Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1729/2020 29.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər: Bakı şəhəri 9 saylı Notariat Ofisi və X5) müqavilənin şərtlərinin dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında Bakı şəhəri 9 saylı Notariat ofisində xx xxxxxx 2018-ci il tarixdə 3M1477 nömrəli reyestrlə bağlanmış kredit müqaviləsinin dəyişdirilməsi, həmin müqavilənin 80.000 ABŞ dolları məbləğində bağlanılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 9 saylı Notariat Ofisində onunla cavabdeh arasında xx.xx.2018-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlanmasına razılaşdırılmış pul vəsaiti 80000 ABŞ dolları pul vəsaiti olmuşdur. Bundan əlavə isə, 10.000 ABŞ dolları cavabdehə çatan faiz olmalı idi. Müqavilə şərtlərində isə həmin məbləğin 140.000 ABŞ dolları qeyd olunması, 3 aylıq müddətdə həmin vəsaitin qaytarılmasına inamın olmaması ilə əlaqədar olmuşdur. Digər baxımdan, cavabdehin etiraf etdiyi kimi, bu pul vəsaiti tamamilə başqa bir şəxsin olmuşdur. Cavabdehi əvvəllər tanımamış, lakin onun faizə pul tapıb verməsi ilə məşğul olması, müəyyən qədər gəlir əldə etməsini öyrənmişdir. Ona kommersiya işlərini tənzimləmək üçün təcili 80.000 ABŞ dolları pul vəsaiti lazım olmuş, kredit təşkilatlarından nəzərdə tutulmuş pul vəsaitini almaq mümkün olmamış, cavabdehlə 2018-ci ilin dekabrın əvvəllərində müvafiq şərtlərlə danışıqlar və razılaşmalar olmuş,bundan sonra atası X1 razılığı ilə onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində 0,03 ha torpaq sahəsində yerləşən, 224,1 kv.m-lik 138 saylı yaşayış evi və həmin torpaq sahəsi ipoteka ilə cavabdehin xeyrinə yüklü edilmişdir. İpoteka qoyulmuş yaşayış evinin dəyəri 280000 manat qiymətləndirilmişdir. O, cavabdehə telefon zəngləri edərək 3 dəfə, hər dəfə 2500 ABŞ dolları təklif etsə də, o buna razı olmamış və müqavilədə göstərilən pul vəsaitini tam şəkildə tələb etmişdir. Onun kommersiya işlərində uğursuzluq olduğuna baxmayaraq razılaşdıqları vəsaiti tam şəkildə qaytarmaq mümkün olmamışdır. Danışıqlar zamanı o, cavabdehin yayındığını hiss etmiş və ona məlum olmuşdur ki, onun məqsədi onun atasına məxsus 280000 manat dəyərində olan yaşayış evini ələ keçirmək olmuşdur. Cavabdehin rəsmi ünvanına və Notariiat ofisinə müqavilənin dəyişdirilməsi ilə əlaqədar xx.xx.2019-cu il tarixdə təklif vermiş, lakin təklifinə 15 gün müddəti ərzində cavab verilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3140/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Şikayət iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə cavabdeh tərəflə mövcud olan səs yazıları barədə danışıqlara qiymət verməmişdir. Həmin danışıqlarda cavabdehin etirafedici səsləri verilmişdir. Kredit müqaviləsinin bağlanması zamanı pul vəsaitinin hansı məbləğdə verilməsi barədə rəsmi qəbz mövcud olmamışdır. Notariat ofisi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab isə həqiqəti əks etdirmir. Yalnız bağlanmış müqavilə ilə müəyyən olunur ki, cavabdeh iddiaçıya notariusun bankda açılan depoziti hesabı vasitəsilə nəzərdə tutulan pulu ödəmişdir. Məhkəmə üçüncü şəxs Hüseyn Babayevin ifadəsində göstərilmiş xüsusatlara qiymət verməmiş, yalnız rəsmi müqavilə şərtlərinə istinad edərək hazırkı qətnaməni qəbul etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili şikayətin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili şikayətə etiraz təqdim edərək şikayətin təmin olunmamasını xahiş etdi. Həmçinin, bildirdi ki, iddiaçı hal-hazırda CM-in 178-ci maddəsi ilə təqsirləndirilir və həbsdədir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxslər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı isəapellyasiya şikayəti verməklə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlar əsasında müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıya (140.000 ABŞ dolları məbləğində pulu, həmin tarixə olan məzənnə üzrə 1 ABŞ dolları = 1,70 manat ilə) 238.000 manat pulu borcverməsini, cavabdeh ilə həmin məbləği xx.xx.2019-cu il tarixədək iddiaçıya qaytarmağı öhdələrinə götürmüşdür. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Müqavilənin 7-ci bəndinə əsasən ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildiriş göndərilməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Cavabdeh, iddiaçı və üçüncü şəxs X5 arasında xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, kredit müqaviləsinin təminatı olaraq X3 mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 224.1 kv.m olan fərdi yaşayış evi cavabdehin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin razılığı əsasında 180000 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı Cavabdeh və Bakı şəhəri 9 saylı Notariat Ofisinə Bakı şəhəri 9 saylı Notariat Ofisində xx.xx.2018-ci il tarixdə onunla cavabdeh arasında bağlanmış 3M-1477 reyestrlə qeydə alınmış kredit müqaviləsi üzrə nəzərdə tutulmuş razılaşma cavabdeh tərəfindən pozulduğu üçün müqavilənin dəyişdirilməsini təklif etmişdir. Birinci instansiya məhkəməsi tərəflərin müqavilənin dəyişdirilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadığından iddianı rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (maddə 324.4). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. (maddə 390.1). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (maddə 405.1). Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddələr 421.1-421.2). Qeyd edilən maddi hüquq normalarının mənasından da görünür ki, müqavilənin dəyişdirilməsi əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yalnız tərəflərin razılaşması ilə mümkündür. Baxılan işdə müqavilənin dəyişdirilməsinə cavabdeh etiraz edir. Başqa sözlə desək, tərəflər arasında qarşılıqlı razılıq yoxdur. Tərəflərdən birinin tələbi ilə müqavilənin dəyişdirilməsi yalnız o şərtlə mümkündür ki, digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozmuş olsun və ya bu Məcəllədə və ya müqavilədə digər hallar nəzərdə tutulmuş olsun. İddiaçı isə cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozmasını və bunun nəticəsində kredit müqaviləsinin dəyişdirilməsi zərurətinin meydana çıxdığını sübuta yetirə bilməmişdir. Halbuki, MPM-ə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Sadalanan normalar çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Lakin apellyator şikayətində irəli sürdükləri ilə bağlı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına yuxarıda qeyd olunan arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, iddiaçı tələbin əsası kimi tərəflər arasında danışıqlar barədə disk təqdim etmişdir. Kollegiya diski sübut növü kimi qəbul etmir. Belə ki, MPM-ə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.1, 76.3). Səs yazılarının hansı şəraitdə, hansı qaydada əldə edildiyi məlum deyildir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3140/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1729/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1729/2020
29.01.2020 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver