Məhkəmə qərarları › İş №2(103)-1715/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1715/2023

28.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1715/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndələri Nümayəndə və X10 iştirakları ilə, İddiaçı Şirkətinin Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(001)-7788/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Binəqədi qəsəbə Bələdiyyəsinin 29 dekabr 2007-ci il tarixli, 2479 saylı sərəncamı ilə fərdi ev inşa etmək üçün cavabdehə torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsində mübahisəli ev inşa edilmişdir. İddiaçı analoji iddia tələbi ilə cavabdehin atası X11 qarşı tələb irəli sürmüş və nəticə etibarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddianın rədd edilməsinə əsas ondan ibarət olmuşdur ki, ev Cavabdeh ayrılan torpaq sahəsində inşa edilmiş, ona məxsusdur və ona görə iddia tələbi ona qarşı irəli sürülə bilər. Birinci instansiya məhkəməsində icraat İddiaçı Şirkəti cavabdeh Məmmədova (İsmayılova) Rəşadət Əli qızına qarşı “Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılma, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Məmmədova (İsmayılova) Rəşadət Əli qızının 1 saylı mədənin 4-ci sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Məmmədova (İsmayılova) Rəşadət Əli qızı tərəfindən İddiaçı Şirkətinin Saziş üzrə istifadəsinə verilmiş Kontakt sahəsinin ərazisində, 1 saylı mədənin 4-cü sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili Şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi mane yaratdığından, İddiaçı Şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. 29 sentyabr 2004-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X19 Bi.Vi. və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş (“Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Göstərilənlərə əsasən, cavabdeh 1 saylı mədənin 4-cü sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılmalı, özbaşına tikilinin cavabdehin hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7788/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İsmayılova (Məmmədova) Rəşadət Əli qızı 1 saylı mədənin 4-cü sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, həmin tikilinin İsmayılova (Məmmədova) Rəşadət Əli qızının hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq İddiaçı Şirkətinə qaytarılması qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən tikilinin inşa edildiyi torpaq sahəsi dövlət mülkiyyətində saxlanılan ərazidə yerləşməklə, sənaye təyinatlı torpaqlara aiddir. İnşa olunmuş tikili İddiaçı şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində yerləşməklə, neft quyusunun mühafizə zolağı daxilində olduğu müəyyən edilir, tikili şəhərsalma norma və qaydalarına uyğun inşa olunmamışdır. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1, 180.2, 180.4, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddələrinə istinad etmişdir. Binəqədi rayon məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh Binəqədi rayonu Xocəsən qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Başqa sözlə, cavabdehin həmin əmlakla heç bir bağlılığı yoxdur, əmlak onun atası X11 məxsusdur. Bununla bağlı şirkət əvvəllər iddia qaldırmış və həmin iddia son nəticədə təmin olunmamışdır. Şirkət iddia qaldırarkən sökülməsi tələb olunan evdə işiq, qaz və su sayğaclarının Cavabdeh adına olmasına istinad etmişdir. Hal-hazırda sayğaclar X10 adına keçirilmişdir. Bundan əlavə məhkəmə işə baxarkən nəzərə almamışdır ki, şirkət həmin ərazidə müqavilə əsasında fəaliyyət göstərir və ona hansı statusların verilməsindən asılı olmayaraq icarəçidir. Onun belə bir iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Həmin torpaqlar isə Dövlət Neft Şirkətinə məxsusdur. Fövqəladə Hallar Nazirliyinin Əsasnaməsinə uyğun olaraq qanunsuz hesab edilən tikili və binaların sökülməsi ilə bağlı iddia qaldırmaq hüququ həmin Nazirliyin səlahiyyətlərinə aiddir. İddiaçı Şirkəti apellyasiya şikayətinə yazılı etiraz vermişdir. Etiraz belə əsaslandırılmışdır ki, şikayət əsassız olmaqla məhkəmədə çaşqınlıq yaratmağa yönəlmişdir. Belə ki, bundan əvvəl məhkəmədə baxılmış işdə Cavabdeh torpaq sahəsinin və tikilinin ona məxsus olmasını, hazırkı işdə isə onun atası X14 həmin torpağın və tikilinin özünə məxsus olmasını bildirmişdir. Bundan əlavə, Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin 8.6-cı bəndinə əsasən, İddiaçı Şirkəti podratçı tərəflərin neft-qaz əməliyyatları ilə bağlı təlimatlarını və ya göstərişlərini yerinə yetirərək bu Saziş üzrə əməliyyatçı kimi fəaliyyət göstərir. Buna görə də şirkətin hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2561/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Belə ki, Məmmədova (İsmayılova) Rəşadət Əli qızının hazırkı iddiaya cavab verməli olmayan şəxs olması barədə apellyasiya şikayətinin dəlilini kollegiya əsassız hesab edir. İş materiallarının, o cümlədən eyni tələblə bağlı işdə olan Bakı Apellyasiya Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(103)-209/2021 saylı qətnaməsinin təhlili göstərir ki, şikayətin bu dəlili yalnız iddiaya cavab vermək məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Halbuki, şirkət eyni tələblə bağlı bundan əvvəl Əli Məmmədova qarşı məhkəmədə iddia qaldıranda sonuncu həmin torpaq sahəsinin qızı Rəşadət Məmmədovaya ayrıldığını, torpaq sahəsinin və üzərində olan tikilinin ona aidiyyətinin olmadığını bildirmişdi. İddiaçı Şirkətinin hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin 8.6-cı bəndinə əsasən, İddiaçı Şirkəti podratçı tərəflərin neft-qaz əməliyyatları ilə bağlı təlimatlarını və ya göstərişlərini yerinə yetirərək bu Saziş üzrə əməliyyatçı kimi fəaliyyət göstərir. Buna görə də şirkətin hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1, 180.2, 180.4, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddələrinə istinad etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2561/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh kassasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi, yenidən baxılması üçün işin apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edtmişdir. Kassasiya instansiya məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5787/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2561/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, analoji məhkəmə mübahisəsi X2 Azərbaycana qarşı şikayəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxış predmeti olmuş və həmin məhkəmənin 18 noyabr 2021-ci il tarixli qərarı qəbul edilmişdir. Həmin qərarda aşağıdakılar qeyd edilmişdir: “Ərizəçi 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunu yalnız o halda iddia edə bilər ki, mübahisələndirilən qərarlar həmin müddəanın mənasında onun “mülkiyyətinə” aid olsun. “Mülkiyyət” anlayışı “mövcud sahiblik”lə məhdudlaşmır, həm də iddiaçının ən azı ondan səmərəli istifadə etmək üçün ağlabatan və “qanuni gözləntisi” olduğunu iddia edə biləcəyi aktivləri, o cümlədən iddiaları əhatə edə bilər. “Gözlənti” ya qanunvericilik müddəasına, ya da sözügedən əmlak marağına aidiyyəti olan hüquqi akta əsaslanırsa, “qanunidir”. Hər bir halda araşdırılmalı olan məsələ bütövlükdə baxılan işin hallarının ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan hüquqları verməməsidir (baxın Saqinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il, və Keriman Tekin və başqaları Türkiyəyə qarşı, № 22035/10, § 41, 15 noyabr 2016-cı il). Məhkəmə qeyd etmişdir ki, sözügedən ev daxili məhkəmələr tərəfindən icazəsiz tikinti elan edilmişdir. Belə görünür ki, Azərbaycan qanunvericiliyinə görə, icazəsiz tikililər mülkiyyət hüququnun predmetini təşkil edə bilməz (müqayisə üçün baxın İvanova və Çerkezov, Bolqarıstana qarşı, № 46577/15, § 68, 21 aprel 2016-cı il və Kotumanova Rusiyaya qarşı (dek.), № 57964/08, § 52, 11 sentyabr 2018-ci il). Ona görə məhkəmə həmin işdə belə qənaətə gəlmişdir ki, şikayətçinin 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan (mülkiyyət hüquqları) hüquqları pozulmamışdır. Məhkəmə qeyd etmişdir ki, 8-ci maddənin mənasında “ev” anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla qurulmuş binalarla məhdudlaşmamışdır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən “ev” olub-olmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olacaq (baxın: X7rşı, № 66610/10, § 30, 14 mart 2017). Ərizəçi sözügedən evi 2007ci ilin iyul ayında aldıqdan sonra qızı ilə birlikdə bu evdə yaşamışdır. Buna görə də, ev Konvensiyanın 8-ci maddəsinin mənasına görə ərizəçinin evi olmuşdur. Ərizəçinin evdən çıxarılması yerli məhkəmələr tərəfindən icazəsiz tikililəri tənzimləyən hüquqi normalarına uyğun olaraq qərara alınmışdır. Yerli məhkəmələr, o cümlədən, Mülki Məcəllənin 180-ci maddəsinə və Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad etmişlər. Məhkəmənin daxili qanunvericiliyə riayət olunmasını yoxlamaq səlahiyyətinin məhdud olduğunu qeyd edərək, yerli məhkəmələrin ərizəçinin çıxarılmasına dair qərarları daxili qanunvericiliyə uyğun olduğunu demək mümkündür. Lakin, hökumət sözügedən müdaxilənin “ölkənin iqtisadi rifahının maraqları naminə... zəruri olduğunu” iddia etsə də, hazırkı işin vəziyyətində Məhkəmə bu müdaxilənin Azneft-in hüquqlarını qorumaq üçün qanuni məqsəd güddüyünü saymağı daha məqsədəuyğun hesab etmişdir. Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə evin sökülməsinə və ərizəçinin çıxarılmasına qərar verərkən yerli məhkəmələr yalnız onun dövlətə məxsus torpaqda tikilmiş icazəsiz tikinti olduğuna diqqət yetirmişlər (yuxarıda adı çəkilən Bagdonavicius və Digərləri § 102 ilə müqayisə edin). Ərizəçi apellyasiya şikayətlərində sözügedən evin onun yeganə evi olduğunu və başqa ev almaq üçün imkanları olmadığı üçün evdən çıxarılacağı təqdirdə qızı ilə birlikdə evsiz qalacağını iddia etsə də, yerli məhkəmələr bu məqama məhəl qoymamış və gəlişən maraqları qarşılaşdıra bilməmişlər (Kaminskas Litvaya qarşı, № 44817/18, § 64, 4 avqust 2020-ci il ilə müqayisə edin). Bundan əlavə, indiki kimi hallarda mütənasiblik hakimiyyətin torpağı geri almağa çalışdığı istifadə etmək hüququ ilə ayrılmaz şəkildə bağlıdır. Hazırkı işdə nə Azneft yerli məhkəmələrə təqdim etdiyi iddiasında, nə də Hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişlər (Yordanova § 127 və yuxarıda adı çəkilən digərləri).” O cümlədən, mütənasiblik yoxlanılarkən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarında qeyd olunduğu kimi qanunsuz evin kim tərəfindən, nə vaxt inşa edilməsi, müvafiq orqanların tikintiyə ağlabatan müddət ərzində reksiya verib-verməməsi, söküntünün aparılmasında iddiaçının maraqları, torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olub-olmamasına dair sübutların mövcudluğu, cavabdehlərin alternativ yaşayış yerinin, başqa ev almaq üçün imkanlarının olub-olmaması ilə bağlı hallar aydınlaşdırılaraq nəzərə alınmalıdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri ayrıayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasından iştirak edən iddiaçının nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq X2 Azərbaycana qarşı iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərarı. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 9-cu maddəsinin tələblərinə görə 1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları;sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. 22-ci maddəsinin tələblərinə görə sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.

46. Dövlətin obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir.

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Mülki Məcəllə:

180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməməlidir. İşdə olan sübutlardan görünür ki, sökülməsi tələb olunan tikili Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. (i.v.30- 31, 33-34) Cavabdeh tərəfindən tikili inşa edilmiş torpaq sahəsi dövlət mülkiyyətində saxlanılan ərazidə yerləşməklə, sənaye təyinatlı torpaqlara aiddir. İnşa olunmuş tikili İddiaçı şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində yerləşməklə, neft quyusunun mühafizə zolağı daxilində olduğu müəyyən edilir, tikili şəhərsalma norma və qaydalarına uyğun inşa olunmamışdır. Həmin tikilinin yerləşdiyi torpaq sahəsi Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinin 29 dekabr 2007-ci il tarixli 1479 saylı sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi məqsədilə X5 alğı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Bakı İnzibati Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2-1(112)-541/2021 saylı qərardadına əsasən, Binəqədi qəsəbə Bələdiyyəsinin Məmmədova (İsmayılova) Rəşadət Əli qızının istifadəsinə torpaq sahəsinin ayrılması barədə 29 dekabr 2007-ci il tarixli 1479 saylı sərəncamının qanunsuzluğunun tanınması haqqında iddiaçının iddiası mümkün sayılmamışdır. Məhkəmə bu qənaətə gəlmişdir ki, Saziş qanuni qüvvəsini aldığı vaxtdan Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edildiyindən, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verildiyindən, Binəqədi qəsəbə Bələdiyyəsinin 29 dekabr 2007-ci il tarixli 1479 saylı sərəncamının ayrıca bir məhkəmə qərarı ilə qüvvədən düşməsinin müəyyən edilməsinə ehtiyac yoxdur. İş materiallarından həmçinin görünür ki, iddiaçı şirkət bundan əvvəl eyni tələblə X11 qarşı məhkəmədə iddia qaldırmış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Həmin qətnamədən Əli Məmmədov apellyasiya şikayəti vermiş və şikayətdə göstərmişdir ki, həmin torpaq sahəsi və tikili onun deyil, torpaq sahəsi Binəqədi qəsəbə Bələdiyyəsinin 29 dekabr 2007-ci il tarixli 1479 saylı sərəncamına əsasən Məmmədova (İsmayılova) Rəşadət Əli qızına ayrılmışdır və hazırkı iddia tələbi əsl olmayan cavabdehə qarşı irəli sürülmüşdür. Bakı Apellyasiya Məhkəməsi apellyatorun dəlili ilə razılaşaraq torpaq sahəsinin Məmmədova (İsmayılova) Rəşadət Əli qızına ayrılmasını nəzərə alaraq əsl olmayan cavabdehə qarşı iddia qaldırıldığından, 22 sentyabr 2021-ci il tarixli 2(103)-209/2021 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianı rədd etmişdir. Həmin qətnamə ilə həmçinin iddiaçı şirkətə izah olunmuşdur ki, hazırkı iddia tələbi ilə əsl cavabdehə qarşı məhkəmədə iddia qaldıra bilər. İddiaçı Şirkəti bu hüquqdan istifadə edərək Məmmədova (İsmayılova) Rəşadət Əli qızına qarşı iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən tikili inşa edilmiş torpaq sahəsi dövlət mülkiyyətində saxlanılan ərazidə yerləşməklə, sənaye təyinatlı torpaqlara aid olmasına, inşa olunmuş tikilinin İddiaçı şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində yerləşməklə, neft quyusunun mühafizə zolağı daxilində olduğu müəyyən edilməsinə, tikili şəhərsalma norma və qaydalarına uyğun inşa olunmamasına istinad edərək göstərilən nəticəyə gəlmişdir. Hazırda cavabdehin istifadəsində olmaqla, onun tərəfindən tikili inşa edilən torpaq sahəsinin iddiaçının istifadəsində olan torpaq sahəsinin ərazisində yerləşdiyi və həmin torpaq sahəsinin məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olduğu işin mübahisəsiz halıdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd olunan ərazidə inşa edilən özbaşına tikilinin sökülməsini tələb etmək hüququna malik tərəf olmasına baxmayaraq cavabdehin də iddiaçı tərəfin tələbinin əsası kimi istinad etdiyi hal, yəni, torpaq sahəsinin cavabdeh tərəfindən özbaşına zəbt edilməsi halı müəyyən edilməmişdir. Belə ki, iddiaçı tərəf cavabdehin tərəfindən evi inşa edilmiş sahənin onun tərəfindən istifadə edilməsinin hazırki vəziyyətdə iddiaçının hansı hüquq və mənafeyinə xələl gətirməsinə neft-qaz əməliyyatlarının aparılması ilə bağlı müəyyən işlər görülməsinə dair işlərin hazırlanmasına və görülməsinin zəruriliyinə dair mötəbər və tutarlı sübutlar təqdim etməmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilmiş göstərişlərə əsasən cavabdehin hesabına tikilinin sökülməsi, onların evdən çıxarılması tələbinə baxılarkən yol verilmiş pozuntuların aradan qaldırılması və mübahisənin Qərarda şərh edilən Konvensiyanın 8-ci maddəsinin tələbləri fonunda yenidən araşdırılması təmin olunmalıdır. İşə yenidən baxan apellyasiya məhkəməsi mübahisəli hüquqi məsələlərlə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarda qeyd olunan Qərarında şərh edilənlərə uyğun hüquqi dəyərləndirmə aparmaqla məsələ ilə bağlı yekun nəticəyə gəlməlidir. Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyasının 46-cı maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilərinə qiymət verərək hesab edir ki cavabdehin mübahisəli torpaq sahəsini özbaşına zəbt etməsi faktı öz təsdiqini tapmamasından əlavə, müəyyən edilmişdir ki, mübahisəli ev 2007-ci ildə inşa edilmiş, inşası zamanı və sonrakı dövrlərdə (iddia qaldırılana kimi) ərazi üzrə və aidiyyatı orqanlar evin özbaşına tikilməsi ilə bağlı mənfi reaksiyaları olmamış, həmin ev kommunal xidmətlərlə təhciz olunaraq orada yaşayış davam etmiş və etməməkdədir Həmçinin məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları baxımından neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı torpağın hüquqi rejiminə görə sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olmasına baxmayaraq Konvensiyanın 8-ci maddəsinin tələbləri fonunda iddiaçı tərəfindən tikilinin sökülməsi, ərazinin boşaldılmasına dair iddiası təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Belə ki, söküntünün aparılmasında iddiaçının maraqları, torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olub-olmamasına dair sübutlar təqdim edilməmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi oxşar işdə qərara almışdır ki, ərizəçinin şəxsi şəraiti nəzərə alınmaqla onun mütənasibliyi lazımi qaydada yoxlanılmadan evdə çıxarılma qərarı icra ediləcəyi təqdirdə Konvensiyanın 8-ci maddəsi pozulacaqdır. Kollegiya cavabdehlərin alternativ yaşayış yerinin, başqa ev almaq üçün imkanlarının olub-olmaması ilə bağlı halları aydınlaşdırılaraq müəyyən etmişdir ki, cavabdehlərin adına mülkiyyət əsasında qeydə alınmış yaşayış evlərinin olmasına dair iddiaçı tərəfindən də sübut təqdim edilməmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(001)- 7788/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Şirkətinin Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar