Məhkəmə qərarları › İş №2(103)-1728/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1728/2021

12.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1728/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4210/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı4, X1, İddiaçı5, İddiaçı2 cavabdeh “xxxx” ASC-yə qarşı “kredit və ipoteka müqavilələrinin etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ilə Nikayl İkb ASCnin 05 saylı filialı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli əlavə kredit müqaviləsinin və İddiaçı4 Nikoyl İKB ASC-nin 05 saylı filialı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddiaçılar İddiaçı1, İddiaçı4 “iddianın təmini tədbiri” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 12818/2019 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən, başlanmış bütün icra hərəkətlərinin müvəqqəti olaraq dayandırılması, hərracın keçirilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı1 Nikoyl ASC-nin xeyrinə 28307.02 ABŞ dolları əsas kredit, 11893.76 ABŞ dolları faiz borcunun tutulması, tutmanın İddiaçı4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 09, mənzil 14-ə yönəldilməsi, mənzilin açıq hərracdan satılaraq borcun ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icra edilmək üçün aidiyyəti üçün Binəqədi və Abşeron rayonlarının İcra və Probasiya Şöbələrinə göndərilmişdir. Hazırki iddia tələbinin təmin olunacağı halda və ya iddia tələbinə məhkəmə tərəfindən yekun hüquqi qiymət verilməyincə, kredit müqaviləsi üzrə borcun tələb edilməsi, o cümlədən hərracın keçirilməsi üzrə bütün icra hərəkətlərinin dayandırılması daha düzgün və ədalətli olardı. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4210/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ərizənin təmin edilməməsi qərara alınmışdır (sədrlik edən: Natavan Tağıyeva). Həmin qərardaddan iddiaçılar şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4210/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4210/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi işin hallarını ərizənin və şikayətin dəlilləri ilə birgə araşdıraraq hesab edir ki, iddiaçılar tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi tədbirlər görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə,... iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır...Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır...Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır.... Qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Kollegiya iş materiallarını ərizə və iddiaçıların şikayətinin dəlillərini araşdıraraq, qeyd edilən normaların tələblərini əsas götürməklə belə qənaətə gəlir ki, hazırkı mülki iş üzrə üçün iddia təmin tədbiri barədə ərizənin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Şərh olunanlara əsasən, qeyd edilən halları və hüquq normalarının tələblərini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçılar tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4210/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 Nəriman oğlu və İddiaçı4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4210/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar