Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1698/2022 31.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6306/2021 saylı, 05 noyabr 2021ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 QSC ilə bağlanılmış 17.05.2004-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6306/2021 saylı, 05 noyabr 2021ci il tarixli qərardadına əsasən, mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan şikayət verərək ləğv edilməsini və iddia ərizəsinə baxılıb təmin edilməsini xahiş etmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, rayon məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Əvvəlki məhkəmələrin qərarlarının hazırki iddia tələbi üzrə əlaqələndirilməsi əsaslı qanuni hesab edilə bilməz. Çünki, iddia ərizəsində göstərildiyi kimi iddiaçı banka mülkiyyətində olan evin sənədlərini təqdim edərkən bunu yalnız maliyyə vəziyyəti barədə məlumat almaq üçün tələb edildiyini güman etmişdir. Sonradan ona məlum olmuşdur ki, 17 may 2004-cü il tarixli 001L000008 saylı ipoteka müqaviləsinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə ona məxsus ünvan 1 ünvanında yerləşən 17 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmiş, əvvəlki məhkəmə icraatlarında bu məsələ qaldırılmamış və bu məsələyə hüquqi qiymət verilməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6306/2021 saylı, 17 dekabr 2021ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, Cavabdeh1 QSC-nin İddiaçı və qeyrilərinə qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilməklə, Sabunçu Rayon Məhkəməsinin 30.03.2018-ci il tarixli, 2(008)-166/2018 saylı qətnaməsi ilə borc məbləğinin cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetlərindən biri olan – iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən 16 saylı evin 17 saylı mənzilinə (ilkin satış qiyməti 105000 müəyyən edilməklə) yönəldilməsi, mənzilə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması və hərracın nəticələri üzrə alıcıya verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23.11.2018-ci il tarixli 2(103)-7282/2018 №-li qətnaməsi ilə həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməklə Sabunçu Rayon Məhkəməsinin sözügedən qətnaməsi ləvğ edilmiş, Cavabdeh1 QSC-nin iddia tələbi qismən təmin edilərək İddiaçı və X1 müştərək qaydada cəmi 144.244,17 ABŞ dolları pulun tutulması, tutmanın ilk növbədə İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 16 saylı evin 17 saylı mənzilinə yönəldilməsi, açıq hərracdan satılması, tutma mənzilə yönəldikdə ən geci 1 ay ərzində çıxarılması və s. qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti Ali Məhkəmənin Mülki Kollegiyasının 24.09.2019-cu il tarixli, 2(102)-5575/2019 saylı qərarı ilə təmin edilməmiş apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmışdır. Sözügedən məhkəmələrdə Cavabdeh1 QSC-nin kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi dair iddia tələbinin əsasları araşdıralarkən, məhkəmələr tərəfindən İddiaçı bankla bağladığı 17.05.2014-cü il tarixli ipoteka müqaviləsinin qanuna zidd, tərəflərin hüquqlarını pozmaqla, yaxud etibarsız hesab edilməsinə dəlalət edən əsalarla bağlanılması müəyyən edilməmiş və əksinə Ali Məhkəmənin qanuni qüvvəyə minmiş (hazırda da qüvvədə olan) qətnaməsi ilə tutmanın ilk növbədə İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 16 saylı evin 17 saylı mənzilinə yönəldilməsi, açıq hərracdan satılması və s. halları qət edərək Bakı Apellyasiya Məhkəməsinin 23.11.2018-ci il tarixli 2(103)-7282/2018 №-li qətnaməsini qüvvədə saxlamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, eyni tərəflər arasında, 17.05.2004-cü il tarixli kredit müqaviləsi məhkəmə qətnamələrinin mübahisə predmeti olmuş, hazırkı iddia tələbinin əsasları məhkəmələr tərəfindən araşdırılmış və ona hüquqi qiymət verilmişdir. Odur ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarında formalaşdırdığı hüquqi mövqeyə görə,...müraciətdə qaldırılan məsələlərdən biri də məhkəmə araşdırması zamanı əqdin etibarsızlığının məhkəmə tərəfindən müəyyən edilməsi hallarında məhkəmələrin bunu irəli sürülən tələbdən asılı olmayaraq öz xidməti vəzifəsinə görə nəzərə almalı olub-olmaması ilə bağlıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının hazırda ayrıca icraatda mübahisələndirdiyi ipoteka müqaviləsi ilə bağlı qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Başqa sözlə bu müqavilənin qanuniliyi yuxarıda qeyd olunan Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(103)-7282/2018 mülki iş üzrə yoxlanılmış və 23.11.2018-ci il tarixli qətnamə qəbul edilmişdir. Həmin işdə İddiaçı cavabdeh qismində tərəf olmuş və onunla bank arasında bağlanmış 17 may 2004-cü il tarixli ipoteka müqaviləsi məhkəmə tədqiqatının predmeti olmuşdur. Həmin işdə bu ipoteka müqaviləsinin qanuniliyini yoxlayaraq etibarlı əqd olduğu qənaətinə gəlmiş və hazırki iddiaçıdan və digər cavabdehdən borc müştərək qaydada tutulmuş və tutma ilk növbədə mübahisələndirilən ipoteka müqaviləsi ilə yüklü edilən mənzilə yönəldilmişdir. Düzdür, hazırki işdə iddiaçı göstərir ki, mübahisələndirdiyi həmin ipoteka müqaviləsini kredit müqaviləsi zənn edərək imzalayıb, bankın onun evinin sənədlərini hansı səbəbdən istədiyini notarius ona izah etməyib, izah etsə idi, ipoteka müqaviləsini imzalamazdı. Bu dəlillərin nə qədər açıq-aşkar əsassız və əhəmiyyətsiz olmasına baxmayaraq onların yoxlanılması, həqiqiliyinin müəyyən edilməsi yenidən ayrıca iddianın yaxud icraatın predmeti ola bilməz. Çünki, nəticəsi ziddiyyətli bir vəziyyət yarada bilər. Yəni, eyni məsələ ilə bağlı birbirini təkzib edən müxtəlif məhkəmə aktları ortaya çıxa bilər ki, bu da hüquqi müəyyənlik prinsipinə ziddir. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyun 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, ... məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır.... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6306/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6306/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1698/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1698/2022
31.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver