Məhkəmə qərarları › İş №2(103)-171/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-171/2025

17.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-171/2025 17.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər X11 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçılar İddiaçı4, İddiaçı1, Cavabdeh2, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər X11 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-3354/2023 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ünvan 1 ünvanında yerləşən “B” tikilisindən 2 otaqdan (y/s - 16 kv.m, k/s - 18,1 kv.m) y/s- 5 kv.m xx.xx.2021-ci il tarixdən İddiaçı2 Qaım oğlunun, y/s – 4 kv.m, k/s-6 kv.m xx.xx.2021-ci il tarixdən İddiaçı1, y/s – 4 kv.m, k/s-6 kv.m xx.xx.2021-ci il tarixdən İddiaçı3, y/s – 3 kv.m, k/s-6,1 kv.m nxx.xx.2021-ci il tarixdən İddiaçı4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Bundan əvvəl həmin 2 otağa dair İddiaçı4 mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır.

3. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Şirvanzadə küçəsi 36 ünvanında yaşayan X3 həmin ünvanda yaşayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma barəsində qaldırdığı iddia təmin edilməmiş, Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddiasının təmin edilərək onların Bakı şəhəri, Şirvanzadə küçəsi 36 ünvanında onlara aid olan iki otaq bir mətbəxdən ibarət tikilidə istifadə hüquqlarının tanınması qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 1MK-150/2001 nömrəli, xx.xx.2001ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.

4. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-560/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilk iddia üzrə İddiaçı4 ünvan 3 saylı evin B tikilisində onun mülkiyytində olan 2 otağa köçürülməsi, Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı4 qarşı “ünvan 3 ünvanına dair X5 və İddiaçı4 verilmiş vərəsəlik şəhadətnamələrinin və bunun əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, mənzilin istifadələrində olan hissəsinə Cavabdeh1 mülkiyyət hüququnun tanınması və həmin hissədə adına çıxarışın verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd olunması qət edilmişdir.

5. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2405/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı4 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evinin B tikilisində olan 2 otağından çıxarılmaqla, istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7111/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələrin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları ünvan 1 ünvanında yerləşən “B” tikilisindən 2 otaqdan (y/s - 16 kv.m, k/s - 18,1 kv.m) ibarət istifadə hüquqlarına yalnız mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər X11 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsi ünvanında yerləşən 36 saylı mənzil üzərində istifadə hüququna 9.000 manat kompensasiya ödənilməklə xitam verilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evinin “B” tikilisindən 2 otaq (y/s-16 kv.m və k/s-18,1 kv.m) İddiaçı4 mərhum əri X5 məxsus olmuşdur. X12 xx.xx.2017-ci il tarixdə vəfat etdikdən sonra xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlak kimi İddiaçı4 mülkiyyətinə keçmişdir və ona xx.xx.2019-cu il tarixli elektron çıxarış verilmişdir. Həmin evin faktiki sahələri - 4,3 kv.m, 18,4 kv.m, 8,1 kv.m, 3,4 kv.m, 15,8 kv.m, 13,0 kv.m olmaqla, ümumi sahəsi 50 kv.m və həyətyanı sahəsi 13 kv.m-dən ibarətdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-560/2019 nömrəli qətnaməsi ilə İddiaçı4 Yasamal rayonu, S.Dağlı küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evinin “B" tikilisində olan 2 otağına köçürülməsi qət edilmişdir. Hal-hazırda həmin fərdi yaşayış evi üzərində elektron çıxarışa əsasən İddiaçı4 başqa digər şəxslərin, yəni İddiaçı2, İddiaçı1 və İddiaçı3 da payı mövcuddur. Cavabdehlər onlara məxsus “B” tikilisində olan 2 otaq və 1 mətbəxi zəbt edərək mənzil üzərində onların mənzil hüquqlarının həyata keçirilməsinə maneçilik törədirlər. Cavabdehlər mənzillərindən sərbəst istifadə etməyə və mənzillərində yaşamağa maneəçilik törədərək imkan vermirlər. Bakı şəhəri, 8-ci km. qəsəbəsi, Q.Qarayev küçəsi, 28-ci məhəllə, ev 29, 104 saylı mənzil xx.xx.1995-ci il tarixdən Cavabdeh1 xüsusi mülkiyyətindədir. Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.1995-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən həmin mənzil xüsusi mülkiyyət kimi Cavabdeh1 adına hüquqi qeydiyyatdan keçirilmişdir. Göründüyü kimi, Cavabdeh1 özünün xüsusi mülkiyyətində əmlakı var, onun istifadə hüquqlarına xitam veriləcəyi halda o yaşayış yerindən məhrum olmayacaq, yaşamaq üçün hətta evi də mövcuddur.

8. Cavabdehlər iddia ərizəsinə qarşı etiraz təqdim edərək etirazı belə əsaslandırmışlar ki, iddiaçının iddiası əsassızdır, təmin edilə bilməz. Belə ki, qeyd edilən ünvandakı mənzilin bir otağını iddiaçının qaynatası İddiaçı1 Bayraməli oğlu 1956-cı ildə aralarında olan razılaşmaya əsasən Cavabdeh1 nənəsi Asya Məmmədovaya satmışdır. Həmin vaxtdan da nənəsi və valideynləri köçüb həmin ünvanda qeydiyyata alınmaqla yaşamışlar. İddiaçı1 onlara satdığı bir otaqlı mənzili söküb yerində hal-hazırda istifadələrində olan mənzili yenidən tikmişlər. Həmin vaxtdan mənzil İddiaçı4 yaşadığı mənzildən tam təcrid olunmuşdur. Cavabdeh1 özü də həmin ünvanda anadan olmuş, hərbi xidmətə getmiş və qayıtdıqdan sonra yenə qeydiyyata alınmaqla həmin ünvanda yaşamaqda davam etmişdir. Cavabdeh1 nənəsi X8 xx.xx.1995-ci ildə, X9 isə xx.xx.1997-ci ildə həmin ünvanda vəfat etmişlər. İddiaçı1 sağlığında heç vaxt aralarında mənzil mübahisəsi olmamışdır. Cavabdeh2 da nikaha daxil olduqları vaxtı həmin mənzilə gəlin gəlmişdir, bütün qonşular da bilirmiş ki, İddiaçı1 mənzili onlara satmışdır. İddiaçı1 mənzili valideynlərinə satan zaman bildirmişdir ki, həmin ünvandan başqa səxslərə də mənzillər satıb, gələcəkdə hamısını özü ayırıb sənədləşdirəcək. O, 1975-ci ildə vəfat etmişdir. Onun ailə üzvləri ilə də aralarında mənzil mübahisəsi olmamışdır. Ancaq, valideynləri vəfat etdikdən sonra 2000-ci ildə iddiaçının əri X1 Rayon Məhkəməsində iddia qaldıraraq guya Cavabdeh1 və valideynlərinin həmin mənzildə kirayənişin olduqlarını əsas gətirərək mənzildən çıxarılmalarını tələb etmişdir. Qarşılıqlı iddia ilə müraciət edərək mənzilin istifadələrində olan hissəsinə istifadə hüquqlarının tanınmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, həqiqətən də mənzilin onların istifadəsində olan hissəsi İddiaçı1 tərəfindən nənəsi Asya Məmmədovaya satılmış, valideynləri və nənəsi isə həmin mənzili sökərək yerində hazırda Cavabdeh1 istifadəsində olan mənzili öz vəsaitləri hesabına tikdirmişlər. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli 2-1461/2000 nömrəli qətnaməsi ilə ünvan 4 ünvanda yaşayan iddiaçı X3 həmin ünvanda yaşayan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "Cavabdeh2 və Cavabdeh1 ünvan 8 nömrəli fərdi yaşayış evindən çıxarılma" tələbinə dair ilk iddiası rədd edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu Şərifzadə (indiki S.Dağlı) küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evində özlərinə məxsus olan 2 otaq, bir mətbəxdən ibarət tikilidən istifadə hüquqları tanınmışdır. Həmin qətnamədə olan şahid ifadələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu Şərifzadə (indiki S.Dağlı) küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evində özlərinə məxsus olan 2 otaq, bir mətbəxdən ibarət tikilidən mülkiyyətçi kimi istifadə etmiş, həmin evdə kirayə olmamışlar. Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2001-ci il tarixli 1MK-150/2001 nömrəli qətnaməsi ilə iddiaçı X3 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21.11,2000-ci il tarixli 2- 1461/2000 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayonu Şərifzadə (indiki S.Dağlı) küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evində özlərinə məxsus olan 2 otaq, bir mətbəxdən ibarət tikilini Cavabdeh1 nənəsi Asiya Məmmədova iddiaçı X3 atası İddiaçı1 Bayram oğlundan 1956-cı ildə pulla satın almışdır, yenidən tikərək şəxsi əmlakları kimi istifadə və sahiblik etmişlər. Cavabdeh1 özü 1966-cı ildə həmin evdə doğulmuş və pasport qeydiyyatında olmaqla qanuni əsaslarla öz ailəsi ilə həmin evdə yaşayır. Cavabdeh tərəfindən əvvəlki məhkəmə işlərində təqdim edilmiş mənzilin texniki pasportundan görünür ki, mənzilin "B" tikilisi 8 otaqdan və köməkçi sahələrdən ibarətdir. Həmçinin də mənzilin “B" tikilisi özü də iki hissədən ibarətdir. Cavabdeh özü də hal hazırda ailə üzvləri ilə mənzilin "B" tikilisinə aid hissəsində yaşayır. "A” tikilisinə aid sahəni isə Kamran Tağıyev sağlığında satmışdır. Göründüyü kimi, cavabdeh mənzilin “A" tikilisinə aid hissəsini və “B” hissəsinin də bir hissəsini satıb, bir hissəsində də özü yaşadığı halda onun istifadəsində və sahibliyində olan hissəsinə də vərəsəlik yolu ilə mülkiyyət əldə etməsini iddia edir. Həmçinin də DƏDRX-nin 1 saylı BƏİnin xx.xx.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 3 nömrəli evin 1956-1990-cı illəri əhatə edən müddətdə şəxsi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçməsi barədə məlumat idarənin arxivində aşkar edilməmişdir. Ev xx.xx.1991-ci il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmişdir. Buradan da məlum olur ki, Xədicə Tağıyevanın həyat yoldaşı olan İddiaçı1 mənzili onun valideynlərinə satan zaman mənzil hüquqi qeydiyyata alınmamışdır. Bu səbəbdən də mənzilə dair alqı-satqı müqaviləsi olmamışdır. Mənzildə qeydiyyatda olmaqla 1956-cı ildən valideynlərinin, halhazıradək də onların yaşadıqları və valideynlərinin şəxsi vəsaiti hesabına tikilmiş mənzilə dair qanunsuz yolla xəbərləri olmadan əldə edilmiş mülkiyyət hüququnun əsası yoxdur.

9. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 3354/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-nin ekspertlərinə həvalə edilmişdir.

10. "xxxx" MMC-nin 71 nömrəli, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən İddiaçı4 məxsus ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin B tikilisində 2 otağın bazar dəyəri 75.000 manat, 1 aylıq kirayə haqqının isə 200 manat təşkil etdiyi müəyyən edilmişdir.

11. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 3354/2023 nömrəli qətnaməsi ilə (hakim O.Q.Məmmədli) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsi ünvanında yerləşən 36 saylı mənzil üzərində istifadə hüququna 9.000 manat kompensasiya ödənilməklə xitam verilməsi və cavabdehlərin mənzildən çıxarılması qət edilmişdir.

12. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən “B” tikilisindən 2 otaq (y/s-16 kv.m, k/s- 18,1 kv.m)-dən (y/s- 5 kv.m) xx.xx.2021-ci il tarixdən İddiaçı2 Qaım oğlunun, (y/s – 4 kv.m, k/s-6 kv.m) xx.xx.2021-ci il tarixdən İddiaçı1 adına, (y/s – 4 kv.m, k/s-6 kv.m) xx.xx.2021-ci il tarixdən İddiaçı3 adına, (y/s – 3 kv.m, k/s-6,1 kv.m) xx.xx.2021-ci il tarixdən İddiaçı4 adına qeydiyyata alınmışdır. cavabdehlər X11 və Cavabdeh2 mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşayırlar və mübahisəli mənzil üzərində istifadə hüquqları vardır. Bu onların yeganə yaşayış yeridir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər X11 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsi ünvanında yerləşən 36 saylı mənzil üzərində istifadə hüququna 9.000 manat kompensasiya ödənilməklə xitam verilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təklifi qəbul etməmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər.

14. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehlərə təklif edilən 9.000 manat məbləğində pul vəsaiti ilə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi üçün kifayət edir. Odur ki, qeyd edilən məbləğ mövcud bazar qiymətinə uyğun müəyyən olunmuşdur və iddia tələbi təmin edilməlidir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 158.1.2, 228.2-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarına, R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına, Mülki Prosesssual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdehlər həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvandakı mənzilin bir otağını iddiaçının qaynatası İddiaçı1 Bayraməli oğlu 1956-cı ildə aralarında olan razılaşmaya əsasən Ələsgər Məmmədovun nənəsi Asya Məmmədovaya satmışdır. Həmin vaxtdan da nənəsi və valideynləri köçüb həmin ünvanda qeydiyyata alınmaqla yaşamışlar. İddiaçı1 onlara satdığı bir otaqlı mənzili söküb yerində hal-hazırda istifadələrində olan mənzili yenidən tikmişlər. Həmin vaxtdan mənzil İddiaçı4 yaşadığı mənzildən tam təcrid olunmuşdur. Cavabdeh1 özü həmin ünvanda anadan olmuş, hərbi xidmətə getmiş və qayıtdıqdan sonra yenə qeydiyyata alınmaqla hənin ünvanda yaşamağa davam etmişdir. Cavabdeh1 nənəsi X8 xx.xx.1995-ci ildə, X9 isə xx.xx.1997-ci ildə hənin ünvanda vəfat etmişlər. İddiaçı1 sağlığında heç vaxt aralarında mənzil mübahisəsi olmamışdır. Cavabdeh2 da nikaha daxil olduqları vaxtı həmin mənzilə gəlin gəlmişdir. Bütün qonşular da bilirmiş ki, İddiaçı1 mənzili onlara satmışdır. İddiaçı1 mənzili valideynlərinə satan zaman bildirmişdir ki, həmin ünvandan başqa şəxslərə də mənzillər satıb, gələcəkdə hamısını özü ayırıb sənədləşdirəcək. O, 1975-ci ildə vəfat etmişdir. Onun ailə üzvləri ilə də aralarında mənzil mübahisəsi olmamışdır. Ancaq valideynləri vəfat etdikdən sonra 2000-ci ildə iddiaçının əri X1 Rayon Məhkəməsində iddia qaldıraraq guya Ə. Məmmədovun və valideynlərinin həmin mənzildə kirayəşin olduqlarını əsas gətirərək mənzildən çıxarılmalarını tələb etmişdir. Qarşılıqlı iddia ilə müraciət edərək mənzilin istifadələrində olan hissəsinə istifadə hüquqlarının tanınmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, həqiqətən də mənzilin onların istifadəsində olan hissəsi İddiaçı1 tərəfindən nənəsi Asya Məmmədovaya satılmış, valideynləri və nənəsi isə həmin mənzili sökərək yerində hazırda Cavabdeh1 istifadəsində olan mənzili öz vəsaitləri hesabına tikdirmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli, 2-1461/2000 nömrəli qətnaməsi ilə ünvan 4 ünvanda yaşayan iddiaçı X3 həmin ünvanda yaşayan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu, S.Dağlı küçəsi, ev 36 nömrəli fərdi yaşayış evindən çıxarılma" tələbinə dair ilk iddiası rədd edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu Şərifzadə (indiki S.Dağlı) küçəsində yerləşən 36 nömrəli tərdi yaşayış evində özlərinə məxsus olan 2 otaq, bir mətbəxdən ibarət tikilidən istifadə hüquqları tanınmışdır. Həmin qətnamədə olan şahid ifadələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu Şərifzadə (indiki S.Dağlı) küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evində özlərinə məxsus olan 2 otaq, bir mətbəxdən ibarət tikilidən mülkiyyətçi kimi istifadə etmiş, həmin evdə kirayə olmamışlar. Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2001-ci il tarixli 1MK-150/2001 nömrəli qətnaməsi ilə iddiaçı X3 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli 2-1461/2000 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayonu Şərifzadə (indiki S.Dağlı) küçəsində yerləşən 36 nömrəli tərdi yaşayış evində özlərinə məxsus olan 2 otaq, bir mətbəxdən ibarət tikilini Cavabdeh1 nənəsi Asiya Məmmədova iddiaçı X3 atası İddiaçı1 Bayram oğlundan 1956-cı ildə pulla satın almışdır, yenidən tikərək şəxsi əmlakları kimi istifadə və sahiblik etmişlər. Cavabdeh1 özü 1966-cı ildə həmin evdə doğulmuş və pasport qeydiyyatında olmaqla qanuni əsaslarla öz ailəsi ilə həmin evdə yaşayır. Cavabdeh tərəfindən əvvəlki məhkəmə işlərində təqdim edilmiş mənzilin texniki pasportundan görünür ki, mənzilin "B" tikilisi 8 otaqdan və köməkçi sahəbrdən ibarətdir. Həmçinin də mənzilin “B" tikilisi özü də iki hissədən ibarətdir. Cavabdeh özü də hal-hazırda ailə üzvləri ilə mənzilin "B" tikilisinə aid hissəsində yaşayır. "A” tikilisinə aid sahəni isə Kamran Tağıyev sağlığında satmışdır. Göründüyü kimi cavabdeh mənzilin “A" tikilisinə aid hissəsini və “B” hissəsinin də bir hissəsini satrb. Bir hissəsində də özü yaşadığı halda onun istifadəsində və sahibliyində olan hissəsinə də vərəsəlik yolu ilə mülkiyyət əldə etməsini iddia edir. Həmçinin də DƏDRX-nin 1 saylı BƏİnin xx.xx.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 3 nömrəli evin 1956-1990cı illəri əhatə edən müddətdə şəxsi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçməsi barədə məlumat idarənin arxivində aşkar edilməmişdir. Ev xx.xx.1991-ci il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmişdir. Buradan da məlum olur ki, Xədicə Tağıyevanın həyat yoldaşı olan İddiaçı1 mənzili onun valideynlərinə satan zaman mənzil hüquqi qeydiyyata alınmamışdır. Bu səbəbdən də mənzilə dair alqı-satqı müqaviləsi olmamışdır. Mənzildə qeydiyyatda olmaqla 1956-cı ildən valideynlərinin, hal-hazıradək də onların yaşadıqları və valideynlərinin şəxsi vəsaiti hesabına tikilmiş mənzilə dair qanunsuz yolla xəbərləri olmadan əldə edilmiş mülkiyyət hüququnun əsası yoxdur. Bundan başqa Bakı Apelyasiya Məhkəməsinin 04 aprel 2019-cu il tarixli 4087 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, həmin ekspert tədqiqatın nəticə hissəsinə əsasən ünvan 6 ünvanda yerləşən İddiaçı4 yaşadığı mənzilin faktiki olaraq yaşayış və köməkçi sahə kimi istifadə olunan 5 otaqdan və həyətyanı sahədən ibarət olduğu, mənzilin ümumi sahəsi 50,0 kv.metr, həyətyanı sahə 13 kv. metr təşkil etdiyi müəyyən olunmuşdur. Eyni zamanda, həmin ünvan üzrə X4 və Cavabdeh2 istifadələrində olan mənzilin faktiki olaraq yaşayış və köməkçi sahə kimi istifadə olunan 4 otaqdan, eləcə də mənzilin qarşısında yerləşən həyətyanı sahədən ibarət olduğu, mənzilin sahəsinin 33.6 kvmetr, həyətyanı sahənin 12.0 kv.metr təşkil etdiyi müəyyən olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Əmlak Məsəbləri Dövlət Komitəsinin yarında Daşınmaz Əmlakm Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışda qeyd olunan “B” tikilisindən 2 otağın İddiaçı4 faktiki yaşadığı mənzilə aid olmadığı müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzə alaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışda qeyd olunan “B” tikilisindən 2 otağın X4 və Cavabdeh2 faktiki istifadələrində olan mənzilə aid olmadığı müəyyən edilmişdir. Məhkəmə araşdırmanın daha ətraflı aparılması məqsədilə dəvət olunan ekspert tədqiqatının nəticə hissəsində qeyd edilənləri bir daha təsdiq etmişdir. Eyni zamanda "xxxx" MMC-nin 71 saylı, 25 sentyabr 2023-cü il tarixli daşınmaz əmlakın qiyrnətləndirilməsi barədə hesabatına əsasən ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin B tikilisində 2 otağın bazar dəyəri 75.000 manat, 1 aylıq kirayə haqqının isə 200 manat təşkil etdiyi müəyyən edilmişdir. Qeyd edir ki, bu qiymətləndirmə həqiqəti əks etdirmir və hesab edir ki, həmin daşınmaz əmlakların real bazar dəyərinin müəyyən edilməsi mülki işin hərtərəfli və obyektiv araşdırılmasına xidmət edir. Bu səbəbdən təkrar ekspertizanın təyin edilməsi zəruridir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və cavabdehlərin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

20. Cavabdehlərin nümayəndəsi və vəkili həmçinin bildirdi ki, mübahisəli mənzil iddiaçının qaynatası İddiaçı1 Bayraməli oğlu tərəfindən 1956-cı ildə cavabdeh Ələsgər Məmmədovun nənəsi Asya Məmmədovaya satılmışdır. Həmin vaxtdan orada yaşayırlar, onların sahibliyində və istifadəsindədir. Ələsgər Məmmədov özü həmin ünvanda anadan olmuşdur. Bunu qonşular da təsdiq edirlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli, 2-1461/2000 nömrəli qətnaməsi hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyır. Həmin qətnamədə olan şahid ifadələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu Şərifzadə (indiki S.Dağlı) küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evində özlərinə məxsus olan 2 otaq, bir mətbəxdən ibarət tikilidən mülkiyyətçi kimi istifadə etmişlər. Hətta həmin evi söküb özləri yenidən tikmişlər. Bakı Apelyasiya Məhkəməsinin 04 aprel 2019-cu il tarixli 4087 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur, həmin iş üzrə ekspert rəyinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışda qeyd olunan “B” tikilisindən 2 otağın X4 və Cavabdeh2 faktiki istifadələrində olan mənzilə aid olmadığı müəyyən edilmişdir. Hesab edir ki, hazırki ekspert rəyində müəyyən olunmuş məbləğ normal qiymətdir. Lakin onlar kompensasiyanın verilməsi ilə razı deyillər. Bir daha qeyd edir ki, 2019-cu ilə dair iş materiallarında ekspert rəyi mövcuddur. Reyestr xidmətinin mütəxəssisləri yerinda baxış keçirərkən müəyyən etmişdirlər ki, cavabdehlərin hazırda yaşadıqları evin çıxarışda olan evə aidiyyatı yoxdur. Hazırda inzibati məhkəmənin icraatında olan iş üzrə vəsatət hazırlamışlar. Belə ki, ekspertlər tərəfindən xüsusi avadanlıqlarla yerində baxış keçirərlərsə və qeyd etdiyi fakt həmin iş üzrə təsdiq olunarsa həmin hal hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edəcək. Cavabdehlər mülkiyyətçidir və ekspert rəyi ilə razı deyillər. Cavabdehlər orada yaşadığı halda iddiaçı tərəfindən bir hissəsi İddiaçı2 satılmışdır. İşə apellyasiya instansiyasında qoşulduğu üçün iddiaçının çıxarışının cavabdehlər tərəfindən mübahisələndirilib-mübahisələndirilməməsi barədə məlumatı yoxdur.

21. Cavabdeh2 ona verilmiş suallara cavab olaraq bildirdi ki, orda onlara məxsus olan iki otaq, qabağında isə mətbəx yerləşir. Həyat yoldaşı X6 atasından qalan ev 1996-cı ildə satılıb. Hazırda bir evləri var. O ev həyat yoldaşına dayısının övladı olmadığı üçün miras qalıb, həmin ev Hüseyn Cavid prospekti 91-ci bina ünvanında yerləşir. Ancaq daimi evi hazırda mübahisə predmeti olan evdir. O, miras qalmış evi həyat yoldaşı işləmədiyi üçün kirayə vermişlər.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı4 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdilər.

23. İddiaçı4 izahatında bildirdi ki, 30 ildir ki, cavabdehləri oradan çıxara bilmir. Miras əmlakla bağlı məhkəmə iclası keçirilən zaman X4 dayısı həmin məhkəmə iclasında iştirak etmişdir. Qayınatasının iki həyat yoldaşı olub. Mülk iki həyat yoldaşı və uşaqlar arasında bölünüb. Həmin vaxt alardılar və belə olan halda bölgüyə düşməzdi. Həmin məhkəmə işi üzrə hakim tərəfindən qəbul olunmadı və bildirildi ki, onlar orada kirayə qalıblar. Hər necə qalıblarsa, əsas evin kiçik otağını onlara verdilər. Hazırda qaynanası da, həyat yoldaşı da dünyasını dəyişib. Nə üçün cavabdehlərə verilən hissə onun və övladlarına düşən hissədən çıxılmalıdır? Tikinti şirkəti 30 kv.m sahəsi olan ev üçün onlara kirayə haqqı 300 manatdan verib. Lakin qonşulara ailə tərkibi və evin sahəsi böyük olduğu üçün 500 manat və daha artıq verib. O aldadılmışdır. Bu baxımdan ekspert rəyində 600 manatın müəyyən olunmasını ədalətli hesab etmir. Cavabdehlərin iki evi var. Onlar evdən çıxarıldıqdan sonra belə küçədə qalmayacaqlar. Evlərdən biri X4 atasından qalıb. 30 ildir iddiaçının evində yaşayaraq öz evlərini kirayə verirlər. Evi notariusla satmışdır. Cavabdehlər evdən çıxmadığı üçün hazırki iddianı qaldırmışdır. İddiaçı2 da iş üzrə iddiaçıdır. Cavabdehlərə 15.000 manat kompensasiya ödəməyə razıdır.

24. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə digər iddiaçılara rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

25. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş İddiaçı4 nümayəndəsi və vəkili izahat verərək bildirmişdir ki, evə dair çıxarış təqdim olunub, birmənalı olaraq İddiaçı4 mülkiyyətçidir, mülkiyyət hüququ təsdiqlənib. Eyni zamanda paylı mülkiyyətdir, digər şəxslərin də payı müəyyən olunub. Qarşı tərəf 30 il fasiləsiz istifadə ilə bağlı Mülki Məcəllənin 178-ci maddəsinə istinad edir. Qeyd edir ki, Mülki Məcəllə 2000-ci ildə qəbul olunub, bu maddə 2030-cu ildən tətbiq olunacaq, hazırki işə aidiyyəti yoxdur. Ekspert rəyində isə həqiqətən də İddiaçı4 və cavabdehlərin yaşayış sahələri müəyyən olunub. İddiaçı4 evi 50 kv.metr deyil, hal-hazırda çıxarışda da 34 kv.metrdir(8 kv.metr+16 kv.metr). Ekspert rəyi ilə müəyyən olunub ki, cavabdehlər 34 kv.metr sahədə yaşayırlar. Çıxarış da iddiaçıya ona uyğun verilib, qətnamə ilə iddiaçı həmin 34 kv.metr sahəyə köçürülüb, Ali Məhkəmənin qərarı ilə də həmin qətnamə qüvvədə saxlanılıb. Ekspert rəyi ilə təsdiq olunub ki, həm iddiaçının, həm cavabdehlərin yaşadığı sahə 34 kv.metrdir. "xxxx" MMCnin mütəxəssisi evə baxış keçirib, fotoşəkillər əlavə olunub. İddiaçıdan əlavə 3 paylı mülkiyyətçi də var. Ev 70.000 manat qiymətləndirilib. Hesab edir ki, 600 manatdan hesablandıqda böyük məbləğ edir. Tikinti şirkəti cavabdehlərə deyil, mülkiyyətçiyə kompensasiya ödəyəcəkdi.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13.İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.2. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur.

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

28. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı: ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarı: Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Hazırkı işdə iddia təmin olunduğundan və apellyasiya şikayətində cavabdehlər qətnaməni tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi kompensasiya məbləği hissəsində dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, eyni zamanda qətnamədə onun icra qaydası müəyyən edilməlidir.

34. İddiaçılar hazırki tələblə məhkəməyə müraciət edərək paylı mülkiyyətlərində olan Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsi ünvanında yerləşən 36 saylı evin “B” tikilisindən (2 otaq (y/s - 16 kv.m, k/s - 18,1 kv.m)) cavabdehlərin kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsini və onların həmin sahədən çıxarılmasını xahiş etmişlər.

35. Cavabdehlər apellyasiya şikayətində həmin sahə ilə bağlı əvvəlki mübahisələr üzrə alınmış ekspert rəyinə istinad edərək B” tikilisindən 2 otağın onların faktiki istifadələrində olan mənzilə aid olmadığının müəyyən edildiyinə istinad etsələr də, işdə olan qanuni qüvvəsini almış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı4 hazırki iş üzrə cavabdehlərə qarşı “B” tikilisində onun mülkiyyətində olan 2 otağa köçürülməsi barədə iddia qaldıran zaman, cavabdehlər məhz həmin 2 otağa dair İddiaçı4 verilmiş xx.xx.2018-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməni və xx.xx.2018-ci il tarixli dövlət reyestrindən çıxarışı mübahisələndirmişlər və iddiaları təmin olunmamışdır.

36. Bundan başqa, işə apellyasiya qaydasında baxılarkən "xxxx" MMC-dən alınmış xx.xx.2025-ci il tarixli, 0150 nömrəli rəydən müəyyən olunur ki, qiymətləndirmə obyektinin istismar müddəti başa çatmış, fərdi yaşayış evinə baxış zamanı tikilinin 2 yaşayış otaqlarından ibarət olduğu, yaşayış sahəsinin 16 kv.m, köməkçi sahənin 18.1 kv.m olduğu müəyyən edilmişdir.

37. İşdə olan qanuni qüvvəsini almış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2405/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə isə müəyyən edilir ki, İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı4 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evinin B tikilisində olan 2 otağından çıxarılmaqla, istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilmişdir.

38. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları ünvan 1 ünvanında yerləşən “B” tikilisindən 2 otaqdan (y/s - 16 kv.m, k/s - 18,1 kv.m) ibarət istifadə hüquqlarına yalnız mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər.

39. Kollegiyanın iclasında tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçıların mülkiyyətində olan yaşayış sahəsi cavabdehlərin yeganə yaşayış yeri deyil. Belə ki, cavabdeh A.A.Məmmədovun hazırda mülkiyyətində Hüseyn Cavid prospekti 91-ci bina ünvanında evi var və həmin ev kirayəyə verilmişdir.

40. Apellyasiya araşdırması zamanı kollegiyanın xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilsə də, ekspertlər mənzil ətrafı ərazi sökülü vəziyyətdə olduğundan və həmin ərazi üzrə analoji mənzillər haqqında internet satlarında, eləcə də mərkəzdə məlumat olmadığından tədqiqatın aparılmasından imtina edilmişdir.

41. Bundan sonra kollegiyanın xx.xx.2024-cü il tarixli qərardadı ilə ekspertizanın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmiş, MMC-nin 0150 nömrəli, xx.xx.2025-ci il tarixli rəyə əsasən ünvan 1 ünvanında yerləşən mənzilin iddiaçıların mülkiyyətində olan “B” tikilisindən 2 otağın (yaşayış sahəsi - 16 kv.m, köməkçi sahə -18,1 kv.m ) hazırda bazar qiyməti və orta aylıq kirayə haqqı tələblə təklifin qarşılıqlı təsiri nəticəsində aşağıdakı kimi müəyyən olunmuşdur: Bazar qiyməti: 55.000 manat. Kirayə haqqı: 250 manat. Həmin ərazidə yerləşən yeni inşa edilmiş yaşayış binalarında 2 otaqlı orta təmirli mənzillərin bazar qiyməti və orta aylıq kirayə haqqı tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təxminən aşağıdakı kimi müəyyən olunmuşdur: Bazar qiyməti: 135.000 – 145.000 manat. Kirayə haqqı: 650-800 manat.

42. "xxxx" MMC-nin 0150/1 nömrəli, xx.xx.2025-ci il tarixli məlumatına əsasən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsinin olduğu ərazidə yeni inşa edilmiş yaşayış binalarında ümumi sahəsi 34.1 kv.metr olan 2 otaqlı təmirli mənzillər müəyyən edilmir. Bu ərazidəki yeni yaşayış binalarında 2 otaqlı mənzillərin ümumi sahələri 42 kv.metr ilə 123 kv.metr aralığında dəyişir. Həmçinin həmin ərazidəki yeni yaşayış binalarında orta təmirli mənzillərin 1 kv.m-inin dəyərinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində nəzəri qaydada orta hesabla təxminən 2.600 manat olduğu müəyyən olunmuşdur. Bu cür sahəli orta təmirli mənzillərin kirayə dəyərinin isə nəzəri hesablama yolu ilə təxminən 600 manat olduğu müəyyən edilir.

43. Kollegiya qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən kompensasiyanın məbləği müəyyən edilərkən məhkəmələr tərəfindən mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə oxşar şəraitə malik olan yaşayış sahəsində üç illik müddət daxilində yaşamaq imkanı nəzərə alınır. Ekspert rəyinə əsasən həmin məbləğ 9.000 manat (36 ay x 250 manat) təşkil edir.

44. Bununla belə, iddiaçılar İddiaçı4 və İddiaçı1 kollegiyanın iclasında ərizə təqdim edərək cavabdehlərə 15.000 manat məbləğində kompensasiya ödəməyə razı olduqlarını bildirmişlər.

45. Kollegiya qeyd edir ki, həmin məbləğ cavabdehlərə beş il müddətində oxşar şəraitə malik olan yaşayış sahəsində yaşamağa imkan verir (15.000 / 250 = 60 ay).

46. Məhkəmə kollegiyası iş üzrə alınmış rəyi, iddiaçıların təklif etdikləri kompensasiya məbləğini, habelə cavabdehlərin başqa yaşayış sahəsinə malik olduqlarını nəzərə alaraq belə qənaətə gəlir ki, hazırda iddiaçılar tərəfindən təklif edilən 15.000 manat kompensasiya məbləği ədalətlidir.

47. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, kompensasiya olaraq cavabdehlərə 15.000 manat vəsaitin ödənilməsi ilə onların iddiaçıların mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən “B” tikilisindən 2 otaqdan (y/s - 16 kv.m, k/s - 18,1 kv.m) istifadə hüquqlarına xitam verilməsi və həmin sahədən çıxarılmaları eyni vaxtda icra edilməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 3354/2023 nömrəli qətnaməsi kompensasiya məbləği hissəsində dəyişdirilsin. Cavabdehlər X11 və Cavabdeh2 idiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən ödnilməli olan kompensasiyanın məbləği 15.000 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdehlər X11 və Cavabdeh2 15.000 manat məbləğində kompensasiyanın ödənilməsi ilə onların iddiaçıların mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən “B” tikilisindən 2 otaqdan (y/s - 16 kv.m, k/s - 18,1 kv.m) istifadə hüquqlarına xitam verilməsi və həmin sahədən çıxarılmaları eyni vaxtda icra edilsin. İş üzrə keçirilmiş ekspertiza xərcini təşkil edən 400 manat məbləğində vəsait iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 müştərək qaydada tutularaq "xxxx" MMCnin hesabına köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehlərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar