Məhkəmə qərarları › İş №2(103)-1726/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1726/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1726/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X5 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3933/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (Böyük Britaniyanın «X1 (Caspian) Limited» Şirkətinin «X9» filialı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyə üçüncü şəxs qismində cəlb etməklə) «sığorta müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi və sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək «X1 Caspian LTD» ilə Cavabdeh Sığorta şirkəti arasında bağlanmış istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından ATE 14021068 saylı, xx.xx.2014-cü il tarixli icbari sığorta müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinin, sığorta ödənişinin həyata keçirilməsinin və 153.599,57 manat pulu ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3933/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən elektron qaydada apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 363.3-cü maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki iş materiallarından görünür ki, iddiaçı tərəfindən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd və ya qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət əlavə edilməmiş və hətta şikayətdə xüsusilə qeyd edilmişdir ki, iddiaçının mərhum həyat yoldaşı müharibə veteranı olduğundan iddiaçı şikayətin verilməsi üçün nəzərdə tutulan dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 9.1.20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunun ödəməkdən azad olunurlar. Məhkəmə kollegiyası bununla bağlı diqqətə çatdırır ki, qanunvericiliyin qeyd olunan müddəasından da göründüyü kimi yalnız şəhid ailəsinin üzvlərinə münasibətdə bu güzəşt tətbiq edilir, maddədə qeyd edilən digər şəxslər, yəni müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər isə yalnız özləri məhkəmədə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Başqa sözlə, sözügedən maddədə təsbit edilmiş güzəşt müharibə veteranlarının, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, qaçqınlar və məcburi köçkünlərin, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin ailə üzvlərinə şamil olunmur. İddiaçı apellyasiya şikayəti verərkən dövlət rüsumu ödəməməsini Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 9.1.20-ci maddəsi ilə əsaslandırsa da, kollegiya hazırki mübahisənin mahiyyətini nəzərə alaraq hesab edir ki, həmin qanunun 9.1.3-cü maddəsinə də aydınlıq gətirilməli və iddiaçının bu maddənin təsir dairəsinə düşüb-düşmədiyi nəzərdən keçirilməlidir. “Dövlət rüsumu” haqqında Qanunun 9.1.3-cü maddəsinə görə, əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. İddia tələbindən görünür ki, iddiaçının həyat yoldaşı X4 əmək müqaviləsi əsasında çalışdığı «Bonccord Caspian LTD» şirkətində əmək funksiyalarını yerinə yetirərkən bədbəxt hadisə nəticəsində həyatını itirmiş və bu hadisə “İstehsalatda baş vermiş bədbəxt hadisə hadisə haqqında” aktla rəsmiləşdirilmişdir. Eyni zamanda həmin müəssisə sığorta şirkəti ilə müqavilə bağlayaraq özünü istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etdirmişdir. Hazırda iddiaçı məhz işəgötürən müəssisə ilə sığorta şirkəti arasında bağlanmış müqavilədən irəli gələrək mərhum həyat yoldaşının istehsalatda baş vermiş qəza nəticəsində ölümünə görə sığorta ödənişinin verilməsini tələb edir. Göründüyü kimi, iddiaçının tələbi müqavilədən irəli gələn öhdəliyin icrası ilə bağlı olub, sığorta şirkəti tərəfindən sığorta ödənişinin verilməsi ilə bağlıdır. Belə olan halda kollegiya hesab edir ki, hazırki tələb “ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi” kimi qiymətləndirilməsi də əsassız olar. Belə ki, Mülki Məcəllənin 1121-ci maddəsi ilə tənzimlənən ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məhz maddi zərərin qarşılanması məqsədli olub müvəqqəti əvəzləşdirici xarakter daşıyır. Kollegiya bildirir ki, bu maddə ailə başçısının ölümü nəticəsində maddi zərərə uğramış həmin maddədə qeyd edilən şəxslərin dəymiş maddi ziyanın ödənilməsi hüququnu əks etdirir. Həmin Məcəllənin 1122.1-ci maddəsində isə ailə başçısının ölümü nəticəsində yaranmış maddi ziyanın nədən ibarət olması təsbit edilərək göstərilmişdir ki, ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. Hazırki işdən görünür ki, iddiaçı mərhum həyat yoldaşının ölümü nəticəsində ona dəymiş maddi ziyanı deyil, sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta ödənişinin verilməsini tələb edir, bu səbəbdən kollegiya hesab edir ki, iddiaçı “Dövlət rüsumu” haqqında Qanunun 9.1.3-cü maddəsinin də təsir dairəsinə düşmür. Beləliklə, kollegiya tərəfindən iddiaçının apellyasiya şikayəti verərkən dövlət rüsumu ödəməsindən azad edilməsi üçün heç bir əsas müəyyən edilməmişdir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya hesab edir ki, apellyasiya şikayətinə qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunu ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, qətnamədən verilən apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 357, 363, 366, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3933/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Günay Axundova Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar