Məhkəmə qərarları › İş №2(103)-1709/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1709/2025

11.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1709/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 oktyabr 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdeh Birliyə qarşı iddia ərizəsi və “iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 3.110,40 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 13 nömrəli fərdi yaşayış evində iddiaçı uzun müddətdir ki, ailəsi ilə birlikdə yaşayır. Həmin yaşayış sahəsi Birlik tərəfindən təbii qazla təchiz edilir və bununla bağlı yaşayış sahəsindən kənarda, açıq şəraitdə, hər hansı mexaniki müdaxilədən qoruyan metal yeşik olmadan, ictimai istifadə ərazisi olan Ü.Hacıbəyov küçəsində Birlik tərəfindən qaz sayğacı quraşdırılmışdır (abonent kodu: **********00000). İddiaçı qaz ödəmə kartına pul yükləyərkən, qaz kartında pulun silinməsini görüb iyun ayında cavabdeh X3 İdarəsinə gedərək səbəbini araşdırdıqda iddiaçıya tərtib edilmiş aktın və digər elektron sənədlərin surəti verilərək 3.110,40 manat cərimə olunmağı və qaz kartına pul yüklədikdə onun 50 faizi tutulub silinməsi barədə məlumat verilmiş və iddiaçıdan borc məbləğinin ödənilməsini tələb etmişlər. Verilən məlumatdan iddiaçıya məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə o, evdə olmadığı zaman cavabdeh Birliyin əməkdaşları tərəfindən qaz sayğacına baxış keçirilmiş və təbii qazdan guya sayğacdan kənar qeyri-qanuni istifadə etməsi barədə akt tərtib etmişlər ki, həmin akta əsasən də ona borc hesablanmışdır. İddiaçı bildirir ki, onun yaşadığı ünvanda qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməmişdir. Buna görə də, o, borcu əsassız hesab edir. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsində iştirakı və verdikləri izahatlar barədə məlumat

3. İddiaçı məhkəmə baxışı iclasında iştirak edərək, iddia tələbini müdafiə etmiş və Rayon Məhkəməsinə iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir.

4. Cavabdeh Birlik işin baxılması barədə Rayon Məhkəməsi tərəfindən lazımi qaydada xəbərdar olunsa da, məhkəmə baxışı iclaslarda nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişdir. Bu səbəbdən də, Rayon Məhkəməsi işə cavabdeh Birliyin nümayəndəsinin iştirakı olmadan baxmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına dair hallar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Cavabdeh Birlik onun əməkdaşları tərəfindən iddiaçının barəsində tərtib etdikləri xx.xx.2024-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda göstərilən halların həqiqətə uyğun olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də iddia əsaslı hesab edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat

7. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tətbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakları barədə məlumat

9. İddiaçı və cavabdeh Birliyin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.

10. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Birliyin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) işdə olan sənədlər barədə məlumat

11. Cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan” görünür ki, iddiaçıya məxsus ünvana aid olan qaz xəttinə və qaz sayğacına baxış keçirilən zaman abonentin – iddiaçının təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir.

12. Cavabdeh Birliyin əməkdaşlarının tərtib etdikləri xx.xx.2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, iddiaçıya aid ünvanda quraşdırılmış qaz sayğacının maksimal saatlıq qaz sərfi 6 kub m/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyanın həcmi 25.920 kub m hesablanmışdır.

13. Cavabdeh Birlik tərəfindən tərtib edilmiş “Abonentin saldosundan” görünür ki, yuxarıda qeyd edilən akta və tələbnaməyə əsasən iddiaçıya əlavə sərfiyyat kimi 3.110,40 manat borc hesablanmışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

14. Yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, iş üzrə tərəflər arasında mövcud mülki mübahisənin yaranmasına səbəb iddiaçıya məxsus ünvana aid qaz xəttinə müdaxilənin edilməsi faktının aşkar edilməsi olmuşdur. Belə olan halda da, mübahisə, cavabdeh Birliyə dəymiş maddi zərərin əvəzinin iddiaçı tərəfindən ödənilməsinin əsaslı olub-olmaması ilə bağlıdır.

15. Bunu nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).

16. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə görə, enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması bu Qanun və ona müvafiq qəbul edilən digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Qeyd olunan prosessual və maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, cavabdeh Birlik tərəfindən istehlakçının - iddiaçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər istehlakçıdan tələb edilmişdir.

19. Belə ki, hazırkı mülki işin məhkəmə araşdırması zamanı Birliyin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt” tərtib edilsə də, cavabdeh Birlik həmin aktda göstərilən faktı – iddiaçının təbii qazın talanmasında təqsirli olmasını təsdiq edə biləcək müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qüvvəyə minmiş qərarlarını məhkəmələrə təqdim etməmişdir.

20. Buna görə də, göstərilənləri nəzərə alan Məhkəmə, yuxarıda qeyd edilən akt əsasında hesablanmış borcun silinməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir.

21. Bu baxımdan hesab edilməlidir ki, cavabdeh Birliyin qətnamədən verdiyi apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla əsassızdır. h) apellyasiya baxışının nəticəsi

22. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

23. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

24. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Birlik tərəfindən ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

26. Məhkəmə həmçinin bildirir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

27. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 oktyabr 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar