Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1708/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı Tapdıq oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Tapdıq oğlu cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 qarşı (X2, X4, X3, Bakı şəhər Sabunçu rayon İcra şöbəsi iddiaçı tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 QSC ilə onun və Cavabdeh2 arasında bağlanmış 12 sentyabr 2018-ci il tarixli barışıq sazişinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə 24 may 1989-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 17 sentyabr 1989-cu il təvəllüdlü X3 və 26 oktyabr 1990-cı il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Cavabdeh2 ilə birgə nikah dövründə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 38 f nömrəli fərdi yaşayış evini, Sumqayıt şəhəri, 21-ci mikrorayonda 0,055 ha torpaq sahəsində yerləşən 306/1 nömrəli fərdi yaşayış evini, Sumqayıt şəhəri Koroğlu prospekti, 6 ünvanında 0,294735 ha torpaq sahəsini və həmin sahədə yerləşən 1134,6 kv.m qeyri-yaşayış sahəsini əldə etmişlər. Sonradan Sumqayıt şəhəri Koroğlu prospekti, 6 ünvanında 0,294735 ha torpaq sahəsində yerləşən 1134,6 kv.m qeyri-yaşayış sahəsini sökərək orada Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 25 noyabr 2011-ci il tarixli sərəncamı əsasında 6000 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi inşa etdirmişdir. "xxxx" QSC-dən 2.880.000 ABŞ dolları (2.199.660 manat) məbləğində kredit götürmüşdür. Devalvasiya nəticəsində borcu 6.000.000 manatdan çox olmuşdur. O, sahibkar olmaqla 142 nəfər işçi işlədir ki, bu da 142 ailənin dolanması deməkdir. Banka borcu ödəyə bilmədiyi üçün "xxxx" QSC Korrupsiyaya qarşı mübarizə Baş idarəsinə müraciət edilmiş və onların təklif etdiyi sazişi imzalamayacağı halda bank onu həbs etdirəcəyi ilə hədələmişdir. Məcbur olaraq 12 sentyabr 2018-ci ildə barışıq sazişi imzalamışdır. Bundan başqa Sumqayıt şəhər məhkəməsinin 08 avqust 2019-cu il tarixli qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş Sumqayıt şəhəri, 21-ci mikrorayonda 0,055 ha torpaq sahəsində yerləşən 306/1 nömrəli fərdi yaşayış evinin, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, inşaatçılar küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 38 f nömrəli fərdi yaşayış evinin, Sumqayıt şəhəri Koroğlu prospekti, 6 ünvanında 0,294735 ha torpaq sahəsinin və Sumqayıt şəhəri Koroğlu prospekti, 6 ünvanında 0,294735 ha torpaq sahəsində inşa edilmiş 6000 kv.m qeyri-yaşayış sahəsinin tikintisinə sərf edilmiş pul vəsaiti kimi 6.000.000 manat pulun və Sumqayıt şəhər Bələdiyyə Şurasının 28 yanvar 2003-cü il tarixli, 65 nömrəli protokolu ilə Sumqayıt baş dəmiryol stansiyası rayonu ərazisində ona ayrılmış 1,0 ha torpaq sahəsinə və həmin sahədə inşa edilmiş tikililərə sərf edilmiş 200000 manat pul vəsaitinə 1/2 hissədə Cavabdeh2, 1/2 hissədə onun payı müəyyən edilmişdir. Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin onu həbs etdirəcəyi ilə hədələməsi nəticəsində Cavabdeh1 QSC-nin təklif etdiyi sazişi imzaladığından hesab edir ki, barışıq sazişi etibarsız hesab olunmalı və ləğv edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Cəfərli, iş № 2(008)-4336/21) iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə onun dəlillərinə münasibət bildirməmiş, barışıq sazişini hədə-qorxu, məcburetmə təsiri altında bağladığını nəzərə almamışdır. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, hazırkı işə məhkəmədə baxılmalı olmadığına görə Sabunçu Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, iddiaçı 2009-cu ildə Cavabdeh1 QSC-dən 2 199 660 ABŞ dolları məbləğində kredit götürmüş və kredit müqaviləsinin təminatı olaraq bir sıra daşınmaz əmlaklar ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada yerinə yetirilmədiyinə görə Cavabdeh1 QSC 2017-ci ildə Sumqayıt şəhər məhkəməsində İddiaçı və digərlərinə qarşı 7 kredit razılaşması üzrə cəmi 4 858 125 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi və s. barədə iddia qaldırmışdır. Sumqayıt şəhər məhkəməsinin 23.10.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq cəmi 3 606 865 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi və s. qət edilmişdir. Həmin qətnamədən verilən apellyasiya şikayəti üzrə işə Sumqayıt Apellyasiya Məhkəməsində baxılarkən tərəflər barışıq sazişi bağlamış və işə baxan məhkəmədən həmin sazişin təsdiq olunmasını xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.09.2018-ci il tarixli qərardadı ilə barışıq sazişi təsdiq olunaraq Sumqayıt şəhər məhkəməsinin 23.10.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İddiaçının hazırkı iş üzrə tələbi Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.09.2018-ci il tarixli qərardadı ilə təsdiq olunmuş həmin barışıq sazişinin etibarsız hesab olunması barədədir. İddiaçı tələbini barışıq sazişinin hədə-qorxu, məcburetmə təsiri altında bağlandığı ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi barışıq sazişinin hədə-qorxu, məcburetmə təsiri altında bağlanmasını müəyyən etmədiyindən iddianı əsassız saymış və rədd etmişdir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.2, 339.1, 339.4-cü və MPMnin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müvafiq məhkəmə qərardadı ilə təsdiq olunmuş barışıq sazişinin etibarsızlığı tələbi üzrə araşdırma aparmaqda səhvə yol vermişdir. Belə ki, barışıq sazişi MPM-də mübahisənin həlli yolu kimi nəzərdə tutulmuş və yalnız məhkəmə mübahisələri zamanı mübahisənin barışıq yolu ilə bitməsi üçün tətbiq edilən prosessual qaydadır. Barışıq sazişi yalnız məhkəmə tərəfindən təsdiq edildikdə qəbul edilmiş sayılır və onun qanuniliyi, könüllülük əsasında bağlanıb-bağlanmaması, eləcə də hədə-qorxu, məcburetmə təsiri altında bağlanıbbağlanmadığı yalnız həmin icraat çərçivəsində yoxlanılır. Barışıq sazişinin etibarsızlığına ayrıca iddia qaydasında baxılması yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Göründüyü kimi, hazırki iş üzrə mübahisələndirilən barışıq sazişinin qanuniliyi, o cümlədən hədə-qorxu və məcburetmə təsiri altında bağlanıb-bağlanmadığı, eləcə də hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozub-pozmadığı Sumqayıt Apellyasiya Məhkəməsində işə apellyasiya qaydasında baxılarkən yoxlanılmış və yalnız bundan sonra barışıq sazişi onun təsdiqinə mane olan hər hansı hal müəyyən edilmədiyindən təsdiq olunmuşdur. Barşıq sazişinin təsdiq olunması barədə qərardad yuxarı instansiya məhkəməsi tərəfindən ləğv olunmamışdır və hazırda qüvvədədir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası hesab edir ki, əgər iddiaçı barışıq sazişinin hədə-qorxu təsiri altında bağlanmaqla qanuna zidd olduğu qənaətindədirsə, o, barışıq sazişinin təsdiq olunması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin 12.09.2018-ci il tarixli qərardadını prosessual imkanlar tükənməmişdirsə kassasiya qaydasında mübahisələndirə bilər. Beləliklə, məhkəmə kollegiyası bir daha qeyd edir ki, barışıq sazişinin etibarsızlığı ayrıca iddia predmeti kimi irəli sürülə bilməz, təsdiq edilmiş barışıq sazişinin qanuniliyi isə onu təsdiq edən məhkəmə qərardadından verilmiş şikayət əsasında həmin icraatda yalnız yuxarı instansiya məhkəməsi tərəfindən yoxlanıla bilər. Göründüyü kimi, barışıq sazişinin etibarsızığı məsələsinə ayrıca iddia şəklində baxılması yolverilməz olduğu halda, birinci instansiya məhkəməsi öz səlahiyyətini aşmış və apellyasiya qaydasında təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı məsələsini araşdırmışdır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmənin işə mahiyyəti üzrə baxması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 384.0.5, 400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Tapdıq oğlunun cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı izah edilsin ki, o, barışıq sazişini həmin sazişi təsdiq edən Sumqayıt Apellyasiya Məhkəməsinin 12.09.2018-ci il tarixli qərardadından kassasiya şikayəti verməklə həmin icraatda mübahisələndirə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1708/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1708/2022
30.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver