Məhkəmə qərarları › İş №2(103)-1724/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1724/2022

09.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1724/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, 3-cü şəxslər X10 və Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi, həmin alqı satqı müqavilələri əsasında verilmiş qeydiyyat şəhadətnamələrinin ləğv tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2224/2021 saylı, 19 noyabr 2021-ci il tarixli qətnaməsindən üçüncü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, 3-cü şəxslər X10 və AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi, həmin alqı satqı müqavilələri əsasında verilmiş qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 18 yanvar 2007-ci il tarixində X10 ilə ailə həyatı quraraq Masallı Rayon WADQ şöbəsində 07 nömrəli qeydlə nikah haqqında şəhadətnamə əldə etmişdir. Daha sonra aralarındakı nikah Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə pozulub. Birgə nikah dövründə qazanılan birgə vəsait hesabına X6 adına avtomobillər əldə olunub. Həmin avtomobillərdən sonuncusu 2011-ci il istehsalı ** UA *** dövlət qeydiyyat nişanlı, Toyota Camry minik markalı avtomobil olub. O, həmin avtomobili 22.08.2015-ci il tarixində alqısatqı yolu ilə atası mərhum X3 adına rəsmiləşdirib. Bu alqı-satqı baş versə də bu barədə Cəfərzadə Ceyhun tərəfindən iddiaçıya məlumat verilməyərək gizli saxlanılıb. İddiaçı bu barədə məlumat aldıqdan sonra alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və 1/2 hissədə onun, 1/2 hissədə isə X6 pay hüququnun tanınması tələbinə dair cavabdeh X7 və X4 qarşı məhkəmədə iddia qaldırıb. Mülki işə 11 oktyabr 2019-cu il tarixində Nəsimi Rayon Məhkəməsinin icraatında baxılaraq iddianın təmin edilməsi, 2011-ci il istehsalı olan “Toyota Camry” minik markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair X8 ilə X10 arasında bağlanan 22.08.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin avtomobil üzərində İddiaçı ilə X6 hər birinin 1/2 hissədə pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilib. Daha sonra Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdehlər tərəfindən şikayət verilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilib. 09 yanvar 2020-ci il tarixində mülki işə Bakı Apellyasiya Məhkəməsinin icraatında baxılaraq apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilib. Həmin qətnamə ilə də razı olmayan cavabdehlər Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş ediblər. Mülki işə 01 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsində baxılaraq apellyasiya şikayətinin təmin olunmaması barədə 01 sentyabr 2020-ci il tarixli qərar qəbul edilib. Yekun qərar qəbul edildikdən sonra icra olunması üçün Nəsimi rayon İcra və Probasiya Şöbəsinə göndərilib. İcra məmuru tərəfindən icra vərəqəsi icra olunması üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilib. Sonuncu tərəfindən icra vərəqəsi icra edilmədən geri qaytarılaraq həmin avtomobilin artıq başqa şəxslərin adına rəsmiləşdirilməsi səbəbilə icrasının mümkünsüz olması qeyd edilib. Verilən cavabdan məlum olub ki, aralarında mövcud olan məhkəmə mübahisəsinin getdiyi zaman ərzində iş üzrə cavabdeh olan mərhum X8 həmin avtomobili 01.07.2020-ci il tarixində Cavabdeh1, daha sonra 20.11.2020-ci il tarixində Cavabdeh1 tərəfindən Cavabdeh2 daha sonra isə 25.11.2020-ci il tarixində Cavabdeh2 tərəfindən Cavabdeh3 satılıb. Bu alqı-satqıların məqsədi mülki məsuliyyətdən yayınaraq iddiaçının məhkəmə qətnaməsi ilə tanınmış pay hüququmun ələ keçirilməsi olub. Bu səbəblə də 2011-ci il istehsalı olan Toyota Camry minik markalı, 6T153BK400X115528 ban nömrəli, A803323 mühərrik nömrəli avtomobilin alqı-satqısına dair cavabdehlərlə bağlanan müqavilələrin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqavilələri əsasında avtonəqliyyat vasitələrinə dair alıcılara verilən “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamə”-lərinin ləğv edilərək 1/2 hissədə iddiaçının, 1/2 hissədə isə X6 adına yeni qeydiyyat şəhadətnaməsinin verilməsinin Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməlidir. Əlavə olaraq bildirmək istəyir ki, X8 bir müddət öncə vəfat etdiyinə görə onunla Cavabdeh1 arasında bağlanan müqavilənin etibarsızlığı iddiaçı tərəfindən hazırki iddia ilə tələb edilsə də onun vəfat etməsi səbəbilə cavabdeh kimi işə cəlb edilməsi mümkünsüz olub. Qoşmaya əlavə edilən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 26 yanvar 2021-ci il tarixli 8652/221 saylı qeydiyyat hərəkətləri barədə məlumatların kompyuter çıxarışından da göründüyü kimi 2011-ci il buraxılışlı, Toyota Camry minik markalı avtomobil üzrə alqı-satqılar edilərkən, 22.08.2015-ci il tarixində X5 atası X1 sonra dövlət qeydiyyat nişanı dəyişdirilməyib, alqı-satqıdan sonra 22.08.2015-ci il tarixli, AC549165 nömrəli yeni şəhadətnamə əldə edilib. 01.07.2020-ci il tarixində avtomobil X8 tərəfindən Cavabdeh1 satıldıqdan sonra 01.07.2020-ci il tarixli, AD81441 1 nömrəli yeni şəhadətnamə alınıb və avtomobilin dövlət qeydiyyat nişanı **-CF-***-ə dəyişdirilib. 20.11.2020-ci il tarixində avtomobil Cavabdeh1 tərəfindən Cavabdeh2 satıldıqdan sonra 20.11.2020-ci il tarixli, AD 899203 nömrəli yeni şəhadətnamə alınıb və avtomobilin dövlət qeydiyyat nişanı ** OK *** nömrəsinə dəyişdirilib. 25.11.2020-ci il tarixində isə Cavabdeh2 tərəfindən avtomobil Cavabdeh3 satılıb və sonuncunun adına AD900554 nömrəli, 25.11.2020-ci il tarixli şəhadətnamə əldə edilib. Qeyd olunanlara əsasən 2011-ci il istehsalı olan, 6T153BK400X115528 ban nömrəli, A803323 mühərrik nömrəli “Toyota Camry” minik markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair X8 ilə Cavabdeh1 arasında bağlanmış 01.07.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək alqı-satqıdan sonra verilmiş ** CF *** dövlət qeydiyyat nişanlı, AD814411 nömrəli qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi,həmin avtomobilin alqı-satqısına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 20.11.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək alqı-satqıdan sonra verilmiş (** OK *** dövlət qeydiyyat nişanlı), AD899203 nömrəli qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi; Həmin avtomobilin alqı-satqısına dair Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 25.11.2020ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək alqı-satqıdan sonra verilmiş (** OK *** dövlət qeydiyyat nişanlı), AD900554 nömrəli qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi,1/2 hissədə İddiaçı,1/2 hissədə isə X6 adına yeni qeydiyyat şəhadətnaməsinin verilməsinin Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2224/2021 saylı, 19 noyabr 2021ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən üçüncü şəxs C.Cəfərzadə apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iş üzrə ədalətli qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə aradırması zamanı verilmiş şahid ifadələrindən görünür ki, sözügüdən avtomobillər birgə nikah dövründə nə cavabdehin qazancı hesabına, nə də başqa qaydada cavabdeh tərəfindən deyil, onun qardaşı və atası tərəfindən alınmış, habelə qediyyatla əlaqədar cavabdehin adına rəsmiləşdirilmişdir. Başqa sözlə avtomobilin alıcıları olan iş üzrə cavabdehlər avtomobili alan zaman vicdanlı hərəkət etmişlər. Məhkəmə mübahisəli avtomobilin vicdanlı alıcıları olan iş üzrə cavabdehlərin iştirakını məhkəmə proseslərində təmin etməmiş, məhkəmə iclaslarının vaxtı və yeri barədə onları lazimi qaydada məlumatlandırmamışdır. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış tərəflər səbəbləri barədə məlumat vermədən məhkəməyə gəlməmişlər, proses iştirakçılarından yalnız 3-cü şəxsin nümayəndəsi-vəkili Vəkil2 elektron qaydada ərizə verərək, ayağından əməliyyat olunduğunu, gipsin fevralın 2-də açıldığını, bu səbəbdən 09 fevral 2022-ci il tarixə təyin edilmiş iclasda iştirak edə bilməyəcəyini, buna görə də iclasın təxirə salınmasını xahiş etmişdir. Kollegiya 3-cü şəxsin nümayəndəsi-vəkilinin məhz iclas təyin edilən vaxtda (09 fevral 2022-ci il tarixdə) iştirakını mümkünsüz edən halı müəyyən etmədiyindən, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq, işə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmayaraq qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı cavabdehlər X4 və X7 qarşı “müqavilənin etibarsız hesab edilməsi və s” tələblərinə dair iddiası təmin olunmuş, 2011-ci il istehsalı olan “Toyota Camry” minik markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair X8 ilə X10 arasında bağlanan 22.08.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin avtomobil üzərində İddiaçı ilə X6 hər birinin 1/2 hissədə pay hüququnun müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 26.01.2021-ci il tarixli 016-8652-1221 nömrəli məktubundan və ona əlavə olunmuş kompütür çıxarışının məzmunundan görünür ki, X8 ilə Cavabdeh1 arasında bağlanmış 01.07.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 2011-ci il istehsalı olan, 6T153BK400X115528 ban nömrəli, A803323 mühərrik nömrəli “Toyota Camry” minik markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 20.11.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin avtomobil Cavabdeh2, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 25.11.2020-ci il tarixli alqı-satqı müqaviləsinəsasən isə Cavabdeh3 satılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır və təmin olunur, əgər cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxırsa tələb rədd edilir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırkı mübahisənin predmeti olan avtomobilin X2 barədə alqı-satqı müqaviləsi etibarsız əqd hesab edilmiş və avtomobilə İddiaçı ilə X6 hər birinin 1/2 hissədə payları tanınmışdır. Belə olan halda X3 həmin avtomobili başqa şəxsə satması və əmlakın alqı-satqı nəticəsində bir-neçə şəxsə, son olaraq Cavabdeh3 satılması barədə bağlanmış bütün əqdlər də etibarsız əqdlərdir və hərhansı bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1); Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (maddə 337.2); Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3); Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4); Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5). Kollegiya apelyatorun məhkəmə iclasında iştirakının təmin olunmamasına dair dəlilinə qiymət verərək qeyd edir ki, iş materiallarından görünüdyü kimi, birinci instansiya məhkəməsində icraat zamanı bütün proses iştirakçılarının məhkəmə iclasında iştirakı təmin edilmiş və xəbərnamələrdən göründüyü kimi tərəflər məhkəmə bildirişini qəbul etmişlər. Buna görə də kollegiya bu dəlili əsassız hesab edir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə üçüncü şəxs C.Cəfərzadənin iş üzrə cavabdehlərin vicdanlı alıcı olmaları əsası ilə qətnaməni mübahisələndirməsi əsassızdır. Belə ki, o, hazırki mübahisəli avtomobilin mübahisələndirilən alqı-satqı müqavilələrinin tərəfi olmamışdır. Onun apellyasiya şikayətinin məzmunundan da görünür ki, o, apellyasiya şikayətində faktiki olaraq iş üzrə cavabdehələrin mövqeyindən çıxış etmiş, onların iş üzrə haqlı və vicdanlı olduqlarını qeyd etmişdir. Halbuki iş üzrə cavabdehlərin apellyasiya şikayəti verərək, məhkəmədə öz hüquqlarını müdafiə etmək hüquqları olduqları halda, onlar apellyasiya şikayəti verməmişlər. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2224/2021 saylı, 19 noyabr 2021ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellayatorun özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar