Məhkəmə qərarları › İş №2(103)-1686/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1686/2021

01.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1686/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh iştirakı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1662/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1662/2021 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, X1 məxsus “Ət məhsullarıistehsalı müəssisəsində” 2015-ci il tarixdən 2020-ci ilin aprel ayınadək qeyri-rəsmi, xx xxxxx 2020-ci il tarixdən 2020-ci ilin iyul ayınadək isə rəsmi sürücü ekspeditor vəzifəsində işləmişdir. Müəssisənin rəhbərinin ona bildirdiyinə görə 2020-ci ilin aprel ayında o, rəsmi olaraq ştata qəbul olunmuşdur. Buna baxmayaraq, onunla müəssisə arasında heç bir əmək müqaviləsi bağlanmamışdır. “Ət məhsulları istehsalı müəssisəsi”nin iş qaydası, müəssisənin ət məhsulları işçiyə qaimə ilə verilirdi və həmin məhsullar müvafiq marketlərə daşınırdı və hər ayın axırında o, satılan malların ödənişini müəssisənin mühasibinə çatdırırdı. Onlar həmin müəssisədə qeyri-rəsmi işlədiklərindən müəssisənin rəhbəri onlarla müxtəlif özlərinin etibar etdiyi şəxslərlə kredit (borc) müqaviləsi bağlayırdı. Belə ki, ona münasibətdə kredit müqaviləsi ilk dəfə xx.xx.2018-ci il tarixdə müəssisə rəhbərinin qardaşı iş üzrə Cavabdeh ilə bağlanılmışdır. Qeyd olunan kredit müqaviləsi tərəflər arasında 1 il müddətinə 24 min manat olmaqla bağlanılmışdır. Həmin il qeyri-rəsmi əmək fəaliyyəti ilə məşğul olduğu müəssisə həmin kredit müqaviləsi müqabilində ona marketlərə daşınması və satılması üçün 24 min manatlıq ət məhsulu vermişdir. Qeyd olunan məsələnin bir daha təsdiqləmək üçün tərəflər arasında xx.xx.2018-ci tarixdə 3M-313 reyestr nömrəsi ilə 9 saylı Notariat ofisində rəsmiləşmiş kredit müqaviləsinin 6-cı bəndinə əsasən borc verən bu müqavilə üzrə öhdəliyin icrasının hissə-hissə hər ay 2.000 manat olmaqla qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq edəcəyi göstərilmişdir. Qeyd olunan kredit müqaviləsi 1 il müddətində olmasına baxmayaraq, həmin müqavilə üzrə öhdəliklər xx.xx.2020-ci ildə icra edilmişdir. Belə ki, ona müəssisə tərəfindən verilən malların tam ödənişi olduğundan, onunla xx.xx.2018-ci il tarixdə bağlanılmış kredit müqaviləsi cavabdeh tərəfindən ləğv edilmişdir. Belə olduğu halda müəssisənin rəhbəri X2 ona 25 min manatlıq yenidən ət məhsullarının veriləcəyini bildirdi. O, müəssisədə işini davam etdirmək üçün cavabdehlə yenidən notariusda kredit müqaviləsi imzalamaq məcburiyyətində oldu. Cavabdeh onunla xx.xx.2020-ci il tarixdə yenidən 9 saylı notarius ofisinə gələrək, əvvəl bağlanılmış kredit müqaviləsində qeyd olunmuş öhdəliklər icra olunduğundan həmin müqavilənin ləğv olunması barədə ərizə yazmış və həmin tarixdə tərəflər arasında yenidən, bu dəfə 25 min manat məbləğində, kredit müqaviləsi rəsmiləşmişdir. Cavabdeh keçən dəfədən fərqli olaraq nəzərdə tutulan pul məbləğini ona notariusun bankda olan depozit hesabı vasitəsilə ödəmişdir. O, qeyd olunan notariusda kredit müqaviləsi üzrə olan 25 min manatı kassadan alan kimi cavabdeh həmin məbləği və onda qalan kredit müqaviləsini ondan almışdır. Onlar müəssisənin inzibati binasına gəlmiş və cavabdeh onun işdən çıxmağı barədə yazılma tarixi göstərilmədən ərizə aldı və onun həmin andan işə bir daha gəlməməyini bildirdi. Belə olduğu halda o, adı çəkilən notariusa gələrək, onunla bağlanılmış kredit müqavilələrinin və əvvəlki kredit müqaviləsinin ləğv olunması ilə əlaqədar ərizələrin surətlərini çətinliklə də olsa almağa nail olmuşdur. O, tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanılmış kredit (borc) müqaviləsi ilə əsaslı tanış olarkən, onun krediti xx.xx.2020-ci il tarixinədək cavabdehə qaytarmağını, yəni krediti aldığı tarixdən başlayaraq, 10 gündən sonra ödəməyinin qeyd olunduğunu görüb. “Ət məhsulları istehsalı müəssisəsi”ni işlədən şəxs, qardaşı ilə əlbir olaraq, onu aldatmışlar. Onunla cavabdeh arasında heç bir qohumluq, dostluq münasibətləri yoxdur. Eyni zamanda o, uzun müddət işlədiyi müəssisənin rəhbərinin qardaşıdır. Bu cür münasibətlər həmin müəssisədə işləyən digər işçilərlə də olmuşdur və hazırda olmaqdadır. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil bildirdi ki, cavabdeh fiziki şəxsdir, VÖEN-i var. Cavabdeh digər 8 nəfərlə də belə bir müqavilə bağlayıb. 2018-ci ildə Yaşarla Hüseyn 1-ci müqavilə tamamlanandan sonra 9 saylı notariat ofisinə gəliblər və bu müqaviləni bağlayıblar. 2-ci dəfə isə 2020-ci ildə yenidən notariusa gedib 25.000 manatllıq müqaviləni bağlayıblar. Sonra ofisə gediblər və cavabdeh Hüseyndən tələb edir ki, işdən çıxma barədə ərizə yazsın. Ərizəni yazandan sonra Hüseyn bilib ki, 2-ci kredit müqaviləsi 10 gün müddətində bağlanıb. Bu, real deyil. Hüseynin ətdən heç bir borcu qalmayıb. Məhkəmə iclasında İddiaçı bildirdi ki, pul notariusun depozit hesabına keçirilsə də, ona pul çatmayıb. Köhnə müqavilə bağlanıb və borc da bağlanıb. 2-ci müqavilə sonradan bağlandı və sonra da işdən çıxarıldı. Əvvəlki müqavilə ilə onun heç bir borcu qalmayıb. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddiaçının dayısı onunla dostdur. İddiaçının cinayət işi vardı, ona görə ondan pul istədi. Dayısına görə pulu verdi. Bu müqavilə niyə etibarsız sayılmalıdır ki, o, borc verdiyi pulu istəyir. Qardaşının müəssisəsi var, fiziki şəxsdir, VÖEN-i var. Müəssisəsində yeyintisi vardı. İddiaçıya pulu verdi, iddiaçı qardaşına borcunu ödədi, cinayət işi açılmadı. İddiaçı qardaşı ilə hansı müqavilə əsasında işlədiyini bilmir. Onun bir neçə şəxslə müqaviləsi var. Lisenziyası yoxdur. Pulu iddiaçıya kömək etmək üçün borc olaraq vermişdi. İddiaçı qardaşının müəssisəsində işləyirdi. Qardaşı ilə Hüseyn arasındakı məsələ ona aid olmayan işdir. Müqavilə bağladığı digər şəxslər işçilərdir. O, işçilərin hamısını tanımağa borclu deyil. Hüseyn onun yox, qardaşının işçisi idi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, İddiaçı kredit müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərinə kredit borcunun ödənilməsi üzrə öhdəlik götürmüşdür. Məhkəmə iclasında iddiaçı yuxarıda qeyd edilən kredit müqaviləsinin bağlandığı zaman qanunvericiliyin tələblərinə əməl edilməməsini təsdiq edən sübutları təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni İddiaçı iddiasının təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddianın təmin edilməməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə İddiaçı şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılır. Hazırki iş üzrə, iddianın faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla ona görə ki, hazırki iş üzrə, İddiaçı iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə(MM.mad.340.2) uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi bu iddianı təmin etməli idi. Belə ki, qanunun mənasına görə yalan əqd bağlayan tərəflərdən hər ikisi bağladıqları əqd barədə razılığa gəlir, hər iki tərəfin qarşılıqlı razılığına əsasən heç bir hüquqi nəticəyə səbəb olmayan başqa əqdi pərdələmək, görünüş məqsədi daşıyan müqavilə bağlanır, hər iki tərəf də belə müqavilə bağlandığını dərk edir və buna uyğun hərəkət edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki iş üzrə tərəflər arasında(işdən o da bəlli olur ki, ət məhsullarının faktiki istehsalı ilə əslində cavabdeh özü məşğul olur) yaranmış həqiqi münasibətlərin xarakteri onlar arasında bağlanmış kredit müqaviləsinin yalan əqd olduğuna dəlalət edir. Belə ki, Cavabdeh bilavasitə etiraf etməsə də iş materiallarından, o cümlədən iddia ərizəsinin məzmunundan, təqdim edilmiş sübutlardan, İddiaçı izahatlarından aydın olur ki, iddiaçı ilə cavabdehin qardaşı arasında əmək münasibətləri olmuş, İddiaçı Cavabdeh qardaşının işçisi olmuş, sonuncuya məxsus “Ət məhsulları istehsalı müəssisəsində” işləmiş və ət məhsullarını paylamalı olmuş, məhz götürdüyü ət məhsullarının təminatı olaraq da Cavabdeh təkidi ilə aralarında əhəmiyyətsiz kredit müqaviləsi rəsmiləşdirmişlər. Məhz bu münasibətlərin yaranması, davam etməsi və təminatı üçün Cavabdeh kredit müqaviləsi adı altında bu cür müqavilənin bağlanılmasına nail olması anlaşılan ola bilər. Lakin tərəflər arasında əslində həqiqi kredit münasibətləri olmamışdırsa, yəni Cavabdeh qeyd olunan kredit müqaviləsinə görə Hüseyn Allahverdiyevə hər hansı bir məbləğdə pul verməmişdirsə və vermək niyyəti olmamışdırsa, bu əqd etibarlı hesab edilə bilməz. Başadüşüləndir ki, tərəflər aralarında yaranmış bu qeyri-rəsmi əmək münasibətlərinin davam etdirmək üçün bunun təminatlı yaxud hansısa şərtlə olması labüd ola bilər. Lakin bütün bu hallar heç də tərəfləri mübahisə predmeti olan kredit müqaviləsi bağlamalarına əsas vermirdi. Çünki, tərəflər aralarında yaranan münasibətləri rəsmiləşdirmək və davam etdirmək üçün iradələrinə və hüquqa uyğun, qanuna zidd olmayan başqa əqdlər də bağlaya bilərdilər. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, əqdin başqa əqdi pərdələmək məqsədi ilə bağlanması yoxdursa yalan əqddən mübahisə aparmaq olmaz. Çünki, yalan əqd başqa əqdi pərdələməlidir və məhkəmə tərəflər arasındakı əqdi yalan hesab etdikdə Mülki Məcəllənin 340.2-ci maddəsinin 3-cü cümləsinin tələblərinə əsasən yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaları tətbiq etməlidir. Lakin qeyd olunduğu kimi tərəflər arasında yaranmış münasibətlərin xarakteri sözügedən müqaviləni bağlayarkən əslində nəzərdə tutduqları əqd əmək müqaviləsi kimi qiymətləndirilsə belə, Mülki Məcəllənin 340.2-ci maddəsinin 3-cü cümləsi tətbiq edilə bilməz. Çünki, həmin maddə əmək münasibətlərinə deyil, mülki münasibətlərə tətbiq edilir. Eyni zamanda tərəflərin bağladığı bu yalan kredit müqaviləsində əmək müqaviləsinin forma tələbləri və müqavilənin mühüm şərtləri nəzərdə tutulmadığından bu qaydaların tətbiqi istisna edilir. Bundan başqa, hüququn bütün prinsipləri, o cümlədən hüququ müəyyənlik prinsipi həqiqətən müəyyən edilməsi yolu ədalətin bərqarər olmasını istisna etmir, əksinə buna bir zəmin yaradır. Çünki, hüququn ali məqsədi ədaləti təmin etməkdir. Əgər məhkəmə aktında ədalətin təmin olunması hiss olunmursa, demək hüququn ali məqsədi də təmin olunmur. Hazırki işdə tərəflər arasında olan kredit müqaviləsinin yalan, əhəmiyyətsiz, puç əqd olduğunu açıq-aşkar görə-görə, eləcə də tərəflər arasında olmuş həqiqi münasibətlər üzrə də iddiaçının cavabdehə hansısa bir məbləğdə borcu olduğu və ya sonuncuya hansısa formada zərər vurmasının təsdiq olunmadığını bilə-bilə bu müqaviləni etibarlı hesab edib cavabdehin gələcəkdə iddiaçıya qarşı bu kredit müqaviləsi üzrə olacaq iddiasını təmin etmək mümkün ola bilərmi, əlbətdə ki, olmaz. Çünki, bu cür məhkəmə aktı mülki dövriyyə iştirakçıları arasında haqlı narazılıq yaratmaqla məhkəmə hakimiyyətinin nüfuzuna da xələl gətirə bilər. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki İddiaçı apellyasiya şikayəti təmin edilməli, hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1662/2021 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia təmin edilməldir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1662/2021 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi etibarsız hesab edilsin. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar