Məhkəmə qərarları › İş №2(103)-1693/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1693/2022

26.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1693/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4293/2017 saylı, 21 dekabr 2021ci il tarixli qərardadından Cavabdeh Oqtay oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçılar Bağırova X4 və İddiaçı1 Cavabdeh Oqtay oğluna, üçüncü şəxslər 19 saylı Notariat Kontoruna, 12 saylı Notariat Kontoruna və AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın reyestr xidmətində aparılmaış reyest qeydiyyatının, bağışlama müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07.04.2017-ci il tarixli, 2(004)-4293/2017 saylı qərardadı ilə müvəqqəti təminat tədbirinin görülməsi barədə iddiaçıların ərizəsi təmin edilərək, Cavabdeh Oqtay oğlunun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 39 saylı fərdi yaşayış evinin üzrərinə həbs qoyulması qərara alınmışdır. Prosesin gedişatında müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdehlər Bağırova X3, İddiaçı1 və Cavabdeh Oqtay oğluna qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4293/2017 saylı, 23 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbləri rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.01.2021-ci il tarixli, 2(103)- 191/2021 saylı qətnaməsi ilə iddiaçılar Bağırova X4 və İddiaçı1 birgə, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 tərəfindən ayrı verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.06.2017-ci il tarixli, 2(004)-4293/2017 saylı qətnaməsi ləğv edilmiş, hər iki iddia qismən təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-669/2021 saylı, 16.09.2021-ci il tarixli qərarı ilə Cavabdeh Oqtay oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamışdır. İddiaçı Bağırova X4 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 39 saylı fərdi yaşayış evinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qərardadı ilə (hakim A.Məmmədov, iş N 2(004)-4293/2017) müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə iddiaçı Bağırova X2 ərizəsi təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07.04.2017-ci il tarixli, 2(004)-4293/2017 saylı qərardadı ləğv edilmiş və Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 39 saylı fərdi yaşayış evinin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Hazırda Cavabdeh Oqtay oğlu şikayət ərizəsi ilə məhkəmə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21.12.2021-ci il tarixli, 2(004)- 4293/2017 saylı qərardadının ləğv olunmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəyə minmiş olsa da, hazırda Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(1021-669/2021 saylı, 16.09.2021-ci il tarixli qərarından konstitusiya şikayəti tərtib edilir və tezliklə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndəriləcəkdir. Bu səbəbdən də işə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində baxılıb qərar qəbul edilənədək mübahisə predmeti olan Bakı şəhəri. Yasamal rayonu, Şərifzadə küçəsi 39 saylı fərdi yaşayış evinin üzərinə qoyulmuş həbsin saxlanılmasına zərurət vardır Yasamal Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 21 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi ərizəni təmin etməkdə haqlı olmuşdur. Şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Göründüyü kimi, hazırki iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini almışdır, bu səbəbdən də əmlakın üzərində həbs qalması zərurəti aradan qalxmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq şikayətin əsassız olduğu qənaətinə gəlir və hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh Oqtay oğlunun şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 21 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar