Məhkəmə qərarları › İş №2(103)-1691/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1691/2025

25.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1691/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 7 saylı Dövlət Notariat kontoruna qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-2446/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 7 saylı Dövlət Notariat kontoruna qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 134.5 kv/m, 05 otaqlı olan torpaq sahəsindan ibarət olan xx.xx.2024-cü il tarixli, 2V-14 reyestr nömrəsi ilə qeydiyyatı aparılmış Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Xəzər Rayon Məhkəməsinin 2(003)-2446/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Zaur Tağıyev) ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

3. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin maddi və proessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmiş, odur ki, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

4. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmiş, yalnız iddiaçının nümayəndə və vəkili Nümayəndə məhkəməyə göndərdiyi ərizədə səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

5. Doğum haqqında şəhadətnamələnin surətindən görünür ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı atası X9, anası Cavabdeh1dır.

6. Ölüm haqqında arayışın surətindən görünür ki, X9 xx.xx.2022-cı il tarixdə Bakı şəhərində ölmüşdür.

7. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyat İdarəsinin xx.xx.1998-ci il tarixli Qeydiyyat Vəsiqəsinin sürətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil M.Nəcəfovun mülkiyyəti kimi qeydiyyatdan keçmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 7 saylı notariat ofisinin məktubundan görünür ki, sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, X5 xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar arvadı Cavabdeh1 Əldər qızının ərizəsi əsasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 7 saylı notariat ofisində vərəsəlik işi açılmış və ona yeganə vərəsə kimi pul vəsaitinə dair tam payda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixdə ünvan 6 unvanında yerləşən fərdi yaşayış evınə dair Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

9. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir.

10. Nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə X4 12.071972-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayon VVAQ şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 240 nömrə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Nəcəfov”, arvada “Nəcəfova” soyadı verilmişdir.

11. xx.xx.2022-cü il tarixli, 2V-387 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu X12 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159- cu maddəsinə əsasən təsdiq edirəm ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 vərəsələri: ünvan 3 ünvanında qeydiyyatda olan arvadı NƏCƏFOVA XİRDAXANİM ƏVDƏR QİZİ (AA*******, xx.xx.2022-Asan 5, FİN:3UASVE3, d/t:xx.xx.1951) və o miras əmlakdan 1/1 hissədə tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak -Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Mommunal Təsərrüfatı Departamentinin Xəzər rayon MənzilKomunal Təsərrüfatı Birliyinin 395 saylı xx.xx.2022-ci il tarixli məktubuna əsaəsn 1812.33 AZN vəsaitdən ibarətdir.

12. xx.xx.2024-cü il tarixli, 2V-14 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu X13 Azərbaycan Respublikası - Mülki Məcəlləsinin 1159- cu maddəsinə əsasən təsdiq edirəm ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi: ünvan 3 ünvanında qeydiyyatda olan arvadı - Cavabdeh1 Əhdər qızıdır (AA*******, xx.xx.2022 - Asan 5, FİN:3UASİEV, d/t:xx.xx.1951) və o miras əmlakdan tam hissədə-pay almalıdır. Şəhadətnamə verilən miras əmlak-Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki” İnventarlaşdırmavə Mülkiyyət “Hüquqlarının. qeydiyatı İdarəsi tərəfindən xx.xx.1998 tarixdə X7 verilmiş. 30/21313 qeydəalma nömrəsi ilə 04Şüv nömrəli kitabın 478 -ci səhifəsində qeyd edilmiş “qeydiyyat vəsiqəsinə. əsasən ünvan 5ünvanında yerləşən ümumi-sahəsi 134.5 kv/m, 5 otaqlı olan torpaq sahəsidən ibarətdir. DƏDRX-dən əldə edilmiş 01.05:2024 tarixli qeydiyyat nömrəsi 03A5/487 ölan”arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 6 ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil” va özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.

13. Notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, vəfat etmiş X5 vərəsəsi olaraq tanınması üçün Cavabdeh1 Əhdər qızı notariat ofisinə müraciət etmişdir.

14. “Elektron notariat” X2 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan Bakı şəhəri 7 saylı notariat ofisi, X12 tərəfindən xx.xx.2022-ci il tarixdə çap edilmiş çıxarışdan görünür ki, akı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 8 Mart küçəsi 12 unvanında yerləşən fərdi yaşayış evındə qeydiyyatda olan X8, X10, İddiaçı olduğu müəyyən edilmişdir.

15. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, Cavabdeh1 Əidər qızına verilib ondan ötrü ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi, üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 04Şüv nömrəli reyestr kitabının 478 nömrəli vərəqində qeydiyyata alınmışdır.

16. “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh1 Əhdər qızı 10 il müddətinə oğlu X6 etibarnamə vermişdir.

17. Bakı şəhəri 7 saylı notariat ofisində Cavabdeh1 Əhdər qızının 2VV/387 saylı vərəsəlik işi vardır. Tətbiq edilən maddi hüquq normaları:

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

19. Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi

20. 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir.

21. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

22. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

23. 1159.1, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.

24. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

25. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

26. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

27. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

28. 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

29. 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Tətbiq edilən prosessual hüquq normaları:

31. Mülki Prosessual Məcəllə

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

36. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

37. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

38. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

39. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

42. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

44. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

45. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

46. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən, tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

47. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

48. Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Cavabdeh1 miras qoyan Nəcəfov Məmmədağanın qanun üzrə birinci dərəcəli vərəsəsi olaraq mirası qəbul etmiş, mirasın qəbul edilməsi müddətini ötürməmiş, notariat ofisinə məlum olan digər vərəsələr mirası qəbul etməmişlər və miras qoyanın hər hansı digər vərəslərinin olması barədə məlumat olmadığından miras bütövlükdə Cavabdeh1 verilmişdir.

49. İddiaçı mübahisəli fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini faktiki olaraq da qəbul etməmiş, miras qoyanların ölümündən sonra həmin evə köçməklə orada yaşamamış, evə və torpaq sahəsinə sahiblənməklə onların idarə olunmasında hər hansı şəkildə iştirak etməmiş, bu istiqamətdə hər hansı xərclər çəkməmiş, digər hərəkətlər etməmişdir. Əksinə, həmin şəxs hələ miras qoyanların ölümündən əvvəl həmin evdən çıxaraq daimi olaraq başqa bir evdə yaşamağa başlamış, miras qoyan öldükdən sonra isə evin və həyətyanı torpaq sahəsinin mülkiyyətçisi olmaq niyyətini bildirməmişdir.

50. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya 2013-cü il tarixdə elə atasının hesabına mənzil alınmış, o, birdəfəlik mübahisəli evdən köçüb həmin, onun üçün alınmış evə getmiş ailəsi ilə orada yaşamış, mübahisəli evdə isə anası və qardaşı birlikdə yaşamaqda davam etmiş, cavabdeh miras əmlakı faktiki olaraq qəbul etməmişdir.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

53. Mülki iş materiallarında olan ölüm haqqında arayışın surətindən görünür ki, X9 xx.xx.2022-cı il tarixdə Bakı şəhərində ölmüşdür.

54. Göründüyü kimi, mirasın açılması xx.xx.2022-ci ildə baş vermişdir. İddiaçı həmin miras əmlakı həmin vaxt qüvvədə olan Qanunun tələblərinə uyğun olaraq nə faktiki, nə də notariat orqanına müraciət etməklə qəbul etməmişdir.

55. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir.

56. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı hazırkı mübahisəyə tətbiq edilə bilmir.

57. Beləliklə, Cavabdeh1 miras qoyan N.Məmmədağanın qanun üzrə birinci dərəcəli vərəsəsi olaraq mirası qəbul etmiş, mirasın qəbul edilməsi müddətini ötürməmişdir. Demək ki, ona verilmiş vərəsəlik şəhadətnaməsi əsaslı olmuş və onun etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur.

58. Bundan başqa, rayon məhkəməsi tərəfindən həm də müəyyən edilmişdir ki, iddiaçıya 2013-cü il tarixdə, elə miras qoyan atasının hesabına mənzil alınmış, o, mübahisəli evdən birdəfəlik köçüb həmin, onun üçün alınmış evdə məskunlaşmış və yaşamaqda da davam edir.

59. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”.

60. Yuxarıda qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, qüvvədə olan qanunun tələbinə əsasən, iddiaçı 6 ay ərzində miras əmlakı nə faktiki, nə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməklə qəbul etmədiyindən, eləcə də mirasın qəbulu müddətinin uzadılmasına dair ərizə vermədiyindən, rayon məhkəməsi hazırkı iddia tələbini təmin etməməkdə, mahiyyyət etibarı ilə haqlı olmuşdur, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.

61. MPM-nin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

62. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə:

63. Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

66. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

67. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Xəzər Rayon Məhkəməsinin 2(003)-2446/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar