Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1722/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3354/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 01.11.2019-cu il, 28.05.2019-cu il və 21.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********63825 olan İphone 11 Pro markalı telefon və 2 ədəd aksesuar, HP notebook, Canon fotoaparat, notebook çantası, İMEİ kodu **********292158 olan X3 8 Pro markalı telefon, 2 ədəd Elari saat almış və nəticədə 5898 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4842 manat (18 ay x 269 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********63825 olan İphone 11 Pro markalı telefon və 2 ədəd aksesuar üçün ümumilikdə, 2575 manat olmaqla ondan, 2011 manat ödənilməmiş hissə, 564 manat dəbbə pulu. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2592 manat (24 ay x 108 manat + 0 manat ilkin ödəniş) olan HP notebook, Canon fotoaparat, notebook çantası üçün ümumilikdə, 1930 manat olmaqla ondan, 1477 manat ödənilməmiş hissə, 453 manat dəbbə pulu. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1350 manat (18 ay x 75 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********292158 olan X3 8 Pro markalı telefon, 2 ədəd Elari saat üçün ümumilikdə, 1393 manat olmaqla ondan, 1078 manat ödənilməmiş hissə, 315 manat dəbbə pulu.Cavabdehin cəmi ödədiyi məbləğ 4218 manat təşkil edir. Qeyd olunanlara əsasən 01.11.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********63825 olan İphone 11 Pro markalı telefon və 2 ədəd aksesuar üçün 2011 manat ödənilməmiş hissə, 564 manat dəbbə pulu, 28.05.2019-cu il tarixli müqavilə üzrə HP notebook, Canon fotoaparat, notebook çantası üçün 1477 manat ödənilməmiş hissə, 453 manat dəbbə pulu, 21.11.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********292158 olan X3 8 Pro markalı telefon, 2 ədəd Elari saat üçün 1078 manat ödənilməmiş hissə, 315 manat dəbbə pulu, ümumilikdə 5898 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 01.11.2019-cu il tarixli müqavilə üzrə, “İMEİ” kodu **********63825 olan İPhone 11 Pro markalı telefon və 2 ədəd aksesuar üçün 2011 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu, 28.05.2019-cu il tarixli müqavilə üzrə, HP notebook, Canon fotoaparat, notebook çantası üçün 1477 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, 21.11.2019-cu il tarixli müqavilə üzrə, İMEİ kodu **********92158 olan X3 8 Pro markalı telefon, 2 ədəd Elari saat üçün 1078 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu, 24.20 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun 5.80 manatı iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, götürdüyü kreditləri vaxtı vaxtında ödəmiş, pandemiya dövründə ödənişlər edə bilməmiş, cərimə düzgün hesablanmamış, məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilməmiş, məhkəmə iddia tələbi üzrə irəli sürülən məbləğlərin hansı qaydada hesablanmasını aydınlaşdırmamış və öz mülahizəsinə uyğun olaraq yalnışlığa yol verərək məhkəmə qətnaməsi qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında cavabdehin ödənişlərində çoxlu sayda gecikmələr olduğu üçün ona güzəşt edilməsinin mümkünsüz olduğunu, birinci instansiya məhkəməsinin kifayət qədər güzət etdiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh səbəbləri barədə məhkəməyə məlumat vermədən məhkəmə iclasına gəlmədiyindən kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə yalnız qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Qeyd olunan kontekstdə məhkəmə kollegiyası iş materiallarında toplanmış sübutları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, tərəflər arasında bağlanmış 01.11.2019-cu il tarixli müqaviləyə əsasən Phone 11 Pro markalı telefon və 2 ədəd aksesuar, 28.05.2019-cu il tarixli müqaviləyə əsasən HP notebook, Canon fotoaparat, notebook çantası, 21.11.2019-cu il tarixli müqaviləyə əsasən X3 8 Pro markalı telefon, 2 ədəd Elari saat "xxxx" MMC Cavabdeh nisyə satmışdır. Cavabdeh cihazların ümumi dəyərindən 4218 manat ödəmiş, müqavilələr üzrə ümumi 4566 manat əsas borcu qalmış və ümumilikdə müqavilələr üzrə 1332 manat cərimə hesablanmışdır. Birinci instansiya məhkəməsi cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilmiş, buna görə də tərəflər arasında bağlanmış müqaviləyə əsasən ödənilməli olan məbləği qismən cavabdehdən tutmuşdur. Kollegiya mübahisələndirilən hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Apelyatorun cərimə borcu tələbinin təmin edilməməli olması ilə bağlı dəlilini isə kollegiya əsassız hesab edir; çünki tərəflər cərimənin ödənilməli olduğunu müqavilədə nəzərdə tutmuşlar və iddiaçının tələb etdiyi cərimənin düzgün hesablanmadığına dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya qeyd edir ki, borclunun maddi vəziyyətinin pisləşmiş olması iddiaçı qarşısında yaranmış öhdəliklərindən onu azad etmir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi mübahisələndirilən hissədə qismən təmin etməklə düzgün nəticəyə gəlmiş, qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3354/2021 saylı, 21 oktyabr 2021ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-1722/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1722/2022
09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver