Məhkəmə qərarları › İş №2(103)-1731/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1731/2023

14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1731/2023 14.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ölənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, Cavabdeh2 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, e-2(007)-3232/2022 nömrəli qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. AB 627855 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən aydın olur ki, 2010-cu il buraxılışlı, “Volkswagen Passat minik” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir.

2. İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Volkswagen Passat” markalı, **-LR-*** dövlət nömrə nişanlı avtomobil 29 oktyabr 2020-ci il tarixdən 29 oktyabr 2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır.

3. PXA84341 nömrəli sığorta aktından görünür ki, zərər dəymiş əmlaka “VAZ- 21154” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün sığorta ödənişi olan 2300 manat ödəniləcək məbləğ qeyd olunmuşdur.

4. "xxxx" servisin təqdim etdiyi 07 aprel 2021-ci il tarixli qüsur aktına əsasən “VAZ- 21154” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 2300 manat təşkil edir.

5. 22 aprel 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" ASC-dən sığorta ödənişi almaq üçün ********** nömrəli kart Dadaşov Əmirsalam Akif oğluna təhvil verilmişdir.

6. 12 aprel 2022-ci il tarixli hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən 2300 manat məbləğdə pul vəsaiti zərərçəkmiş şəxs Dadaşov Əmirsalam Akif oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödənilmişdir.

7. "xxxx" ASC-nin 23 aprel 2021-ci il tarixli 05/01-585 nömrəli Pretenziya məktubundan görünür ki, Cavabdeh2 2300 manat sığorta ödənişinin 7 gün müddətində ödənilməsi tələb edilmiş, ödəmədiyi təqdirdə "xxxx" ASC tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur.

8. İXP ******* nömrəli 05 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP ******* nömrəli, 07 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, Cavabdeh2 05 aprel 2021-ci il tarixdə saat 10:00-da əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə yol-nəqliyyat hadisəsi törətmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 manat məbləğdə cərimə edilmişdir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

9. "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2300 manat məbləğdə vurulmuş zərər və 43 manat məbləğdə ödənilmiş dövlət rüsumunun Cavabdeh2 tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, “Volkswagen Passat” markalı, **-LR-*** dövlət nömrə nişanlı avtomobil 29 oktyabr 2020-ci ildən 29 oktyabr 2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 15 oktyabr 2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il aprelin 05-də Cavabdeh2 etibarnamə olmadan idarə etdiyi “Volkswagen Passat” markalı, **-LR-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu E.Mehdiyev küçəsində Dadaşov Əmirsalam Akif oğlunun idarə etdiyi “VAZ-21154” markalı, **-NO-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Sabunçu DYPŞ-i tərəfindən 07 aprel 2021-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Sabunçu DYPŞ-in 07 aprel 2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin maddəsi ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən 07 aprel 2021-ci il tarixdə verilmiş 3403 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “VAZ-21154” markalı, **-NO-*** dövlət nömrə nişanlı avtomobillə 2300 manat məbləğdə ziyan dəymişdir. İddiaçı 26 aprel 2021-ci il tarixdə 2300 manat məbləği zərərçəkmiş şəxs Dadaşov Əmirsalam Akif oğluna ödəmişdir. “Volkswagen Passat” markalı, **-LR-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 olduğundan Cavabdeh2 Həmdull oğlu avtomobili etibarnaməsiz idarə etməsi barədə məlumatlı olmağa borclu idi. Buna görə də iddiaçının subroqasiya hüququ müştərək qaydada həm Cavabdeh2, həm də Cavabdeh1 qarşı yaranır.

11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, e-2(007)- 3232/2022 nömrəli qətnaməsi ilə iddia təmin olunmuşdur.

12. Qətnamənin əsaslarına görə, hazırkı işdə Cavabdeh2 iddiaçı qarşısında mülkihüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, Cavabdeh2 “Volkswagen Passat” markalı, **-LR-*** dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydasını təqsirli şəkildə pozaraq “VAZ-21154" markalı, **-NO-*** dövlət nömrə nişanlı avtomobillə zərər vurması və iddiaçının Dadaşov Əmirsalam Akif oğluna 2300 manat məbləğində ödəniş etməsi işin mübahisəsiz hallarıdır. Belə olan halda, etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etmiş Cavabdeh2 və həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1 qarşı iddiaçının subroqasiya tələbi əsaslıdır və subroqasiya tələbi onlara qarşı da yönəlməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1108.1, 1114.1, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamə ilə razılaşmayan Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətinin dəlillərinə görə, sığorta münasibəti inzibati münasibət deyil, mülki münasibətidir və mülki hüquq normları ilə tənzimlənir. Mülki hüququn tələbi bundan ibarətdir ki, əşyanın başqasının istifadəsinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır, avtomobilin idarə edilməsi “əşyadan istifadə edilməsi” kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu deməkdir ki, mülkiyyəti ilə həmin şəxsin arasında istifadə müqaviləsi, icarə müqaviləsi və s. bu kimi müqavilələr mövcuddur. Mülki qanunvericilik avtomobildən istifadə müqaviləsi üçün yazılı formanı məcburi forma kimi müəyyən etməyib. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan, etibarnaməsi isə olmayan və mülkiyyətçinin iradəsinə zidd olaraq avtomobili istismar edən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara mülki məsuliyyət üzrə sığorta təminatı şamil olunmadığından həmin hadisələr və hallar sığorta hadisəsi hesab olunmur. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 13.4-cü maddəsindən görünür ki, mülki məsuliyyət üzrə sığorta təminatı əmlaki qanuni əsasla istismar edən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Bu maddədə “qanuni əsaslar” deyiləndə yalnız etibarnamə və ya digər yazlı sənəd deyil, avtomobilin istismar edilməsinə mülkiyyətçinin şifahi razılığı da nəzərdə tutulur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismar edilməsinin mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Məsələn avtomobil mülkiyyətçisinin sərnişin qismində avtomobildə olması halında hər hansı yazılı sənədin verilməsi tələb olunmur, şifahi razılıq kifayətdir ki, avtomobilin idarə edən şəxs avtomobili qanuni əsaslarla istismar edən şəxs sayılsın. Mülki hüquq inzibati hüququn müəyyən etdiyi “avtomobilin idarə edilməsinə dair etibarnaməni” tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır. Avtomobilin idarə edilməsi isə mülki hüquqda “əşyadan istifadə edilmə” kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə edilmə” deyiləndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin faydalı təbii xassəsi nəqletmədir, çünki o, nəqliyyat vasitəsidir, ona görə də şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxslərin qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobilin üzərində sərəncam verilməsi və üçüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. O cümlədən yol hərəkəti münasibətlərində də avtomobilin idarə edilməsi (istifadə edilməsi) ilə bağlı təmsilçilik münasibətlərinin yaranması mümkün deyil. Çünki, avtomobili idarə edən (istifadə edən) şəxs yol hərəkəti münasibətinin iştirakşısına çevirilir və həmin münsibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, öz adından “sürücü” kimi iştirak edir . “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçısı anlayışı müəyyən olunub. Həmin anlayışdan görünür ki, “sürücünün nümayəndəsi”, “piyadanın nümayəndəsi”, “sərnişinin nümayəndəsi” və digər bu kimi anlayışlar yoxdur, onların hər biri yola hərəkətində öz adından iştirak edir. İnzibati hüquq etibarnamənin olmasını o halda tələb edir ki, mülkiyyətçi olmayan şəxs avtomobillə yol hərəkətində iştiraka qoşulmuş olsun. Əgər mülkiyyətçi olmayan şəxs avtomobillə yol hərəkətində iştirak etmirsə (məsələn avtomobili öz qarajında saxlayaraq ona sahiblik edirsə) inzibati hüquq etbarnamə tələb etmir. Göründüyü kimi, inzibati hüquqda etibarnamə yalnız yol hərəkətində iştirak zamanı əhəmiyyətlidir. Avtomobillə yol hərəkətinə iştirak etməyə qoşulan şəxs isə artıq yol hərəkətinin iştirakçılarından biri olan “sürücü” statusunu əldə edir. Onun “avtomobil mülkiyyətçisinin nümayəndəsi” statusunda yol hərəkətinə qoşulması mümkün deyil, çünki yol hərəkətinin “avtomobil mülkiyyətçisi” adlı iştirakçısı yoxdur. Əgər təmsil olunan yoxdursa, deməli təmsiliçilik də yoxdur. Beləliklə, hüquqda “avtomobilin idarə edilməsinə dair etibarnamə” təmsilçilik üçün deyil, hüquqpozmalara qarşı dövlətin qabaqlayıcı (preventiv) tədbiri kimi tətbiq edilir. Odur ki, etbarnamənin olmaması sığortaçının subroqasiya hüququnun yaranması üçün əsas deyil. Etibarnamənin olmaması qanuni əsasın olmaması kimi qəbul olunursa, belə halda iddiaçı sığorta ödənişi verməkdən imtina etməli idi. İddiaçının həmin hadisəni sığorta hadisəsi hesab edərək sığorta ödənişi verməsi ona dəlalət edir ki, iddiaçı avtomobilin cavabdeh Üzeyir Abdulayev tərəfindən qanuni əsasla idarə edildiyini etraf etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi.

18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillər ilə razı olmadığını bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir; Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

20. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

24. İşin mübahisəsiz hallarına görə, Cavabdeh2 05 aprel 2021-ci il tarixdə etibarnamə olmadan idarə etdiyi X2 məxsus “Volkswagen Passat” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “VAZ-21154" markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması Sabunçu DYPŞ tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında Protokolla öz təsdiqini tapmışdır. “VAZ-21154” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2300 manat ziyan dəymişdir. 12 aprel 2022-ci il tarixli hesabdan çıxarışa əsasən "xxxx" ASC 2300 manat sığorta ödənişini həyata keçirmişdir.

25. Hazırda iddiaçı "xxxx" ASC “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə istinad edərək, subroqasiya qaydasında ödənilmiş sığorta ödənişinin geri qaytarılması barədə tələblə çıxış etmişdir. Belə ki, qanunun həmin maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2020-ci il tarixli, 2(103)-2761/2020 nömrəli qətnaməsindən verilmiş şikayət üzrə 17 noyabr 2020-ci il tarixli, 2(102)-5401/2020 nömrəli Qərarında formalaşdırılmış mövqeyə görə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Hazırkı iş üzrə Cavabdeh2 barəsində nəqliyyat vasitəsinə etibarnamə olmadan idarə etməsi barədə protokol tərtib edilməsinə baxmayaraq, sonuncu nəqliyyat vasitələri idarə etmək hüququna malik olduğundan, həmin maddənin təsir dairəsinə düşmür.

27. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq, qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işin halları üzrə gəlinmiş nəticə qanuni olmamışdır.

28. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apelyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.

29. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, e-2(007)- 3232/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, e-2(007)- 3232/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar