təqdirdə belə müddət bərpa edilə bilməz. Belə ki, xx.xx.2023-cü il tarixli, 2(008)- 846/2023 saylı qərardadın mübahisələndirilməsi ilə bağlı nəticələr Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4395/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının məzmunu baxımdan xx.xx.2023-cü il tarixdə (elektron kabinetində yerləşdirilmişdir), Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-846/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının məzmunu baxımından isə xx.xx.2023-cü il tarixdə (elektron kabinetində yerləşdirilmişdir) Cavabdeh1 məlum olmuşdur. Başqa sözlə, xx.xx.2023-cü il tarixdə qərardadın mübahisələndirilməsinin nəticələri tam olaraq aydın idi. Lakin Cavabdeh1 apellyasiya şikayətini bu tarixdən də 1 ay 25 gün keçdikdən sonra vermişdir. Onun tərəfindən hər hansı başqa bir üzürlü səbəb də göstərilməmişdir. Qeyd edilənlər ərizənin təmin edilməməsini, buraxılmış müddətin bərpasından imtina edilməsini və apellyasiya şikayətinin, habelə ərizənin geri qaytarılmasını şərtləndirir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qüvvədə olan mülki-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq, yəni hər hansı əsas olmadan buraxılmış prosessual müddəti bərpa etmişdir. Bu səbəbdən şikayət təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-846/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, Cavabdeh1 ərizəsi təmin edilməməli, müddətinin bərpasından imtina edilməli, ərizə, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-846/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Cavabdeh1 apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəsi təmin edilməsin. Müddətinin bərpasından imtina edilsin. Ərizə, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1683/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1683/2024
09.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver