Məhkəmə qərarları › İş №2(103)-1718/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1718/2023

03.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1718/2023 03.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilə mülkiyyət hüququnun tanınması və rəsmiləşdirilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 noyabr 2022-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, Cavabdeh vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, anası olan cavabdehin mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil (keçmiş ünvan: Azər Manafov küçəsi, məhəllə 2436, mənzil 199) üzərində onun mülkiyyət hüququnun tanınması və mənzilin onun adına rəsmiləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Rusiya Federasiyasının vətəndaşıdır. O, Rusiya Federasiyasında yaşasa da, 2006-ci ildə Bakı şəhərində mənzil almaq qərarına gəlmiş və mənzil almaq məqsədi ilə “X2” Mənzil-Tikinti Kooperativinə müraciət etmiş və iddia ərizəsində qeyd edilən mənzili MTK-dan almışdır. MTK-nın işçiləri iddiaçıya bildirmişlər ki, o, başqa ölkənin vətəndaşı olduğu üçün gələcəkdə mənzilin qeydiyyata alınmasında və sənədləşdırilməsində çətinliklər ola bilər və iddiaçıya məsləhət görülmüşdür ki, aldığı mənzili baş şəxsin adına rəsmiləşdirilsin. İddiaçıda da, MTK-dan aldığı mənzilin anasının – iş üzrə cavabdehin adına rəsmiləşdirilməsini qərara almış və mənzilə dair MTK ilə bağlanmış müqavilədə alıcı kimi cavabdehin adı qeyd edilmişdir. Müqavilə bağlandıqdan bir neçə il keçdikdən sonra iddiaçı ilə qardaşı (hazırki iş üzrə tərəf olmayan) X3 münasibətləri kəskin formada pisləşmişdir. Bu hal iddiaçı ilə cavabdehin da münasibətlərin pisləşməsinə gətirib çıxarmışdır. Cavabdeh, əvvəllər mənzilin iddiaçıya məxsus olduğunu etiraf etsə də, hazırda bunu inkar edir və nə iddiaçını, nə də ki, iddiaçının ailə üzvlərini mənzilə buraxmır. Bu səbəbdən də, iddiaçı, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı, məhkəməyə müraciət etmək ərəfəsində MTK-ya müraciət etmiş və mənzilin kim tərəfindən alınması barədə ona yazılı məlumat verilməsini xahiş etmişdir. Onun müraciətinə əsasən verilmiş cavab məktubunda MTK bildirmişdir ki, mənzilin tam dəyəri – 78.252 manat pulu nağd və tam olaraq iddiaçı tərəfindən ödənilmiş, lakin MTK-nın rəhbərliyinin məsləhətinə və bu məsləhətlə iddiaçının razılığına əsasən mənzil formal olaraq iddiaçının anasının (cavabdehin) adına rəsmiləşdirilmişdir. Mənzilə dair bağlanmış müqavilə və mənzilə aid bütün sənədlər iddiaçı tərəfindən imzalanmışdır. Alğı-satqı və sövdələşmə proseslərində cavabdeh iştirak etməmişdir.

b) birinci instansiya məhkəməsində iş üzrə tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat

3. İşə Rayon Məhkəməsi tərəfindən baxılan zaman iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir.

4. İşə Rayon Məhkəməsi tərəfindən baxılan zaman cavabdeh iddia tələbini etiraz edərək bildirmişdir ki, mübahisəli mənzil övladı olan iddiaçı tərəfindən deyil, onun özü tərəfindən və öz şəxsi vəsaiti hesabına, 18.000 ABŞ dolları MTK-ya ödənilməklə alınmışdır. Hazırda onun digər övladı Emil Abiyev ilə iddiaçının münasibətləri pozulduğu üçün iddiaçı, Emili evsiz qoymaq üçün mənzili ondan almaq istəyir.

c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mülkiyyət hüququnun tanınması tələb edilən mənzilin cavabdehə məxsus olmaqla cavabdehin mülkiyyətindədir və bu hal Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” cavabdehin adına verilmiş “Çıxarış” ilə təsdiq edilir. Mənzilin xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi “daşınmaz əmlakın dövlət reyestrində” cavabdehin adında qeydiyyata olmasına baxmayaraq, iddiaçı, mənzilə dair cavabdeh ilə MTK arasında bağlanmış müqaviləni və “daşınmaz əmlakın dövlət reyestrindəki” qeydi mübahisələndirmədən mənzil üzərində öz mülkiyyət hüququnun tanınmasını tələb edir. Belə olan halda iddia əsaslı hesab edilə və təmin oluna bilməz.

d) apellyasiya şikayəti barədə məlumat

7. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.

8. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, iddiaçının müraciətinə əsasən MTK tərəfindən verilmiş cavab məktubuna əhəmiyyət verməmiş, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.

e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat

9. İş üzrə iddiaçı işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

10. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi.

f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

11. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” cavabdehin adına verilmiş “Çıxarışdan” görünür ki, mübahisəli mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi reyestrdə cavabdehin adına qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2021).

13. İşə baxmış Rayon Məhkəməsi mübahisəli mənzilin xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi reyestrdə cavabdehin adına qeydiyyata alınması üçün əsas olmuş sənədləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsdən alaraq onları tədqiq etmişdir. Həmin sənədlərin arasında olan və mübahisəli mənzilə aid olan xx.xx.2006-cı il tarixli müqavilədən görünür ki, həmin müqavilə MTK ilə cavabdeh arasında bağlanmışdır. Həmin sənədlərin arasında olan və mübahisəli mənzilə dair xx.xx.2006-cı il tarixdə tərtib edilmiş “Qiymətin razılaşması barədə protokoldan”, xx.xx.2006-cı il tarixdə Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş 013032 saylı “Orderdən” görünür ki, həmin sənədlərdən mənzilin alıcısı kimi cavabdehin adı qeyd edilmişdir.

14. İddia ərizəsində və apellyasiya şikayətində iddiaçının istinad etdiyi, MTK tərəfindən iddiaçıya ünvanlanmış (nömrəsiz və tarixsiz) məktubundan görünür ki, mənzilin tam dəyəri – 78.252 manat pul nağd və tam olaraq iddiaçı tərəfindən ödənilmiş, lakin MTK-nın rəhbərliyinin məsləhətinə və bu məsləhətlə iddiaçının razılığına əsasən mənzil formal olaraq iddiaçının anasının (cavabdehin) adına rəsmiləşdirilmişdir. Mənzilə dair bağlanmış müqavilə və mənzilə aid bütün sənədlər iddiaçı tərəfindən imzalanmışdır. Alğısatqı və sövdələşmə proseslərində cavabdeh iştirak etməmişdir.

15. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, mübahisəli mənzil iddiaçının anasının – iş üzrə cavabdehin xüsusi mülkiyyətində olan daşınmaz əmlak kimi “daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata alınmışdır. Bu qeydiyyat üçün əsas, mənzilə dair MTK ilə cavabdeh arasında bağlanmış müqavilə və MTK tərəfindən mənzilə dair verilmiş digər sənədlər olmuşdur. İddiaçı, mənzilə dair cavabdeh ilə MTK arasında bağlanmış müqaviləni və “daşınmaz əmlakın dövlət reyestrindəki” qeydi mübahisələndirmədən mənzil üzərində öz mülkiyyət hüququnun tanınmasını tələb edir.

16. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (maddələr 13 və 29.).

17. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 №-li Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

18. Və nəhayət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

19. Qeyd edilən maddi hüquq normalarının tələblərinin hazırki mübahisənin həllinə tətbiqi nəticəsində Məhkəmə tərəfindən müəyyən edilir ki, Rayon Məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı, mənzilə dair cavabdeh ilə MTK arasında bağlanmış müqaviləni və “daşınmaz əmlakın dövlət reyestrindəki” qeydi mübahisələndirmədən mənzil üzərində öz mülkiyyət hüququnun tanınmasını tələb etməkdə haqlı deyil.

20. İddiaçının iddia ərizəsində və apellyasiya şikayətində istinad etdiyi və MTK tərəfindən ona ünvanlanmış (nömrəsiz və tarixsiz) məktubla (bax: hazırki qətnamənin 14cü bəndinə) bağlı Məhkəmə bildirir ki, həmin məktub hazırki apellyasiya baxışının predmeti olan iddianın əsaslı hesab edilməsi üçün zəmin yaratmır.

21. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticəsi ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

22. Bunu nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

23. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətindən çıxış edən, MPM-nin 385, 392, 393 və 405 maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 noyabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar