Məhkəmə qərarları › İş №2(103)-1728/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1728/2023

12.04.2023 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1728/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: müqavilədə dəyişikliklər edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə1 və cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 12 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Nəsimi rayonu, S.Zeynalov küçəsi, ev 15, mənzil 46-nın tikinti məqsədi ilə sökülməsi və onun əvəzinə ona mənzil verilməsi barədə İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2018-ci il tarixli, 69 saylı müqavilə və bu müqaviləyə əlavə olaraq xx.xx.2019-cu il tarixli 069/01 saylı müqavilə bağlanmışdır. xx.xx.2018-ci il tarixli, 69 saylı müqavilənin 1.2-ci bəndində Bakı şəhəri, Nəsimi rayonu, S.Zeynalov küçəsi, ev 15, mənzil 46-nın əvəzinə ona S.Zeynalov küçəsində inşa ediləcək yeni çoxmərtəbəli yaşayış binasından 50 kv.m mənzilin verilməsi göstərilmişdir. Eyni zamanda həmin müqavilənin 1.1.2-ci bəndində ona tikinti şirkəti tərəfindən mənzillə təmin edilənə qədər kompensasiya şəklində veriləcək kirayə haqqı və yeni mənzildə nəzərdə tutulan təmir xərcini nağd pul şəklində 35.000 manat məbləğində ona ödənilməsi göstərilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 69 saylı müqavilənin 1.1.2-ci bəndində “Əgər bu müqavilənin bağlanmasından sonra 2 il müddət ərzində “Tikinti Şirkəti” tərəfindən “Əmlak mülkiyyətçisi”nə mənzil təhvil verilməzsə, onda hər əlavə ay üçün 800 manat məbləğində kirayə haqqı “Tikinti Şirkəti” tərəfindən “Əmlak mülkiyyətçisi”nə ödəniləcəkdir. Həmçinin, əgər tərəflər arasında təhvil veriləcək mənzilin sahəsində artım olunarsa, onda həmin mənzilin hər artıq 1 kv.m-nə görə 400 manat məbləğində təmir xərci “Tikinti Şirkəti” tərəfindən “Əmlak mülkiyyətçisi”nə ödəniləcəkdir” və aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əlavənin 1.1.3cü bəndinə “Əgər “Tikinti Şirkəti” bu mənzili xx.xx.2021-ci il tarixinə qədər “Əmlak mülkiyyətçisi”nə təhvil verməzsə, onda bu mənzilin dəyərinin ödənişi ilə əlaqədar qalan məbləğlə əlaqədar yenidən 2 il müddətinə yeni ödəniş cədvəli tərtib edilərək, qalan məbləğ “Əmlak mülkiyyətçisi” tərəfindən həmin ödəniş cədvəlinə uyğun olaraq ödəniləcəkdir” sözlərinin əlavə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC-yə müraciət edərək aralarında bağlanmış xx.xx.2018-ci il tarixli 69 saylı müqavilənin 1.1.2-ci və xx.xx.2019-cu il tarixli müqaviləyə Əlavənin 1.1.3-cü bəndlərində dəyişikliklər edilməsini xahiş etmişdir. Lakin, onun xahişi nəzərə alınmamış və cavabdeh tərəfindən bu müqavilədə qarşılıqlı razılaşma ilə düzəlişin edilməsi mümkün olmamışdır. Nəzərə çatdırılmışdır ki, müqavilənin bu bəndi qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edilmişdir. Belə ki, bu bənddə ona ödəniləcək kirayə haqqının və təmir xərclərinin məbləği ayrı-ayrılıqda göstərilməmişdir. Eyni zamanda bu müqaviləyə edilmiş xx.xx.2019-cu il tarixli əlavədən də görünür ki, həmin müqaviləyə görə ona veriləcək mənzilin sahəsi 87.4 kv.m göstərilmişdir. Yəni, birinci müqavilədə göstərilmiş mənzilin sahəsindən 37.4 kv.m artıq sahə göstərilmişdir. Lakin, bu artıq sahənin təmir pulu ona ödənilməmişdir. Həmçinin, kirayə haqqı da az hesablanmış və müqavilənin bağlanmasından 4 ilə yaxın vaxt keçməsinə baxmayaraq bu günə kimi mənzil ona təhvil verilməsinə baxmayaraq, əlavə qaldığı müddətə görə də ona kirayə haqqı ödənilməmişdir. Ona görə də onların arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin 1.1.2-ci maddəsində dəyişiklik edilərək ödənilmiş 35.000 manat məbləğində pul yalnız müqavilə bağlanıldıqdan sonra 2 il üçün nəzərdə tutulmalı və həmin müddət bitdikdən sonra hər ay üçün əlavə 800 manat məbləğində kirayə haqqı ödənilməlidir. Eyni zamanda əlavə müqavilə ilə aldığı mənzilin sahəsi 37.4 kv.m artıq olduğu üçün həmin artıq sahənin təmirinə görə də 1 kv.m-ə görə 400 manat ödəmək şərtilə 14.960 manat məbləğində əlavə pul da ödənilməlidir. Həmçinin qeyd edilmişdir ki, aralarında bağlanmış xx.xx.2018-ci il tarixli, 69 saylı müqavilənin 2.2.4-cü bəndində göstərilmişdir ki, “yeni tikiləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş mənzili əmlak mülkiyyətçisinə təhvil verməyi tikinti şirkəti üzərinə götürür”. Bu bənddə göstərilmiş “yaşayış binasının bünövrəsi qoyulduqdan sonra” cümləsi qeyri-dəqiq, mücərrəd bir vaxt anlayışı kimi qəbul edilir. Belə ki, yaşayış binasının bünövrəsinin qoyulmasının dəqiq vaxtı müqavilədə göstərilmədiyindən, bu cümlə AR Mülki Məcəlləsinin tələblərinə görə qanunaziddir. Belə ki, hər bir bağlanan müqavilədə müqavilə öhdəliklərinin icrası müddəti dəqiq göstərilməlidir. Ona görə də hesab edilir ki, "xxxx" MMC tərəfindən üzərinə götürdüyü öhdəliklərin icrası müddəti dəqiq göstərilmədiyindən və artıq aralarında bağlanmış birinci müqavilənin bağlandığı müddətdən 4 ildən artıq vaxt ötməyinə baxmayaraq, "xxxx" MMC tərəfindən üzərinə götürdüyü öhdəliklər icra olunmamışdır. Bu isə həm müqavilənin bir tərəfi kimi, həm də mülkiyyətçi kimi onun hüquqlarını pozur. Eyni zamanda əlavə maddi xərclər çəkməyə məcbur edir. Belə ki, aralarında bağlanmış razılaşmaya əsasən bu mənzil ona 24 ay müddətinə tikilərək təhvil verilməli idi. Ona da "xxxx" MMC tərəfindən bunu nəzərə alaraq 24 ay müddəti üçün kirayə haqqı ödənilmişdir. Lakin, yuxarıda qeyd etdiyi kimi, artıq həmin müqavilənin bağlanmasından 42 ay keçməsinə baxmayaraq, o, mənzillə təmin olunmamışdır. Təbii ki, mülkiyyətində mənzilin olmadığı üçün də o kirayədə yaşamağa məcburdur. Lakin, "xxxx" MMC tərəfindən həmin 14 ay əlavə yaşadığı müddət üçün kirayə haqqı ödənilməmişdir. Ona görə də hesab edir ki, müqavilədə olan bu qanunazidd hallar aradan qaldırılmalı və aralarında bağlanmış bu müqavilələrdə müvafiq dəyişikliklər edilməlidir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3209/2022 saylı, 03 oktyabr 2022ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia təmin edilmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, müqavilə qanunvericiliyin tələbləri pozularaq tərtib edilmiş, həmçinin qarşı tərəf müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421, 423.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdeh "xxxx" MMCnin nümayəndəsinin iştirakını təmin etməmiş, eyni zamanda məhkəmə "xxxx" MMC hazırda mövcud olmadığını nəzərə alaraq onun hüquqi varisinin olub-olmamasını araşdırmamışdır. "xxxx" MMC xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin qoşulması ilə yenidən təşkil edilmişdir və axırıncının hüquqi varisidir. Məhkəmə bu halı araşdırmamış, cavabdeh kimi "xxxx" MMC-ni göstərmək əvəzinə mövcud olmayan "xxxx" MMC cavabdeh kimi göstərmişdir. Müqavilənin şərtlərinə görə iddiaçıya ödənilən 35000 manat vəsaitə kirayə haqqı və mənzilin təmir haqqı daxildir və həmin məbləğ iddiaçıya müqavilə bağlanan an cavabdeh tərəfindən ödənilmişdir. Məhkəmənin səhv hesab etdiyi iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması sübut olunmur. İddiaçının tələbi əsassızdır və sübut olunmur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Cavabdehin hüquqi varisi olan "xxxx" Mənzil-Tikinti Kooperativinin nümayəndəsi (vəkili) Nümayəndə2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. O, əlavə olaraq göstərdi ki, xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış Cavabdeh MMC "xxxx" MMC-yə qoşulmuş və nəticədə sonuncu yenidən təşkil edilmişdir. xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarışdan görünür ki, yenidən təşkil edilmiş "xxxx" MMC Cavabdeh MMC-nin hüquqi varisidir. Sonradan "xxxx"xxxx"xxxx" MTK yaradılmışdır. xx.xx.2022-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən"xxxx"xxxx"xxxx" MMC-nin hüquqi varisidir.

11. Cavabdehin nümayəndəsi həmçinin bildirdi ki, müqavilədə kirayə haqqı və təmir xərci kimi göstərilmiş 35 000 manatın iddiaçıya ödənilməməsi barədə göstərilənlər həqiqətə uyğun deyil, həmin məbləğ iddiaçıya müqavilə bağlanarkən 2018-ci ildə ödənilmişdir.

12. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

14. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

15. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

16. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 14. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni isə əsassız sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.

22. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.

23. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının tələbi müqavilə şərtlərinin dəyişdirilməsi barədədir. Qüvvədə olan mülki qanunvericiliyin tələblərinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsinin 4 (dörd) əsası vardır: Tərəflərin razılaşmasına əsasən (mad. 421.1); Tərəflərdən birinin tələbi üzrə (mad.421.2); Müqavilənin tamamilə və ya hissə-hissə icrasından imtina edilməsi (mad.421.3); Şəraitin mühüm (əhəmiyyətli) dərəcədə dəyişməsi (mad.422).

24. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı tələbinin hüquqi əsası kimi bu normalardan yalnız 421.1-ci maddəyə istinad etmişdir. Məhkəmə isə qətnaməni hüquqi cəhətdən əsaslandırarkən maddi hüquq norması kimi Mülki Məcəllənin 421.1, 421.2, 421.3-cü maddələrinə istinad etmişdir.

25. Birinci instansiya məhkəməsinin qənaətinə görə müqavilə və ona əlavə qanunvericiliyin tələbləri pozularaq tərtib edilmiş, həmçinin qarşı tərəf müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, cavabdeh müqavilə üzrə şərtləşdirilmiş 50 kvm sahəni və 35000 manat kompensasiya məbləğini iddiaçıya ödəməyi (təhvil verməyi) öhdəsinə götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və bununla da iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur.

26. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin həqiqi hallarına uyğun saymır.

27. Əvvəla, müqavilə üzrə kirayə haqqı və təmir xərci kimi nəzərdə tutulmuş 35 000 manatın iddiaçıya ödənilməməsi ilə bağlı iddia ərizəsində heç bir qeyd yoxdur. İddiaçı ərizədə 35 000 manatın ödənilmədiyini deyil, müqavilənin həmin məbləğin ödənilməsi ilə bağlı bəndində kirayə haqqının və təmir xərcinin ayrı-ayrılıqda göstərilmədiyini qanunvericiliyin tələbinin pozulması kimi göstərmişdir. Lakin iddiaçı müqavilədə kirayə haqqının və təmir xərcinin ayrı-ayrılıqda deyil, birlikdə göstərilməsinin hansı qanunun və hansı normanın tələbinə zidd olduğunu qeyd etməmişdir. Məhkəmə qətnaməsində də bununla bağlı hər hansı açıqlama yoxdur.

28. Apellyasiya baxışı zamanı izahat verərkən iddiaçı 2018-ci ildə müqavilə bağlanarkən 35 000 manat pul vəsaitinin kirayə haqqı və təmir xərci kimi öna ödənildiyini etiraf etdi.

29. MPM-in 106.3-cü maddəsinin tələbinə görə isə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmək vəzifəsindən azad edir.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsinin tələbinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr bağlaya bilərlər.

31. Həmin Məcəllənin 390.3-cü maddəsinin tələbinə görə müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağalamağa məcburetməyə yol verilmir.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1, 404.2-ci maddələrinin tələblərinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün mühüm hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

33. Məhkəmə kollegiyası iddiaçının mübahisələndirdiyi xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli müqavilələri və onların müvafiq bəndlərini nəzərdən keçirərək müəyyən etdi ki, iddiaçıya məxsus sökülməsi nəzərdə tutulan yaşayış sahəsinin faktiki ölçüsü 25,79 kvm olmuş, cavabdeh həmin mənzilin sökülməsi ilə bağlı iddiaçıya 50 kvm sahəsi olan təmirsiz mənzil verməyi öhdəsinə götürmüşdür. Yeni mənzilin təmirsiz verilməsinin səbəbi iddiaçıya təmir xərcinin və kirayə haqqının əvəzi kimi 35 000 manatın ödənilməsi olmuşdur. xx.xx.2018-ci il tarixli müqavilənin 1.1.2-ci bəndi məhz bunu nəzərdə tutur. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı həmin məbləği almışdır. İddiaçı təmir xərcinin və kirayə haqqının əvəzi kimi ona 35 000 manat ödənilməsinə razı olmuş və müqaviləni imzalamışdır. O, təmir xərcinin və kirayə haqqının ayrılıqda deyil, birgə ğöstərilməsinin onun üçün nə kimi əhəmiyyət daşıdığını, yaxud ona hansı zərər vurduğunu açıqlamamışdır.

34. xx.xx.2019-cu il tarixli müqaviləyə əlavənin məzmunundan görünür ki, iddiaçı qarşılıqlı razılığa əsasən öz vəsaiti hesabına əlavə olaraq 37,4 kvm sahə də almış, həmin əlavə sahəyə görə MMC-yə 52500 manat ödəməyi öhdəsinə götürmüş, MMC isə bunun əvəzində cəmi sahəsi 87,4 kvm olan təmirsiz mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.

35. Buna baxmayaraq, iddiaçı hazırda öz vəsaiti hesabına əldə etdiyi 37,4 kvm əlavə sahəyə görə də təmir xərcinin və kirayə haqqının ödənilməsini istəyir ki, bu da müqavilə şərtlərinə uyğun deyil. Belə ki, müqavilə yalnız sökülən mənzilin sahəsinə görə təmir xərcinin və kirayə haqqının ödənilməsini nəzərdə tutur. Əlavə sahəyə görə təmir xərcinin və kirayə haqqının ödənilməsi müqavilədə nəzərdə tutulmamışdır.

36. Öhdəliklərin müqavilə müddəti ərzində yerinə yetirilib-yetirilməməsi ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıları bildirir.

37. Müqavilənin və ona əlavənin 2.2.4-cü bəndinin tələbinə görə tikinti şirkəti binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə başa çatdırmağı və vəd edilən mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında əsas müqavilə xx.xx.2018-ci ildə, ona əlavə isə xx.xx.2019-cu il tarixdə bağlansa da, iddiaçıya veriləcək mənzilin yerləşdiyi Azadlıq prospektindəki 4 saylı binanın bünövrəsi 2021-ci ilin noyabr ayında qoyulmuşdur. Bu hal MTK-nın xx.xx.2023-cü il tarixli 139 saylı arayışı ilə də təsdiq olunur.

38. İddiaçı bununla razılaşmayaraq ona veriləcək mənzilin yerləşdiyi binanın bünövrəsinin 2019-cu ilin fevral ayında qoyulduğunu göstərmişdir.

39. Digər tərəfdən, işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı özü də əlavə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Belə ki, o, əlavə sahəyə görə nəzərdə tutulan 52500 manatı xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək ödəməyi öhdəsinə götürsə də, bu günədək həmin öhdəliyi tam yerinə yetirməmişdir. Belə ki, onun MTK qarşısında 24900 manat məbləğində yerinə yetirilməmiş öhdəliyi mövcuddur. Mülki Məcəllənin 441-ci maddəsində öhdəliklərin qarşılıqlı icrası ilə bağlı norma nəzərdə tutulmuşdur.

Maddə 441. Öhdəliklərin qarşılıqlı icrası

40. 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır.

41. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

42. 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər.

43. 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir.

44. 441.5. Bu Məcəllənin 441.2-441.4-cü maddələrində nəzərdə tutulan qaydalar müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir.

45. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı özü xx.xx.2019-cu il tarixli müqavilənin 1.1.3-cü bəndinə əsasən 6 ay ərzində ödəməli olduğu öhdəliyi yerinə yetirməyərək MTK-ya 24 900 manat borclu qalmış olsa da, cavabdehdən 2 il ərzində ödənilməli olan öhdəliyin icrasını tələb edir.

46. Müqavilədə aylıq 800 manat kirayə haqqı ödənilməsi ilə bağlı müvafiq dəyişikliyin edilməsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, cavabdeh tərəfindən iddiaçıya kirayə haqqı və təmir xərcinin əvəzi kimi 35 000 manat ödənilmişdir və bu, işin mübahisəsiz halıdır. Cavabdehin nümayəndəsi həmin məbləğin 7500 manatının təmir xərci, 27500 manatının isə kirayə haqqı kimi nəzərdə tutulduğunu bildirdi.

47. Digər tərəfdən, iddiaçı kirayə haqqı kimi ödənilən bu məbləğin yalnız 2 (iki) il üçün nəzərdə tutulduğunu bildirmişdir. İddiaçının bu hesabı nəzərə alınarsa belə çıxır ki, iki ilə görə ona aylıq 1145 manat ödənilmişdir ki, bu da inandırıcı olmamaqla işin həqiqi hallarına uyğun deyil. Belə ki, Nəsimi rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə bir otaqlı mənzilə görə kirayə haqqı kimi 350 manat vəsaitin ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdehin nümayəndəsi tərəfindən təqdim olunan və digər sakinlərlə bağlanmış çoxsaylı müqavilələrdə də 50 kvm sahəsi olan mənzilə görə qarşılıqlı razılıq əsasında aylıq 250, 300, 350 manat ödənilməsinin nəzərdə tutulduğu qeyd edilmişdir.

48. Göründüyü kimi, 50 kvm sahəsi olan mənzilə görə 800 manat kirayə haqqının tələb edilməsinin hər hansı hüquqi əsası yoxdur. 37,4 kvm əlavə sahəyə görə kirayə haqqı və təmir xərci tələb olunması isə ümumiyyətlə nə qanuna, nə də müqaviləyə söykənmir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulan müqavilə tərəflərindən birinin müqaviləni əhəmiyyətli dərəcədə pozması dedikdə digər tərəfə vurulan elə bir zərər başa düşülür ki, bu zərər nəticəsində həmin tərəf müqavilə bağlanarkən güman və ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, bu pozuntu digər tərəfə müqavilənin məqsədinə nail olunmasına imkan vermir. Mühüm pozuntunun vurduğu zərər (ziyan) özündə həm çəkilən əlavə xərcləri, həm də nəzərdə tutulan mümkün gəlirlərin əldə edilməməsini, habelə müvafiq tərəfin mənafeyinə mühüm dərəcədə toxunan digər nəticələri birləşdirir.

50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış və bununla da maddi hüquq normalarının pozuntusuna yol verilmişdir. Hazırkı işdə mübahisələndirilən müqavilənin və ona əlavənin müvafiq surətdə 1.1.2-ci və 1.1.3-cü bəndlərinin dəyişdirilməsi üçün qanunla nəzərdə tutulmuş hər hansı əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd olunmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh "xxxx"xxxx"xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilədə dəyişikliklər edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar