Məhkəmə qərarları › İş №2(103)-1723/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1723/2021

03.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1723/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh İB tərəfindən ona əsassız hesablanmış 486 manat borcun silinməsi və əsassız olaraq ondan çıxılmış pul məbləğinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə Cavabdeh İB tərəfindən İddiaçıının abonent hesabına (abonent kodu: **********00380) hesablanmış 486 manat borc silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh İB, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacı “Aəriqaz” İB-nin nümayəndələri tərəfindən çıxarılmış və dövlət yoxlanılmasından keçirilməsi üçün göndərilmiş və yoxlamanın rəyinə əsasən sayğaca müdaxilə edilməsi və sayğacın istismara yarasız olması müəyyən edilmişdir. Ona görə də 486 manat dəymiş ziyanın ödənilməsi istehlakçıdan tələb edilir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni cavabdehin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, ağşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsasən, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında quraşdırılmış 1302AZ**********57 nömrəli sayğac çıxarılaraq yenisi ilə əvəz olnumuş və sayğac yoxlama üçün göndərilmişdir. xx.xx.2019-cu il tarixli, MSK-29/1710-03307 nömrəli qaz sayğacının yoxlanılması barədə aktda sayğacın klapanı işlək deyil. Dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli tələbnaməyə əsasən, itirilmiş qazın həcmi 4860 m3 müəyyən edilərək, itirilmiş qazın dəyəri kimi 486 manat borc hesablanmışdır. Qeyd edilənlər işin mübahisəsiz hallarıdır. Cavabdeh İB, yoxlamanın nəticələrinə istinad edərək, bildirir ki, iddiaçı tərəfindən sayğaca müdaxilə edilmiş, nəticədə sayğac istismara yararsız hala salınmış, buna görə də, itirilmiş qazın dəyəri kimi 486 manat hesablanaraq, ödənilməsi tələb edilmişdir. İddiaçı isə, sayğaca müdaxilə etmədiyini və qeyd olunan qüsurun yaranmasında təqsirinin olmadığını bildirərk, bu halı mübahisələndirir. Kollegiya, aşağıdakılara əsasən hesab edir ki, iddiaçı, cavabdeh tərəfindən hesablanmış borcun silinməsini tələb etməkdə haqlıdır. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Hazırkı işdə iddiaçıya məxus evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericiliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilmiş müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiyanın qənaətinə görə, Cavabdeh İB, sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiqləyən və buna görə də, borcun hesablanmasına əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Qeyd olunanlara əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh İB-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2483/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar