Məhkəmə qərarları › İş №2(103)-1728/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1728/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1728/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı «A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 6560/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2024- cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsinin törədilməsində "BMW 318 minik” markalı, ** CT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir.

2. xx.xx.2024-cü il tarixli xx.xx.2024-cü il tarixli "X5” MMC-nin hesab fakturasına əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində "Mercedes Benz GLC 200” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 8164,33 müəyyən edilmiş, lakin sığortalı tərəfindən 500 manat azadolma məbləği Cəmiyyətin hesabına köçürüldüyündən zərər məbləği 7 664,33 təşkil edilmişdir.

3. Subroqasiya tələblərinin reyestrindən çıxarışa əsasən, "BMW 318 minik” markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "Paşa Sığorta” ASC tərəfindən 4 500 manat məbləğində sığorta ödənişi Cəmiyyətin hesabına ödənilmişdir.

4. xx.xx.2024-cü il tarixli Sığorta aktından görünür ki, «A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış 17 may 2023-cü il tarixli AS-F 214/23 nömrəli sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən "Mercedes Benz GLC 200” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığortalanmışdır. "Mercedes Benz GLC 200” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat sığorta müddətində xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan "BMW 318 minik” markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə toqquşaraq zədələnmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində "Mercedes Benz GLC 200” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 7664,33 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

5. xx.xx.2024-cü il tarixli Pretenziya məktubundan görünür ki, iddiaçı "A-Qroup Sığorta Şirkəti” ASC Cavabdeh dəymiş zərərlə bağlı borclunun üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsi, əks təqdirdə isə müvafiq hüquqi tədbirlərin görülməsi barədə lazımi qaydada məlumatlandırmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3164,33 manat məbləğində sığorta ödənişinin Cavabdeh iddiaçı "A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış 17 may 2023-cü il tarixli AS-F 214/23 nömrəli sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortalanmış "Mercedes Benz GLC 200” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan "BMW 318 minik” markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə toqquşaraq zədələnmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində "Mercedes Benz GLC 200” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 7 664,33 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən, baş vermiş yol nəqliyyat hadisəsinin törədilməsində "BMW 318 minik” markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. "X5” MMC-nin xx.xx.2024-cü il tarixli hesab fakturasına əsasən, yolnəqliyyat hadisəsi nəticəsində "Mercedes Benz GLC 200” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 8 164,33 müəyyən edilmiş, lakin sığortalı tərəfindən 500 manat azadolma məbləği Cəmiyyətin hesabına köçürüldüyündən zərər məbləği 7 664,33 təşkil edilmişdir. Subroqasiya tələblərinin reyestrindən çıxarışa əsasən, "BMW 318 minik” markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "Paşa Sığorta” ASC tərəfindən 4 500 manat məbləğində sığorta ödənişi Cəmiyyətin hesabına ödənilmişdir. xx.xx.2024-cü il tarixli, 772/24 nömrəli geriyə tələb məktubuna əsasən, sığorta hadisəsi nəticəsində "Mercedes Benz GLC 200” markalı ** BZ *** dövlət nişanlı avtonəqliyyat vasitsəinə dəymiş zərərin qalıq hissəsinə görə ödənilməli olan 3164,33 manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6560/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 3164,33 manat məbləğində sığorta ödənişinin əvəzi, 51,65 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqının iddiaçı "A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. (hakim X2)

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, zərərin qiymətləndirilməsi məsələsi müvafiq ekspertiza aparılmadan həll edilmişdir. Zərər barədə yalnız şikayətçinin təqdim etdiyi arayışa əsaslanaraq qərar verilmişdir ki, bu, obyektivliyə və ədalətə ziddir. Zədələnmiş avtonəqliyyat vasitəsinin şəkilləri məhkəmə tərəfindən tədqiq edilməmiş, həmçinin zərərin təmir olunmalı olduğu zədələrin hadisəyə aid olub-olmaması araşdırılmamışdır. Hər iki tərəf arasında bu barədə ciddi fərqliliklər mövcuddur, lakin məhkəmə bu fərqləri araşdırmadan qərar vermişdir. Zərərin mövcud olub-olmaması və miqdarı barədə müstəqil ekspertizanın keçirilməsi zəruri idi.

11. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1728/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e- 2(001)-6560/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə iddia icraatı qaydasında baxılması barədə qərardad qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir..

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

16. "İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: 63.1-ci maddəsinə əsasən, həmin qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduğda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir.

22. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış 17 may 2023-cü il tarixli AS-F 214/23 nömrəli sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən "Mercedes Benz GLC 200” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığortalanmışdır. "Mercedes Benz GLC 200” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat sığorta müddətində xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan "BMW 318 minik” markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə toqquşaraq zədələnmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində "Mercedes Benz GLC 200” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 7664,33 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

23. Subroqasiya tələblərinin reyestrindən çıxarışa əsasən, "BMW 318 minik” markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "Paşa Sığorta” ASC tərəfindən 4 500 manat məbləğində sığorta ödənişi Cəmiyyətin hesabına ödənilmişdir.

24. Hazırda isə cavabdeh avtomobilə dəyən zərərin iddiaçı tərəfindən qeyd edilən məbləğdə olmadığı və ekspertiza keçirilərək zərərin məbləğinin müəyyən edilməsini mübahisələndirir.

25. Bununla bağlı məhkəmə kollegiyası məhkəmə kollegiyası tərəfindən keçirilmiş qiymətləndirmə nəticəsində əldə edilmiş Mərkəzi Ekspertiza Bürosunun 29 may 2025-ci il tarixli MEB-m89-0525 nömrəli hesabatına əsasən "Mercedes Benz GLC 200” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə çəkilən təmir xərclərinin dəyərinin 4860,00 manat olduğu müəyyən edilmişdir. Belə olan halda kollegiya qeyd edir ki, həmin məbləğ də icbari sığortası növü üzrə "Paşa Sığorta” ASC tərəfindən Cəmiyyətin hesabına ödənilən məbləğ təmir üçün müəyyən edilən təmir xərcini əhatə etdiyindən öz növbəsində həmin əsasla cavabehdən pulun tutulmasının tələb edilməsini istisna edir və iddianın əsassız olmasına dəlalət edir.

26. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, hesab edir ki, birinci instansiya məhkəməsi iddianın əsaslı olması qənaətinə gəlməkdə səhvə yol vermiş və əsassız olaraq iddianı təmin etmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir.

27. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384-385-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6560/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar