Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1692/2025 12.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh MMC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1692/2025 (Açar sözlər: əmək haqqı fərqinin, mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı (Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh MMC-yə qarşı əmək haqqı fərqinin, mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-4448/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 mart 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “əmək haqqı fərqinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, cavabdeh işəgötürən Cavabdeh MMC tərəfindən işdən azad olunanda ödənilməli olan 12 866.87 manat pulun, iş yerində seksual qısnamaya görə 35 000 manat mənəvi zərərin, 60 manat mediasiya haqqının, 185 manat məhkəmə rüsumunun və 320 manat vəkil xidməti haqqının, cəmi 48431,87 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-nin Bakı nümayəndəliyinə baş mühasib vəzifəsinə işə düzəlmişdir. Cavabdeh MMCnin təsisçisi Böyük Britaniyada baş ofisi olan “Noventiq Holdings PLC” şirkətidir. Azərbaycanda təsisçi kimi Kipr Respublikasında “Softline Holdings PLC” şirkəti qeyd olunmuşdur. İddiaçı işə qəbul edildikdən bir ay sonra, yəni xx.xx.2022-ci ildə şirkətin direktoru vəzifəsinə X5 təyin edilmiş və həmin gündən o, iddiaçıya qarşı düzgün davranmamış, qısnama başlamışdır. İddiaçı bütün vasitələrlə bu hərəkətlərə son qoymağa çalışsa da, buna nail ola bilməmış, məcbur qalaraq xaricdə yerləşən baş ofisə müraciət etmişdir. O, əlində olan mesajları, e-mail yazışmalarını baş ofisə təqdim etdikdən sonra araşdırma aparılmış, iddiaçı ilə görüntülü danışıqda rəhbərliyin nümayəndəsi qısnama faktının mövcudluğunu təsdiq etmiş, üzrxahlığını bildirmiş və gələcəkdə bu kimi hallara yol verilməyəcəyinə dair söz vermişdir. Lakin iddiaçı reallıqda daha da ciddi problemlərlə rastlaşmış, artıq Əzizov Rüfət ona qarşı qarayaxma kampaniyasına başlamış, belə ki, bütün işçilərə iddiaçı ilə danışmaq qadağan edilmiş, onlara iddiaçının əleyhinə danışmaq, guya işdə pozuntulara yol verdiyini demələri tapşırılmışdır. İddiaçı ailəli olduğuna baxmayaraq, Əzizov Rüfət onun barəsində iş yerində olan müxtəlif əməkdaşlar ilə münasibətdə olduğu barədə şayiələr yaymış, hətta həyat yoldaşının iddiaçını işə aparıbgətirməsini belə həzm edə bilməmiş və buna belə qarışmışdır. İddiaçının əmək müqaviləsinə elektron sistemdə müdaxilə edilmiş və belə təqdim edilmişdir ki, guya iddiaçı saxtakarlıq etmişdir. Əzizov Rüfətin imzası ilə Nəsimi rayon Prokurorluğuna şikayət göndərilmişdir. İddiaçı müxtəlif sənədlərə qol çəkməyə məcbur edilmiş və imza etdiyi halda, ona şikayətin prokurorluqdan geri götürülməsi bildirilmişdir. Sənədlərin məzmunu isə qısaca olaraq iddiaçının təsisçilərə yazdığı “mail”lər hamısı uydurmadır, həqiqəti əks etdirmir və Əzizov Rüfət tərəfindən ona qarşı qısnama olmamışdır. İddiaçı açıq-aşkar şantaj olunsa da, bu təxribatlara getməmiş və Nəsimi rayon prokurorluğu tərəfindən araşdırmanın sona qədər aparılmasını tələb etmişdir. Əlbəttə ki, iddiaçı barəsində araşdırma aparıldıqda ərizədəki R.Əzizov tərəfindən təqdim olunan faktlar öz əksini tapmamışdır. İddiaçının baş ofisə şikayətlərinin ardı kəsilməmiş, o, özünü müdirdən müdafiə etməkdən ötrü şikayətlər yazaraq qanunsuz hərəkətlərə son qoyulmasını tələb etmişdir. Şifahi olaraq iddiaçıya bildirilmişdir ki, qısnama faktı təsdiqini tapmış və tədbirlər görüləcəkdir. Baş ofisin kadrlar şöbəsinin işçisi Roberto, məxfilik siyasəti çərçivəsində X4 yazılan töhmətin bir hissəsini də iddiaçıya göstərmişdir. Lakin görünən odur ki, faktiki olaraq X5 barəsində tədbir görülməsi əvəzinə, iddiaçıya qarşı qarayaxma kampaniyası davam etmişdir. Sonda iddiaçının işində heç bir qüsur olmadığı halda, əmək müqaviləsi bitdiyindən, onunla bağlanmış müqavilənin müddəti uzadılmamışdır. Əmək müqaviləsinin uzadılması qarşılığında isə müdir verilən vəzifə və səlahiyyətlərindən sui-istifadə edib, canlı ünsiyyətə girmə, iddiaçı ilə otağında təkbaşına qalma və iş proseslərini müzakirə etmək bəhanəsini irəli sürmüşdür. Baxmayaraq ki, 02 may 2024-cü il tarixində “Teams” üzərindən baş tutan zəngdə Əzizov Rüfət etiraf etmişdir ki, 6 ay ərzində tətbiq olunan iş formatı onu tam qane edir və canlı ünsiyyətə ehtiyac yoxdur. 05 dekabr 2023-cü il tarixində təsisçilərin qərarına əsasən, Əzizov Rüfət iddiaçı ilə canlı ünsiyyətə girə bilməzdi və bütün yazışmalar yalnız e-mail və şirkət proqramları üzərindən olmalı idi. Lakin 02 may 2024-cü il tarixində olan şantaj zəngindən sonra, iddiaçı yenidən təsisçilərə şikayət yazmaq qərarına gəlmiş, 03 may 2024-cü il tarixində (həftənin beşinci günü) təsisçilərə yazılan şikayət “e-mail”indən sonra 06 may tarixində (həftənin birinci günü) Əzizov Rüfət vəkili ilə iddiaçıya iş yerində hücum etmiş, ona aid olan şəxsi əşyalara əl qoyub və saxtakarlıq ilə bütün əməkdaşların qarşısında ittiham edib işgüzar nüfuzuna xələl gətirmiş, əməkdaşların qarşısında iddiaçıya saxtakar deyib, tutduracaqları ilə bağlı hədələmiş, iddiaçının şərəf və ləyaqəti yerlə bir olmuşdur. 06 may 2024-cü il tarixində iddiaçının yaşadığı stress və həyəcan onun sağlamlığına da ciddi ziyan vurmuş və bu hadisələrin nəticəsində o, əsəb gərginliyi keçirərək təcili yardıma müraciət etmiş, dəfələrlə panik ataklara məruz qalmışdır, hazırda müalicə alır. Bununla yanaşı, hesablaşmada bilərək səhvə yol verilmiş, müdiri məzuniyyət və ezamiyyət vaxtları əvəz etdiyi saatlara görə iddiaçıya pul yazılmamışdır. Belə, xx.xx.2023- xx.xx.2023, xx.xx.2023-xx.xx.2023, xx.xx.2023-xx.xx.2023, xx.xx.2023xx.xx.2023 xx.xx.2024- xx.xx.2024 tarixlərində, cəmi 16 gün ezamiyyət zamanı, xx.xx.2023-xx.xx.2023 xx.xx.2023-xx.xx.2023 xx.xx.2023-xx.xx.2023, xx.xx.2023xx.xx.2023, xx.xx.2024-xx.xx.2024 tarixlərində, cəmi 29 gün məzuniyyət zamını müdirin əvəz edilməsi günləridir. Bu günlərə görə işdən azad olunduqda ididaçıya ödənilməyən məbləğ 12,866.87 manat təşkil edir. Əzizov Rüfət əvəz etmə ilə bağlı vəsaitləri heç bir zaman ödəmək niyyətində olmamışdır. Lakin Cavabdeh MMC-nin işçiləri qarşılıqlı surətdə əlaqəli şəxslər olduqları üçün baş verən haqsızlıqlar önündə hər zaman susmaq məcburiyyətində qalmışlar. Birmənalı olaraq göstərmək olar ki, işəgötürən hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası və beynəlxalq qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Gender məsələsi bu gün bütün dünya üçün prioritet təşkil edir. Qlobal gender problemlərindən biri iş yerlərində qadınlara qarşı cinsi qısnamadır (harassment). Azərbaycan kimi mentalitet və stereotiplərin güclü olduğu bir ölkədə bu tip həssas mövzular haqqında adətən danışılmır və susmağa üstünlük verilir. Lakin iddiaçı susmaq istəməmiş, bu səbəbdən də işindən məhrum olunmuş, stress yaşamış, mənəvi işgəncələrə məruz qalmışdır. İddiaçı çəkdiyi mənəvi iztirablara görə 35000 (otuz beş min) manat mənəvi zərər tələb etməyə haqlıdır.
3. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 4448/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MMC-dən mənəvi zərərin əvəzi olaraq 3.000 (üç min) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iş üzrə ödənilmiş mediasiya xərcinin 10 (on) manat, dövlət rüsumun 20 (iyirmi) manat və hüquqi xidmət xərcinin 150 (bir yüz əlli) manat hissəsinin Cavabdeh MMC-dən alınaraq İddiaçı verilməsi, məhkəmə xərclərinin qalan hissəsinin İddiaçı aid edilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddə, 1-ci hissə, “g” bəndi, 195-ci maddəsinin “g” bəndi, 290.3-cü maddələri, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.5, 4, 7.2, 7.2.5, 17.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1-76.2, 77.1,80, 81, 88, 87.1, 104.1, 106.1, 119.1, 121.1, 217.3, 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən təmin edildiyi hissədə ləğv edilməsi və iddia tələbinin tam şəkildə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə təqdim edilmiş materiallarda və sübutlarda bu elementlərdən heç biri mövcud deyil. Cavabdeh Rüfət Əzizov tərəfindən iddiaçıya qarşı hər hansı birbaşa və ya dolayı seksual xarakterli hərəkət, təklif və ya təzyiq faktı sübut edilməmişdir. Mesajların məzmununda yalnız ümumi komplimentlər ("bu gün gözəlsən", "gözəl daban" ifadələri) yer almışdır ki, bu da seksual qısnama anlayışına uyğun gəlmir. Bu ifadələr qeyri-formal ünsiyyət xarakteri daşıyır və iş mühitində seksual qısnama kimi qiymətləndirilə bilməz. Qanun tələbinə əsasən, seksual qısnama anlayışının əsas komponentlərindən biri fiziki hərəkətlərin mövcud olmasıdır. Bu, toxunma, əllə vurma, fiziki təzyiq və ya başqa cinsə qarşı seksual xarakterli hərəkətləri əhatə edir. İş materiallarında və iddiaçının təqdim etdiyi dəlillərdə cavabdeh tərəfindən belə hərəkətlərin baş vermədiyi tamamilə aydındır. Fiziki hərəkətlərin olmaması artıq məsələnin seksual qısnama kateqoriyasına daxil edilməməsi üçün əsasdır. Seksual qısnamada ədəbsiz və ya təhqiramiz ifadələrin işlədilməsi tələb olunur. Lakin cavabdeh tərəfindən yazılmış mesajların məzmunu nə ədəbsizdir, nə də alçaldıcıdır. İşdə təqdim edilmiş sübutlarda belə ifadələrin olmaması məsələnin seksual qısnama ilə bağlı olmadığını göstərir. 6. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər Sıra № Maddi hüquq norması Maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) 1 Gender (kişi və Azərbaycan Respublikasının qanunvericiliyində seksual qısnama anlayışı əmək və ya xidmət Cavabdeh tərəfindən işlədilmiş ifadələr qeyri-formal və dostyana xarakter daşıyır. Bu ifadələrin təhqir və ya seksual qısnama kimi qiymətləndirilməsi obyektiv deyil, yalnız iddiaçının subyektiv fikirləridir. Seksual qısnama faktının müəyyən edilməsi üçün şəxsin digər tərəfə qarşı açıq və ya dolayı şəkildə seksual xarakterli ləkələyici təkliflər və ya dəvətlər irəli sürməsi tələb olunur. İş materiallarında cavabdeh tərəfindən iddiaçıya qarşı belə təkliflərin irəli sürülmədiyi aydın şəkildə görünür. İddiaçının təqdim etdiyi mesajlar arasında ləkələyici və ya seksual xarakterli hər hansı təklif və ya davranış sübut edilmir. İddiaçının müraciəti əsasında MMC-ni təsis edən xarici şirkət tərəfindən aparılmış daxili korporativ araşdırma nəticəsində, təqdim olunan materialların təhlili və tərəflərdən alınan izahatlar əsasında seksual qısnama faktının təsdiq edilmədiyi müəyyən edilmişdir. Araşdırmada yalnız iş mühitində etik davranış qaydalarının pozulması ehtimalı ilə bağlı müəyyən qənaətə gəlinmişdir. Bununla yanaşı, qeyd olunmalıdır ki, bu nəticələr hüquqi baxımdan bağlayıcı xarakter daşımır, çünki şirkət tərəfindən bu qənaətlərin təsdiqlənməsi ilə bağlı hər hansı rəsmi inzibati əmrin və ya hüquqi sənədin qəbul edilmədiyi açıqdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
7. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim edilərək şikayətin təmin olunmaması xahiş edilmişdir. c) Proses iştirakçılarının izahatı
8. Apellyasiya baxışı zamanı iştirak edən cavabdehin nümayəndə-vəkili Vəkil onun tərəfindən verilən apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, səs yazılarında iddiaçı özünə məxsus olan hissələri kəsmişdir.
9. Apellyasiya baxışı zamanı iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir
10. Apellyasiya baxışı zamanı iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
11. Apellyasiya baxışı zamanı iştirak edən üçüncü şəxs X5 cavabdehin verdiyi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, heç bir seksual qısnama faktı olmayıb, işdə ünsiyyətləri olub. Məhkəmə qətnaməsində şirkətin qərarına istinad etməsi barədə onu deyə bilər ki, heç bir rəsmi qərar olmayıb. O, iş materiallarına əlavə edilmiş yazıda çox hissəsi kontekstdən çıxarılıb və bütün bunlar onun razılıq olmadan aparılıb. Ona deyiblər ki, kameralar quraşdırmaq lazımdır, razılaşmışdır. Ona müvəqqəti tədbir olaraq ünsiyyəti Teams və Outlook vasitəsilə quracaqları barədə məlumat verilmişdir. O heç bir rəsmi qərar almamışrdır və əlavə edilən sənədlərin hamısı onun şirkət nümayəndəsi ilə yazışması olub. Bu məlumat ondan gizlədilmişdir, onlarla məhkəmədə tanış olub. İddiaçı həmişə emosianal olmuşdur. Bəzən gəlib onun otağında ağlamış, nə baş verdiyni soruşduqda heç nə olmadığını, onda bəzən belə şeylərin olduğunu bildirmişdir. O həmçinin tabeliyində olanlarla və auditorlarla davamlı problemlər yaşamışdır. İddiaçı öz istəyi ilə işdən çıxmışdır. İşdə bir-neçə ailəlikcə səfərlər olub və bu səfərləri təşkil edən rəhbərlik idi. Bayramlara da hədiyyələr verilən vaxt işçilərdən pul yığımışlar və o, müdir kimi biraz çox pul vermişdir. Oğlunun ayaqlarında ciddi problemlər var və o, əməliyyat olunacaqdı, amma əməliyyat İsraildəki müharibə ilə əlaqədar təxirə salınmalı oldu. Leylanın bundan xəbəri olub və soruşub, həmçinin onun da ayaqlarında problem olduğunu, bir-birinə yapışmaması üçün barmaqlarının arasına pambıq qoymalı olduğunu deyib. Oğlunun bununla bağlı kompleksi var, ona görə də ona ayaq haqqında yazmışdır. Sülənir sözünə qaldıqda, bu məsələ artıq müzakirə edilib və ona rus dilində “маяться” sözünü nəzərdə tuttduğunu izah etmişdir. Əri hər gün saat 5-də işə gəlmiş və bəzən siqaret fasiləsinə çıxan işçilərdən xanımı daha tez buraxmaq mümkündürmü deyə soruşmalarını xahiş etmişdir. Bir-iki dəfə Leylaya demişdir ki, əri gözləmək istəyirsə, yuxarı qalxıb otursun. O, rusca onun heç bir işi olmadan «маяться» nəzərdə tutmuşdur. “Sənə pərəstiş edirəm” sözünü isə sırf motivasiya olaraq demişdir. O vaxt iki qadın işçi var idi. O ancaq Leyla ilə birbaşa əlaqədə olub. Bir kişiyə “Yaraşıqlı adam, yaxşı iş görmüsən” deyilsə, bu, tərifdir. Qıza “gözəl, komissiyasız bank köçürməsi etdin” deyilsə, nəyə görə tərif hesab edilməsin ki? Bir dəfə şəxsi məsələləri müzakirə etməməyi söylədi. Şəxsi suallar ərinin və anasının sağlamlığının müzakirəsi demək idi. Boşalma məsələsinə gəldikdə. Biznes mərkəzinin administratoruna zəng etmişdir, köməkçisi cavab vermiş və onun məşğul olduğunu bildirmişdir. O xahiş etmişdir ki, boş olan kimi zəng etsin. O isə azad olanda sözünü boşalanda kimi tərcümə etmişdir. Fikrində boşalmaq sözünün mənası qarın boşalmaqdır, bu mənada tez-tez istifadə edir.
12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir və kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
13. Maddə 12, “g” bəndi. Cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir.
14. Maddə 195, “g” bəndi. Əmək münasibətləri prosesində işçi seksual qısnamaya məruz qaldıqda işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır.
15. Maddə 290.3. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.
“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu
16. Maddə 2.0.5. Seksual qısnama - əmək və ya xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə (toxunma, əllə vurma), ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranış.
17. Maddə 4. Seksual qısnama qadağandır.
18. Maddə 7.2.5. Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək İşəgötürənin vəzifəsidir.
19. Maddə 11. Seksual qısnamaya görə işəgötürəndən və ya rəhbərindən şikayət etmiş işçilər işəgötürən və ya rəhbər tərəfindən hər hansı təzyiq və təqibə məruz qala bilməzlər.
20. Maddə 17.2. Seksual qısnamaya məruz qalmış işçilərə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən zərər ödənilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsinə münasibətdə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
30. Belə ki, iş materiallarındakı yazışmalara əsasən X7 Leylaya xx.xx.2023-cü il tarixdə “Hər zaman gözəlsən, hətta xəstə olanda belə”; xx.xx.2023-cü il tarixdə “Bəs sənə komplimentlər deyə bilərəm? Bəzən, həqiqətən də, demək istəyirəm ki, əla görünürsən”; xx.xx.2023-cü il tarixdə “Və yeri gəlmişkən, heç vaxt fikir verməmişdim, çox zərif və gözəl dabanın var. Mən heç bir qüsur görmürəm. Səni sadəcə bu mesaj şoka saldı və o birini yaddan çıxardın”; xx.xx.2023-cü il tarixdə “Bilirsən ki, səni nə qədər sevirəm?!” məzmununda mesajlar yazmışdır (mesajlar rus dilində yazılmış, tərcümələri iş materiallarına əlavə edilmişdir).
31. Göründüyü kimi ddiaçı ilə iş üzrə üçüncü şəxs Əzizov Rüfət arasında olan yuxarıdakı yazışmaların məzmunu əmək münasibətləri çərçivəsindən uzaq olmaqla iddiaçının şəxsi həyatı və xarici görünüşü, o cümlədən onun narahatlığına səbəb ola biləcək ifadələrdən ibarət olmuş, bu barədə iddiaçı tərəfindən bir neçə dəfə xəbərdarlıq məzmunlu iradlar da bildirilmişdir.
32. Qeyd edilməlidir ki, nə birinci instansiya məhkəməsində, nə də apelyasiya baxışı zamanı R.Əsgərov bu cür mesajları yazmasını danmamış, sadəcə həmin mesajların seksual qısnamaya hesab edilməsini düzgün qəbul etməmiş və iddiaçının bu “komplimentlərə” müsbət yanaşdığını, motivasiya və mükafatlandırma kimi deyidiyini bildirmişdir. Həmçinin o, tərəfindən iddiaçıya deyilmiş “boşalma” ifadəsi ilə bağlı boşalmanın iki mənasının olması və rusdilli olduğundan bunu başqa mənada dediyini bildirmişdir.
33. Həmin yazışmalardakı ifadələrin seksual qısnamanın təsirinə düşübdüşməməsinə dair kollegiya aşağıdakıları qeyd edir.
34. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Sisteminin Baş İcraçı Direktorlar Şurasının təsdiq etdiyi BMT-nin Cinsi Təcavüzə qarşı Model Siyasətinə əsasən cinsi təcavüz istənilməyən və cinsi təbiətli olan, iş yerində və ya işlə əlaqədar olaraq, təhqir və ya aşağılanma yaratması ehtimal olunan hər hansı bir davranışdır. Bu cür davranış işə təsir edirsə, işə qəbul şərti olaraq qoyulursa və ya qorxuducu, düşmən mövqeyi və ya təhqiredici bir iş mühiti yaradırsa, cinsi təcavüz olaraq qiymətləndirilə bilər. Cinsi təcavüz iş yerində və ya işlə bağlı hər hansı bir yerdə baş verə bilər. Adətən bir neçə davranış nümunəsi şəklində ortaya çıxsa da, cinsi təcavüz tək bir hadisə ilə də baş verə bilər. Gözləmələrin və ya təsəvvürlərin uyğunluğunu qiymətləndirərkən, bu davranışın hədəfi olan şəxsin baxışı nəzərə alınmalıdır.
35. Həmin qaydalara əsasən cinsi təcavüz və seksual qısnama özünü aşağıdakı aşağıdakı formaların birində göstərə bilər: - Hər hansı bir formatda cinsi təklif xarakterli ünsiyyətlər göndərmək, - Cinsi və ya əxlaqsız anekdotlar və zarafatlar paylaşmaq, - Yerləşdirilməyən cinsi jestlər etmək, məsələn, pelvis hərəkətləri etmək. - İstənilməyən toxunmalar, məsələn, dişləmə, vurma, ovuşdurma və ya başqa bir şəxsə bilərəkdən yaxınlaşmaq, - Cinsi təkliflə baxışlar atmaq, - Birini davamlı olaraq görüşə dəvət etmək və ya cinsi əlaqə istəmək, - Birinin cinsəlliyini qiymətləndirmək, - Görünüş, geyim və ya bədən hissələri haqqında cinsi şərhlər etmək, - Cinsiyyətə və ya cinsi orientasiyaya aid qeyri-şəxsi adlar və ya təhqiramiz ifadələr istifadə etmək, - Birinin cinsi orientasiyası və ya cinsiyyət kimliyi haqqında aşağılayıcı və ya alçaldıcı şərhlər etmək.
36. Bu cür davranışlar şəxsin hörmətini poza, onun təhlükəsizliyini və rifahını təhdid edə, həmçinin iş mühitində narahatlıq yarada bilər və bu nəticədə işçinin seksual qısnaması ilə onun istər şəxsi toxunulmazlıq, istərsə də təhlükəsiz şəraitdə işləmək hüquqlarının pozulmasına gətirib çıxara bilər.
37. Hazırki işin hallarından da göründüyü kimi R.Əzizovun iddiaçıya xx.xx.2023-cü il tarixdə “Hər zaman gözəlsən, hətta xəstə olanda belə”; xx.xx.2023-cü il tarixdə “Bəs sənə komplimentlər deyə bilərəm? Bəzən, həqiqətən də, demək istəyirəm ki, əla görünürsən”; xx.xx.2023-cü il tarixdə “Və yeri gəlmişkən, heç vaxt fikir verməmişdim, çox zərif və gözəl dabanın var. Mən heç bir qüsur görmürəm. Səni sadəcə bu mesaj şoka saldı və o birini yaddan çıxardın” kimi yazdığı mesajlar (xüsusilə də iddiaçının dabanı ilə bağlı) yuxarıda qeyd edilən qaydaların dairəsinə düşməklə onun görünüşü və bədən üzvləri barəsində bu cür ifadələrin yazılması iddiaçının haqlı olaraq narahatlığına səbəb ola bilərdi.
38. Doğrudur, kolleqalar arasında sadəcə işlə bağlı ünsiyyətin aparılmalı olması ağlabatan olmamaqla əmək qanunvericiliyinin tələbi də bununla bağlı deyil, lakin bu hal işçiyə qarşı seksual xarakterli hərəkətlər etməyə və qısnamaya qarşı tolerant yanaşmağa əsas verməməlidir.
39. Təsadüfi deyil ki, iddiaçı özü də bu barədə narahatlığını istər həmin şəxsin özünə, istərsə də rəhbərlik səviyəsinə çatdırmışdır. Belə ki, Rüfət Əzizov tərəfindən ona yazılmış intim məzmunlu mesajlarla bağlı İddiaçı xx.xx.2023-cü il tarixdə Tatyana Shemetova adlı, xx.xx.2023-cü il tarixdə Maksim Karamyshev, Dmitri Shteinberg adlı şəxslərə və bir sıra digər şəxslərə elektron poçt vasitəsilə müraciət edərək, tədbir görülməsini xahiş etmişdir (elektron məktubun rus dilindən tərcüməsi iş materiallarına əlavə edilmişdir).
40. Dmitri Shteinberg adlı şəxs tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron məktubun tərcüməsindən görünür ki, həmkarı tərəfindən korporativ etikanınsistematik pozulması nəticəsində yaranan emosional vəziyyətə baxmayaraq, iş öhdəliklərini yerinə yetirməyə davam etdiyi, bu vəziyyətdə etdiyi müraciət və göstərdiyi səbrə görə ona təşəkkür edilmiş, müraciəti diqqətlə, messencerlərdən təqdim olunan yazışmalar kollektiv şəkildə araşdırılmışdır. Onunla Rüfət arasındakı vəziyyətin mürəkkəb olduğunu başa düşdüyünü, bunu nəzərə aldıqlarını, bu səpkidə ünsiyyətin etika hüdudlarından kənara çıxdığını, bunu qətiyyən qəbul etmədiklərini, korporativ etikanın və işçilərin rahatlığının prioritetləri olduğunu xüsusilə vurğulamış, həmin gün Rüfətlə izahlı bir söhbət aparıldığını, onun davranışının yersiz olduğunu və bir daha təkrarlanmayacağını başa düşdüyünü və peşman olduğunu bildirdiyini, Ə.Leylanın və Ə.Rüfətin təqdim etdikləri işçilər arasında işgüzar ünsiyyətdən kənara çıxan və qəbuledilməz olan yazışmaları araşdırdıqlarını, mövcud vəziyyəti nəzərə alaraq, aşağıdakı addımları atdıqlarını bildirmişdir: “1. Rüfətə korporativ etikanın pozulması və həmkarlarla hörmətli ünsiyyət qurmağın zəruriliyi barədə rəsmi olaraq xəbərdarlıq ediləcək (Maxim, xahiş edirəm, HR ilə müzakirə edilsin). Bu cür vəziyyətlərin təkrarlanacağı təqdirdə, işdən çıxarılmaya qədər olan nəticələr ona aydın şəkildə təqdim edilmişdir. 2. İşçilərin təhlükəsizliyinin və rahatlığının təmin edilməsi məqsədilə onlar ofisin açıq sahələrində və mühasibat kabinetində videokameraların quraşdırılmasına qərar vermişdir. Bu, peşəkar iş mühitinin qorunmasına kömək edən əlavə bir nəzarət vasitəsidir (Sərəncam artıq tərtib edilmiş, növbəti həftənin sonuna qədər icar ediləcəkdir). 3. Leylanın rahatlığı və təhlükəsizliyi üçün onunla Rüfət arasındakı əlaqə ünsiyyətinə nəzarət etmək üçün Andrey Melnikov nəzarət xidməti tərəfindən telefon danışıqları qeydləri ilə poçt və “Teams” vasitəsilə aparılacaqdır.
4. Leyla, şirkətin inkişafına, mühasibat uçotunda nizam və şəffaflığın qurulmasına verdiyiniz töhfəni qiymətləndiririk! Emosional vəziyyətin iş axınına təsir göstərə biləcəyini başa düşürük və dəyərli bir işçi olduğunuz üçün, özünüzü rahat hiss etməyiniz və vəzifələrini uğurla yerinə yetirməyiniz üçün Sizə dəstək olmağa hazırıq. Tatyana Shemetova ilə tələb olunan məzuniyyəti razılaşdırmanızı, bir də hazırda departamentinizin böyük bir iş yükü olduğu üçün sabit işə təsir etməməsi məqsədilə maliyyə əməliyyatlarının aparılması üçün əlaqədə qalmanızı xahiş edirəm (bugünki telefon danışığında müzakirə etdik). 5. Müraciətinizə uyğun olaraq, Maxim Karamyshev, Sizdən Rüfətə müqavilə müddəti bitənə qədər sınaq müddəti ilə xəbərdarlıq etmənizi xahiş edirəm”. Gördükləri tədbirlərin Ə.Leyla və bütün işçilər üçün təhlükəsiz və peşəkar bir iş şəraitinin yaradılmasına kömək edəcəyinə və bu hadisənin tamamilə həll ediləcəyinə ümid etdiyini əlavə etmişdir.
41. Veronika Koroleva adlı şəxs tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron məktubun tərcüməsindən görünür ki, Dmitrinin məktubunda qeyd olunanların davamı olaraq həmin gün şirkət rəhbərləri adından (Maksim və Dmitrinin iştirakı ilə) Rüfətlə korporativ etika normalarının pozulması və bu cür halların qəti şəkildə qarşısının alınması barədə rəsmi əlaqə qurulmuş, həmçinin, işgüzar münasibətlərin icazə verilən sərhədləri pozulduğu təqdirdə, işdən çıxarılmaya qədər olan nəticələrlə bağlı. Eyni zamanda, həmkarlar digər şərtlər üzrə işlərini davam etdirirlər. Sonda İddiaçı şirkət tərəfindən görülən və onunla əvvəlcədən müzakirə olunan tədbirlərin şirkət rəhbərlərinin gələcək qarşılıqlı fəaliyyətə nəzarət edəcəyi şərtilə vəziyyətin nizamlanması üçün kifayət olduğunu təsdiqləməsini xahiş etmişdir.
42. xx.xx.2023-cü il tarixdə İddiaçı Boris Prischepa adlı şəxsə (Elektron ünvan ) rəhbərlik – Rüfət Əzizov tərəfindən təqib-təcavüzə məruz qalması ilə bağlı elektron qaydada müraciət edərək, tədbir görülməsini xahiş etmişdir (elektron məktubun rus dilindən tərcüməsi iş materiallarına əlavə edilmişdir). 17. Boris Prischepa adlı şəxs (Elektron ünvan ) tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron məktubun tərcüməsindən görünür ki, “X10” İnsidentlər haqqında məlumatlandırma siyasətinin müddəalarına, xüsusilə də 7-ci bölməsinə uyğun olaraq, müraciəti ilə bağlı istintaq başa çatdırılıb və şirkət tərəfindən Azərbaycandakı ofisdə iş mühitinin bərpası üçün lazımi tədbirlər görülmüşdür. İstintaqın nəticələrinə görə, ayrı-seçkliyin və təcavüzün olmaması ilə bağlı siyasətin müddəalarına uyğun olmayan davranış faktı müəyyən edilmişdir. İstintaq başa çatdıqdan sonra uyğun olmayan davranışa yol verən şəxsə qarşı yerli qaydalara uyğun olaraq xəbərdarlıq göndərilməsi barədə qərar qəbul edilmişdir. Bundan əlavə, bu kimi hadisələrin təkrarlanmaması üçün əlavə tədbirlər görülmüşdür, məsələn: 1. uyğun olmayan davranışa yol verən şəxsə münasibətdə əlavə fərdi təlim; 2. Birmənalı olmayan cümlə və ifadələrin, habelə ikimənalı şərhə malik ola biləcək hər hansı digər hərəkətlərinistifadəsinə qadağa və s. İstintaqın nəticələri və görülən tədbirlər şəxsi və fərdi xarakter daşıyır, buna görə də məxfi məlumatlardır. Həmçinin, “Noventik Yolu” Etik Kodeksinin və ya şirkətlər qrupunun digər Siyasətlərinin mümkün pozuntularının şahidi olsa, hadisələr barədə məlumatlandırma Siyasəti çərçivəsində yenidən müraciət etmək hüququnun olması bildirilmişdir.
43. Qeyd edilənlər və bunun kimi bir sıra müraciətlər, o cümlədən aparılmış yazışmalar ilə iddiaçının ona göstərilən necə narahatlıq yaşadığı öz təsdiqini bir daha tapmışdır.
44. Birləşmiş Millətlər Təşkilatının Sisteminin Baş İcraçı Direktorlar Şurasının təsdiq etdiyi BMT-nin Cinsi Təcavüzə qarşı Model Siyasətində bu məsələ ilə bağlı həmçinin işəgötürənin görməli olduğu tədbirlərə dair qeyd edilmişdir ki, yüksək rəhbərlər və yüksək menecerlər, işçi heyəti olaraq olan öhdəliklərinə əlavə olaraq: a. Cinsi təcavüzün qarşısının alınması və bu məsələyə cavab verilməsi üzrə öz bağlılıqlarını nümayiş etdirməli, bu mövzuda özlərini maarifləndirməli, şəxsi davranışlarında yüksək bir standart saxlamağa çalışmalı və mövqelərinin gücünü nəzərə alaraq bütün iş yoldaşlarına hörmət və nəzakətlə yanaşmalıdırlar; b. Şikayətlərə dərhal cavab verməli, onları ciddi qəbul etməli və təsirlənmiş şəxsə qarşı məsul olduqları lazımi tədbirləri (məsələn, dəstək, müvəqqəti tədbirlər və s.) həyata keçirməlidirlər; c. Öz komandalarında açıq dialoqları dəstəkləməli, harmoniya içində bir iş mühiti yaratmaq üçün tədbirlər görməli və bu siyasətə zidd ola biləcək qeyri-əxlaqi davranış və hərəkətlər barədə məlumatlı olmalıdırlar; d. Öz iş bölmələrində bu siyasətə zidd ola biləcək davranışları izləməli və harmoniya içində bir iş mühiti təşviq etməyə çalışmalıdırlar; e. Cinsi təcavüz siyasətləri və prosedurlarını hər il işçi yığıncağında komanda və ya iş qrupu ilə müzakirə etməli və cinsi təcavüz siyasətlərinin pozulması halında tətbiq olunacaq nəticələr barədə nəşr olunan məlumatları diqqətə çatdırmalıdırlar; f. İşçilərin qeyri-əxlaqi davranışlar haqqında narahatlıqlarını sərbəst şəkildə ifadə etmələri üçün bir atmosfer yaratmağa çalışmalı və onlara cəza qorxusu olmadan qeyrirəsmi və rəsmi mexanizmlərdən, xidmətlərdən və bütün hüquqi yollarından istifadə etmələri üçün təşviq etməlidirlər.
45. Göründüyü kimi keçmiş işəgötürən kimi cavabdehin işçilərin bu cür rəftara məruz qalmaması ilə bağlı xüsusi tənzimləmə tələb edən öhdəlikləri mövcuddur və bu öhdəliklər yerli əmək qanunvericiliyində də öz əksini tapmışdır.
46. Buna görə də iddiaçının hazırda məruz qaldığı rəftara və seksual qısnamaya görə keçmiş işəgötürəndən ona dəymiş mənəvi zərərə görə pul tələb etmək hüququ vardır.
47. Əmək Məcəlləsinin 290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.
48. Cavabdeh tərəfin iddiaçının təqdim etdiyi yazışmaların və videoyazıların sübut kimi qəbul edilməsinin yolverilməzliyinə dair dəlillərinə münasibətdə isə kollegiya bildirir ki, həmin sübutlar cavabdehlə bərabər iddiaçının da iştirak etdiyi və birbaşa tərəf olduğu hadisələr zamanı qeydə alınmış, həmin yazışma və videogörüntülərdə iddiaçının özünün də şəxsi məlumatları əks olunmuş və məhz hazırki iddianın mahiyyəti baxımından həmin materiallar ən ilkin və əsas sübut qismində çıxış etmişdir. Çünki tələb birbaşa olaraq həmin yazışmalarda və videogörüntü zamanı baş verən hadisələrdə iddiaçıya qarşı göstərilən münasibətə əsasən ona dəymiş zərərin təsdiqi ilə bağlıdır.
49. Mülki prosessual məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
50. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şəxsin iştirak etdiyi söhbəti mübahisə halında sübuta yetirə bilməsi üçün saxlaması və bu yazıdan məqsədi xaricində deyil, məqsədinə uyğun bir şəkildə istifadə etməsi (məsələn, qarşı tərəf sonradan təkzib etməsin deyə yazını məhkəməyə təqdim etməsi), sözügedən qeydlərin və yazışmaların qanunsuz sübut sayılmasını istisna edir.
51. Beləliklə, qeyd olunanlar konteksində kollegiya şikayəti araşdıraraq belə nəticəyə gəlir ki, apelyasiya şikayətində göstərilən hallar qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvinə əsas vermir və buna görə də şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
52. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
53. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
54. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
55. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
56. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
57. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 4448/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özlərinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev