Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-172/2020 21.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, İddiaçı Mədə-Bağırsaq Sanatoriyasının Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxx 2018-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçı Sanatoriyanın nümayəndəsi X3 və cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmiş Sanatoriya, ona məxsus olan və Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsinin bir hissəsində cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş hasarın və tikilinin sökülməsi, həmin sahənin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, iddiaçı Sanatoriyanın balansında olan, Mərdəkan qəsəbəsində keçmiş klubun arxasında yerləşən boş sahədə 4,3 sot torpaq sahəsini zəbt etmiş, hasarlamış və qeyri-qanuni ev inşa etmişdir. Sanatoriyanın rəhbərliyi tərəfindən cavabdehə torpağın boşaldılması, evin və hasarın sökülməsi barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticə olmamışdır. Eyni zamanda, Sanatoriyanın rəhbərliyi cavabdehin bu kimi hərəkəti barədə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə məlumat vermiş və PB-nin əməkdaşının iştirakı ilə akt tərtib olunmuşdur. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, iş üzrə məhkəmə xərclərinin ödənilməsi ilə bağlı cavabdehdən 60 manatın məbləğində pulun “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin, 200 manat məbləğində pulun isə dövlət büdcəsi xeyrinə tutulmasını qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iş üzrə verilmiş mütəxəssis və ekspert rəyləri ilə mübahisəli torpaq sahəsinin iddiaçı Sanatoriyaya məxsus olmasını müəyyən etmək mümkün olmasa da Rayon Məhkəməsi Sanatoriyanı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi qəbul etmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin normasına əsassız olaraq istinad edərək sübuta yetməyən əsassız iddianı təmin etmişdir. Cavabdehin vəkili (nümayəndəsi) Vəkil apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. İddiaçı Sanatoriyanın nümayəndəsi L.Acalova apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. O, öz izahatında əlavə olaraq bildirdi ki, Sanatoriya 1965-ci ildən fəaliyyət göstərir. Bakı Şəhəri Xalq Deputatları Soveti tərəfindən Sanatoriya üçün 2 dəfə torpaq sahəsi ayrılmışdır. İlk dəfə xx.xx.1959-cu il tarixdə 05/820 saylı sərəncamla Sanatoriyanın tikintisi məqsədilə 21,33 ha. torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsi təyinatı üzrə istifadə edilmiş, orada müalicə və yataq korpusları tikilmiş, ərazidə abadlıq işləri aparılmış, Sanatoriyanın işçiləri üçün xidməti evlər tikilərək istifadəyə verilmişdir. İkinci dəfə isə Sanatoriyanın rəhbərliyinin müraciətinə əsasən yeni korpusun tikintisi üçün xx.xx.1970-ci il tarixdə 29/607 saylı qərarla 6,20 ha. torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi 20/86 saylı aktla naturada təhvil verilmiş, təyinatı üzrə istifadə edilmiş, rentgen kabineti, klub, inzibati tikililər inşa edilmişdir. Hər iki torpaq sahəsinə 2004-cü ildən torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı verilmişdir. Son illər Sanatoriyanın ərazisində irimiqyaslı təmir-tikinti və yenidənqurma işləri aparılmış və ərazidə xeyli abadlıq işləri görülmüşdür. Bütün bunlarla yanaşı, Sanatoriyada müalicə olunanların rahatlıqlarını, təhlükəsizliklərini təmin etmək üçün Sanatoriyanın ərazisinə kənar şəxslərin girişinin qarşısını almaq məqsədilə Sanatoriyanın ərazisinin daş hasara alınması nəzərdə tutulmuşdur. Həmin məqsədlə Sanatoriyanın bütün ərazisinə baxış keçirilmiş və məlum olmuşdur ki, iş üzrə cavabdeh tərəfindən Sanatoriyaya məxsus torpaq sahəsi zəbt edilmiş, orada yaşayış evi inşa edilmişdir. Sanatoriyanın rəhbərliyinin zəbt edilmiş sahənin boşaldılması, inşa edilmiş tikintinin sökülməsi barədə tələbinə cavabdeh əməl etmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin məhkəməyə müraciət ediləndə iddia ərizəsinə torpaq sahəsinə aid yanlış sənədlər əlavə edilmişdir. İddia ərizəsinə Bakı Şəhəri XDS İcraiyyə Komitəsinin xx.xx.1959-cu il tarixli, 05/820 saylı qərarı və torpaqdan daimi istifadə hüququna dair 1054 saylı Dövlət Aktı əlavə edilmişdir. Cavabdeh tərəfindən zəbt edilmiş ərazi isə Bakı Şəhəri XDS İcraiyyə Komitəsi tərəfindən 1970-ci ildə 29/607 saylı qərarla ayrılmış 6,20 ha. torpaq sahəsinin hüdudları daxilindədir. Bu torpaq sahəsinə aid xx.xx.2004-cü il tarixdə torpaqdan daimi istifadə hüququna dair 1123 saylı Dövlət Aktı verilmişdir. Ona görə Sanatoriya məktubla müraciət edərək həmin sənədləri təqdim etmiş, mülki işə bu sənədlər əsasında baxılmasını xahiş etmişdir. Sənədlər məhkəmə tərəfindən ekspertiza aparan təşkilata göndərilmişdir. Ekspert öz rəyində də Dövlət Aktına istinad edir. Lakin ekspertiza çox səthi aparılmış, sənədlər nə mütəxəssis, nə də ekspert tərəfindən oxunmamışdır. Əgər sənədlər öyrənilsəydi, məlum olardı ki, ilkin sənədlərdə heç bir uyğunsuzluq yoxdur. Belə ki, Bakı Şəhəri XDS İK-nın xx.xx.1970-ci il tarixli, 29/607 saylı qərarı ilə 6,20 ha. torpaq sahəsi ayrılmış, 20/86 saylı aktla 6,20 ha. sahə naturada təhvil verilmiş və xx.xx.2004-cü il tarixdə 6,20 ha torpaq sahəsindən daimi istifadə hüququna dair Dövlət Aktı verilmişdir. Sənədlərdə heç bir uyğunsuzluq yoxdur, ekspertiza rəyi sənədlər əsasında deyil, subyektiv mülahizə əsasında tərtib edilmişdir. Ona görə də, rəy zəbt olunmuş sahənin Sanatoriyanın daimi istifadəsində olan ərazinin hüdudları daxilində olmasını təkzib edən sübut kimi qiymətləndirilə bilməz. Odur ki, Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının adına verilmiş xx.xx.2004cü il tarixli, JN-1054 saylı “Torpaqdan daimi istifadə hüququna dair dövlət aktından” görünür ki, Bakı Şəhər Xalq X2 Komitəsinin xx.xx.1959-cu il tarixli, 05/820 saylı sərəncamına əsasən Sanatoriyanın tikintisi üçün 16,9 ha torpaq sahəsi ayrılmışdır. Həmin Komitə tərəfindən Konfederasiyanın adına verilmiş xx.xx.2004-cü il tarixli, JN-1123 saylı “Torpaqdan daimi istifadə hüququna dair dövlət aktından” görünür ki, Bakı ŞXDS İK-nin xx.xx.1970-ci il tarixli, 29/607 saylı sərəncamına əsasən 5 mərtəbəli korpus tikintisi üçün Sanatoriyaya əlavə 6,20 ha torpaq sahəsi ayrılmışdır. Xəzər Rayon Polis İdarəsinin əməkdaşının iştirakı ilə tərtib olunmuş xx.xx.2016-cı il tarixli aktda qeyd edilir ki, hazırki iş üzrə cavabdeh Sanatoriyanın balansında olan torpaq sahəsinin 4,3 sotdan ibarət hissəsini zəbt edib, həmin sahəni hasara alıb və orada ev tikib. Sanatoriya tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2016-cı il tarixli, 51 saylı xəbərdarlıq məktubundan görünür ki, Sanatoriya mübahisəli torpaq sahəsinin boşaldılmasını və orada inşa edilmiş hasar ilə evin sökülməsini cavabdehdən tələb etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********85 saylı xx.xx.2017-ci il tarixli məktubu ilə Rayon Məhkəməsinə təqdim edilmiş mütəxəssis rəyində göstərilir ki, JN-1054 saylı Dövlət aktında göstərilmiş sxemə əsasən mübahisələndirilən torpaq sahəsi Sanatoriyanın tikintisi üçün ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşmir. Aparılmış tədqiqatın dəyəri 60 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2647 saylı xx.xx.2017-ci il tarixli ekspert rəyindən görünür ki, Mərdəkan qəsəbəsində keçmiş klubun arxasında yerləşən torpaq sahəsinin Sanatoriyanın balansında olması barədə məlumat olmadığından, həmin torpaq sahəsinin Sanatoriyanın balansında olubolmamasının müəyyən etmək mümkün olmadı. Mütəxəssis rəyinə əsasən aparılmış tədqiqat nəticəsində JN-1054 saylı Dövlət aktında göstərilmiş sxem üzrə mübahisələndirilən torpaq sahəsinin mədə-bağırsaq xəstəlikləri sanatoriyasının tikintisi üçün ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşmədiyinin müəyyən edildiyi göstərilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 28089 saylı xx.xx.2018-ci il tarixli ekspert rəyində isə göstərilir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, **********13 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən, JN-1123 saylı (kod 00300016) “Torpaqlardan daimi istifadə hüququna dair Dövlət Aktı”nın işlənməsinə səbəb olmuş ilkin torpaqayırma sxemlərində uyğunsuzluq olduğu üçün mübahisələndirilən torpaq sahəsinin Sanatoriyanın ərazisinə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş üzrə müəyyən edilmiş hallara əsasən iddianı əsaslı hesab etmiş Rayon Məhkəməsi öz mövqeyini onunla əsaslandırılmışdır ki, ekspert rəyindən aydın olur ki, cavabdehin zəbt etdiyi torpaq sahəsinin JN-1123 saylı Dövlət aktı ilə nəzərdə tutulan ərazidə yerləşdiyini inkar etməmiş, yalnız ilkin torpaqayırma sxemlərində uyğunsuzluğun olması səbəbindən mübahisələndirilən torpaq sahəsinin iddiaçının ərazisinə düşübdüşməməsini müəyyən edə bilməmişdir. İddiaçının yanaşı yoxlanılmış sübutlarla təkzib edilməyən dəlillərini nəzərə alaraq, cavabdehin Sanatoriyanın daimi istifadəsində olan JN- 1123 saylı Dövlət aktı ilə nəzərdə tutulan 6,20 torpaq sahəsinin 4,3 sotunu zəbt edib hasar və ev tikməsi işin hallarına uyğundur və bu halın ekspert tərəfindən müəyyən edilə bilməməsi iddiaçının torpağa dair pozulmuş hüququnun bərpasından imtina üçün əsas deyil. Məhkəmə, xx.xx.2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq və mübahisəli torpaq sahəsinin iddiaçının balansında olub-olmaması halının araşdırılması üçün iş üzrə əlavə məhkəmə mühəndis-torpaqşünaslıq ekspertizası təyin etmiş və ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə verdiyi 26669 saylı, xx.xx.2019-cu il tarixli rəydən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, **********29 saylı arayışın məlumatlarına əsasən, JN-1054 (kod 00300016) nömrəli “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı”nın koordinatları (əvvəllər istifadə edilən) “Pulkova 1942” koordinat sistemində işlənməsi səbəbindən müvafiq araşdırmanın aparılması və qərardadda qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. X4 Məhkəməsi “X1” qarşı iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipini rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Lakin sübut etmə yükü üzərinə düşən iddiaçı Sanatoriya iddianın əsaslandırılmasına dair dəlillərini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçı Sanatoriyanın balansında olması iş materialları ilə sübuta yetməmişdir. Sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. Ona görə də, Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı irəli sürmək üçün subyektiv hüququnun olması, yəni torpaq sahəsinin ona məxsus olması müəyyən edilmədiyindən Rayon Məhkəməsi tərəfindən mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilməsi barədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsini düzgün tətbiq etməmişdir. İddia, iddiaçının onu irəli sürmək üçün subyektiv hüququnun olmaması əsası ilə rədd edilməlidir. Çünki, Mülki Məcəllənin qeyd edilən maddəsindən və 152-ci maddəsindən görünür ki, yalnız əmlakın mülkiyyətçisi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə əsassızdır, iddiaçının subyektiv hüququ olmadığı halda, irəli sürdüyü tələbi təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Odur ki, MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxx 2018-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Mədə-Bağırsaq Sanatoriyasının Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması və sair tələbləri barədə” iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-172/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-172/2020
21.02.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver