Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1737/2024 04.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı şirkətinin Cavabdeh qarşı mülki iş (Açar sözlər: «qanunsuz tikilinin sökülməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı şirkətinin nümayəndəsi X9 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-56/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Binəqədi rayonu X6 01 iyul 2005-ci il tarixli 1505 saylı qərarı ilə ev tikintisi üçün X7 600 kv.m torpaq sahəsi ayrılmışdır. Qələmzar Həsənova bələdiyyəyə müraciət edərək, həmin torpaq sahəsinin 300 kv.m hissəsinin X8 adına verilməsini xahiş etmişdir.
2. Binəqədi qəsəbə Bələdiyyəsi, X7 verilmiş 600 kv.m torpaq sahəsinin 300 kv.m hissəsinin X8 adına keçirilməsi barədə 152 nömrəli xx.xx.2007-ci il tarixli sərəncam vermişdir.
3. X11 tərəfindən bələdiyyənin hesabına torpağın dəyəri olaraq 520 manat ödənilmiş (səh. 76), həmçinin torpaq sahəsinin sxemi tərtib olunaraq, bələdiyyənin və Binəqədi RİH-nin tikinti şöbəsinin möhürü ilə təsdiqlənmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 2 saylı mədənin 1-ci sahəsində Şirkətin saziş ərazisi hüdudları daxilində Mehdiabad qəsəbəsi, 0090, mənzil 1597 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması, ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Tələbdə göstərilir ki, cavabdeh tərəfindən Şirkətin saziş əsasında istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili Şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneələr yaratdığından, Şirkətin qanunla qorunan hüquqları və dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Məlum olduğu kimi, xx.xx.2004cü il tarixdə "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X18 haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X20 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti arasında saziş imzalanmış və xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır.
6. İşə baxılan ərəfədə Şirkət cavabdeh Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı (3-cü şəxslər X11 və X10 işə cəlb edilməklə) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Binəqədi rayonu Binəqədi qəsəbə X1 istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 01 iyul 2005-ci il tarixli 1505 saylı ilkin qərarın və həmin torpaq sahəsinin bir hissəsinin X8 adına və istifadəsinə verilməsi barədə 152 saylı, 14 fevral 2007-ci il tarixli sərəncamın qanunsuzluğunun tanınması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. Həmin iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2114/2021 saylı qərarı ilə iddia tələbi mümkün sayılmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sazişin qanuni qüvvəsini aldığı vaxtdan Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edilmişdir. Bununla da, Bakı şəhəri Binəqədi qəsəbə X2 istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 1505 saylı, 01 iyul 2005-ci il tarixli ilkin qərarı və həmin torpaq sahəsinin bir hissəsinin X8 adına və istifadəsinə verilməsi haqqında 152 saylı, 14 fevral 2007-ci il tarixli sərəncamı artıq öz qüvvəsini xx.xx.2005-ci il tarixdən itirmişdir. Məhkəmə qeyd edib ki, artıq Qanunda ləğv edilməsi göstərilən inzibati aktın, hazırki halda bələdiyyə qərarının ayrıca bir məhkəmə qərarı ilə qanunsuzluğunun müəyyən edilməsinə ehtiyac yoxdur.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-56/2022 saylı, 25 oktyabr 2022ci il tarixli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Avropa Məhkəməsinin hüquqi mövqeyi bundan ibarətdir ki, əgər qanunsuz tikintiyə başlandığı andan etibarən aidiyyəti qurumlar (sahənin müvəkkili, bələdiyyənin işçiləri, icra hakimiyyətinin nümayəndələri) qanunsuz tikinti faktından xəbər tuturlarsa, “gözlərini yummaq” üçün susurlarsa və bununla vətəndaşa tikinti aparmaq üçün örtülü də olsa icazə verirlərsə, vətəndaş həmin evi tikib qurtarırsa, orada illərlə yaşayırsa, həmin qanunsuz tikili hesab olunan evə telefon xətti çəkilirsə, işıq, su və qaz sayğacı quraşdırılırsa, həmin evdə yaşayan şəxs yaşadığı evin bütün kommunal xərclərini ödəyirsə, onda dövlətdaxili qanunvericiliyə əsasən ev daşınmaz əmlakın dövlət reyestri xidmətindən qeydiyyatdan keçməmiş olsa belə, həmin ev ümumi anlamda şəxsin mülkiyyətində olan əmlak kimi qəbul edilməlidir.
10. Bu baxımdan yanaşdıqda nə qədər ki, torpaq sahəsi qanuni əsaslarla ayrılmışdır və həmin torpaq sahəsində tikili 2007-ci ildən sonra inşa edilmiş, 2007-ci ildən cavabdeh mübahisəli ərazidən sərbəst şəkildə və istədiyi kimi istifadə etmiş, bu müddət ərzində ona heç bir irad və etiraz bildirilməmişdir, şəxsin tikiliyə gözlənilən mülkiyyət hüququ vardır. Bu səbəbdən də mülkiyyət hüququnun məhdudlaşdırılması müəyyən meyarlara cavab verməlidir.
11. Mübahisəli ev neft-qaz yataqlarının yerləşdiyi ərazinin hüdudları daxilində olduğundan, orada yaşamaq texniki təhlükəsizlik qaydaları baxımından təhlükəli olmaqla yanaşı insanların həyatı və sağlamlığı üçün zərərlidir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan tikilinin sökülməsi və cavabdehin həmin evdən çıxarılması bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilər. Lakin iddiaçının belə bir təklifi olmamışdır.
12. Məhkəmə həmçinin hesab etmişdir ki, torpaq sahəsinin cavabdehin mülkiyyətinə verilməsi barədə X6 152 saylı, 14 fevral 2007-ci il tarixli Sərəncamı qüvvədə olduğu halda İddiaçı şirkətinin cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrinə, Mülki Məcəlləsinin 14, 139.1, 180, 180.3-cü maddələrinə və Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar mübahisələrə dair qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
14. Qətnamədən İddiaçı şirkəti apellyasiya şikayəti vermişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1046/2023 saylı, 02 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Cəmilə Musayeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Kassasiya instansiyası məhkəməsində birinci icraat:
16. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş etmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2541/2023 saylı, 05 dekabr 2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1046/2023 nömrəli, 02 fevral 2023-cü il tarixli qərtnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
18. Kassasiya instansiyası məhkəməsi qənaətində qeyd edir ki, iddia tələbi İddiaçı şirkətinin istifadəsinə verilmiş torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin sökülməsi barədədir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, qüvvədə olan mülki və torpaq münasibətlərini tənzimləyən qanunvericilik normaları baxımından cavabdehin istifadəsində olan tikilinin özbaşına inşa edilmiş qanunsuz tikili olması, həmin tikilinin bunun üçün nəzərdə tutulmamış sahədə inşa edilməsi və həmin sahənin sənaye təyinatlı torpaqlara aid olmaqla, neft hasilatı məqsədi ilə iddiaçı təşkilatın istifadəsinə ayrılması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapır. İddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157 və 158-ci maddələri çıxış edir. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də işin hallarını Mülki Məcəllənin 158ci maddəsinin dispozisiya şərtləri əsasında təhlil etmiş və iddia tələbinin təmin olunmaması barədə qərara gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə qismən razılaşır. Belə ki, birinci instansiya məhkəməsi iddianın rədd olunması zamanı torpaq sahəsinin cavabdehə «qanuni əsaslarla ayrılmasını, mübahisəli tikiliyə gözlənilən mülkiyyət hüququ olduğunu», «torpaq sahəsinin cavabdehin mülkiyyətinə verilməsi barədə X6 152 saylı, 14 fevral 2007-ci il tarixli sərəncamı qüvvədə olduğu halda İddiaçı şirkətinin cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmadığını» bildirmişdir. Bununla yanaşı məhkəmə mübahisəli evin neft-qaz yataqlarının yerləşdiyi ərazinin hüdudları daxilində olduğundan, orada yaşamaq texniki təhlükəsizlik qaydaları baxımından təhlükəli olmaqla yanaşı insanların həyatı və sağlamlığı üçün zərərli olduğuna görə hesab etmişdir ki, mübahisə predmeti olan tikilinin sökülməsi və cavabdehin həmin evdən çıxarılması bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilər. Lakin apelyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsindən fərqli olaraq iddiaçının bu tələbi irəli sürməyə hüququ olduğu barədə nəticəyə gəlməklə bildirmişdir ki, torpaq sahəsinin ayrılması barədə bələdiyyənin sərəncamının qanuniliyi mübahisələndirilsə də, məsələyə mahiyyəti üzrə baxılmamış və qeyd edilən sərəncam artıq qanunla ləğv olunduğundan onun ayrıca məhkəmə qərarı ilə ləğv edilməsinə ehtiyacın olmaması əsası ilə iddia Bakı İnzibati Məhkəməsi tərəfindən mümkünsüz sayılmışdır. Daha sonra məhkəmə kollegiyası qeyd etmişdir ki, qüvvədə olan mülki və torpaq münasibətlərini tənzimləyən qanunvericilik normaları baxımından cavabdehin istifadəsində olan tikilinin özbaşına inşa edilmiş qanunsuz tikili olması, həmin tikilinin bunun üçün nəzərdə tutulmamış sahədə inşa edilməsi və həmin sahənin sənaye təyinatlı torpaqlara aid olmaqla, neft hasilatı məqsədi ilə iddiaçı təşkilatın istifadəsinə ayrılması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapır. Mübahisəli tikilinin cavabdehin daimi istifadəsinə verilmiş sənaye təyinatlı torpaq sahəsində yerləşməsi və qanunun tələbləri baxımından özbaşına tikili hesab edilməsi iddiaçının həmin tikilinin sökülməsini tələb etmək hüququnun olduğunu deməyə əsas verir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyinə (cavabdehə torpaq sahəsinin qanuni əsaslarla ayrılması, mübahisəli tikiliyə gözlənilən mülkiyyət hüququ olması, torpaq sahəsinin cavabdehin mülkiyyətinə verilməsi barədə bələdiyyənin sərəncamı qüvvədə olduğu halda cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmadığı) və əsaslandırmasına hər hansı münasibət bildirməmişdir. Apelyasiya instansiyası məhkəməsi bununla yanaşı iddia tələbinin Konvensiyanın 8-ci maddəsinin şərtləri əsasında yoxlanılmasını zəruri hesab etmişdir. Belə ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın “Şəxsi və ailə həyatına hörmət hüququ” adlanan 8-ci maddəsinin 1-ci hissəsinə görə hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Avropa Məhkəməsinin formalaşdırdığı presedent hüququna görə Konvensiyanın 8-ci maddəsinin məqsədləri baxımından “mənzil” anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla yaradılmış binalarla məhdudlaşmır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan müstəqil anlayışdır və hər bir halda ayrı-ayrı anlayışların Konvensiyanın 8-ci maddəsi ilə müdafiə olunan “mənzil” anlayışına uyğun olub-olmaması, faktiki şəraitə əsasən, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olaraq qiymətləndirilməlidir. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi də mübahisənin həlli zamanı cavabdehin inşa etdiyi tikili ilə bağlı işin hallarını Konvensiyanın 8-ci maddəsinin tələbləri əsasında təhlil etmiş və qeyd etmişdir ki, cavabdehə yerli bələdiyyə ilə bağlanmış müqavilə əsasında dəyəri ödənilməklə 2007-ci ildə verilmiş torpaq sahəsində sonradan daimi yaşamaq üçün tikili inşa etməsi onu deməyə əsas verir ki, yerli bələdiyyə orqanının bu torpaq sahəsi üzərində sərəncam vermək hüququnun olmamasından cavabdeh xəbərsiz olmuşdur. İş materiallarına əlavə edilən Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən tərtib edilmiş plan sxem və topoqrafik sxem-xəritələrdən görünür ki, mübahisəli tikili başqa evlər və iddiaçıya aid inzibati binaların əhatəsində yerləşir. Həmçinin, fotoşəkillərdən görünür ki, qeyd edilən tikili müvafiq dövlət orqanları tərəfindən kommunal xidmətlərlə təchiz edilmişdir. Qeyd edilənlərə əsasən mübahisəli tikili Konvensiyanın 8-ci maddəsinin mənasında cavabdehin evi kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu əsaslandırması və cavabdehin inşa etdiyi tikilinin Konvensiyanın 8-ci maddəsinin anlamında mənzil sayılması barədə nəticə ilə razılaşır. Apelyasiya instansiyası məhkəməsi həmçinin iddia tələbini mənzil hüququna müdaxilə üçün Konvensiyanın 8-ci maddəsinin İİ hissəsinin şərtləri əsasında təhlil etməklə qeyd etmişdir ki, cavabdehin yeganə yaşayış yeri olan mübahisəli tikilidən çıxarılması və həmin tikilinin sökülməsi, iddiaçının isə bu tikilinin yerləşdiyi torpaq sahəsinə zəruri ehtiyacının müəyyən edilməməsi şəraitində hazırkı iddianın təmin edilməsi nəticəsində cavabdehin məruz qalacağı məhrumiyyətlər bu tədbirin güddüyü məqsədlər baxımından mütənasib hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbinin Konvensiyanın 8-ci maddəsinin İİ hissəsinə uyğunluğunu yoxlamaqda haqlı olmuşdur. Çünki, iddia tələbi Mülki Məcəllənin 178-ci maddəsi baxımından əsaslı olduğu halda, mübahisəli sahədən cavabdehin çıxarılması barədə iddia, məhkəmələr tərəfindən Konstitusiyanın 71-ci maddəsinin İİ və İİİ hissələrində, habelə Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş mənzil hüququnun məhdudlaşdırılması üçün əsaslar baxımından təhlil edilməlidir. Digər hüquqlar kimi mənzil hüququnun məhdudlaşdırılması üçün iki şərtə əməl olunması zəruridir: 1. Fərdin mənzil toxunulmazlığına hörmət edilməsi hüququna hər hansı müdaxilə qanunla nəzərdə tutulmuş olmalıdır; 2. Müdaxilə "demokratik cəmiyyətdə zəruri" hesab edilməlidir. Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqa konkret müdaxilənin "demokratik cəmiyyətdə zəruri" olub-olmadığının müəyyən edilməsi ilə bağlı Avropa Məhkəməsi müxtəlif qərarlarında "zərurilik" tələbinə əlavə aydınlıq gətirərək bildirib ki, 8-ci maddənin məqsədləri üçün "zəruri" anlayışı o deməkdir ki, müdaxilə "təxirəsalınmaz ictimai tələbatdan" irəli gəlməli və xüsusən qarşıya qoyulmuş qanuni məqsədə mütənasib olmalıdır. Müdaxilənin "zəruri" olub-olmadığını müəyyənləşdirərkən məhkəmə dövlət hakimiyyəti orqanlarına verilməli olan qiymətləndirmə sərbəstliyinin hüdudlarını nəzərdən keçirir, müdaxilə üçün əsas təşkil edən "təxirəsalınmaz ictimai tələbatın" mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdeh üzərinə düşür (Pexoviç Polşaya qarşı iş üzrə 17 aprel 2012-ci il tarixli qərarın 212-ci bənd, Paradizo və Kampanelli İtaliyaya qarşı iş üzrə 24 yanvar 2017-ci il tarixli qərarın 179-184-cü bəndləri). Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin "zərurilik" şərtinə cavab vermədiyi barədə nəticəyə gəlmiş və mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğu əsaslandırılmamış, buna dair sübutlar iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbini “zərurilik” şərtləri üzrə araşdırma apararkən işin hallarının sonadək hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsini təmin etməmişdir. Belə ki, məhkəmə iddiaçı tərəfindən mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğu barədə sübutu təqdim etmədiyini bildirməsinə baxmayaraq, bu halı iddiaçı ilə müzakirə etməmiş, sübutu təqdim etməyi təklif etməmişdir. Halbuki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 9.1, 9.3 və 14.1-ci maddələri). Mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir (Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarı). Eyni zamanda mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-nin 14 və 77.1-ci maddələri). Lakin nəzərə alınmalıdır ki, qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı). Məhkəmə işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Eyni zamanda həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi məhkəmə, işin mahiyyəti üzrə həlli üçün zəruri olan faktik halların müəyyən olunması üçün araşdırmanı prosessual fəallıqla aparmalı, tərəflərlə mübahisənin vəziyyətini müzakirə etməli, sübut olunmalı halları tərəflə izah etməlidir. Həmçinin işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Lakin iş materiallarından görünür ki, məhkəmə iddiaçı tərəfə zəruri saydığı sübutları təqdim etməyi təklif etməmişdir. Nəticə etibarilə, məhkəmənin işin mahiyyəti üzrə həll olunması və qanuni qərar çıxarılması üçün zəruri hesab etdiyi işin halları müəyyən olunmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahəsində özbaşına tikilmiş yaşayış sahələrinin sökülməsi və sakinlərin çıxarılması tələbləri ilə bağlı olan “Əhmədova Azərbaycana qarşı” Avropa Məhkəməsinin qərarında Konvensiyanın 8-ci maddəsinin pozuntusu müəyyən edildiyinə görə, analoji işlərdə yol verilən xarakterik səhvlərin aradan qaldırılması üçün Ali Məhkəmə tərəfindən məhkəmələrə icmal məktubu göndərilmişdir. Həmin icmal məktubunda məhkəmələrə izah olunmuşur ki, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir. Bununla yanaşı, Konvensiyanın 8-ci maddəsi ilə qorunan mənzil hüququna müdaxilənin mütənasibliyinin yoxlanılması ilə bağlı qərarda qeyd olunanlar, məhkəmələrin yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsi tələbinə dair analoji işlərə baxarkən aşağıdakı məsələləri nəzərə almalarını tələb edir. Belə ki, məhkəmələr ilk növbədə tikililərin sökülməsi və cavabdehlərin çıxarılmaşı tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair iddiaçının dəlilləri üzrə araşdırma aparmalı, bu halın mövcud olmadığı, habelə öz təsdiqini tapmadığı halda isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulmuş imkandan istifadə etməklə, qətnamənin icrası müddətinin müəyyənləşdirilməsinə dair məsələni müzakirə etməlidirlər. İcra müddətinin göstərilməsinin zəruriliyi ilə bağlı qənaətə gəlindiyi halda isə, məhkəmələr qətnamənin nəticə hissəsində “Qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin” məzmununda bənd əlavə edə bilərlər. Bununla yanaşı, qətnamənin əsaslandırıcı hissəsində çıxarılması tələb olunan cavabdehlərin qətnamə icra edildiyi zaman yaşayış sahələrinə ehtiyacı olan aztəminatlı əhali kateqoriyasına aid olduqları halda, onlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Vİİ fəsli ilə nəzərdə tutulmuş qaydada sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə etmə imkanları izah edilməlidir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun olaraq, yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi, eləcə də dövlət mənzil fonduna daxil olan sosial kirayə müqavilələrinin bağlanması səlahiyyətləri yerli icra hakimiyyəti orqanlarına aid edildiyindən işlərə baxılması zamanı sökülməsi tələb olunan tikililərin yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanlarının müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmələri təmin edilməlidir. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi işin mahiyyəti üzrə düzgün həll olunması üçün “zərurilik” baxımından işin hallarını lazımi həddə araşdırmamışdır. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarır. Bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-nin tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, adı çəkilən məktubunda əksini tapmış (bu qərarın 91-95-ci paraqrafları) tövsiyələr nəzərə alnmaqla əlavə araşdırma aparmalı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPMnin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməli, həmçinin "xxxx" MTK-nın üçüncü şəxs kimi işə cəlb olunması məsələsi müzakirə edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmiş və şikayətində göstərmişdir ki, məhkəmə qətnamədə mübahisəli tikilinin iddiaçı Şirkətin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində inşa edildiyini, cavabdehin həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etmədiyini, mübahisəli evin neft-qaz yataqlarının yerləşdiyi ərazinin hüdudları daxilində olduğunu bildirməklə yanaşı, özbaşına tikilinin inşa edildiyi torpaq sahəsinə dair cavabdehə Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən müvafiq sərəncamın verildiyini, bununla da tikilinin özbaşına olmadığını və Şirkətin iddia tələbinin yalnız cavabdehə müvafiq kompensasiya ödənilməklə təmin edilməsinin mümkün olduğunu qeyd edir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsində sadaladığı fikir və ifadələr həm əsassızdır, həm də tam bir-birinə ziddiyyət təşkil edir. Yəni, əgər cavabdehin sözügedən mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinə heç bir hüququ mövcud deyildirsə və cavabdeh özbaşına olaraq Şirkətə məxsus ərazini zəbt edərək orada Şirkətin heç bir razılığı olmadan qanunsuz tikili inşa etmişdirsə, bu cavabdehin qanunsuz əməli nəticəsində Şirkətin ona hər hansı bir məbləğdə kompensasiya ödəməli olması anlamına gəlmir. Məhkəmənin əsaslandığı “cavabdehin inşa etdiyi tikilinin yerləşdiyi torpaq sahəsinin cavabdehə ayrılması” barədə Bakı şəhəri X6 152 saylı, xx.xx.2007-ci il tarixli sərəncamının hüquqi qüvvəsi yoxdur. Belə ki, məlum olduğu kimi, Şirkətin fəaliyyət göstərdiyi torpaq sahəsinin Şirkətin qanuni istifadəsinə verilməsi barədə “X18 haqqında” Beynəlxalq Saziş 29 sentyabr 2004-cü il tarixdə imzalanmış və həmin Saziş 2005-ci il may ayında Qanun statusu almışdır. Şirkət isə həmin torpaq sahələrində 01 sentyabr 2005-ci il tarixdən fəaliyyətə başlamışdır. Bələdiyyə tərəfindən vətəndaş Səidə Mehdizadəyə verilmiş sərəncam isə 14 fevral 2007-ci il tarixlidir. Yəni, Saziş bağlandığı və Qanun statusu aldığı vaxtdan təxminən 2 il sonra Bələdiyyə kontrakt sahəsinin hüdudları daxilində özünə aid olmayan ərazidən vətəndaşa torpaq ayrılması barədə sərəncam vermişdir. Belə olan halda, Qanunun müddəalarına əsasən Bələdiyyənin sərəncamı etibarsızdır. Bundan başqa, məhkəmənin əsas gətirdiyi X6 sözügedən sərəncamının hüquqi qüvvəsinin olmaması həm də müvafiq məhkəmə qəradadı ilə də öz təsdiqini tapmışdır. Dolayısı ilə məhkəmə Şirkətin iddiasının mümkün sayılmaması barədə qərardad qəbul etməklə, həmin mümkünsüzlük barədə qərardadını Bələdiyyə sərəncamının qüvvəsinin olmaması səbəbindən onun mübahisələndirilməsinin mümkün olmaması ilə əsaslandırmışdır. Həmçinin, Şirkət əməliyyat şirkəti olaraq Podratçı şirkətlərin adından məlum Saziş əsasında kontrakt sahəsində yalnız neft-qaz əməliyyatlarını həyata keçirir və Sazişlə istifadəsinə verilmiş kontrakt ərazisindən maneəsiz istifadəsinə Dövlət tərəfindən təminat və öhdəliklər verilmişdir. Buna baxmayaraq, həmin Sazişdə kontrakt sahəsinin hər hansı hissəsi ilə bağlı torpaq sahələrini zəbt edən şəxslərə kompensasiyanın ödənilməsi nəzərə tutulmamşdır. Bundan başqa, Mülki Məcəllədə torpaq sahəsi dövlət ehtiyacları üçün alındıqda yalnız torpaq sahəsinin mülkiyyətçisinə kompensasiyanın ödənilməsi nəzərədə tutulmuşdur. Lakin göründüyü kimi, hazırki iş üzrə torpaq sahəsinin mülkiyyətçisi bu iş üzrə cavabdeh deyildir. Həmçinin, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi hələ məlum Beynəlxalq Saziş imzalanmamışdan öncə də sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilən torpaq sahələrinin hüdudları daxilində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olmuş və 29 sentyabr 2004-cü il tarixdə Podratçı şirkətlər arasında bağlanmış “X18 haqqında Saziş”ə və “X16”nə əsasən neft-qaz əməliyyatlarının aparılması məqsədilə Şirkətin qanuni istifadəsinə ayrılmışdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
20. Məhkəmə iclasında İddiaçı şirkətinin nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını və qətnamənin ləğv edilərək iddianın təmin olunmasını xahiş etdi.
21. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh X11 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
22. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ I. Maddə Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 43. Mənzil hüququ I. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. II. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. III.Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
24. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
Maddə 22.1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 2. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Lakin nəzərə alınmalıdır ki, bu akt özlüyündə əmlak hüququnun yaranması, dəyişdirilməsi və ona xitam verilməsinin əsasını təşkil etmir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri:
27. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas olsa da iddianın rədd edilməsi üçün əsas ola bilməz.
28. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
30. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
31. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
32. Hazırki iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. 33.Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, həmçinin cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmır.
34. Əvvəla, cavabdeh X11 tərəfindən Bakı şəhəri Binəqədi rayon 2 saylı mədənin 1-ci sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində inşa olunan tikilinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901 saylı Qanunu ilə təsdiq edilmiş, «Azərbaycan Respulikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X18 haqqında» Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşməsi iş materialları ilə mübahisəsiz olaraq təsdiq olunur. Binəqədi qəsəbə Bələdiyyəsi, X7 verdiyi 600 kv.m torpaq sahəsinin 300 kv.m hissəsinin 152 nömrəli xx.xx.2007-ci il tarixli sərəncamı ilə X8 adına keçirilsə də, o, iddia tələbinə etirazının əsası kimi, istinad etdiyi hallara dair, yəni mübahisəli torpaq sahəsinin həqiqətən də Bələdiyyəyə məxsus olmasına, Bələdiyyənin bu torpağa dair sərəncam vermək səlahiyyətinin olmasına, ümumiyyətlə bu kateqoriyalı torpağın fərdi yaşayış sahəsinin tikilməsi üçün ayrılmasının qanunvericilikdə nəzərdə tutulmuş imkanlarına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə ki, əgər cavabdeh iddia tələbinə etiraz edərsə, yəni mübahisəli torpaq sahəsinin qanuni əsaslarla onun istifadəsində və sahibliyində olduğunu bəyan edərsə bunu sübut etməlidir. Çünki, bu halların sübut etmək yükü artıq onun üzərinə düşür. Lakin cavabdeh ümumiyyətlə məhkəmə iclaslarında iştirak etmir.
35. Cavabdeh X11 tərəfindən inşa olunan tikilinin neft quyularının və neft xəttinin mühafizə (təhlükəsizlik) zolağı daxilində yerləşdiyi müəyyən olunmuşdur. Bu hal özü də iddianın təmin edilməsi üçün əsas idi. Çünki, qeyd olunan sahələrdə yaşamaq üçün ev (özbaşına tikili) inşa olunması özü-özlüyündə təhlükəli olmaqla yolverilməzdir. Belə ki, bu hal da onu təsdiq edir ki, neft quyularının və neft xəttinin mühafizə zolağında yerləşən torpaq sahəsi hər hansı bir hüquqla Bələdiyyəyə məxsus olsa belə, həmin ərazilərdə fərdi yaşayış evi tikilməsi üçün torpaq sahəsi ayrıla bilməzdi. Birinci instansiya məhkəməsi torpaq sahəsi qanuni əsaslarla ayrıldığını və həmin torpaq sahəsində tikilinin 2007-ci ildən sonra inşa edildiyini, 2007-ci ildən cavabdeh mübahisəli ərazidən sərbəst şəkildə və istədiyi kimi istifadə etdiyini, bu müddət ərzində ona heç bir irad və etiraz bildirilmədiyini və şəxsin tikiliyə gözlənilən mülkiyyət hüququ olduğunu göstərsə də, gəldiyi qənaət düzgün olmamışdır. Çünki, “Əhmədova Azərbaycana qarşı” olan Avropa Məhkəməsinin qərarında Konvensiyanın 8-ci maddəsinin pozuntusu müəyyən edilsə də istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir.
36. Mübahisəli torpaq sahəsində tikilinin aparılmasına icazə verən hər hansı bir hüquqmüəyyənedici sənədin olmaması da, hazırkı iddianın rədd edilməsi üçün deyil, təmin olunması üçün əsas olmalı idi. Lakin birinci instansiya məhkəməsi bu halı da nəzərə almamışdır.
37. İddiaçı şirkəti hazırki iddia ilə, o cmlədən analoji işlər üzrə minlərlə iddialarla iddiaçı qismində məhkəmələrə müraciət etmiş və bununla bağlı hər üç instansiya məhkəməsindən keçmiş, qanuni qüvvəyə minmiş çoxsaylı məhkəmə aktları mövcuddur. İddiaçı Sazişin pay iştirakçısı olub-olmadığından asılı olmayaraq, dövlət tərəfindən seçilmiş podrat şirkətidir və bununla bağlı ona səlahiyyət verilmişdir. Qeyd olunduğu kimi, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmaması, eyni zamanda onun iddiaçı kimi iştirak etdiyi minlərlə qanuni qüvvəsini almış məhkəmə aktının qanuniliyini də şübhə altına ala bilər.
38. Apellyasiya baxışı zamanı müəyyən edilmiş hallarla birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi qənaət ziddiyyət təşkil edir. Belə ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibəti üzrə səhv nəticəyə gəlmişdir. Çünki, mübahisəli torpaq sahəsinin neft sənayesinə aid torpaqlar kateqoriyasına aid olması, özü-özlüyündə iddiaçının hüquqlarını və qanunla qorunan mənafeyi pozduğundan belə bir iddia qaldırmaq üçün subyektiv hüququ olmuşdur. Göründüyü kimi, bu məsələlər, birinci instansiya məhkəməsi tərəfindən araşdırılmadan düzgün olmayan yekun nəticəyə gəlinmişdir. 39.Göstərilənlərlə yanaşı, Konvensiyanın 8-ci maddəsi ilə qorunan mənzil hüququna müdaxilənin mütənasibliyinin yoxlanılması ilə bağlı qərarda qeyd olunanlar, məhkəmələrin yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsi tələbinə dair aşağıdakı məsələləri nəzərə almalarını tələb edir. Belə ki, ilk növbədə tikililərin sökülməsi və cavabdehin çıxarılmaşı tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair iddiaçının dəlilləri üzrə araşdırma aparılmalı, bu halın mövcud olmadığı, habelə öz təsdiqini tapmadığı halda isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulmuş imkandan istifadə etməklə, qətnamənin icrası müddətinin müəyyənləşdirilməsinə dair məsələ müzakirə edilməlidir. Apellyasiya baxışı zamanı tikililərin sökülməsi və cavabdehin çıxarılmaşı tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair iddiaçı tərəfindən heç bir dəlil irəli sürülmədi. Buna görə də qətnamənin icra müddətinin göstərilməsinin zəruriliyi ilə bağlı qənaətə gəlindiyi üçün qətnamənin nəticə hissəsində “Qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin” məzmununda bənd əlavə edilməlidir. 40.Bununla yanaşı, Cavabdeh qətnamə icra edildiyi zaman yaşayış sahələrinə ehtiyacı olan aztəminatlı əhali kateqoriyasına aid olduğu halda, Mənzil Məcəlləsinin Vİİ fəsli ilə nəzərdə tutulmuş qaydada sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə etmə imkanları izah edilir.
41. Şərh olunanlara əsasən İddiaçı şirkətinin apellyasiya şikayəti təmin edilməli; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-56/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia təmin edilməli; Cavabdeh Bakı şəhəri Binəqədi rayonu ərazisindəki, 2 saylı mədənin 1-ci sahəsindəki Şirkətin saziş ərazisi hüdudları daxilində yerləşən neft xəttinin təhlükəsizlik zolağı daxilində yerləşən Mehdiabad qəsəbəsi, 0090, mənzil 1597 ünvanında(ünvan şərtidir) inşa edilmiş özbaşına tikilidən çıxarılsın, özbaşına tikili cavabdehin hesabına sökülsün, torpaq sahəsi boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılmalı və ödənilmiş 10 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməli; Qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməlidir.
42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 387.2, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı şirkətinin apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-56/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Binəqədi rayonu ərazisindəki, 2 saylı mədənin 1-ci sahəsindəki Şirkətin saziş ərazisi hüdudları daxilində yerləşən neft xəttinin təhlükəsizlik zolağı daxilində yerləşən Mehdiabad qəsəbəsi, 0090, mənzil 1597 ünvanında(ünvan şərtidir) inşa edilmiş özbaşına tikilidən çıxarılsın, özbaşına tikili cavabdehin hesabına sökülsün, torpaq sahəsi boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılsın və ödənilmiş 10 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.