Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1735/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məhərrəmova Şeyda Ədalət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi Bayramov Ələkbər Gəray oğlunun iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Mixaylov Şaron Razmikoviçə qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi geri tələb edilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6181/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxx” MMC cavabdeh Mixaylov Şaron Razmikoviçə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC ilə bağlanmış xx xxxx 2017-ci il tarixli AL1236 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, cavabdeh Mixaylov Şaron Razmikoviçin xx xxxx 2016-cı il tarixli AL-1236 saylı saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2019-cu il tarixə 896.50 əsas, 314.28 mükafat, 350.98 dəbbə pulu, 680 manat dəymiş zərər, ümumilikdə 2241.76 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu “xxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə Mahmudov Sübhan Eyvaz oğlu arasında bağlanmış xx xxxx 2017-ci il tarixli AL-1236 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Mahmudov Sübhan Eyvaz oğlunun sifarişi ilə 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DFA511528 ban nömrəli, ağ rəngli avtomobil 14800 manat məbləğinə “xxxx” MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib "hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Mahmudov Sübhan Eyvaz oğlu illik 12% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389.76 manat, ümumilikdə isə 18708,27 manat məbləğində pulu “xxxx” MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18708,27 manatın 14800 manatı əsas məbləğ təşkil edir. xx xxxxxx 2017-ci il tarixdə Mahmudov Sübhan Eyvaz oğlu, Abbasov Nicat Süleyman oğlu və “xxxx” MMC arasında AL1236 (1) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlamış və xx xxxx 2017-ci il tarixli AL-1236 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Abbasov Nicat Süleyman oğlu bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx xxxxxx 2017-ci il tarixdə Abbasov Nicat Süleyman oğlu, Muradov Kamran Elçin oğlu və “xxxx” MMC arasında AL-1236 (2) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlamış və xx xxxx 2017-ci il tarixli AL-1236 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Muradov Kamran Elçin bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx xxxxxx 2018-ci il tarixdə Muradov Kamran Elçin oğlu, Mixaylov Şaron Razmikoviç və “xxxx” MMC arasında AL- 1236 (3) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlamış və xx xxxx 2016-cı il tarixli AL-1236 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Mixaylov Şaron Razmikoviç bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx xxxx 2017- ci il tarixli AL-1236 saylı “Daxili lizinq müqaviləsinə” əlavə olunmuş Ödəniş qrafiki” üzrə illik 12 % hesablanmaqla 43 ay müddətinə 14292,00 manat “məbləğində pulu “xxxx” MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MMC-yə məxsus Mixaylov Şaron Razmikoviçin müvəqqəti sahiblik və istifadəsinə verilmiş “Daewoo Gentra” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2019-cu il tarixdə lizinq şirkətinin müvəqqəti duracağına yerləşdirilmişdir və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 680 manat ziyan dəymişdir. Mixaylov Şaron Razmikoviç xx xxxxxx 2019-cu il tarixə “xxxx” MMC-yə xx xxx 2017-ci il tarixli AL1236 saylı daxili lizinq müqaviləsinə əsasən, 896.50 əsas, 314.28 mükafat, 350.98 dəbbə pulu, ümumilikdə 1561.76 manat borcu yaranmışdır. Mixaylov Şaron Razmikoviç tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx xxxxxxx 2018-c il tarixdə 411 manat məbləğində olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6181/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, “xxxx” MMC ilə bağlanmış xx xxxx 2017-ci il tarixli AL-1236 saylı «Daxililizinq» müqaviləsinin ləğv edilməsi, cavabdeh Mixaylov Şaron Razmikoviçdən xx xxxx 2017-ci il tarixli AL-1236 saylı «Daxili lizinq» müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2019-cu il tarixinə 896,50 manat əsas, 314,28 manat mükafat, 35 manat dəbbə pulu, 680 manat dəymiş zərər və 30 manat dövlət rüsumu, cəmi 1955,78 manatın tutularaq iddiaçı «xxxx» MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunmasını xahiş edən Mixaylov Şaron Razmikoviç şikayətini belə əsaslandırmışdır ki, bir ilə yaxın ödəniş etdikdən sonra iizinq üzrə ödənişləri yerinə yetirə bilmədiyini görüb avtomobili İizinq şirkətinə təhvil vermişdir. Şirkət tərəfindən ona bildirildi ki, avtomobili təhvil vərərsə heç bir borcu və yaxud şirkət qarşısında öhdəliyi qalmayacaqdır. Lakin məhkəmə qətnaməsindən göründüyü kimi, şirkət ondan ümumilikdə 2241,76 manat məbləğində pul istəmişdir. Birinci instansiya məhkəməsi ilk növbədə məhkəmə baxışlarında iştirakını təmin etməmiş və bununlada onun müdafiə hüququ pozulmuşdur. Bundan başqa məhkəmə onun ödənişlərini nəzərə almamış, avtomobilin dəyəri barədə heç bir qeyd göstərməmişdir. Məhkəmənin müəyyən etdiyi sübutlardan da görünür ki, avtomobil ondan qabaq 3 sahibi olub və birinci sahibin istifadəsindən il yarım keçəndən sonra onun istifadəsinə keçib. Odur ki, servisin tərdib etdiyi qüsur aktında göstərilən məbləğində ona aid olub olmaması barədə araşdırılma aparılmayıb. Həmin qüsur aktını tərtib edən şirkətində özləri olması qüsur aktının obyektiv olması barədə əsaslı şübhələr yaradır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin qismən təmin olunmuş hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, şikayətin məzmunundan onun qətnaməni yalnız iddia tələbinin təmin olunan hissədə mübahisələndirdiyi aydın olur. Başqa sözlə qətnamənin iddianın təmin edilməyən hissəsi hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd olunan kontekstdə məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halı ondan ibarətdir ki, “xxxx” MMC ilə Mahmudov Sübhan Eyvaz oğlu arasında bağlanmış xx xxxx 2017-ci il tarixli AL- 1236 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Mahmudov Sübhan Eyvaz oğlunun sifarişi ilə 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DFA511528 ban nömrəli, ağ rəngli avtomobil 14800 manat məbləğinə “xxxx” MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib "hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Mahmudov Sübhan Eyvaz oğlu illik 12% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389.76 manat, ümumilikdə isə 18708,27 manat məbləğində pulu “xxxx” MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2017-ci il tarixdə Mahmudov Sübhan Eyvaz oğlu, Abbasov Nicat Süleyman oğlu və “xxxx” MMC arasında AL-1236 (1) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlamış və xx xxxx 2017ci il tarixli AL-1236 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Abbasov Nicat Süleyman oğlu bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx xxxxxx 2017-ci il tarixdə Abbasov Nicat Süleyman oğlu, Muradov Kamran Elçin oğlu və “xxxx” MMC arasında AL-1236 (2) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlamış və xx xxxx 2017-ci il tarixli AL-1236 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Muradov Kamran Elçin bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx xxxxxx 2018-ci il tarixdə Muradov Kamran Elçin oğlu, Mixaylov Şaron Razmikoviç və “xxxx” MMC arasında AL-1236 (3) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlamış və xx xxxx 2016-cı il tarixli AL-1236 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Mixaylov Şaron Razmikoviç bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx xxxx 2017ci il tarixli AL-1236 saylı “Daxili lizinq müqaviləsinə” əlavə olunmuş Ödəniş qrafiki” üzrə illik 12 % hesablanmaqla 43 ay müddətinə 14292,00 manat “məbləğində pulu “xxxx” MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” MMC tərəfindən təqdim edilmiş xx xxxxxx 2019-cu il tarixli 3431 saylı maliyyə arayışından görünür ki, Mixayılov Şaron Razmikoviçin xx xxxxxx 2019-cu il tarixə 896,50 manat məbləğində əsas borcu, 314,28 manat məbləğində mükafat borcu və 350,98 manat məbləğində cərimə borcu yaranmışdır. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məcəllənin 748-10.2-ci maddəsinə görə lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı ilə cavabdeh Mötəbər Sadıxov arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının Ş.Mixaylova qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdeh Şaron Mixaylovun müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə onun şərtlərini pozduğu nəticəsinə gəlmiş və tələb olunan cərimə məbləğini də azaltmaqla ondan 896,50 manat əsas lizinq borcunun, 314,28 manat mükafat məbləğnin və 35 manat cərimənin tutulmalı olduğu nəticəsinə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, avtomobilə dəymiş ziyanın məbləğinin düzgün hesablanmadığını və ziyanın onun tərəfindən vurulmadığını irəli sürsə də, bunu təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Hansı ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclaslarında iştirakının təmin olunmaması ilə bağlı apellyatorun dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından məhkəmə bildirişlərinin onun məhkəməyə məlum olan ünvanına göndərildiyi aydın olur; məhkəmə prosesinə getməməsinin məsuliyyətini isə məhkəmə daşıya və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci intansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6181/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Şeyda Məhərrəmova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1735/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1735/2021
27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver