Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1707/2020 28.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(006)-5463/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə mülkiyyətlərində olan ünvan 1ində yerləşən 0,56 ha torpaq sahəsi və orada inşa edilmiş 1825 m2 sahəsi olan əmlak kompleksinin 1/2 hissəsinə dair İddiaçı1 arasında Xaçmaz rayonu 1 saylı notariat kontorunda xx xxxx 2016-cı il tarixdə bağlanmış və reyestrdə 4Ə-1015 sayla qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin, İddiaçı2 arasında bağlanmış reyestrdə 4Ə- 1016 sayla qeydə alınmış AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilələrin yaratdığı sonrakı hüquqi nəticələrin etibarsız hesab olunması, əldən çıxmış fayda qismində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 40.000 manat alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsini onunla əsaslandırılmışlar ki, Cavabdeh1 İddiaçı1 qardaşı, digər İddiaçı2la isə uzun müddət yaxın münasibətdə olan dostlardır. Hər ikisinin cavabdehə böyük inamı və etibarı olmuşdur. Mübahisələndirilən bağışlama və alqı-satqı müqaviləsinin aid olduğu ünvan 1ində yerləşən 0,56 ha torpaq sahəsi və üzərindəki 1825 m2 əmlak kompleksi mülkiyyət hüquqları əsasında 1/2 hesabla bərabər payda onlar - iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus olmuşdur. Cavabdeh1 ona olan etibarlarından istifadə edərək, onlara məxsus qeyd olunan əmlaklarının öz adına rəsmiləşdirilməsinə nail olmuş, lakin əmlaka görə razılaşdıqları dəyərin əvəzində vədini yerinə yetirməmişdir. Belə ki, 2016-cı ilin aprel-may ayında Cavabdeh1 və Cavabdeh2 çox gəlirli bir biznesdə olduqlarını, bunun üçün torpaq sahəsi və əmlak lazım olduğunu bildirib, əmlaklarının dəyərindən daha çox qazanc əldə edə biləcəklərinə onları inandırıb, qeyd olunan əmlakı onun adına rəsmiləşdirmələrinə razılıq vermişlər və əvəzində heç nə almadan, əmlakı ona dövr etmişlər. Razılaşmaları da belə olmuşdur ki, əmlakın təhvilindən 2 il 6 aydan sonra həmin əmlakın əvəzi olaraq, aralarında müəyyən etdikləri dəyəri 400.000 manatın yarısı 200.000 manat iddiaçı X1 verilməli idi. Birgə mülkiyyətlərində olan adı çəkilən əmlakın yalnız təmir tikintisini tamamlamaq və normal istismar vəziyyətinə gətirilməsi üçün İddiaçı2 çəkdiyi xərcin 150.000 manatını bankdan öz adına kredit götürüb ödəmişdir. Həmin əmlak və başqa əmlaklarla bağlı cavabdehlərlə İddiaçı2 ilə arasında başqa razılaşmalar olmuşdur və bununla bağlı aralarında yazılı müqavilə tərtib edilmişdir. Belə ki, İddiaçı2 birgə mülkiyyətdə olan yuxarıda qeyd olunan ünvan 1ində yerləşən 0,56 ha torpaq sahəsinin və orada mövcud qeyri-yaşayış sahəsinin özünə məxsus 1/2 hissəsini Cavabdeh1 adına rəsmiləşdirib, tam təmir edib, həm də özünə məxsus Qusar rayonunda olan 8 ha torpaq sahəsində yeni növ alma bağı salınmaqla Cavabdeh2 adına alqı-satqı edib, onlara təhvil verməklə, bundan başqa da onlara məxsus 12 ha. torpaq sahəsində yeni alma bağlarının salınması üçün ondan tələb olunan xərc hissəsinin vaxtında ödənilməsini İddiaçı2 öhdəsinə götürüb və öhdəliyini təmin etmişdir. Buna qarşılıq, həmin əmlakda yerləşdiriləcək «xxxxxxxxx» MMC-yə məxsus olduğu 33 %-dən 16,5 % və digər firmanın 35 % payı İddiaçı2 adına keçirilməli, 2 ildən sonra da hər il gəlirdən ona 100.000 manat verməli idi. Onlar razılaşmaya riayət edib, İddiaçı2 qohum olmadığından özünə aid 1/2 hissəni Cavabdeh1 adına alqı-satqı, Asəf Abdullayev isə qardaşı olduğundan əmlakın özünə aid digər 1/2 hissəsinə dair bağışlama müqaviləsi bağlamışlar. Hər iki müqavilə xx xxxx 2016-cı il tarixdə Xaçmaz rayon 1 saylı notariat kontorunda rəsmiləşdirilmiş, müvafiq olaraq reyestrdə bağışlama müqaviləsi 4Ə-1015 sayla, alqı-satqı müqaviləsi isə 4Ə-1016 sayla qeydə alınmışdır. Alqı-satqı və bağışlama müqavilələrini əldə edən Cavabdeh1 onları təqdim edərək, həmin əmlak kompleksinə dair mülkiyyət hüququnu adına daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixdə qeydiyyata aldırmış və bu barədə adına RX seriyalı ******* saylı çıxarış əldə etməyə nail olmuşdur. Razılaşmaya əsasən cavabdeh ona verdikləri əmlak kompleksinin əvəzində etdiyi vədin müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Lakin cavabdeh hər dəfə bir bəhanə gətirərək, əmlaka görə razılaşdıqları payı və məbləğinin verilməsinə əməl etməkdən yayınır. Göründüyü kimi, mübahisələndirilən bağışlama və alqı-satqı müqavilələri mülkiyyətçi olaraq aldanmaqla bağlanmış və Cavabdeh1 qardaş və dost münasibətlərindən irəli gələn etibarlarından sui-istifadə etmişdir. Bununla da, cavabdehlər tərəfindən aldadılmaqla, əvəzi ödənilmədən, əmlakları əllərindən çıxmışdır. Ona görə də, həmin bağışlama və alqı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır. Bundan başqa, cavabdehlərin birgə hərəkətləri nəticəsində əmlakları artıq 3 ildir ki, əllərindən çıxmışdır. Əmlaklarından istifadə edə bilmirlər. Cavabdehlər isə həmin əmlakdan istifadə edərək ondan fayda götürürlər. Cavabdehlərin hərəkətləri nəticəsində bu müddət ərzində əldən çıxan mənfəətlərinin 40.000 manat olduğunu düşünürlər. Ona görə də, hesab edirlər ki, həmin məbləğ cavabdehlərdən müştərək qaydada xeyirlərinə tutulmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(006)-5463/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Qurbanqulu oğlunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı daşınmaz əmlakın bağışlama və alqı-satqı müqavilələrinin və onun əsasında yaranmış sonrakı hüquqların etibarsızlığı tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçılar birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında əldə edilmiş qarşılıqlı razılaşma əsasında iddiaçılara məxsus Xaçmaz rayonu, Yergüc kəndində yerləşən 0,56 ha. torpaq sahəsi və orada inşa edilmiş 1825 kv.m. sahəsi olan əmlak kompleksini, alqı-satqı zamanı əvəzi alınmadan Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Lakin cavabdehlər bunun əvəzində iddiaçılara vəd etdikləri həmin əmlakda yerləşdiriləcək “xxxxxxxxx” MMC-nin 33% payına İddiaçı2 şərik edəcəkləri və 2 il 6 ay müddətdən sonra iddiaçılara həmin əmlakın əvəzi olaraq, aralarında müəyyən etdikləri dəyəri 400.000 manat verəcəklərini yerinə yetirməmişlər. İddiaçılar özlərinə məxsus əmlakın yarısını bağışlama, digər yarısını isə alqı-satqı yolu ilə cavabdehin adına rəsmiləşdirildiyini deyib, bunun əsası kimi də Xaçmaz rayon 1 saylı notariat kontorunda xx xxxx 2016-cı il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması və alqı-satqı müqaviləsini təqdim etmişlər. İddiaçılar alqısatqı zamanı əmlakların əvəzində cavabdehdən hər hansı məbləğin alınmadığını və bunu aralarında olan qarşılıqlı razılaşmadan irəli gəldiyini bildirirlər. İddiaçı tərəf irəli sürdükləri dəlilin sübutu olaraq bundan başqa cavabdehlərlə həmin alqı-satqı müqavilələrindən bir il əvvəl bağlanmış və hazırki iş üzrə mübahisələndirilən halları da əhatə edən xx.xx.2015-ci il tarixli 01 saylı əməkdaşlıq müqaviləsini təqdim etmişlər. Adı çəkilən əmlak kompleksinin şirkətin ofisi kimi istifadəyə hazırlanması məqsədi ilə yenidən qurulması və təmiri üçün xərcləri İddiaçı2 bankdan götürdüyü kredit hesabına ödədiyini bildirir və bunun təsdiqinə dair sənədləri təqdim etmişdir. Cavabdeh tərəf əmlakın təmirinin həmin kredit hesabına başa gətirildiyinə dair iddiaçının dəlilini təkzib etmir, əksinə həmin halı özləri məhkəmə iclasında etiraf etmişlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə yazılı etirazlarında iddianı qəbul etməsələr də, mübahisələndirilən müqavilələrin predmeti olan adı çəkilən əmlak kompleksinin özgəninkiləşdirilməsi ilə bağlı iddiaçı tərəfin irəli sürdüyü dəlili rədd etmirlər, əksinə əmlakın alqı-satqısının rəsmiləşdirildiyi zaman iddiaçılara hər hansı məbləğin ödənilmədiyini və bunu iddiaçılarla qarşılıqlı razılaşmadan irəli gəldiyini də etiraf edirlər. Lakin sonradan yaranmış bəzi məsələləri həll edə bilmədikləri üçün, həmin əmlakın əvəzində iddiaçılara etdikləri vədi yerinə yetirə bilmədiklərini və həmçinin həmin vədi iddia ərizəsində qeyd edildiyi 2 il 6 ay müddətində etməli olduqlarını göstərmişlər. Sübut etmə vəzifəsi təsbit olunmuş Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin “hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir” tələbinə görə hazırkı iş üzrə əmlakın bağışlama və alqı- satqısı rəsmiləşdirilən zaman əvəzinin ödənilmədiyi, eləcə də həmin əmlakların əvəzində sonradan verilməsi razılaşdırılmış vədinə cavabdeh tərəfin əməl etməməsinin sübut etmə yükü iddiaçılara, onu təkzib edən “əmlakın əvəzində pulun ödənildiyi, eləcə də sonradan veriləcəyi vəd edilmiş əvəzinin ödənildiyi” kimi dəlillərin sübut etmə yükü isə cavabdeh tərəfə aiddir. Göründüyü kimi iddiaçı irəli sürdüyü dəlillərin təsdiqinə dair yuxarıda qeyd edilən sübutları təqdim etmiş, cavabdeh tərəf isə onu rədd edən hər hansı sübut təqdim edə bilməmişdir. Tam əksinə fakt qarşısında qaldığından, əmlakın əvəzində hər hansı ödəniş edilmədiyini etiraf etmişlər. Bununla da iş üzrə mövcud və yuxarıda qeyd olunan hallar iddianın tam təmin olunması üçün yetərli əsaslardır. Lakin şikayət olunan qətnamə qanunun qeyd olunan normasına uyğun deyil, tam əksinə qanunun tələbləri kobud şəkildə pozulmaqla çıxarılmışdır. Belə ki, məhkəmə (hakim) qətnaməsində İddiaçı1, cavabdehlər - Cavabdeh2 və Cavabdeh1 məhkəməyə gəlmədiklərini, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirildiyini qeyd etmişdir. Bu doğru deyildir. Çünki o, - Ağamoğlanov Əlövsət Hüseyn oğlu iddiaçılar X2 və İddiaçı2 vəkili olaraq, həm də onların hər ikisini etibarnamə ilə təmsil edən nümayəndəsidir. Bunun təsdiqinə dair məhkəməyə təqdim edilmiş və iş materiallarında olan vəkilin orderi və etibanamə vardır. Yeganə bir qətnamənin elan edildiyi xx.xx.2019-cu il tarixdən başqa, bütün məhkəmə iclaslarında iddiaçıların hər ikisini təmsil etməklə özü iştirak etmişdir. Həmçinin İddiaçı2 da bütün iclaslarda şəxsən özü də iştirak etmişdir. Cavabdehlərin hər ikisi - Cavabdeh2 və Cavabdeh1 da onlarla birgə iki məhkəmə iclasında iştirak etmişlər. İkinci dəfə məhkəmə iclasında yazılı şəkildə iddiaya etirazlarını da təqdim etmişlər və bir nüsxəsi də məhkəmə iclasında iddiaçı tərəfə təqdim edilmişdir. Bundan başqa, qətnamədə, iddia tələbinin əsasları kimi istinad edilmiş dəlillərin doğru və ya yanlış olduğuna ümumiyyətlə qiymət verilməmişdir. Qətnamədə iş üzrə tərəflərdə İddiaçı2, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci tarixli 01 saylı əməkdaşlıq müqaviləsi, əmlakın alqı-satqısı ilə bağlı olduğu kimi yanlış şərh edilmiş və bu baxımdan da həmin müqavilənin notariat qaydasında təsdiqinə riayət edilmədiyindən, formasına uyğun tərtib edilmədiyi kimi qeyd edilmişdir. Əslində həmin müqavilə əmlakın alqı-satqı müqaviləsi deyil, tərəflərin gələcək işlərinin birgə yerinə yetirilməsi üçün bağlanmış əməkdaşlıq müqaviləsidir. Həmin müqavilə onun tərəflərinin bəyəndikləri əqddir və hazırkı iş üzrə mübahisələndirilmir. Hazırkı iş üzrə mübahisələndirilən isə tərəflər arasında Xaçmaz rayon 1 saylı notariat kontorunda xx xxxx 2016-cı il tarixdə bağlanmış və reyestrdə 4Ə- 1015 və 4Ə-1016 sayl qeydə alınmış daşınmaz əmlakın bağışlanması və alqı-satqı müqavilələridir. Lakin həmin müqavilələrlə bağlı məhkəmə ümumiyyətlə münasibət bildirməmişdir. Göründüyü kimi şikayət olunan qətnamə çıxarılarkən, iddia tələbi ilə bağlı mövcud dəlillər tam aydınlaşdırmamış və tərəflərin münasibəti nəzərə alınmamışdır. Cavabdeh1 tərəfindən apellyasiya şikayətinə etiraz və mülahizələr daxil olmuşdur. Etiraz və mülahizədə qeyd olunur ki, İddiaçı1 qardaşı, İddiaçı2 isə aralarında möhkəm inam və etibar olan çoxdan dost münasibətində olduğu şəxsdir. Cavabdeh2 ilə bir şirkətdə çalışdığından, yaxın münasibətləri yaranmışdır və indi də dost münasibəti vardır. İddia ərizəsində qeyd edildiyi kimi iddia predmetinin aid olduğu əmlakla bağlı iddiaçılarla arasında razılaşmalar olmuşdur və vədindən də heç vaxt özünü kənara çəkmir, vədini yerinə gətirmək üçün də hər vasitə ilə çalışır. Lakin son elə məsələlər var ki, onlar ondan asılı olmadığından, cavabdehin qarşısında olan öhdəliklərini yerinə yetirə bilməmişdir. Belə ki, əvəllər “xxxxxxxxxxxxxxxxx” Şirkətində işləyirdi. “xxxxxxxxxxxxxxxxx” Şirkətinin bir neçə firmaları var idi. Onlardan onunla bağlılığı olan biri də “xxxxxxxxx” MMC, digəri də “Alma Bağı” firması (“xxxxxxxxxxxx” MMC) idi. Həmin firma Quba - Xaçmaz rayonunda alma bağlarının salınması ilə məşğul olurdu və şəriklərdən biri də ərəb idi. Firmanın həmin vaxtları icraçı direktoru da digər Cavabdeh2 idi. Həmin müddətdə firma tərəfindən Quba-Xaçmaz-Qusar rayonlarında bir sıra alma-bağları satın alınmışdır. İddiaçı2 8 hektar torpaq sahəsi və həmçinin qardaşı İddiaçı1 ilə şərikli Xaçmaz rayon, Yergüc kəndində yerləşən 0,56 ha. torpaq sahəsi və üzərində qeyri-yaşayış sahələrindən ibarət əmlak kompleksi var idi. İşlədiyi şirkətin Xaçmaz, Quba və Qusar rayonları ərazisində hazır bağ sahələri və istehsal üçün obyektlərin alınması tapşırığı ilə hərəkət edərək, torpaq sahələrinin və əmlakın hazır vəziyyətə gətirib, şirkətələ birgə fəaliyyət göstərmək, bununla da çoxlu gəlir əldə ediləcəyinə İddiaçı2la söhbətlər apardı. O, da çoxdan tanıdığından ona inanıb, əmlaklarını hazır vəziyyətə gətirilməsi üçün borc və bankdan kreditlər aldı. Daha sonra da həmin əmlakları birgə işlədilməsi üçün tələb edildiyindən, onunla alqı-satqı müqavilələrini rəsmiləşdirdi. İlkin olaraq, onunla danışığı ona məxsus, qardaşı ilə bərabər payda olan Xaçmaz rayon, Yergüc kəndində yerləşən cəmi 0,56 ha. ona məxsus 0,28 ha. torpaq sahəsində istehsalat sahəsi qeyri-yaşayış obyekti ilə bağlı oldu. Obyekti tam təmir edib, işlədilməsi üçün şirkətə verilməsinə, bunun da əvəzində ona “xxxxxxxxx” MMC-nin 33%-nə şərik edəcəyinə razılaşdı. İddiaçı2 həmin obyektin təmir-tikintisinin başa çatdırılması üçün “xxxxxxxxxxxx” ASC bankdan 150.000 manat kredit götürdü və həmin kredit hesabına əmlakı təmir edib, tam hazır vəziyyətə gətirdi. Daha sonra da qeyd olunan ünvanda yerləşən ümumi əmlakdan özünə məxsus 0,28 ha. torpaq sahəsi və üzərində mövcud əmlakdan 912,5 kv.m. qeyri-yaşayış sahəsini xx.xx.2016-cı il tarixdə adına alqı-satqı müqaviləsini notariatda rəsmiləşdirdi. Danışığa görə bu alqı-satqı müqaviləsi, əmlakın gələcəkdə şirkət tərəfindən işlədilməsi və əvəzində İddiaçı2 MMC-dən ona aid 33% payının yarısının veriləcəyi olduğundan, müqavilədə tələb edildiyindən məbləğ və pulun dövriyyəsi sənədlərdə göstərildi. Lakin ona heç bir qəpik də verilmədi. Eyni qayda ilə qeyd olunan ünvanda bərabər həcmdə digər iddiaçı qardaşı İddiaçı1 məxsus olan əmlaka dair də onunla bağışlama müqaviləsi rəsmiləşdirildi. Bundan sonra da alqı-satqı və bağışlama müqavilələrini təqdim edib, həmin əmlaka tam şəkildə öz adına reyestrdən çıxarış aldı. Adına çıxarış alandan sonra da şirkətlə danışığı əsasında həmin əmlakı “xxxxxxxxx” MMC-yə dövr etdi və hal-hazıra kimi də həmin əmlak “xxxxxxxxxxx” MMC-nin istifadəsindədir. Lakin razılaşdığına uyğun olaraq, həmin MMC-dən ona aid olan 33% payından 16,5% hissəsinin İddiaçı2 verilməsinə şirkət tərəfindən riayət edilmədiyindən, sonuncu həm əmlakından mərhum oldu və həm də həmin əmlakın tikinti-təmir işləri üçün götürdüyü 150.000 manat məbləğində kreditin altında qaldı. Həmçinin həmin əmlakın yarısının məxsus olduğu digər iddiaçı qardaşı İddiaçı1 də vəd etdiyi dəyərindən heç nə ödəyə bilməmişdir. Bundan başqa həmin vaxtları şirkət tərəfindən ona (cavabdehlər, mən və icraçı direktor Cavabdeh2) İddiaçı2, ona məxsus 8 ha. torpaq sahəsində alma bağları salınmaqla, birgə fəaliyyətə cəlb etmək tapşırıldı. Onlar da onunla bu barədə danışıb razılaşdı. Torpağı yeni növlü alma bağı salmaq üçün, ağac çilinglərini Fransadan gətirilməsi lazım idi. Razılaşdırdığı kimi İddiaçı2 ağac çilinglərini alması üçün xx.xx.2016-cı il tarixdə Fransaya 73.225 avronu köçürdü. Qeyd olunan məbləğdə alma çilingləri Fransadan gətirildi və bağ salındı. Həmin sahədə alma bağının salınması təklifi və razılaşmalarda o, da iştirak etsə də,danışıqları əsasən “Alma bağları” (“xxxxxxxxxxxx” MMC) firmasının icraçı direktoru digər Cavabdeh2 tərəfindən aparılmışdır. Həmin bağ sahəsi “Alma bağı” firmasına dövr edilməli, onun da əvəzində İddiaçı2 “Alma bağı” (“xxxxxxxxxxxx” MMC) firmanın 35% payı verilməli idi. Həmin razılaşma əsasında da İddiaçı2 özünə məxsus 8 ha. torpaq sahəsi, 73.225 avro məbləğində yeni növlü alma çilingi ilə təmin edilmiş, hazır şəkildə hissəhissə “Alma bağı” (“xxxxxxxxxxxx” MMC) firmasının adına rəsmiləşdirildi və sonuncuya dövr edildi. Lakin razılaşmaya uyğun olaraq, sahibinə heç bir qəpik belə ödənilmədən, alqı-satqı müqaviləsi rəsmiləşdirildi. İddiaçı2la birgə fəaliyyətin davamı olaraq, ona firma üçün aldığı 20 ha. torpaq sahəsində də yeni alma bağının salınmasını təklif etdi və alma bağı ərsəyə gələndə tezliklə borcun qaytarılmasının mümkünlüyündən, təklifini qəbul etdi və bunun üçün də bankdan 250.000 manat məbləğində kredit götürdü. İddiaçı2 götürdüyü 250.000 manat kreditdən 200.000 manat hissəsi şəxsən onun əli ilə, alma bağlarının salınmasına sərf edilmişdir. Qeyd etdiklərilə bağlı iddaçı İddiaçı2la arasında xx xxx 2015- ci il tarixdə 01 saylı Əməkdaşlıq Müqaviləsi bağlanmışdır və müqavilənin müddəti də hələ bitməmişdir. Ona görə də hazırki iddia üzrə alqı-satqı və bağışlama müqaviləsinin ləğv, eləcədə 40.000 manat məbləğin ödənilməsi barədə tələbdə iddiaçılar haqsızdır. Birincisi qeyd olunan əmlaklarla bağlı vədin gecikdirilməsi onun iradəsindən asılı olmamışdır. Digər tərəfdən də bu müddətlər ərzində aralarında mövcud müqavilənin şərtlərinə əməl edilməsinə hər vasitə ilə çalışmışdır. Hazırda da aralarında olan əməkdaşlıq müqaviləsi ilə müəyyən olunmuş şərtləri yerinə yetirmək üçün tədbirlər görür və müsbət nəticə əldə edəcəyinə inanır. Məhkəmə alqı-satqı və bağışlama müqaviləsini ləğv edərsə, iddiaçılar əmlakı geri götürəcəklər ki, bu da firmanın fəaliyyətinin məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Bu səbəbdən də hazırkı vəziyyətdə iddianı qəbul etmir və hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini və apellyasiya şikayətini müdafiə etdi, həmçinin bildirdi ki, əmlakının əldən çıxması ilə yanaşı 150000 manat xərcləyib əmlak kompleksini təmir də etdirmişdir. Cavabdeh1 MMC-dəki payların 33 və 35 faiz hissəsinin ona verməli idi, lakin onu aldatdı. MMC-də başqa təsisçi yoxdur. Kompleks hazırda MMC-nin mülkiyyətindədir. Bu cür müqaviləni Cavabdeh1 hazırlamışdı. Məhkəmə iclasında iştirak etmiş iddiaçıların vəkili Ağamoğlanov Əlövsət Hüseyn oğlu iddia tələbini və apellyasiya şikayətini müdafiə etdi, həmçinin bildirdi ki, iddiaçılar və o, məhkəmə proseslərində iştirak edib. Lakin onların adları qeyd edilməyib. Qəbzlərdə də imzaları var. Cavabdehlər tərəfindən verilən etirazlar onlara verilsə də iş materiallarına əlavə edilməmişdir. Bu ciddi pozuntudur. İddiaçılar iddia tələbini etiraf etməsələr də, borcu qismən qəbul ediblər, yəni faktı qəbul ediblər. Gələcəkdə də ödəyəcəklərini bildiriblər. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 bildirdi ki, Cavabdeh1lə İddiaçı2 işinə görə o, niyə cavabdeh olduğunu bilmir. Namik Azəri tanıyıb, ona görə etibar edib. Namiki Azər aldadıb, onun bu işə heç bir aidiyyəti yoxdur, sadəcə onların söhbətlərində iştirak etmişdir. Namikin əmlakını Azər qaytarmalıdır. Namikin iddiası Azərə münasibətdə haqlıdır, lakin ona münasibətdə yox. Çünki, Azər Namiki aldadaraq əmlakını ələ keçirib. İşə baxılması vaxtı və yeri haqqında Cavabdeh1 dəfələrlə bildiriş və SMS bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək onun iştirakı olmadan məhkəmə baxışlarının keçirilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, iddia əsassız olduğundan rədd edilməlidir... Məhkəmə iş materiallarında olan yazılı qaydada tərtib edilmiş xx xxx 2015-ci il tarixli “Əməkdaşlıq müqaviləsi” ilə bağlı bildirir ki, müqavilə Mülki Məcəllənin 394-cü maddəsinin (Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir) tələbləri nəzərə alınmadan bağlanılmışdır. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra qiymətini ödəməlidir. B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstiutsiya Məhkəməsi Plenumunun xx xxxxxx 2019-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; - Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. İşə baxan məhkəmələr isə B.Qasımovun iddia tələbinin təmin edilməməsini onunla əsaslandırmışlar ki, mübahisələndirilən alğı-satqı müqaviləsi notariat qaydada təsdiq olunmuş və müqavilə üzrə müəyyən edilmiş məbləğin ödənilməsinə dair qəbz mövcuddur. Lakin mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və notariat qaydasında təsdiqlənməsinin, ödəniş qəbzinin iddiaçı tərəfindən imzalanıb-imzalanmadığının ümumiyyətlə mübahisə predmeti olmaması, mülki iş üzrə iddia tələbinin isə məhz həmin müqavilənin aldadılma nəticəsində bağlanması səbəbindən irəli sürülməsi nəzərə alınmamışdır. Bu səbəbdən də Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr mülki işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəli mənzilə dair müqavilənin və ödəniş qəbzinin imzalanmasının aldadılma nəticəsində olub-olmamasına hüquqi qiymət verməlidirlər. Belə ki, bu növ iddia tələbi üzrə araşdırılma zamanı məhkəmələr tərəfindən əqdi əmələ gətirən iradə ifadəsinin aldadılma nəticəsində edilibedilmədiyi yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İddiaçıların apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi tam, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddianın rədd edilməsi hissəsində iddia olunan yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayətində iddianın təmin edilməməsini mübahisələndirir, buna görə də qətnamə iddiaçıların mübahisələndirdiyi hissədə tam yoxlanılılır. Hazırkı iş üzrə, müqavilələrin etibarsızlığına dair iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, Mülki Məcəllənin yuxarıda şərh olunan müddəalarına əsasən aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Alqı-satqı və bağışlama müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında səlahiyyətli şəxslərin iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İkincisi, hazırki iş üzrə həm alqı-satqı, həm də bağışlama müqavilələrini tərəflərin imzalaması və notariat qaydasında təsdiqlənməsi, hətta alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 tərəfindən əmlakın dəyərinin ödənilməməsi mübahisə predmeti deyil və işin mübahisəsiz halıdır. Demək alqı-satqı müqaviləsi üzrə alınmış əmlakın dəyərinin ödənilməməsi də İddiaçı2 alqı-satqı müqaviləsinin bağlanması məqsədilə aldadıldığına dəlalət edir. Belə ki, İddiaçı2 alqı-satqı müqaviləsi üzrə satıcı kimi mülkiyyətində olan əmlakı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdürsə, alıcı da, yəni hazırki iş üzrə Cavabdeh1 də həmin əmlakı qəbul edib əvəzində müqavilədə müəyyənləşdirdikləri pulu satıcı olan iddiaçıya ödəməli idi. Lakin bu müqavilə üzrə hansısa məbləğdə pul ödənilməmişdir. Üçüncüsü, işdə olan İddiaçı2 və cavabdehlər arasında xx xxx 2015-ci il tarixdə yazılı formada bağlanmış, lakin notariat qaydada təsdiq olunmamış “Əməkdaşlıq müqaviləsi”nin (Mülki Məcəllənin 394-cü maddəsinin tələbinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir) şərtlərindən də aydın olur ki, hazırki alqı-satqı və bağışlama müqaviləsi aldadılma nəticəsində bağlanmışdır. Belə ki, həmin yazılı müqavilənin şərtlərində də hazırki iş üzrə olan müqavilələrin predmetini təşkil edən əmlakın Cavabdeh1 mülkiyyətinə keçməsi nəticəsində, sonuncu da üzərinə öhdəlik götürmüş, lakin bu öhdəliklərini bugünədək yerinə yetirməmişdir. Məhkəməyə ünvanladığı etiraz və mülahizədə də öhdəliklərini yerinə yetirmədiyini bir daha təsdiq edir. Göründüyü kimi, Cavabdeh1 qeyd olunan müqavilələrin bağlanmasına dair aparılan danışıqlar və müqavilələrin bağlanması zamanı öz öhdəliklərini yerinə yetirəcəyinə dair yalan məlumat vermədiyini yaxud məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat verməmək kimi bir niyyətinin olmadığını və bununla da iddiaçıları aldatmadığını sübut etmək yükü artıq onun üzərinə düşür. Belə ki, ağlabatan mühakimə də təsdiq edir ki, iddiaçılar cavabdeh tərəfindən aldadılmasaydı onlar hansı səbəbdən öz əmlaklarını əvəzsiz olaraq Cavabdeh1 mülkiyyətinə, özü də təmir etdirməklə verməlidir? Şübhəsiz ki, aldadılma olmasaydı, nəinki iddiaçılar, ümumiyyətlə hansısa şəxsin öz əmlakını başqasının mülkiyyətinə əvəzsiz verməsinə dair bağışlama və alqı-satqı müqavilələrinin bağlaması əlbətdə ki, inandırıcı və ağlabatan deyildir. Göründüyü kimi, Cavabdeh1 bu halları sübuta yetirə bilmir. Ona görə də, müqavilələrin etibarsız hesab edilməsinə dair tələb əsaslı olduğundan təmin olunmalıdır. Bununla yanaşı, iddia tələbinin əldən çıxmış fayda qismində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 40.000 manat alınıb onlara verilməsi hissəsinə dair iddiaçılar tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilmədiyindən, həmin hissədə iddia əsaslı ola və təmin edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(006)- 5463/2019 nömrəli qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(006)- 5463/2019 nömrəli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. İddiaçı2 ilə Cavabdeh1 arasında ünvan 1i ünvanında yerləşən 1825 m2 sahəsi olan əmlak kompleksi kimi müəssisənin (912.5. kv.m) və həmin ünvandakı 0,56 ha torpaq sahəsinin(0,28 ha.) paylı mülkiyyət üzrə 1\2 hissəsinə dair bağlanmış xx xxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsi və İddiaçı1 ilə Cavabdeh1 arasında ünvan 1i ünvanında yerləşən 1825 m2 sahəsi olan əmlak kompleksi kimi müəssisənin (912.5. kv.m) və həmin ünvandakı 0,56 ha torpaq sahəsinin(0,28 ha.) paylı mülkiyyət üzrə 1\2 hissəsinə dair bağlanmış xx xxxx 2016-cı il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilsin və həmin əmlaka dair İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqlar etibarsız hesab edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Tofiq Səmədov imza İkram Şirinov Düzdür: Hakim: Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-1707/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1707/2020
28.02.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver