Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1700/2025 20.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “müqavilə öhdəlikləri üzrə yaranmış borcun ödənilməsi” tələbinə mülki iş üzrə (Açar sözlər: müddətin ötürülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “müqavilə öhdəlikləri üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-2198/2024 saylı qətnaməsindən cavabdehin apellyasiya şikayəti ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Cavabdeh tərəfindən qəbul edilmiş istifadəçi razılaşmasına uyğun olaraq İddiaçı MMC tərəfindən göstərilmiş xidmət müqaviləsi üzrə yaranmış 373,63 manat və ödənilmiş dövlət rüsumuna uyğun olaraq 30 manat olmaqla, cəmi 403,53 manat məbləğinin cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2198/2024 saylı, xx.xx.2024-cü tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə yük daşıma xərci ilə əlaqədar 373,53 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 403,53 (dörd yüz üç manat, əlli üç qəpik) manat məbləğində pul tutulması qət edilmişdir.
3. Cavabdeh tərəfindən Cavabdeh tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-2198/2024 saylı qətnaməsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə apellyasiya şikayəti göndərilmişdir. Şikayətə eyni zamanda buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi əlavə edilmişdir.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2198/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-2198/2024 saylı qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi və apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamənin rəsmi qaydada cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə əldə etməsini, ərizəçi tərəfindən verilən apellyasiya şikayətinin son müddətinin xx.xx.2025-ci il tarix olmasını və həmin günlərin qeyri-iş günü hesab edilməsini, 2025-ci ilin ilk iş gününün 06 yanvar tarixdə olmasını, həmin müddətdən 4 gün keçdikdən sonra apellyasiya şikayətinin verilməsini, Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermək niyyətində olduğundan, müddətin ötürülməsinin ərizəçi tərəfindən işlədiyi müəssisənin hesabatının hazırlanması ilə əlaqələndirildiyindən məhkəmə qeyd edilənləri üzürlü hal kimi nəzərə alaraq hesab edir ki, buraxılmış prosessual müddət üzrlü hesab edilməli və bərpa edilməlidir.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
6. İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2198/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi əsassız olaraq müddətin bərpasına dair vəsatətin təmin edilməsi qənaətinə gələrək prosessual qanunvericiliyin normalarına riayət etməmişdir. Qanunvericiliklə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qətnamənin rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində nəzərdə tutulmuşdur. Belə ki, Səbail Rayon Məhkəməsinin e-2(009)- 2198/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə elan edilmiş və həmin tarixdə Elektron kabinetə yerləşdirilərək bu barədə məlumatı həmin sistem vasitəsilə elektron qaydada çatdırmış və eyni zamanda sms vasitəsilə bildirmişdir. Apellyasiya şikayətinin verilmə müddəti son tarix xx.xx.2024-cü il olduğu üçün və həmin müddət ərzində cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyindən qətnamə qanuni qüvvəsini almış və icra hərəkətlərinin aparılması üçün müvafiq İcra və probasiya şöbəsinə göndərilmişdir. Qanunvericilik apellyasiya şikayəti verilməsi üçün qanuni qüvvəsini almamış qətnamə qərardaddan şikayət verməsini nəzərdə tutmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin qəbul edilməsi prosessual baxımdan əsassızdır.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2198/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-2198/2024 saylı qərardadının ləğvi ilə əlaqədar verdiyi şikayət ərizəsinin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
12. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
13. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
14. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
15. Mülki Prosessual Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) (Maddə 133.3)
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə təmin edilməməlidir.
17. İşə birinci instansiya məhkəməsində baxılması zamanı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-2198/2024 saylı qətnaməsi Cavabdeh poçt vasitəsilə göndərilmişdir və xx.xx.2024-cü il şəxsən özü təhvil almışdır.
18. Göründüyü kimi Cavabdeh münasibətdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-2198/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət xx.xx.2025-ci il tarixə qədər olmuşdur.
19. Cavabdeh tərəfindən apellyasiya şikayəti məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilərək, qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür.
20. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
21. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir.
22. Hazırki işin halları baxımından isə belə hallar mövcud deyildir, belə ki, Cavabdeh tərəfindən qətnamədən şikayət verə bilməsinə maneə törədəcək üzrlü səbəblərlə (xəstəlik, ezamiyyət, qarşısı alınmaz qüvvənin təsiri və s.) qarşı-qarşıya qalmış olmasına dair hər hansı sübut təqdim edilməmişdir.
23. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul etməklə düzgün olmayan nəticəyə gəlmişdir.
24. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2198/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “müqavilə öhdəlikləri üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)- 2198/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh ərizəsi təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov