Məhkəmə qərarları › İş №2(103)-1710/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1710/2022

10.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1710/2022 10.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadıqları mənzildə 1997-ci ildən yararsız vəziyyətdə, nömrəsi 000463 olan su sayğacı olduğunu, evdə olmadıqları vaxtlarda sayğaca nəzarət edən şəxslərin ünvana gələrək guya sayğac nömrəsinin onlara qəsdən təqdim edilməməsini qeyd etməklə saxta cərimələr yazdıqlarını, verilən məlumata görə 1997-ci ildən 10 mart 2021-ci il tarixinə kimi onlara 1014,11 manat məbləğində borc hesablandığını, halbuki 2011-ci ildə Prezidentin Sərəncamı əsasında xalqın suya olan borclarının silindiyini, 2013-cü, 2017-ci, 2018-ci və 2019-cu il tarixə qədər atasının Binəqədi su idarəsinə getdiyini, lakin ona balanslarında su sayğacının olmadığının bildirildiyini, 01.02.2021-ci il tarixində olara gələn hesab fakturada ailə üzvləri 4 nəfər olduğu halda, İdarə tərəfindən 5 nəfərin aylıq istehlakının nəzərə alındığını gördüklərini bildirmiş, yaşadıqları evə hesablanmış 1014 manat borcun silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı abonent kodu **********990 olan hesabından su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 2016-cı ilin mart ayının 19-na qədər tələb edilən 444,96 (dörd yüz qırx dörd manat, doxsan altı qəpik) manat borc məbləğinin Cavabdeh ASC tərəfindən silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun qismən – iddiasının təmin edilməyən hissəsində - ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyi, cavabdehin təqdim etdiyi müqavilənin saxta olmasına əhəmiyyət vermədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə etmiş, cavabdehin nümayəndəsi isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya baxışının həddini qətnamənin iddianın təmin edilməyən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı isə yalnız qeyd edilən hissə ilə əlaqədar apellyasiya şikayəti vermişdir. Qeyd olunan kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmayaraq qətnamə iddiaçının mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunan halına əsasən, ünvan 1 ünvanında yaşayan iddiaçı 1997-ci ildən etibarən Cavabdeh ASC-nin abonentidir və 04.03.2021-ci il tarixinə qədər sudan istifadəyə görə ona 1014,11 manat borc hesablanmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, iddiaçının yaşadığı mənzilə 01.02.1998-ci il tarixdə su sayğacı quraşdırılmış, lakin ötən müddət ərzində sayğacın göstəricisi çıxarılmamış (qeydə alınmamış) və iddiaçı tərəfindən sudan istifadəyə görə ümumiyyətlə ödəniş həyata keçirilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh müəssisə iddiaçıdan su və çirkab su xidmətlərindən istifadə etməsi ilə bağlı yaranmış borc məbləğini tələb etməkdə haqlı olsa da, 5 ildən artıq müddət üçün yaranmış borc məbləğini istəyə bilməz çünkü iddiaçının həmin müddət üçün yaranmış borc öhdəliklərinə artıq xitam verilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, sudan istifadəyə görə ümumiyyətlə ödəniş həyata keçirməmiş iddiaçıya yalnız 2016-cı ilin mart ayınadək hesablanmış borc silinə bilər; bu dövrdən sonra yaranmış borc məbləğinin isə əsassız hesablandığı müəyyən olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 1.6-cı bəndinə əsasən, su təhcizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təhcizatı və tullantı sularının axıdılması xidmətləri istehlakçı ilə su təhcizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 4.1.1-ci bəndinə görə, su təhcizatı və kanalizasiya xidmətlərindən istifadə etmək üçün su təhcizatı və kanalizasiya müəssisəsi ilə müqavilə bağlamaq istehlakçının vəzifəsidir; 7.2-ci bəndinə əsasən, STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Qaydaların 7.4-cü və 7.5-ci bəndlərinə əsasən, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qaydaların 7.8-ci bəndinə əsasən, istehlakçı STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına şərait yaratmadıqda, sərf edilmiş suyun həcmi istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən hesablama yolu ilə müəyyənləşdirilir. Əvvəlki l2 (on iki) aylıq dövrdə istifadə edilmiş orta istehlak normasına əsasən aparılmış hesabatlara sonradan müəyyən olunmuş suölçən cihazın faktiki göstəricisinə uyğun olaraq düzəliş aparılır. Düzəliş nəticəsində istehlakçının artıq ödədiyi məbləğ növbəti hesabatlarda nəzərə alınır və ya istehlakçıya geri qaytarılır. Yuxarıda şərh olunanlardan göründüyü kimi iddiaçı, cavabdeh təşkilatın xidmətlərindən 1997-ci ildən etibarən faydalandığını inkar etməməklə yanaşı, 1997-ci ildən hazırkı dövrədək cavabdeh təşkilata hər hansı ödəniş həyata keçirmədiyini də mübahisələndirməməkdədir. Kollegiyanın qənaətinə görə, iddiaçıya məxsus mənzildə quraşdırılan suölçən cihazın işlək vəziyyətdə olmaması, yaxud göstəricisinin qeydə alınmaması, onu istehlak etdiyi su təhcizatı və kanalizasiya xidmətlərinə görə qanunvericiliyə əsasən hesablanmış borcu ödəmək vəzifəsindən azad etmir və birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri, tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3370/2021 saylı iş üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunmaması ilə bağlı hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar