Məhkəmə qərarları › İş №2(103)-1736/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1736/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1736/2025 03.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı mülki iş (Açar sözlər: «hüquqi yardımla bağlı çəkilmiş xərc») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4417/2024 saylı, 10 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Kredit və İnkişaf Agentliyinin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. “Aqrolizinq" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 564-GL/19 nömrəli müqaviləyə əsasən, Lizinq verən ümumi məbləği 2328 manat olan kənd təsərrüfatı texnikasını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən sonra və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi öhdəsinə götürmüşdür.

2. “Aqrolizinq" ASC-nin 859/ü saylı, xx.xx.2019-cu il tarixli əmri ilə “Aqrolizinq" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 564-GL/19 nömrəli lizinq müqaviləsinə əsasən ümumi məbləği 2328 manat olan kənd təsərrüfatı texnikasının güzəşt tətbiq ediləndən sonra Cavabdeh lizinqə verilməsinə dair müqavilə rəsmiləşdirilib.

3. “Aqrolizinq" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 564- GL/19 nömrəli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması Qrafikindən görünür ki, Cavabdeh 1734 manat gecikdirilmiş, 2436,05 manat cərimə borcu yaranmışdır.

4. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli 564-GL/19 nömrəli müqavilə üzrə 1734 manat gecikdirilmiş əsas borc və 2436,05 manat cərimə olmaqla, cəmi 4170,05 manat borcu yaranmışdır.

5. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün Cavabdeh borcu yaranmışdır. Öhdəlikləri yerinə yetirmədiyinə görə yaranmış borcu qısa zaman ərzində ödəmədiyi halda ona qarşı iddia irəli sürülərək məhkəməyə müraciət olunması barədə xəbərdar edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 564-GL/19 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 1734 (bir min yeddi yüz otuz dörd) manat gecikdirilmiş borcun və hesablanmış 2436,05 (iki min dörd yüz otuz altı manat 05 qəpik) manat cərimə borcunun və hüquqi yardımla bağlı 500 (beş yüz) manat, cəmi: 4670,05 (dörd min altı yüz yetmiş manat beş qəpik) manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiada göstərilib ki, cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Eyni zamanda, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 (beş yüz) manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4417/2024 saylı, 10 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia tələbinin qismən təmin edilərək Cavabdeh xx.xx.2019-cu il tarixli, 564-GL/19 nömrəli müqavilə üzrə 1734 manat gecikdirilmiş əsas borc, 100 manat cərimə olmaqla, cəmi 1834 (min səkküz yüz otuz dörd) manat borcun və hüquqi yardıma görə çəkilmiş 300 (üç yüz) manat xərcin iddiaçının xeyrinə tutulması; iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, cavabdeh lizinq müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Kredit və İnkişaf Agentliyinin apellyasiya şikayətində qətnamənin hüquqi yardım ilə bağlı qismən təmin edilən hissədə ləğv edilərək, iddia tələbinin həmin hissədə tam təmin edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərcin cavabdehdən tutulması hissəsində iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 500 manat vəsaitin 300 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün nəzərdə tutulmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Lakin nəzərə almaq lazımdır ki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” AzərbaycanRespublikasının 2023-cü il 9 iyun tarixli 904-VİQD nömrəli Qanunu ilə 121.1-ci maddədə “çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla” sözləri “təqdim edilmiş məlumatlar qiymətləndirilməklə” sözləri ilə əvəz edilmişdir. Odur ki, məhkəmə sözü gedən maddədə olunan dəyişikliyi nəzərə almamış və normanı düzgün tətbiq etməmişdir. Həmin maddədən də göründüyü kimi hüquqi yardımla bağlı məbləğin ağlabatanlılığı müəyyən edilərkən “çıxış üçün təqdim olunmuş hesab nəzərə alınması” tamamilə əsassızdır. Maddədən göründüyü kimi mülki prosessual qanunvericilikdə kommersiya mübahisəsinə dair işlərdə vəkilin və ya iddiaçının məhkəmədə mütləq iştirak etməsi barədə hər hansı məcburedici norma mövcud deyildir. Əksinə, qanunvericilik iddiaçının və ya onun vəkilinin məhkəmə iclasına gəlmədən işə onun iştirakı olmadan baxılmasının tələb etməklə işin mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsinin mümkünlüyünü müəyyən etmişdir. Bununla yanaşı, məhkəmə hüquq islahatı çərçivəsində iş yükünün azaldılması və prosessual qənaət prinsipinin təmin edilməsi baxımından işlərə tərəflərin və onların vəkillərinin iştirakı olmadan yazılı icraat qaydasında baxılması hallarının qanunvericilikdə müəyyən edilməsi də işlərin məhkəmədə deyil, məhkəməyə qədər hazırlanmasını zəruri edir. Ona görə də vəkilin əsas öhdəliyi işi məhkəməyə qədər düzgün hazırlamaq və məhkəməyə təqdim etməkdir. Beləliklə, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin ağlabatanlılığı müəyyən edilən zaman nəzərə alınan “konkret hallar və təqdim edilmiş məlumatlar” vəkil tərəfdən tam şəkildə təqdim edilərək, hüquqi yardım üçün nəzərdə tutulan xidmətlər vəkil tərəfindən tam icra edilmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, vəkil ilə bağlanmış müqaviləyə əsasən vəkilin hüquqi yardımla bağlı öhdəliyi müvafiq olaraq pretenziyanın və iddia ərizəsinin hazırlanması, təqdim edilməsi və bununla bağlı digər işlərin və zəruri araşdırmaların aparılmasından ibarət olmuş və hüquqi yardıma dair öhdəliklər vəkil tərəfindən peşəkarcasına icra edilmişdir. Eyni zamanda, vəkil məhkəmə üçün zəruri araşdırmaları həyata keçirməklə kifayətlənməmiş, məhkəmə iclasında da şəxsən özü iştirak etmişdir. Bütün bunlar vəkilin iddianın təmin edilməsi üçün bütün zəruri hərəkətləri etdiyini sübuta yetirir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” işi üzrə 18 dekabr 2008-ci il tarixli qərarında göstərilir ki, “ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun”. Göründüyü kimi, mülki-prosessual qanunvericiliyin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi halda” tutulmasına yol verilir. Bundan əlavə, 4670,05 (dörd min altı yüz yetmiş manat 05 qəpik) manat pul tələbinə dair iddianın məhkəməyə təqdim edilməsi üçün 500 (beş yüz) manat pulun vəkilə ödənilməsinin məhkəmə tərəfindən ağlabatan hesab edilməməsi tam əsassızdır. Məhz kommersiya işlərində məhkəməyə qədər işlərin hazırlanması kifayət qədər zəhmət tələb edir ki, bu da vəkil tərəfindən həyata keçirilmişdir. Göründüyü kimi, məhkəmənin hüquqi yardıma görə vəkilə ödənilən vəsaitin ağlabatanlılığına zəruri hüquqi qiymət verməməsi düzgün olmayan qətnamə çıxarması ilə nəticələnmişdir. Hüquqi yardımın 300 manat dəyərində təmin edilməsi səhv yanaşmadır. Eyni zamanda, iddiaçının büdcə təşkilatı olduğunu nəzərə alaraq vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilən vəsaitin cavabdehdən tutularaq büdcəyə ödənilməsi nəzərdə tutulur. Məhkəmə tərəfindən vəkilə ödənilən hüquqi yardıma görə cavabdehdən tələb olunan vəsaitin azaldılması əsassız olduğuna görə ləğv edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

11. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin mübahisələndirilən hissədə ləğv və həmin hissədə tam təmin edilməsini xahiş etdi.

12. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 14.4. İşdə iştirak edən şəxslər, qanunla onların nümayəndəliyi zəruri olan hallar istisna edilməklə, özləri öz hüquq və mənafelərini müdafiə edə bilərlər. Onlar maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər. Maddə 68.1. İş məhkəmə baxışına hazırlandıqda və həmin işə məhkəmədə baxıldıqda vəkil ixtisaslı hüquqi yardım göstərməyə borcludur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və hüquqa yardıma görə xərcin tam təmin edilməsi üçün əsas ola bilməz.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edilsə də şikayətin obyektini qətnamənin bir hissəsi, yəni hüquqi yardımla bağlı tam təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. Hüquqi yardımla bağlı təmin edilməyən hissənin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə tam uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə tam uzlaşmadığından birinci instansiya məhkəməsi həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

20. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə hüquqi yardımla bağlı təmin edilməyən hissəsində faktiki hallar yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından haqlı sayılmır.

21. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və hüquqi yardıma görə xərcin tam tutulması üçün əsas ola bilməz. Belə ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə tələb üzrə cəmi 1834 (min səkküz yüz otuz dörd) manatın tutulmasını qət etmişdir. Hüquqi yardıma görə tələb edilən 500 manat xərcdən isə 300 manatın tutulmasını təmin etmişdir. Qeyd olunan maddədə edilən dəyişikliyin birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmaması şikayətin əsaslı olduğuna dəlalət etmir.

22. Belə ki, qeyd olunan maddədə dəyişikliyə qədər olan “çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla” sözlərinin “təqdim edilmiş məlumatlar qiymətləndirilməklə” sözləri ilə əvəz edilməsi mahiyyətcə heç nəyi dəyişmir. Başqa sözlə dəyişiklikdən sonra da məhkəmə tərəfindən vəkilin göstərdiyi xidmətə görə xərclər konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsi qərara alınmalıdır. Bu dəyişiklik vəkilin göstərdiyi xidmətə görə tələb edilən xərclərin olduğu kimi təmin edilməli olmasını labüd etmir. Yenə də qiymətləndirmə səlahiyyəti məhkəməyə aiddir. Əks halda normanın mətnində “ağlabatan məbləğ” sözünün istifadə edilməsinə də zərurət qalmazdı.

23. Qeyd olunduğu kimi tələb üzrə cəmi 1834 (min səkküz yüz otuz dörd) manatın tutulması qət etmişdir. Bu məbləğ üzrə də vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi kimi 300 manatın tutulması ağlabatan məbləğ olmuşdur. Məhkəmə bu məbləği tutarkən vəkilin iş üzrə hər hansı bir fəaliyyəti üzrə, o cümlədən məhkəmə iclaslarında məcburi iştirak edib-etməməsi barədə hansısa hüquqi dəyərləndirmə aparmamışdır. Ona görə də şikayətdə bu cür dəlillərdən istifadə edilməsi özü lüzumsuz olmuşdur.

24. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 4417/2024 saylı, 10 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4417/2024 saylı, 10 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar