Məhkəmə qərarları › İş №2(103)-1732/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1732/2025

17.06.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1732/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X4 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1732/2025 (Açar sözlər: kompensasiya ödənilməklə qanunsuz tikilinin boşaldılaraq sökülməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh və nümayəndəsi-vəkili Vəkil Babalı oğlunun iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmar Cəmiyyətinin Cavabdeh qarşı “kompensasiya ödənilməklə qanunsuz tikilinin boşaldılaraq sökülməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3478/2024 nömrəli 12 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Bakı Şəhər icra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 №-li Sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən kordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "kompensasiya ödənilməklə qanunsuz tikilinin boşaldılaraq sökülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən Cavabdeh 65.000 (altmış beş min) manat ödənilməklə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-83 ünvanda ona məxsus özbaşına tikilinin boşaldılaraq sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 №-li Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən kordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. Bununla bağlı, Bakı şəhəri icra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 №-li sərəncamının icrası məqsədilə iddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına və Sərəncamda qeyd olunan ərazidə yerləşən tikililərin istifadəçilərinə müraciətlər edilmiş və həmin tikililər barədə məlumatlar əldə edilmişdir. Belə ki, əldə olunmuş məlumatlar əsasında məlum olmuşdur ki, Sərəncamda qeyd olunan ərazidə yerləşən tikililər qanunsuz tikililərdir, bəzi vətəndaşlar, eləcə də hazırki iddia üzrə cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahələridir və həmin ərazidə özlərinə heç bir norma və tikinti qaydalara uyğun olmayan yararsız, tam və yarımçıq yaşayış və qeyri-yaşayış sahələri tikmişlər, həmin tikililər qanunsuz olmaqla yanaşı, həm də istifadə üçün yararsız və qəzalı vəziyyətdədir. Bununla bağlı olaraq, Sərəncamın icrasının təmin edilməsi və yeni yaşayış kompleksinin tikilməsi məqsədilə, həmin ərazidə yerləşən və qanunsuz (özbaşına) tikilmiş yaşayış və qeyri-yaşayış sahələrinin istifadəçiləri olan digər vətəndaşlarla bərabər hazırki iddia üzrə cavabdehlə dəfələrlə tərəflərindən danışıqlar aparılmış və onlara həmin özbaşına (qanunsuz) tikililərin real dəyərinə uyğun kompensasiya ödənilməsi şərtilə sökülməsi üçün real təkliflər edilmişdir. Göstərilən sərəncamın icrası ilə bağlı, "xxxx" ASC tərəfindən həmin ərazidə yerləşən digər sahə istifadəçilərinin əksəriyyəti ilə danışıqlar aparılmış və razılıq əldə olunaraq real dəyərə uyğun kompensasiya ödənilmiş və həmin tikililərin sökülməsi təmin edilmişdir. Yuxarıda qeyd edilənlərə baxmayaraq, cavabdeh hər hansı bir razılığa gəlməkdən birmənalı şəkildə imtina edir, hər bir vəchlə hüquqlarından sui-istifadə etməklə, sərəncamın icrası ilə razılaşmayaraq, ədalətsiz məbləğdə qanunla nəzərdə tutulmayan, böyük məbləğdə kompensasiya tələb etməklə əsassız varlanmaq niyyətindədir və bu hərəkətləri ilə digər mülkiyyətçilərə və şirkətə külli miqdarda ziyan vurur. Qeyd olunan faktlar və tikililərin real qiyməti və sahəsi barədə tərəflərindən, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası mərkəzində uzun illər işləmiş və dərin bilik və təcrübəyə sahib olan, X1 ekspertlərinə müraciət edilmiş və bu barədə müvafiq ekspertiza rəyləri əldə edilmişdir. “X3” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 83 №-li rəyə əsasən Cavabdeh tərəfindən M-83 ünvanında inşa olunmuş tikili qanunsuz (özbaşına) tikilidir, tikinti qaydalarına uyğun inşa olunmamışdır, qəzalı və yararsız vəziyyətdədir, tikilinin ümumi dəyəri - 65.000 manatdır. Ekspertiza rəyinin məzmunundan, inşa olunmuş qanunsuz tikilinin fotoşəkillərdən görünür ki, həmin tikili tam yararsız və tikinti qaydalarına uyğun inşa edilməmişdir, ümumilikdə istifadə üçün təhlükəli və bərbad vəziyyətdədir. Göründüyü kimi bu vəzifələrin həyata keçirilməsi müvafiq sərəncama əsasən "xxxx" ASC-yə həvalə edilmişdir. Yuxarıda qeyd olunan rəylərdən göründüyü kimi cavabdeh tərəfindən inşa edilmiş tikilinin istismara yararsız olması və eləcə də qanunsuz (özbaşına) tikili olması qeyd edilmişdir. Bununla belə "xxxx" ASCnin öhdəliyi olmasa belə humanistlik nümayiş etdirərək, sərəncama əsasən sosial əhəmiyyətli dövlət layihəsinin icrasının təmin edilməsi ilə bağlı xərcləri öz üzərinə götürür və cavabdehin istifadəsində olan qanunsuz (özbaşına) tikilinin sökülməsi qarşılığında ona tikilinin real dəyərində kompensasiya ödənilməsini öhdəsinə götürür. Cavabdeh isə bununla razılaşmaqdan imtina etsə də, belə imtina qanuni hesab edilə bilməz. Belə ki, cavabdeh tərəindən inşa edilmiş tikilinin özbaşına, qanunsuz tikili olmaqla qəzalı vəziyyətdə saxlanılması, ASC ilə müqavilə bağlamış digər vətəndaşların hüquqlarını pozur və həmin ərazidə yeni yaşayış kompleksinin tikilməsinə, bununla bağlı verilmiş Sərəncamın icrasına mane olur. Göründüyü kimi, cavabdehin qanunsuz tikilisi maraqlı şəxs olaraq "xxxx" ASC-nin hüquqlarını pozur və digər vətəndaşlar qarşısında götürdüyü öhdəliklərin icrasına maneəçilik yaradır. Bu isə "xxxx" ASC-yə işlərin ləngiməsi ilə əlaqədar külli miqdarda maddi ziyan vurur və digər sakinlərin mənzil hüquqlarının pozulması ilə nəticələnən müqavilə öhdəliklərinin icrasını ləngidir. ASC olaraq tərəflərindəm sərəncamın icrasının gecikməməsi məqsədilə, cavabdehə kompensasiya ödənilməsi üçün real təkliflər olunmuş, lakin buna baxmayaraq o, həmin təklifdən imtina etmiş və nəticədə ASC-yə külli miqdarda ziyan vurmuş və hazırda da vurmaqdadır. Qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidəki qəzalı və istifadəyə yararsız olan qanunsuz tikilinin dəyəri cavabdehə ödənilməklə, həmin qanunsuz (özbaşına) tikili boşaldılaraq sökülməlidir.

4. Məhkəmə gedişatında iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh 75.000 (yetmiş beş min) manat məbləğində kompensasiyanın ödənilməsinə razılıqlarını bidirmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 dekabr 2024-cü il tarixli 2(004)-3478/2024 nömrəli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddianın təmin edilməsi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 75.000 (yetmiş beş min) manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-83 ünvanda cavabdehə məxsus özbaşına tikili boşaldılaraq sökülməsi qət edilmişdir.

6. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə, M-83 ünvanda tikdiyi özbaşına tikili Bakı Şəhər icra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 №-li Sərəncamına əsasən yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmiş torpaq sahəsinin ərazisində yerləşir. Tərəflər özbaşına tikilinin söküldüyü halda kompensasiya məbləğinə dair razılığa gələ bilmədiklərindən iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. 04 oktyabr 2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən M-83 ünvanında inşa olunmuş tikilinin real bazar qiyməti ilə təqribi dəyəri 75.000 (yetmiş beş min) manatdır.

7. Məhkəmə hesab etmişdir ki, hazırki mülki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinin dispozisiya şərtləri müəyyən edildiyindən, cavabdeh tərəfindən tikilmiş özbaşına tikili məhkəmənin qərarı əsasında boşaldılaraq sökülməli, kompensasiya olaraq, 75.000 manat məbləğində pul cavabdehə ödənilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 180.1, 180.2, 180.4, və Mülki Prosessual Məcəllənin 107, 119.1, 216-220, 227 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qanunsuz olduğu üçün tam ləğv olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsində tərəfindən mübahisəli mənzilə dair mütəxəssis rəyi əlavə olunmuşdur. "xxxx" Qiymətləndirmə Şirkəti MMC tərəfindən verilmiş 07 avqust 2024-cü il tarixli Mütəxəssis rəyindən görünür ki, ümumi sahəsi 134,67 kv.m təşkil edən Cavabdeh istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolunun kənar hissəsində yerləşən M-83 saylı evin (söküntü məqsədilə) 07 avqust 2024-cü il tarixinə bazar dəyəri 270.000 (iki yüz yetmiş min) manat təşkil edir. "xxxx" Qiymətləndirmə Şirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinin qiymətləndirmə aparması üçün dövlət tərəfindən lisenziyası mövcuddur. Məhkəmə tərəfindən “Yeni dövr qiymətləndirmə mərkəzi” tərəfindən mübahisəli ev 75000 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixə, saat 15:00-a təyin olunmuş məhkəmənin nümayəndə və vəkilin həmin vaxtda Bakı Kommersiya Məhkəməsində işin olmasına görə başqa vaxta keçirməsi xahiş olunsa da və bununla əlaqdar elektron kabinet vasitəsilə ərizə və məhkəmə barədə məlumat göndərilsə də, məhkəmə cavabdehin iştirakı olmadan qanunsuz qətnamə çıxarmışdır. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Qiymətləndiricinin ixtisas şəhadətnaməsi olan “AİD CONSULTİNG” Qiymətləndirmə şirkətinə müraciət olunmuş və Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında yerləşən M-83 ünvanda olan 134,67 kv.m təşkil edən fərdi yaşayış evi 268.300 manat qiymətləndirilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh həmçinin izahatında bildirdi ki, Ermənistan Respublikasından qaçqındır, 1988-ci ildə Bakıya gələrək mübahisəli evi inşa etmiş və orada məskunlaşmışdır. Evin bütün şəraiti var və qanunsuz tikili olmasına baxmayaraq, bir ev kimi istismara tam yararlıdır. Yaşadığı müddətdə bütün kommunal xərcləri ödəmişdir. Eləcə də iddiaçı başqa sakinlərə mənzil verdiyi halda ona 1 kv.m üçün 500 manatdan kompensasiya təklif edir. Evin dəyərini 75000 manat müəyyən etmək ədalətsizlikdir. Belə ki, həmin məbləğə oxşar şəraitli ev alınması mümkün deyil. Onun tələbi evinin əvəzində eyni ölçüdə yeni inşa olunan binalardan birində mənzil verilməsidir.

13. Məhkəmə iclasında iştirak edən iddiaçı cavabdehin apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, həqiqətən bəzi sakinlərlə əvəzləşdirməni mənzillə etmişlər, ancaq həmin sakinlərin sökülən evləri daha abad olmuşdur. Cavabdehin evi isə heç bir şəraiti olmayan evdir, həmin evə görə əvəzində mənzil verilməsinə şirkət razı deyil.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

14. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

15. Maddə 43, İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

16. Maddə 43, İİ hissə. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

18. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

19. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

20. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

21. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

22. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.

23. 560.3.5.1. alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə hüquqdan sui-istifadədir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Qətnamə tam yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

31. İşin müəyyən edilmiş halı odur ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə, M-83 ünvanda tikdiyi özbaşına tikili Bakı Şəhər icra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 №-li Sərəncamına əsasən yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmiş torpaq sahəsinin ərazisində yerləşir. Tərəflər arasında özbaşına tikilinin söküldüyü halda kompensasiya məbləğina dair razılıq əldə etmək mümkün olmadığından iddiaçı məhkəməyə müraciət etmişdir.

32. İddiaçı cavabdehə qiymətləndirici tərəfindən müəyyən olunmuş 79.000 manat kompensasiya verməyə razıdır, cavabdeh isə evinin pulla kompensasiyasına razı deyil, əvəzində həmin yerdə inşa olunan binaların birində eyni ölçülü mənzil tələb edir. İddiaçı bu tələbi qəbul etmir.

33. Kollegiya cavabdehə məxsus mübahisəli evin qiymətləndirilməsini keçimişdir. "xxxx" MMC-nin MEB/03-9126/2025 nömrəli 22 may 2025-ci il tarixli hesabatına əsasən özbaşına tikilinin hazırki bazar qiyməti 79000 manat müəyyən edilmişdir.

34. Kollegiya həmin qiyməti ağlabatan hesab edir, internet resurslarından əldə olunmuş məlumatlardan da müəyyən olunur ki, həqiqətən də yaxın ərazidə (xüsusilə də 3 saylı Asan Xidmət Mərkəzinin arxasında) analoji sənədsiz evlərin real bazar qiyməti təmir vəziyyətindən və s. şəraitdən asılı olaraq təqribən 70-90 min manat civarındadır.

35. Normal vəziyyətdə, yəni "xxxx" ASC həmin ərazidə tikinti işləri aparmasaydı və cavabdeh evini sərbəst şəkildə satmaq istəsəydi, çətin ki, göstərilən qiymətdən baha sata bilərdi. Odur ki, ilk baxışdan iddiaçının təklifi ədalətli görünür.

36. Ancaq nəzərə almaq lazımıdr ki, sökülməsi tələb olunan ev cavabdeh və ailəsinin yeganə yaşayış yeridir və cavabdehin başqa yaşayış yerinin olması müəyyən olunmur. Cavabdeh artıq uzun illərdir (37 ildir) həmin evdə yaşayır və məhz həmin ev hesabına ailəsinin mənzil tələbatını ödəyə bilmişdir. İddiaçının nümayəndəsi həmin evi şəraitsiz mənzil hesab etsə də, cavabdeh üçün bu evin əhəmiyyəti çox böyükdür. Avropa Konvensiyasının 8-ci maddəsinin tələbləri baxımından da mübahisəli ev cavabdehin yaşayış yeri hesab olunur.

37. İddiaçı tərəfindən təklif olunan 75000 manata Bakı şəhərində ümumi sahəsi 134,67 kv.m təşkil edən evin alınması real deyil.

38. Nəzərə alınmalıdır ki, sakinlərin yaşayış səviyyəsi nə qədər aşağı olsa belə, onlar illər boyu həmin ərazidə yaşamaqla öz mənzil tələbatlarını ödəyirlər.

39. Kollegiya onu da xüsusi olaraq nəzərə alır ki, qeyd olunan ərazidəki torpaq sahəsi iddiaçının icarəsinə kommersiya məqsədləri üçün verilib, yəni iddiaçının gördüyü iş (binaların inşası) dövlət ehtiyaclarını ödəmək məqsədini daşımır, iddiaçı həmin ərazidə çoxsaylı binalar inşa edərək qazanc əldə edir.

40. O da nəzərə alınmalıdır ki, sakinlərin bir qismi ilə “evləri daha yaxşıdır” deyərək yeni mənzillə əvəzləşdirmə etmək, digərlərinə isə “evləri şəraitsizdir” deyərək təxminən bir kvadrat metr üçün 500 manat kompensasiya vermək ayrı-seçkilik və hüquqdan suiistifadə hesab olunur.

41. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, evinin sökülməsi müqabilində ona ödəniləcək kompensasiyanın formasını (naturada və ya pulla) seçmək cavabdehin hüququdur.

42. İddiaçı cavabdehin uzun illər əvvəl tikilmiş evinin yerində kommersiya məqsədi ilə hündürmərtəbəli yaşayış kompleksi inşa etmək məqsədi ilə həmin evi sökmək qərarına gəlibsə, onda yaradılmış şəraitə uyğun olaraq vətəndaşın sökülən “əmlakını” onun istəyinə uyğun kompensasiya etməlidir.

43. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3478/2024 nömrəli 12 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" Açıq Səhmar Cəmiyyətinin Cavabdeh qarşı “kompensasiya ödənilməklə qanunsuz tikilinin boşaldılaraq sökülməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar