Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1709/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci tarixli 2(003)-1594/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,"Cavabdeh” İstehsalat Birliyi tərəfindən ona məxsus Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4109 ünvanında yerləşən fərdi yaşayış evinin (bağ evi) qaz sayğacının təmiri ilə bağlı iddiaçının ödədiyi 171,73 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, həmin ünvana dair qazın sərfiyyatı üçün əsassız olaraq hesablanmış 1509,80 manatın silinməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4109 ünvanında yerləşən fərdi yaşayış evi (bağ evi) İddiaçı məxsusdur. İddiaçı ailə üzvləri ilə birgə daimi olaraq pasport qeydiyyatında olduğu Yasamal rayonunda yaşayır, lakin istirahət və tətil günlərində bəzən ona məxsus, qeyd olunan bağ evinə də gedirlər. Sözügedən ev bağ evi olduğundan adətən yay ayları tətildə bağa gedir, qış aylarında isə nadir hallarda orada yaşayış olur. Buna dair Şüvəlan qəsəbəsi üzrə icra nümayəndəliyi tərəfindən 586 saylı, xx xxxxx 2020–ci il tarixli arayış da verilmiş və həmin arayışda bildirilmişdir ki, Şüvəlan qəsəbəsi 4109 saylı bağ evində İddiaçı qeydiyyatsız olur və qeyd olunan ünvanda sentyabr 2019-cu il tarixdən xx xxxx 2020–ci il tarixə kimi yaşayış olmamışdır. İddiaçı qeyd olunan ünvandakı sayğac üzrə ödənişləri vaxtı–vaxtında ödəmiş və onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Lakin sayğacın qoyulmasından 5 ildən artıq vaxt keçdiyi üçün, “Cavabdeh" İB–nin əməkdaşları təmirlə bağlı sayğacı götürmək istəmişlər. İddiaçı sözügedən ünvanda yaşamadığı üçün 2020-ci ilin fevral ayında sayğac Birliyin əməkdaşları tərəfindən fərdi yaşayış evinə nəzarət edən mühafizəçinin iştirakı ilə götürülmüşdür. Buna dair “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt imzalanmışdır. Həmin sayğacın götürülməsindən təxminən on gün keçəndən sonra sayğacın açılması üçün ev sahibi, yəni İddiaçı cavabdeh müəssisəyə dəvət olunmuş, batareyasının dəyişməsi üçün onun iştirakı ilə sayğac açılmışdır. Sayğacın təmiri üçün lazım olan detallar iddiaçı tərəfindən alınmış və təhvil verilmişdir. Buna dair qəbz də əlavə edilir. İddiaçının iştirakı ilə sayğac açıldıqdan sonra iddiaçıya bildirilmişdir ki, bir neçə gün ərzində sayğac yerində quraşdırılacaqdır. Lakin on gün də keçmiş, sayğac gətirilməmiş və iddiaçı yenidən cavabdeh idarəyə müraciət etmişdir. Bu dəfə isə bildirilmişdir ki, sayğacın təmiri üçün əlavə detal “1 dəst yeni yastıq" alınmalıdır. Həmin detal da iddiaçı tərəfindən alınmış, sayğacın təmiri üçün idarənin əməkdaşlarına verilmişdir. Buna diar xx.xx.2020–ci il tarixdə "Cavabdeh" İB ilə iddiaçı asında 303-st saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmeti Xəzər rayonunda yerləşən fərdi yaşayış evinə məxsus 1 (bir) ədəd rotor tipli G16 markalı 75142077 nömrəli qaz sayğacının xx.xx.2020–ci il tarixli, 09101 nömrəli Qüsur Aktı əsasında təmiri və ehtiyyat hissələrinin ayrılması ilə əlaqədar “Sifarişçi" və “icraçı" arasında münasibətlərin tənzimlənməsi idi. Həmin vaxtdan sonra yenə də sayğac vaxtında quraşdırılmamış, sonuncu detalın alınmasından təxmini 20-25 gün keçəndən sonra sayğac evə nəzarət edən mühafızəçinin iştirakı ilə quraşdırılmışdır (Sayğacın götürülməsi, təkrar detal alınması və quraşdırılmasına dair aktlar, müqavilə, qəbz iddia ərizəsinə olunur). Sayğac quraşdırıldıqdan sonra sayğacın olmadığı vaxta görə qazın sərfiyyatı üçün mart ayına 749,40 manat məbləğində pul vəsaiti hesablanmış və buna dair "qazın hesablanması haqqında" ******* saylı akt tərtib olunmuşdur. Həmin akt da iddiaçının əvəzindən evə nəzarət edən mühafızəçi tərəfindən imzalanmışdır. Həmin vaxt mühafizəçiyə deyilib ki, aktı imzalamasa, qaz xətti kəsiləcəkdir, mühafizəçi də məcburən aktı imzalamışdır. Həmin aktla razı deyil və hesab edir ki, qazın sərfıyyatına dair məbləğ əsassız olaraq hesablanmış, cavabdehin əməkdaşları tərəfindən sui–istifadə hallarına yol verilmiş və hansı meyara əsasən qazın sərfiyyatının hesablanması düzgün müəyyən edilməmişdir. Belə ki, qazın hesablanması haqqında aktda da qeyd olunmuşdur ki, qaz sayğacının işləmədiyi dövr ərzində qazın gündəlik sərfiyyatı əvvəlki ay(lar)ın və ya il(lər)in orta günlük sərfiyyatına uyğun, mövcud qaz cihazlarının saatlıq qaz sərfinə uyğun hesabatlara əsasən müəyyən edilməli idi. Lakin birliyin əməkdaşları tərəfindən hansı meyar əsasında qazın sərfiyyatının hesablanması məlum deyil. O cümlədən qeyd edir ki, xx xxxxx 2020–ci il tarixə iddiaçıya verilmiş bildirişlə qazın sərfiyyatı üçün cəmi 1509,80 manat borc hesablanmışdır. Qanunvericiliyə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması,texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılmasına görə görə cavabdehliyi qaz paylayıcısı daşıyır. O cümlədən qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Hazırki halda isə cavabdeh qaz paylayıcı tərəfindən qaz sayğacı texniki baxış və təmir üçün götürülmüş, qaz paylayıcı tərəfindən sayğac vaxtında quraşdırılmamış, o cümlədən sayğacın təmiri üçün qanuna zidd olaraq istehlakçıdan vəsait tələb edilmişdir. Beləliklə, göstərilənlərə əsasən hesab edir ki, qaz sayğacının təmiri ilə bağlı iddiaçının ödədiyi 171,73 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, o cümlədən əsassız olaraq iddiaçıya hesablanmış 1509,80 manat borc məbləği silinməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(003)- 1594/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı abonent koduna (abonent kodu **********78000) hesablanmış 1509,80 (bir min beş yüz doqquz manat səksən qəpik) manat məbləğində borcun silinməsi, Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(003)-1594/2020 nömrəli qətnaməsinin təmin olunmuş hissədə ləğv edilməsini, İddiaçı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində göstərilmişdir ki, sayğaca cavabdehliyi Cavabdeh daşıyır. Bununla əlaqədar bildirirlər ki, AR Nazirlər Kabinetinin 80 saylı, xx xxx 2011-ci il tarixli qazdan istifadə qaydalarına əsasən: məişət qaz qurğusu - ümumi qaz sərfiyyatı saatda 10 kubmetrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu (qurğuları); sənaye qaz qurğusu - ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu (qurğuları); Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. AR Nazirlər kabinetinin 80 saylı, xx xxx 2011-ci il tarixli qazdan istifadə qaydalarından da göründüyü kimi bu iş üzrə iddiaçı G-16 sayğac istifadə etməklə sənayə qaz qurğusunun istifadəçisi hesab olunur. Məhkəmə qətnaməsində işə nəticə verən AR Nazirlər kabinetinin 80 saylı, xx xxx 2011-ci il tarixli qazdan istifadə qaydalarının bəndlərinin hamısı Məişət qaz qurğularının istifadəsi üçün nəzərdə tutulan bəndlərdir. Bununlada məhkəmə düzgün bəndləri tətbiq etməməklə yanlış nəticəyə gəlmişdir. Hesab edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normaların məzmunundan görünür ki, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasənda deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzə çıxarılır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığının və ya yoxluğunun AR.MPM -nin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Bu kimi hallar qaz paylayıcını ziyana salmaqla yanaşı istehlakçılar arasında intizamsılıq yaradar. Belə ki, bir qrup şəxs istifadə etdiyi qaza görə pul ödədiyi halda bu kimi şəxslər isə pul ödəmədən qazdan istifadə etmiş sonda isə məhkəmə onun borcunu silmişdir. Birinci instansiya məhkəməsi mübahisənin həllində mühüm əhəmiyyət kəsb edən halları araşdırmayaraq səhv nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Qeyd olunanlara əsaslanaraq hesab edirlər ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-1594/2020 saylı qətnaməsinin təmin olunmuş hissəsi ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin nümayəndəsi və vəkilinin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İstehsalat Biriliyi ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2020- ci il tarixli, 303- ST saylı Xidmət müqaviləsinin surətindən görünür ki, Xəzər rayonunda yerləşən fərdi yaşayış evinə məxsus 1 ədəd rotor tipli G 16 markalı 75142077 nömrəli qaz sayğacının xx.xx.2020-ci il tarixli 09101 nömrəli Qüsur aktı əsasında təmiri və ehtiyat hissələrinin ayrılması ilə əlaqədar "Sifarişçi" və "İcraçı" arasında münasibətlər tənzimlənmişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, İddiaçı Cavabdeh İB-nə 171,73 manat ödəniş etmişdir. İş materiallarında olan qaz sayğacının quraşdırılması və istismarı qəbulu haqqında ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvanda quraşdırılmış qaz sayğacı çıxarılmışdır. İş materiallarında olan qaz sayğacının quraşdırılması və istismarı qəbulu haqqında ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvanda quraşdırılmış qaz sayğacı təkrar çıxarılmışdır. İş materiallarında olan qaz sayğacının quraşdırılması və istismarı qəbulu haqqında ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvanda quraşdırılmış qaz sayğacı qaz xəttindən açılmış, yerdə süzgəclə birlkdə təmizlənib işlək vəziyyətə gətildikdən sonra yenidən qaz xəttinə quraşdırılmışdır. İş materiallarında olan Şüvəlan qəsəbəsi üzrə icra nümayəndəliyi tərəfindən 586 saylı, xx xxxxx 2020–ci il tarixli arayışından görünür ki, Şüvəlan qəsəbəsi 4109 saylı bağ evində İddiaçı qeydiyyatsız olur və qeyd olunan ünvanda sentyabr 2019- cu il tarixdən xx xxxx 2020-ci il tarixə kimi yaşayış olmamışdır. İş materiallarında olan Sayğac quraşdırıldıqdan sonra sayğacın olmadığı vaxta görə qazın sərfiyyatı üçün 2020-ci ilin fevral ayına 749,40 manat məbləğində pul vəsaiti hesablanmış və buna dair "qazın hesablanması haqqında" ******* saylı akt tərtib olunmuşdur. İş materiallarında olan Sayğac quraşdırıldıqdan sonra sayğacın olmadığı vaxta görə qazın sərfiyyatı üçün 2020-ci ilin mart ayına 760,0 manat məbləğində pul vəsaiti hesablanmış və buna dair "qazın hesablanması haqqında" ******* saylı akt tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, İddiaçı 1509,80 manat borcu vardır. İş materiallarında olan bildiriş-xəbərdarlıqdan görünür ki, xx.xx.2020-ci il tarixli İddiaçı 749,40 manat qalıq borcu vardır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Birinci istansiya məhkəməsinin iclasında müəyyən olunmuşdur ki, iddiaçıya **********78000 saylı hesab koduna aktlar əsasında 1509,80 manat əsassız borc hesablanmışdır. Eyni zamanda Cavabdeh tərəfindən qaz sayğacının işləmədiyi dövrə görə akt əsasında iddiaçıya 1509,80 manat borc hesablansa da həmin borcun hansı qaydada hesablanması, hesablanma zamanı hansı orta günlük sərfəyyta görə heablanması, hesablama zamanı qaz sayğacının hansı dövr ərzində, hansı müdətdə işləməməsi haqqında məhkəməyə sübutlar təqdim olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Bu halda işin sübut edilməli halı həmin borcun necə və hansı əsaslarla yaranmasıdır. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcun iddiaçı tərəfindən ödənilməli olmasına dair mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbu ki, MPM-nin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. Orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, yaranmış borcun hansı əsaslarla yarandığını sübut etmə yükü cavadehin üzərində olduğundan və cavabdeh tərəfindən bu barədə məhkəməyə heç bir sübut təqdim edilmədiyindən iddiaçının abonent koduna hesablanmış borc silinməlidir. Məhkəmə kollegiyası iddia tələbinin "iddiaçıya məxsus Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4109 ünvanında yerləşən fərdi yaşayış evinin (bağ evi) qaz sayğacının təmiri ilə bağlı iddiaçının ödədiyi 171,73 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi" hissəsi ilə bağlı qeyd edir ki, istehlakçının sayğacı 10 kubmetrdən böyük olduğu üçün o, sənayə qaz qurğusundan istifadə edən istehlakçı hesab olunur və sayğaca cavabdehliyi də özü daşıyır. Bu səbəbdən iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı **********78000 saylı abonent koduna hesablanmış 1509,80 manat borcun silinməsi ilə bağlı birinci instasiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, Kollegiya qeyd edir ki, iddia məbləğinin miqdarı 2000 manatdan az olduğu üçün Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(003)- 1594/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1709/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1709/2021
04.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver