Məhkəmə qərarları › İş №2(103)-1694/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1694/2021

15.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1694/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı ASC-nin vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X1, Üçüncü şəxs qismində Azərbaycan Respublikası Energetika Nazirliyininin nümayəndəsi X2 iştirakları ilə İddiaçı ASC-nin üçüncü şəxs qismində Azərbaycan Respublikası Energetika Nazirliyini qeyd etməklə, Cavabdeh MMC-yə qarşı «qanunsuz qurğunun sökülməsi» tələbinə dair iddiası üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-567/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC üçüncü şəxs qismində Azərbaycan Respublikası Energetika Nazirliyini qeyd etməklə, Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin qanuni icarəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Səngərqaya1 adlanan yatağın cənub-qərb hissəsi ünvanında yerləşən 246147,5 kv.m. torpaq sahəsinin ərazisində quraşdırılmış 2 ədəd hava elektrik xətti keçən dayaqların sökülməsi vəzifəsinin cavabdeh "Cavabdeh" MMC-nin üzərinə qoyulması və cavabdeh "Cavabdeh" MMC-dən 160 (yüz altmış) manat vəkil xərcinin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 112 saylı, xx xxxxx 2013-cü il tarixli "İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hazırda Açıq Səhmdar Cəmiyyəti) yeni avtomobil yolunun tikintisinin layihələndirilməsinə icazə verilməsi" haqqında Sərəncamının 1-ci bəndinə əsasən, Qaradağ rayonu, Səngərqaya-1 adlanan yüksəkliyin cənub-qərb hissəsində yerləşən "Qızıldaş" sement zavodunun xammal ilə təmin edilməsi məqsədilə həmin zavoddan Səngərqaya-1 adlanan yüksəkliyin ətrafında yerləşən xammal yataqlarına qədər yeni avtomobil yolunun tikintisinin layihələndirilməsi üçün icazə verilmişdir. Sözügedən sərəncama uyğun olaraq "İddiaçı" MMC tərəfindən sözügedən avtomobil yolunun layihəsi hazırlanmışdır. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ("İcarəyəverən") və "İddiaçı" MMC (hazırda ASC) ("İcarəçi") arasında "Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında" 139/3020 saylı, xx xxxxxx 2017-ci il tarixli müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən, "İcarəyəverən"in icarəyə verdiyi Bakı şəhəri, Qaradağ rayonu, Səngərqaya-1 adlanan yatağın cənub-qərb hissəsi ünvanında yerləşən 246147,5 kv.m. torpaq sahəsi "İcarəçi" tərəfindən müvəqqəti istifadəyə qəbul edilir. Həmin müqavilənin 1.2-ci maddəsinə yolunun tikintisi üçün verilir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən, torpaq sahəsinin illik icarə haqqı 98,459.01 manat təşkil edir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən sözügedən torpaq sahəsi iddiaçının istifadəsinə xx.xx.2032-ci il tarixə qədər verilir. Bundan sonra "İddiaçı" ASC həmin torpaq sahəsində avtomobil yolunu salmışdır. Lakin "İddiaçı" MMC-nin qanuni istifadəsində olan torpaq sahəsində salınmış avtomobil yolunun "İddiaçı" Sement zavoduna gedən hissəsində-yolun girişində sağ tərəfdə 2 ədəd hava elektrik veriliş xətti çəkilmiş dayaqlar quraşdırılmışdır. Bu dayaqlar qanunsuz qaydada, o cümlədən, iddiaçı ilə razılaşdırılmadan quraşdırıldığından, yoldan istifadə edən nəqliyyat vasitəsilərinə maneəçilik törətdiklərindən, həmçinin yüksək cərəyanlı elektrik xəttinin qanunsuz quraşdırılması təhlükəli olduğundan iddiaçı müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinə müraciət etmişdir. Nazirliyin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialı iddiaçıya xx xxxxxx 2019-cu il tarixli cavab məktubu göndərmişdir. Həmin məktubda məsələ ilə bağlı araşdırma aparıldığı və araşdırma nəticəsində "İddiaçı" sement zavoduna gedən əsas yolun girişində sağ tərəfdə Quşçuluq fermasına məxsus 6/0,4 kV-luq, 400 kVA gücündə mövcud KTM-dən "Cavabdeh" MMC-yə məxsus üzvlük daş sexinə 0,4 kV-luq bir dövrəli hava elektrik xətti çəkilməsi qeyd edilmişdir. Hava elektrik veriliş xəttinin 4-cü və 5-ci dayaqları "İddiaçı" sement zavoduna gedən əsas yola tərəf 2-3 m-ə qədər yeri dəyişdirilmişdir. Həmçinin məktubda bildirilmişdir ki, mövcud 0,4 kV-luq bir dövrəli hava elektrik veriliş xətti sahibkarlıq subyektinə məxsus olduğundan yaranmış mübahisəli məsələ ilə bağlı məhkəməyə müraciət edilməlidir. Beləliklə, müəyyən edilmişdir ki, "Cavabdeh" MMC-yə məxsus üzvlük daş sexinə 0,4 kV-luq bir dövrəli hava elektrik xətti çəkilmişdir ki, bu xəttin 4-cü və 5-ci dayaqları iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində qanunsuz qaydada quraşdırılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-567/2020 saylı, xx xxxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin qanuni icarəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Səngərqaya-1 adlanan yatağın cənub-qərb hissəsi ünvanında yerləşən 246147,5 kv.m. torpaq sahəsinin ərazisində quraşdırılmış 02 (iki) ədəd hava elektrik xətti keçən dayaqların sökülməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, 100 manat ekspertiza xərcinin cavabdehdən tutularaq müvafiq hesab üzrə Dövlət Büdcəsinə ödənilməsi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh "Cavabdeh" MMCyə aid edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının qeyd etdiyi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 112 saylı, xx xxxxx 2013-cti il tarixli "İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hazırda Açıq Səhmdar Cəmiyyəti) yeni avtomobil yolunun tikintisinin layihələndirilməsinə icazə verilməsi" haqqında Sərəncamının 1-ci bəndinə əsasən, Qaradağ rayonu, Səngərqaya-1 adlanan yüksəkliyin cənub-qərb hissəsində yerləşən "Qızıldaş" sement zavodunun xammal ilə təmin edilməsi məqsədilə həmin zavoddan Səngərqaya-1 adlanan yüksəkliyin ətrafında yerləşən xammal yataqlarına qədər yeni avtomobil yolunun tikintisinin layihələndirilməsi üçün icazə verilmişdir. Sözügedən sərəncama uyğun olaraq "İddiaçı" MMC tərəfindən sözügedən avtomobil yolunun layihəsi hazırlanmışdır. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ("İcarəyəverən") və "İddiaçı" MMC (hazırda ASC) ("İcarəçi") arasında "Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında" 139/3020 saylı, xx xxxxxx 2017-ci il tarixli müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən, "İcarəyəverən"in icarəyə verdiyi Bakı şəhəri, Qaradağ rayonu, Səngərqaya-1 adlanan yatağın cənub-qərb hissəsi ünvanında yerləşən 246147,5 kv.m. torpaq sahəsi "İcarəçi" tərəfindən müvəqqəti istifadəyə qəbul edilir. Qeyd edim ki, həmin torpaq sahəsi iddiaçıya yol çəkilməsi üçün müvəqqəti icarəyə verilmişdir və iddiaçının qeyd etdiyi 02 (iki) ədəd hava elektrik xətti keçən dayaqlar həmin yolun keçdiyi sahədən 6 metr məsafədədir, yolun sahəsi ilə mütənasib və yolun yaxın ərazisində olaraq heç bir maneəçilik yaratmır. İddiaçı icarəçidir və müvəqqəti yol çəkilişi ilə bağlı icarəyə götürdüyü torpaq sahəsi onun mülkiyyətində olmadığından həmin torpaq sahəsindəki 02 (iki) ədəd hava elektrik xətti keçən dayaqların sökülməsinin tələb edilməsi subyektiv hüquq kimi mülkiyyətçinin üzərinə düşdüyündən iddiaçının müvəqqəti icarəçi kimi bununla bağlı tələbi ola bilməz. Sözügedən 02 (iki) ədəd hava elektrik xətti keçən dayaqlar torpaq sahəsinin iddiaçıya icarə verilməmişdən öncə inşa edilmiş və dövlət orqanlarının razılığı əsasında yerləşdirilib. Şikayətə əlavə etdiyimiz şəkillərdən göründüyü kimi sözügedən 02 (iki) ədəd hava elektrik xətti keçən dayaqlar yol xəttini kəsmir və həmin yolda artıq təmir işləri bitmişdir. Sözügedən 02 (iki) ədəd hava elektrik xətti keçən dayaqlar yolun tikintisi vaxtı maneə yaratmadığı kimi həmçinin də yolun hal-hazırdaki vəzyətinə uyğun olaraq da maneə yaratmır. Sözügedən 02 (iki) ədəd hava elektrik xətti keçən dayaqların sökülməsi qanunvericiliyin tələblərinə riayət etməyərək, hüquqlarımızı məhdudlaşdıraraq mülkiyyət hüququmuzu pozur və Azərbaycan Respublikasının Qanunvericiliyinə xələl gətirir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, hazırki mübahisəyə ümumi məhkəmədə baxıla bilməz, aidiyyət qaydalarına uyğun olaraq işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq İddiaçıalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə qəbul edildiyi nəzərə alınmaqla Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-567/2020 saylı, xx xxxxxxx 2020-c il tarixli qətnaməsi ləğv edilərək, iş aidiyyatı üzrə müvafiq kommersiya məhkəməsinə göndərilməlidir. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən halına görə hər iki tərəf hüquqi şəxslərdir. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ...Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. ...Nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, “xxxx” ASC, “xxxx” ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır”. Kollegiya hesab edir ki, mübahisə iki hüquqi şəxs arasında yaranmaqla və iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gəlməklə kommersiya xarakterlidir; birinci instansiya məhkəməsi isə bunu nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraatına götürmüş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual İddiaçıalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarında tövsiyyə olunmuşdur ki, “...apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-567/2020 saylı, xx xxxxxxx 2020ci tarixli qətnaməsi ləğv edilsin və iş baxılması üçün aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar