Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-170/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: neft kəmərinin mühafizə zonası, özbaşına tikili, lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəməri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin istismarındadır.
2. Bakı şəhəri, Nərimanov rayonu, PYUA 38/10 ünvanında Cavabdeh tərəfindən 6 metr uzunluğunda, 2 metr hündürlüyündə hasar inşa edilmişdir.
3. Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsinin əməkdaşlarının tərtib etdikləri xx.xx.2021-ci il tarixli aktda göstərilmişdir ki, Şirvan-Böyükşor Dş-500 mmlik yerüstü neft kəmərinin 126-cı km-də, 3-cü sırada, kəmərə perpendikulyar, kəmərdən təxminən 44 metr aralı məsafədə Cavabdeh aid olduğu iddia edilən, köhnədən inşa edilmiş, hasarlanmış və içərisində yaşayış olan evin həyətyanı sahəsində olan dəmir lövhələrdən ibarət çəpərin sökülərək 6 metr uzunluğunda, 2 metr hündürlüyündə hasar inşa olunması aşkar edilmiş, mühafizə zonasında aparılan tikinti işlərinin qanunazidd olduğu Cavabdeh izah olunaraq sökülməsi tələb edilmiş, lakin o, əməkdaşların qanuni tələblərinə məhəl qoymamışdır.
4. Cavabdeh ünvan 1 ünvanında pasport qeydiyyatındadır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Neft Kəmərləri İdarəsi (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 126-cı km-də, kəmərdən təxminən 44 metr aralı məsafədə və kəmərin mühafizə zonasında üçüncü sırada, Bakı şəhəri, Nərimanov rayonu, PYUA 38/10 ünvanında cavabdeh tərəfindən qanunsuz tikinti aparılması faktının aşkar olunduğunu, Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmaqla xx.xx.2003-cü il tarixdə Ədliyyə Nazırliyində qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən mühafizə zonasının boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsinin mühafizə zonası hesab edildiyini və İdarənin rəsmi razılığı olmadan mühafizə zonasında tikinti işlərinin aparılmasının qadağan olduğunu bildirmiş, buna görə də sözügedən ünvanda cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin onun hesabına sökülərək ərazidən çıxarılması, ərazidə tikinti-quraşdırma işlərinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İştirak etdiyi məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz etmiş, iddianın əsassız olduğunu bildirmişdir.
7. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza əsasında tədqiqat aparmış Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, PYUA-38/10 ünvanında yerləşən tikililər neft kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşmir.
8. Məhkəmənin 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.
9. Məhkəmə öz qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı, Bakı şəhəri, Nərimanov rayonu, PYUA-38/10 ünvanında yerləşən tikililərin neft kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşdiyini iddia etsə də, bu hal öz təsdiqini tapmamışdır.
10. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 180-ci, Mülki Prosesual Məcəllənin 14.2-ci, 77.1, 217.4-cü maddələrinə, Avropa Məhkəməsinin qərarlarına istinad etmişdir.
11. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayət verərək onun ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğu, sübutlara düzgün qiymət vermədiyi, ərazidə ümumiyyətlə ölçmə işləri aparmayan ekspertin səhv rəyinə istinad etdiyi arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
13. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Lətifə Kərimova apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, ekspert əraziyə baxış keçirərkən orada yaşayan insanlar ekspertə və İdarənin əməkdaşlarına hücum edərək onlara təzyiqlər göstərmiş, buna görə də ekspert, cavabdehin inşa etdiyi tikilinin neft kəmərinin mühafizə zonasında yerləşməsinə baxmayaraq onun guya müvafiq zonadan kənarda yerləşdiyinə dair rəy vermişdir.
14. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış cavabdeh məhkəməyə gəlmədiyindən işə onun iştirakı olmadan baxılmasına qərar verilmişdir.
15. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla təkrar mühəndis-texniki ekspertizası təyin olunmuş, əraziyə baxış keçirən ekspertin xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, PYUA- 38/10 ünvanında yerləşən tikililərlə neft kəməri arasındakı məsafə 59 metrdir və həmin tikililər neft kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşmir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
17. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
18. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
19. Maddə 139-1.1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.
20. Maddə 152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
21. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
22. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar.
23. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
24. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
25. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
26. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”
27. Bənd 4.1. İxrac neft boru kəmərlərinin (İNBK) istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: İNBK-nın marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır.
28. Bənd 6.1. Bina və qurğuların tikintisi, ağac və kolların əkilməsi, quru otların və küləşin tayalanması, at bağlanan yerlərin təşkil edilməsi, mal-qara saxlanması, balıq saxlamaq üçün sahələrin ayrılması, balıq ovu və eləcə də başqa su heyvanlarının və bitkilərinin yetişdirilib istehsalının həyata keçirilməsi, heyvanların suvarılma yerlərinin təşkil edilməsi, buzun parçalanması işlərinin həyata keçirilməsi, boru kəmərləri marşrutu üzərində keçidlərin tikilməsi, yolların salınması, avtomobil nəqliyyatı vasitələri, traktorlar və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi, meliorasiya məqsədləri üçün torpaq işlərinin həyata keçirilməsi, suvarma və qurutma sistemlərinin tikintisi, hər cür mədən, tikinti-quraşdırma, geoloji çəkiliş, axtarış, geodeziya və quyuların, şurfların qazılması, qrunt nümunələrinin (torpaq nümunələrindən başqa) götürülməsi ilə əlaqədar digər tədqiqat işlərinin həyata keçirilməsi "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan qadağandır
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
34. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
35. Maddə 387.2.2. İşə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.
36. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
38. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
40. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
41. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
42. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
43. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
44. İddiaçı iddia tələbini cavabdehin yerüstü qaz kəmərinin mühafizə zonasında özbaşına tikili inşa etməsi ilə əsaslandırmış, tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 180-ci maddəsinə istinad etmişdir.
45. İlkin və təkrar ekspertiza rəyləri əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, PYUA-38/10 ünvanında yerləşən tikililər neft kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşmir.
46. Nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
47. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
48. İşin hallarını nəzərə almaqla kollegiya hesab edir ki, iddiaçını hazırki apellyasiya baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki iddiaçı, sökülməsini tələb etdiyi tikililərin, onun istismarında olan neft kəmərinin mühafizə zonasında yerləşdiyini sübut edə bilməmişdir və buna görə də Mülki Məcəllənin 180.4-cü maddəsində nəzərdə tutulan “maraqlı tərəf” sayıla bilməz.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3775/2021 saylı iş üzrə 22 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsindən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə