Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1724/2024 11.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3224/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, “sayğacın dişli çarxlarına müdaxilə edilmişdir, nəticədə sayğacdan keçən qaz sərfiyyatını sayğac qeydə almır” nöqsanı qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edimişdir.
2. Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” Tələbnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə itirilmiş qazın bərpasına görə abonent koduna 51840m3 qazın dəyərinin ödənilməsi nəzərdə tutulmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan fərdi yaşayış evindəki **********00000 saylı abonent koduna qanunsuz olaraq hesablanmış 6220,80 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evində Cavabdeh İB tərəfindən quraşdırılmış Fransa istehsalı olan smart qaz sayğacına 2023-cü ilin mart ayında sözdə “ işçi qrupu kimi adlanan bir qrup dəstə” iddiaçının iştirakı olmadan və iştirakını təmin etmədən birtərəfli qaydada qaz sayğacına baxış keçirdərək, vizual müdaxilə etmişlər, həmin zaman isə qaz sayğacının düzgün işləmədiyinin müəyyən edilməsi əsası ilə 6220,80 manat məbləğində borc yazmışdırlar. Borcun kimlər tərəfindən və hansı normativ hüquqi akta əsasən hesablanması ilə bağlı tərəfimdən maraqlandıqda bu barədə heç bir dəqiq məlumat və ya rəsmi sənəd (baxış aktı, zərər aktı və s.) təqdim edilməmişdir. İddiaçıya məxsus fərdi yaşayış evində Cavabdeh İB tərəfindən quraşdırılmış qaz sayğacına Cavabdeh İB-nin öz işçiləri tərəfindən vizual müdaxiləyə yol verilməklə iddiaçının ünvanına heç bir normativ hüquqi akta əsaslanmadan astronomik şəkildə 6220,80 manat məbləğində borcun yazılması qanunsuz və əsassızdır. A.Ə. Hüseynova məlumat üçün qeyd etmişdir ki, iddiaçı işi ilə əlaqədar olaraq həmin ünvanda tək yaşayır və bu səbəbdən də təbii qaza çox da tələbatı yoxdur. Eyni zamanda o, bildirmişdir ki, qaz sayğacında yaranmış nasazlığa görə istehlakçıya əlavə sərfiyyat hesablanmasının qanuni əsası olduğunu sübut etmək öhdəliyi cavabdehin üzərinə düşdüyündən, belə olan halda hesablanmış borc məbləğinin qanuni əsasını göstəmək öhdəliyi Cavabdeh İB-nin üzərinə düşür. Beləliklə, Vəkil2 iddiaçının hesabına yazılmış 6220,80 manat məbləğində borcun qanunsuz və əsassız olduğunu hesab etmişdir və iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3224/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı **********00000 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 5443 (beş min dörd yüz qırx üç) manat 20 (iyirmi) qəpik məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdehndən 74 manat, 43 qəpik dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, itirilmiş qaz sərfiyyatı ilə bağlı dəymiş ziyana görə hesablaşma “6m3 x 24 saat x 360 gün = 51840 m3” düstur üzrə aparılmışdır ki, bu hesablaşma da sutkalıq və illik sərfiyyat üzrə qanunla müəyyən edilmiş həddə cavab vermir. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları» na 6.5-2-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı nəzərə alınmaqla hesablanır. Qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, ümumilikdə itirilmiş qaz sərfiyyatının qanunvericiliyə uyğun olaraq sutkalıq 12 saat, aylıq 3 ay (90 gün) müddəti götürülməklə hesablandıqda 777,6 (6m3 x 12 saat x 90 gün = 6480 m3X12 qəpik) manat təşkil edir. Belə olan halda iddiaçının abonent hesabına yazılmış 6220,80 manat borcdan 777,6 manat saxlanılmalı, qalan 5443,20 (6220,80-777,60) manat silinməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından,eyni zamanda itirilmiş qaz sərfiyyatı müəyyən olunduğundan, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına itirilmiş qazın bərpası məqsədilə hesablanmış 5443,20 manat məbləğində borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab etmişdir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia tələbi 1000 manatdan çox olduğundan və cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli, 74,43 manat məbləğində pul Cavabdeh İB-dən alınaraq dövlət büdcəsinə ödənilməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 560.1-ci maddələri, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.10, 3.2.10, 4.6, 4.7, 4.8, 5.2, 6.5, 6.5-1, 6.5-2, 6.5-3, 6.5-4-cü bəndinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə, 18-ci maddəsinin 1-ci bəndinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 124.1, 218.3, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-3224/2023 saylı qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və və iddia tələbinin həmin hissədə də rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdeh tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına müdaxilə edilmiş, nəticədə qaz təchizatını təmin edən qurum kimi cavabdehə zərər vurulmuş, qazın talanması həyata keçirilmişdir. Zərərin vurulması cavabdehin səlahiyyətli əməkdaşları tərəfindən iddiaçıya məxsus fəri yaşayış evinə quraşdırılmış qaz sayğacına müdaxilə edilməsinə dair xx.xx.2023-cü il tarixli ******* saylı aktla öz təsdiqni tapır. Tərtib edilmiş aktdan da bəlli olur ki, quraşdırılmış qaz sayğacına baxış keçirilmiş və baxış nəticəsində müəyyən olunmuşdur ki, faktiki olaraq qaz sayğacına müdaxilə edilmiş, sayğac qaz sərfiyyatını qeyd etmir. Bununla bağlı həmçinin videomüşahidə həyata keçirilmiş və müəyyən olunmuşdur ki, qaz sayğacı faktiki olaraq qazın sərf edilməsini baxmayaraq qaz sərfini qeydiyyata almır. Mövcud hal faktiki olaraq qaz sayğacınımüdaxilə edildiyini, müdaxilə nəticəsində isə cavabdehə zərər vurulmasını təsdiq etməkdədir. Məhkəmə iddia tələbini qismən təmin edən zaman zərərin vurulması faktını nəzərə almamışdır ki, nəticədə cavabdehə vurulmuş ziyanın əvəzi ödənilməmiş olaraq qalmışdır. Hazırki işə münasibətdə zərər vurulma faktımövcud olduğundan vurulmuş zərərin əvəzi cavabdehə tam şəkildə ödənilməlidir. Məhkəmə iddia tələbini qismən təmin edən zaman AR Mülki Məcəlləsinin 560.1-ci maddəsinə və “Qaz təchizatı haqqında” AR qanununun 13-cü maddəsinin 9-cu bəndinə istinad etsə də, həmin normalar zərərin vurulmasını istisna etməməkdədir və ya inkar etməməkdədir. İddiaçımövcud vəziyyətdə yaşadığı fərdi yaşayış evində mütəmadi qaz sayğacından istifadə etmiş, lakin istifadə etmiş olduğu qazın dəyərini tam ödənilməsini təmin etməmiş, qaz sayacğının hesablama aparmadığını bilərək hərəkətsizlik nümayiş etdirməklə faktiki olaraq zərərin vurulmasına şərait yaratmışdır. Məhkəmə ilk növbədə nəzərə almalı idi ki, əvvəlki dövrlər üzrə iddiaçı hansı həcmdə qazdan istifadə etmiş, həmin müddətlə qaz sayğacının yenisi ilə dəyişdirilməsi və zərər vurulmasına dair aktın tərtib edilməsi anına qədər mövcud olan dövr üzrə istifadə edilmiş qazın sərfinin hansı həcmdə azalıb və ya artmasınımüəyyən etməklə iddiaçının həmin qaz sayğacına hansısa formada müdaxilə etməsini və ya qaz sərfinin hansı səbəbdən əvvəlki dövrlər üzrə daha az olmasınıməüyyən edərək zərərin vurulmasındaki səbəbli əlaqəsini müəyyən aydımlaşdırılmalıdır. Mövcud hal iş materiallarına əlavə edilmiş abonent saldosundan və gasrep çıxarışında tam olaraq öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş abonent saldosundan bəlli olur ki, iddiaçıya məxsus fərdi yaşayış evində 4 gözlü qaz plitələri (PQ-4) mövcuddur ki, həmin quruşadırılmış avadanlıqların yay və qış aylarında istifadəsinə fərq olmalaq qazın sərfində də fərq mövcuddur ki,həmin qaz sərfi qış aylarında daha çox təşkil edir. GASREP və abonent saldosundan bəlli olur ki, iddiaçı tərəfindən 2023-cü ilin mart ayında qaz sərfiyyatı olmamışdır ki, bu heç də inandırıcı səslənmir. Məhkəmə qeyd edilənləri nəzərə almamış, mövcud vəziyyətdə zərər vurulması faktınımüəyyən etməsinə baxmayaraq, zərərin vurulmasında iddiaçının hansısa formada hərəkət və ya hərəkətsizlik nümayiş etdirməsini aydınlaşdırmamış, yalnız sayğaca müdaxilə üçün iddiaçının məsuliyyət daşımamasını əsas gətirməklə iddia tələbini qismən təmin etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
12. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, xx.xx.2023cü il tarixli Akt dəymiş ziyanın həcmi və müdaxilə halı ilə bağlıdır. Ümumiyyətlə, iddia tələbi təmin edilməməli idi. Faktiki olaraq qaz sayğacına baxış keçirilib və müdaxilə aşkar edilib. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.
Tətbiq edilən hüquq normaları:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 13, hissə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilən hissədə ləğv edilməsini, iddia tələbinin həmin hissədə təmin edilməməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “İddiaçı **********00000 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 5443,20 manat məbləğində borcun silinməsi” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir.
20. Məhkəmə kollegiyası qeyd edir ki, yoxlanılan hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməsinə baxmayaraq maddi hüquq normasını düzgün tətbiq etməmişdir.
21. Belə ki, Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” Tələbnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə itirilmiş qazın bərpasına görə abonent koduna 51840m3 qazın dəyərinin ödənilməsi nəzərdə tutulmuşdur.
22. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir (§ 14).
23. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz .§ 15
24. Məhkəmə kollegiyası qeyd edir ki, istehlakçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.Cavabdeh istinad etdiyi xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə göstərilən sübutlar məhkəməyə təqdim edilməmişdir.
25. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3224/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən – “İddiaçı **********00000 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 5443,20 manat məbləğində borcun silinməsi” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilərək İddiaçı **********00000 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 5443 (beş min dörd yüz qırx üç) manat 20 (iyirmi) qəpik məbləğində borc silinməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunmalıdır.
26. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
27. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3224/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən – “İddiaçı **********00000 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 5443,20 manat məbləğində borcun silinməsi” hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilərək İddiaçı **********00000 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 5443 (beş min dörd yüz qırx üç) manat 20 (iyirmi) qəpik məbləğində borc silinsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev