Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1738/2023 20.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: lizinq obyektinə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “lizinq obyektinə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2063/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı MMC (Lizinq verən) ilə Cavabdeh2 (Lizinq alan) arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli, 1901/0662 saylı X8 əsasən lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən, qiyməti 17.000 manat olan əmlakı (“SUZUKİ KİZASHİ MİNİK” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili) muzdla lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişlərini verməyi öhdəsinə götürmüşdür.
2. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli, 1901/0662 ZM-01 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1, lizinq alan Cavabdeh2 29 dekabr 2019-cu il tarixli daxili lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə iddiaçı qarşısında onunla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.
3. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3729/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı MMC-nin iddiası qismən təmin edilmiş, İddiaçı MMCnin mülkiyyətində olan “SUZUKİ KİZASHİ MİNİK” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomaşının Cavabdeh2 istifadəsindən alınaraq İddiaçı MMC-yə qaytarılması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 11.900 manat əsas lizinq borcun, 4.240 manat lizinqdən istifadəyə görə faiz borcunun, 400 manat penyanın, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 16.570 manat məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması, iddia tələbi qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1873/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3729/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada 11.900 manat əsas, 4.240 manat lizinqdən istifadəyə görə faiz, 4.270 manat hesablanmış penya olmaqla, cəmi 20.410 manat borcun tutulması hissəsində dəyişdirilmiş, Həmin hissədə əsas borcun məbləği 2.150 manat, faiz borcunun məbləği 2.224 manat və penya borcunun məbləği 215 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
4. “SMS radar” xidmətindən əldə edilmiş məlumatlara əsasən xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərində inzibati təbeh tətbiq edilməsi barədə qərarlar tərtib edilmiş, törədilmiş inzibati xətalara görə ümumilikdə 624 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.
5. xx.xx.2020-ci il tarixli Avtonəqliyyat saxlanılma qəbulu barədə aktına əsasən “Suzuki Kizashi” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil cərimə meydançasına gətirilərkən - avtomaşında qabaq buferin sınığı, qabaq kapotun əzilməsi, sol aynasının sınması, sol qabaq qapının əzilməsi, cızılmas, rəngsiz olması aşkar edilmiş, açarın sürücüdə qaldığı müəyyən edilmişdir.
6. "xxxx" QSC tərəfindən tərtib edilmiş ilkin qüsur aktına əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla, 2010-cu il buraxılışlı Suzuki Kizashi” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin məbləği 19.222,02 manat müəyyən edilmişdir.
7. Bakı Sığorta tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-yə ünvanlanan məktuba əsasən MİL-11835/20 saylı müqavilə üzrə “Suzuki Kizashi” markalı, 90-PF- 778 dövlət qeydiyyat nişanlı avtomobilin sığorta hadisəsi ilə bağlı sığorta şirkətinə heç bir məlumat daxil olmamışdır.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3502 nömrəli ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə "xxxx" QSC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı “Suzuki Kizashi” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12.816,00 manat müəyyən edilmişdir.
9. xx.xx.2022-ci il tarixli ziyan aktına əsasən “Suzuki Kizashi” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərbə qabaq sol qapı tərəfdən və sonrdan qabaq orta tərəfədən dəymişdir. Zərbə nəticəsində avtomobilin (Qabaq sol qapının nikel spoyleri, Qabaq buferin bukserinin qapağı Buferin içəri qubkası (yeni)) deformasiyaya uğrayaraq sıradan çıxmışdır. Bundan əlavə avtomobilin qabaq buferi, qabaq kapotu, qabaq sol qanadı, qabaq sol qapısı, arxa sol qanadı da deformasiyaya uğramış, təmir olunmalı və rənglənməlidir. Ümumilkidə avtomobilin təmir-bərpa xərci 1.494 manat müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 29 dekabr 2019-cu il tarixli, 1901/0662 saylı X8 əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 sahiblik və istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “SUZUKİ” markalı “KİZASHİ” modelli **-PF-*** qeydiyyat nömrəli avtomobilə cavabdehlər tərəfindən vurulmuş 19.222,02 manat məbləğində maddi ziyanın, törədilən inzibati xətalara görə tətbiq edilən 624 manat məbləğində cərimə, həmçinin iddianın qaldırılması üçün ödənilmiş 150 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə tutulması haqqında qətnamə çıxarılması xahiş edilmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli 1901/0662 saylı X8 əsasən, İddiaçı MMC Cavabdeh2 ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1-də göstərilən və ümumi dəyəri 17.000 (on yeddi min) manat olan 1 ədəd “SUZUKİ” markalı “KİZASHİ” modelli **-PF-*** qeydiyyat nömrəli avtomobili öz mülkiyyətinə keçirərək, Cavabdeh2 müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Cavabdeh2 isə öz növbəsinə əsasən 11.900 (on bir min doqquz yüz) manat məbləğində borcu illik 27% faiz hesablanmaqla, 36 ay müddətinə İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan başqa, Cavabdeh2 müqavilə öhdəliklərinin təmini üsulu kimi zamin Cavabdeh1 ilə iddiaçı arasında 29 dekabr 2019-cu il tarixli 1901/0662 ZM-01 saylı zaminlik müqaviləsi bağlanmış və zamin Cavabdeh1 məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh2 Lizinq müaviləsinə Əlavə №2-də (Lizinq ödənişləri cədvəli üzrə) 36 ay müddətinə illik 27% faiz mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Bu səbəbdən də İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, İddiaçı MMC-nin mülkiyyətində olan “SUZUKİ KİZASHİ MİNİK” markalı 99-PF778 dövlət qeydiyyat nişanlı avtomaşının Cavabdeh2 istifadəsindən alınaraq İddiaçı MMC-yə qaytarılması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 11.900 (on bir miin doqquz yüz) manat əsas lizinq borcu, 4.240 (dörd min iki yüz qırx) manat lizinqdən istifadəyə görə faiz borcu, 400 (dörd yüz) manat penya, həmçinin iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 16.570 (on altı min beş yez yetmiş) manat məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. “SUZUKİ” markalı, “KİZASHİ ” modelli 99-PF778 dövlət nömrə nişanlı avtomobil cavabdehin qanunsuz istifadəsindən alınaraq iddiaçıya qaytarıldıqdan sonra mülkiyyətçiyə məlum olmuşdur ki, avtomobil qəzalı vəziyyətdədir və istifadəyə tamamilə yararsızdır. İddiaçı mülkiyyətinə dəymiş zərəri müəyyən etmək məqsədilə ixtisaslaşmış texniki servis mərkəzi olan "xxxx" QSC-yə müraciət etmişdir. "xxxx" QSC tərəfindən tərtib edilmiş ilkin qüsur aktından müəyyən edilir ki, Cavabdeh2 istifadəsində olduğu müddət ərzində “SUZUKİ” markalı, “KİZASHİ” modelli **-PF-*** dövlət nömrə nişanlı avtomobilə 19.222,02 (on doqquz min iki yüz iyirmi iki manat iki qəpik) manat məbləğində maddi ziyan vurulmuşdur. Hazırda avtomobil istismara yararsız vəziyyətdədir. Edilmiş xəbərdarlıqlara baxmayaraq Cavabdeh2 vurduğu ziyanı ödəmir və avtomobili qəsdlə yararsız vəziyyətə saldığını bildirir. Göründüyü kimi Cavabdeh2 etibarnamə əsasında istifadəsinə verilmiş avtomobili qəsdlə məhv etmiş və sözü gedən avtomobilə vurduğu ziyanı aradan qaldırmaqdan qərəzli olaraq yayınır. Bundan əlavə olaraq “SUZUKİ” markalı, “KİZASHİ11 modelli **-PF-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh2 istifadəsində olduğu müddət ərzində onun tərəfindən yol-hərkəti qaydaları pozulmuş və barəsində protokol təttib edilmişdir. Belə ki, “SMS radar” xidmətindən əldə edilmiş məlumatlara əsasən cavabdeh tərəfindən xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Törətdiyi inzibati xətalara görə cavabdehə tətbiq edilən cərimələr 624 manat təşkil edir. 29 dekabr 2019-cu il tarixli 1901/0662 saylı X6 7.9- cu bəndinə əsasən, Lizinq alan müqavilə ilə müəyyən edilmiş bütün ödənişləri ödədikdən sonra onun bu müqavilə üzrə öhdəlikləri icra edilmiş sayılır.
12. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı "xxxx" MMC-nin iddia ərizəsində qeyd edilənlər əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Belə ki, daha əvvəl İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı MMC-nin mülkiyyətində olan mübahisəli avtomobilin Cavabdeh2 istifadəsindən alınaraq iddiaçıya qaytarılması, cavabdehlərdən 11.900 manat əsas, 4.240 manat faiz, 400 manat penya borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 16.570 manat məbləğində pulun müştərək qaydada iddiaçının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1873/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi hissəvi dəyişdirilmiş, əsas borcun məbləği 2.150 manat, faiz borcunun məbləği 2224 manat və penya borcunun məbləği 215 manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Lakin, iddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1873/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi barədə məhkəməyə məlumat verməmişdir. Həmin apellyasiya instansiyası məhkəməsinin qətnaməsində də göstərilmişdir ki, “mübahisəli avtomobil X20 tərəfindən xx.xx.2020-ci il tarixdə müvəqqəti saxlama dayanacağına yerləşdirilmiş və xx.xx.2020-ci il tarixdə lizinq şirkəti tərəfindən götürülmüşdür. Başqa sözlə avtomobil xx.xx.2020-ci il tarixdən etibarən cavabdehin deyil, iddiaçının, yəni mülkiyyətçi İddiaçı MMC-nin sahibliyində olmuşdur və bu gün də onun sahibliyindədir. Yəni, xx.xx.2020-ci il tarixdən Cavabdeh2, yaxud onun ailə üzvlərinin lizinq obyektindən istifadə etməsi praktiki cəhətdən qeyri-mümkün olmuşdur. İddiaçının əvvəlki mülki iş üzrə, yəni Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3729/21 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən sonra icra şöbəsinə 25 08.2021-ci il tarixdə təqdim etdiyi məktubuna əsasən mübahisəli avtomobil cavabdehdən alınaraq tələbkar təşkilatın dayanacağına təhvil verilmişdir. Həmin mülki iş üzrə iddiaçı lizinq ödənişləri üzrə borcu və avtomobilin qaytarılmasına dair iddia tələbləri ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət edir və məhkəməyə bildirir ki avtomobil Cavabdeh2 istifadəsindədir. Halbuki, həmin avtomobil artıq xx.xx.2020-ci il tarixdən iddiaçının sahibliyində olmuşdur. Cavabdeh2 12 sentyabr 2020-ci il tarixdən həbs edilərək, 1 saylı istintaq təcridxanasında saxlanılmış, xx.xx.2021-ci il tarixdən isə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir (Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 iyul 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və hazırda 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir). "SUZUKİ KİZASHİ” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomaşın Cavabdeh2 asılı olmayaraq onun istifadəsində və sahibliyində olmamışdır və avtomaşının cavabdehdən alınması mümkün deyil. Mübahisəli avtomobil xx.xx.2020-ci il tarixdən artıq iddiaçının sahibliyindədir. İddiaçı isə iddia tələbləri ilə məhkəməyə yalnız xx.xx.2022-ci il tarixdə müraciət edir, yəni avtomobil 1 il 3 ay müddətində onun sahibliyində və istifadəsində olduqdan sonra məhkəməyə müraciət edərək, cavabdehdən ziyanın ödənilməsini tələb edir. İddia ərizəsində və ona əlavə edilən qüsur aktında qeyd edilən mübahisəli avtomobilin ehtiyyat hissələrinin nə vaxt xarab olması, həmçinin qəzanın nə vaxt baş verməsi ilə bağlı iddiaçı heç bir sübut təqdim etməmişdir. Belə ki, avtomobilin ehtiyyat hissələrin yararsız vəziyyətə düşməsi həm cavabdehin istifadəsində olduğu müddət, həm də iddiaçının özünün 1 il 3 ay müddətində istifadəsində olduğu müddətində də baş verə bilər. Avtonəqliyyat saxlanılma qəbulu barədə xx.xx.2020-ci il tarixli akta əsasən avtomobil öz hərəkəti ilə duracağa gətirilmiş, yəni avtomobil yararsız vəziyyətdə olmamışdır. Belə ki, duracağa qoyulması səbəbi məhkəmənin qərarı əsasında olmuşdur. İddiaçının bu barədə məlumatı olmuş və cəriməni ödədikdən sonra avtomobili duracaqdan götürə bilmişdir. İddiaçı iddia ərizəsində göstərir ki, “SUZUKİ” markalı, “KİZASHİ” modelli **-PF-*** dövlət nömrə nişanlı avtomobil cavabdehin qanunsuz istifadəsindən alınaraq iddiaçıya qaytarıldıqdan sonra mülkiyyətçiyə məlum olmuşdur ki, avtomobil qəzalı vəziyyətdədir və istifadəyə tamamilə yararsızdır. İddiaçı mülkiyyətinə dəymiş zərəri müəyyən etmək məqsədilə ixtisaslaşmış texniki servis mərkəzi olan "xxxx" QSC-yə müraciət etmişdir. "Skandinavian Avto” QSC tərəfindən tərtib edilmiş ilkin qüsur aktından müəyyən edilir ki, Cavabdeh2 istifadəsində olduğu müddət ərzində “SUZUKİ” markalı, “KİZASHİ” modelli **-PF-*** dövlət nömrə nişanlı avtomobilə 19.222,02 manat məbləğində maddi ziyan vurulmuşdur. Hazırda avtomobil istismara yararsız vəziyyətdədir. Cavabdeh2 xx.xx.2020-ci il tarixdən həbsdədir və güya ona xəbərdarlıqların edilməsi, avtomobilin qəsdlə yararsız vəziyyətə saldığının bildirilməsi barədə dəlillər tamamilə əsassızdır, bununla bağlı heç bir sübut təqdim etməmişdir. İddiaçı bilə-bilə məhkəməyə yalan məlumatları təqdim edir. İddiaçının təşəbbüsü əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/3502 nömrəli, xx.xx.2022-ci il tarixli rəyinin nəticəsinə əsasən “nəzəri hesablama yolu ilə “Skandinavian Avto’’ QSC tərəfindən tərtib edilmiş ilkin qüsur aktındakı məlumatlar nəzərə alınmaqla avtohissələrin qiymətlən nəzərə alınmaqla 2010-cu il buraxılışı “Suzuki Kizashi" markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12.816 manat müəyyən edilir. Lakin, qeyd edilməlidir ki, ekspert rəyinə əsas olan və iddiaçının təqdim etdiyi "xxxx" QSC tərəfindən ilkin qüsur aktının tərtib edilməsi tarixi göstərilməmiş, ona görə də qeyd edilən qüsurların yaranması müddəti müəyyən edilməsi də mümkün deyil. Həmçinin, qüsur aktında qeyd edilən zədələnmiş və dəyişilməli olan hissələrin həqiqətən də qəza ilə bağlı olduğu müəyyən edilməmişdir. Həmin qüsurların avtoqəza ilə əlaqəli olduğuna dair iddiaçı heç bir sübut təqdim etməmişdir. Avtomobilin hansı vəziyyətdə olduğu barədə şəkilləri də mülki işə əlavə edilməmişdir. Ekspert rəyində qeyd edilən bir çox qüsurlar qəzaya aid edilə bilməz, məsələn: pultun bloku, pult, arxa amortizator, starter, filterlər və sair. Müəyyən olunmuşdur ki, göstərilən avtomobil Cavabdeh2 istifadəsində 7 ay müddətində olmuşdur. Avtonəqliyyat saxlanılma qəbulu barədə xx.xx.2020-ci il tarixli aktında göstərilmişdir ki, avtomobil duracağa gətirilərkən - avtomaşında əzilmiş hissələr - qabaq buferin sınığı, qabaq kapotu əzilmiş, sol aynası sınmış, sol qabaq qapı əzilmiş, cızılmış, rəngsiz, sol arxa qanad əzilmiş, rəngsiz. İddiaçı göstərir ki, avtomobilin Cavabdeh2 istifadəsində olduğu müddət ərzində onun tərəfindən yol-hərəkəti qaydaları pozulmuş və barəsində protokol tərtib edilərək, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Lakin, iddiaçı tərəfindən ərizəsinə əlavə edilən protokollardan müəyyən edilir ki, həmin tarixlərdə Cavabdeh2 deyil, başqa şəxs - X9 həmin avtomobildən istifadə edərkən yol hərəkəti qaydalarını pozmuşdur. Bundan əlavə, iddiaçının ərizəsində tələb etdiyi 19.222 manat məbləğində avtomobilə vurulmuş zərər avtomobilin bazar dəyərindən də artıq məbləğdir. Həmin zərərin məbləği reallığı əks etdirmir, məbləğ şişirdilmişdir. Belə ki, “turbo.az” saytından da müəyyən olunur ki, 2010-cu il buraxılışı “Suzuki Kizashi” markalı avtomobilin dəyəri 11.800 manat təşkil edir. Cavabdeh2 arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli, 1901/0662 saylı X6 2.2ci bəndində qeyd edilir ki, “lizinq müqaviləsi üzrə əldə edilən lizinq obyektinin qiyməti 17.000 manat təşkil edir. Bundan əlavə, 29 dekabr 2019-cu il tarixli, 1901/0662 saylı X6 11.3-cü maddəsinə əsasən “lizinq obyekti zədələnmə (korlanma), məhv edilmə, itirilmə, talanma, oğurluq risklərindən sığortaçının sığorta qaydaları (AVTOKASKO) ilə nəzərdə tutulmuş bütün hallardan bu müqavilənin 2.2-ci bəndinə əsasən lizinq obyektinin dəyərindən az olmayan məbləğə sığortalanır. Ona görə də, ekspert rəyində qeyd edilən qüsurların əgər avto-qəza ilə əlaqəli deyilsə, belə olan halda zərər sığorta şirkəti tərəfindən ödənilməlidir. Göründüyü kimi, iddiaçının həmin avtomobildən yalnız faydalanmaq məqsədi olduğundan hər dəfə məhkəməyə yalnış məlumatları təqdim edir. Bundan başqa zaminlik müqaviləsində avtomobilə qəza nəticəsində dəymiş zərərə görə zaminin məsuliyyəti nəzərdə tutulmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı "xxxx" MMC-nin iddia tələblərinin əsassız və qanunsuz olduğunu təsdiq edir, ona görə də iddia tələblərinin müdafiə etdiyi şəxsə münasibətdə rədd edilməsini xahiş etmişdir.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, e-2(006)- 2063/2022 saylı qətnaməsi ilə iddianın Cavabdeh1 münasibətdə rədd edilməsi, iddianın Cavabdeh2 münasibətdə qismən təmin edilməsi, maddi zərər üzrə 13.440 (12.816+624) manat və dövlət rüsumu kimi ödənilmiş 150 manatın 102 manat hissəsinin, cəmi 13.542 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddianın Cavabdeh2 münasibətdə digər hissədə rədd edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 68 manatının Cavabdeh2, 32 manatının isə İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakim X7)
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkətinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Beləliklə lizinq obyekti sayılan nəqliyyat vasitəsi cavabdehin təqsiri üzündən zədələndiyindən, o, lizinq obyektinə dəymiş zərər üzrə tam şəkildə maddi məsuliyyət daşımalıdır. Baş vermiş zərərin məbləğinin müəyyən edilməsi üçün təyin edilməsi labüd hesab edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyinə əsasən 2010-cu il buraxılışlı “Suzuki Kizashi” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12.816,00 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3729/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən “SUZUKİ KİZASHİ MİNİK” markalı 99-PF778 dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 istifadəsindən alınaraq İddiaçı MMC-yə qaytarılması qət edilmiş, apellyasiya instansiyası məhkəməsində qətnamənin bu hissəsi mübahisələndirilməmişdir. İş materiallarından göründüyü kimi, sözügedən avtomovil Cavabdeh2 təqsiri üzündən cərimə meydançasına təhvil verilmiş və daha sonra uzun müddət ərzində (hal-hazıradək) istismar olunmadan (sürülmədən) açıq hava şəraitində saxlanılmış, bu da avtomobilin ehtiyyat hissələrinin surətlə aşınmasına və köhnəlməsinə əsas olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, lizinq alanın yalnız xx.xx.2022-ci il tarixli ziyan aktına əsasən məsuliyyət daşımalı olduğu qənaətinə gəlmək üçün əsas yoxdur. Cavabdeh - lizinq alan tərəflər arasında bağlanmış müqavilənin 11.3-cü və 11.11-ci bəndlərinə əsasən lizinq obyekti sığortalansa da yolnəqliyyat hadisəsi baş verdiyi barədə lizinq verənə və sığortaçıya məlumat vermək üzrə vəzifəsini icra etmədiyindən sığorta hadisəsi üzrə sığorta ödənişinin verilməsini tələb etmək hüququnun həyata keçirilməsi mümkün olmamışdır. Məhkəmə iddiaçıya mülkiyyət hüququ ilə məxsus avtomobilə cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün ekspert rəyinə əsasən müəyyən olunan məbləğin 12.816 manat təşkil etdiyini nəzərə alaraq hesab etmişdir ki, iddia bu hissədə qismən təmin edilməli, dəymiş maddi zərərə görə cavabdehdən 12.816 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə “SUZUKİ KİZASHİ MİNİK” markalı, 99-PF778 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən çoxsaylı yol hərəkəti qaydalarının pozulması nəticəsində hesablanmış 624 manat məbləğində cərimələr qismində çıxış edən maddi zərərlə əlaqədar qeyd etmişdir ki, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli inzibati təbeh tətbiq edilməsi barədə qərarlara əsasən inzibati xətanın törədilməsi avtomobilin Cavabdeh2 istifadəsində olduğu zaman baş verdiyi işin mübahisələndirilməyən halıdır. Belə ki, cavabdeh-lizinq alan iştirak etdiyi məhkəmə iclasında iddianı həmin hissədə etiraf etdiyini bildirmişdir. Belə olan halda məhkəmənin gəldiyi qənaətə görə 624 manat məbləğində maddi zərər Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddianın digər Cavabdeh1 münasibətdə isə rədd edərkən ona istinad etmişdir ki, hazırda iddiaçı məhz X6 müvafiq maddələrinə istinadən avtomobilə dəymiş zərərin cavabdeh – zamindən tutulmasını xahiş edir. Halbuki, zaminlik müqaviləsinin müvafiq bəndində konkret göstərilən hallar arasında zaminin lizinq predmetinə dəymiş zərər üzrə lizinq verən qarşısında məsuliyyət daşıması halı müəyyən edilməmişdir. Zaminlik müqaviləsində öz əksini tapan əsas şərtlər aydın müəyyən olunmalı, digər müqaviləyə istinadı mücərrəd olmamalı, zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən dəqiq göstərilməlidir. Belə ki, zaminin imzaladığı müqavilədə nəzərdə tutulmuş şərtlər çərçivəsində məsuliyyət daşımalı olması ilə bağlıdır. Zamin müqavilə münasibətlərindən irəli gəlməyən əsaslarla məsuliyyət daşıya bilər, lakin bu kimi hallar zaminin məsuliyyətini artıran hallar kimi zaminlik müqaviləsində aydın şəkildə qeyd edilməlidir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 324.5-ci, 404.1-ci, 419.2-ci, 448.1-ci, 448.2-ci, 748-7.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, e-2(006)- 2063/2022 saylı qətnaməsindən İddiaçı MMC apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilərək, iddia tələbinin zaminə dair hissədə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında 29 dekabr 2019-cu il tarixli, 1901/0662 saylı Daxili lizinq müqaviləsi üzrə lizinq alananın öhdəliklərinin icrasının təmin olunması üçün zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh1 öz üzərinə Cavabdeh2 ilə birgə məsuliyyət götürmüşdür. Həmin müqavilənin 1.1. bəndinə əsasən “Lizinq alan”nın “Lizinq verən” qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən lizinq müqaviləsindən irəli gələn öhdəliyinin tamamilə icra edilməsi üçün “Zamin” və “Lizinq alan”nın “Lizinq verən” qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “Zamin” və “Lizinq alan” lizinq müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o cümlədən lizinq və onun faizi lizinq müqaviləsində şərtləndirilmiş müddətdə qaytarılmadığı, lizinq müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu (cərimə və penya) ödənilmədiyi və lizinqdən məqsədli təyinatına uyğun istifadə olunmadığı hallarda “Lizinq verən” qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən zaminlik icrasını təmin etdiyi lizinq müqaviləsinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən lizinq müqaviləsinin müddəti uzadıldıqda, uzadılma müddəti ərzində və lizinq müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən zaminlik lizinq müqaviləsinə dəyişiklik və əlavələrin edildiyi, lizinq müqaviləsi üzrə öhdəlikdə borclunun dəyişdiyi hallara da şamil olunur. Lizinq müqaviləsi üzrə öhdəlik hər hansı bir formada və məzmunda dəyişdirildikdə, buna görə “Zamin”nin razılığı tələb olunmur. Azərbaycan Respublikası Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göstərilən maddənin tələbindən müəyyən olunur ki, borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zaminin üzərinə düşür. Sadalananlardan görünür ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etsə də qətnamədə iddianı zamin barəsində rədd edərkən yalnız formal əsaslandırma ilə kiyafətlənmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə qarşı verdiyi yazılı etirazı iddia ərizəsinə verilən etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq bildirilmişdir ki, iddiaçı "Ekolizinq” MMC-nin apellyasiya şikayəti tamamilə əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən zamin və lizinq alan lizin müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazimi qaydada icra olunmamasına görə, o cümlədən lizinq və onun faizi lizinq müqaviləsində şərtləndirilmiş müddətdə qaytarılmadığı, lizinq müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu ödənilmədiyi və lizinqdən məqsədli təyinatına uyğun istifadə olunmadığı hallarda lizinq verən qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Müqavilənin 2.2-ci bəndinə görə zamin lizinq verən qarşısında lizinqin lizinq müqaviləsində nəzərdə tutulmuş müddətlərdə və məbləğdə qaytarılmaması, lizinqin faizinin lizinq müqaviləsində nəzərdə tutulmuş müddətlərdə və məbləğdə ödənilməməsi, lizinq müqaviləsində nəzərdə tutulmuş dəbbə pulunun (cərimə və penya) ödənilməməsi, lizinqdən məqsədli təyinatına görə istifadə edilməməsi, lizinq müqaviləsinin şərtlərinin lizinq alan tərəfindən pozulması üzrə məsuliyyət daşıyır. İddiaçı MMC X6 müvafiq maddələrinə istinadən avtomobilə dəymiş zərərin cavabdeh - zamin Cavabdeh1 tutulmasını tələb edir. Halbuki, zaminlik müqaviləsinin müvafiq bəndində konkret göstərilən hallar arasında zaminin lizinq predmetinə dəymiş zərər üzrə lizinq verən qarşısında məsuliyyət daşıması halı müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi zaminliklə bağlı hissəyə dair düzgün olaraq qeyd edir ki, “zaminlik müqaviləsində öz əksini tapan əsas şərtlər aydın müəyyən olunmalı, digər müqaviləyə istinadı mücərrəd olmamalı, zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən dəqiq göstərilməlidir. Belə ki, zaminin imzaladığı müqavilədə nəzərdə tutulmuş şərtlər çərçivəsində məsuliyyət daşımalı olması ilə bağlıdır. Zamin müqavilə münasibətlərindən irəli gəlməyən əsaslarla məsuliyyət daşıya bilər, lakin bu kimi hallar zaminin məsuliyyətini artıran hallar kimi zaminlik müqaviləsində aydın şəkildə qeyd edilməlidir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404.1-ci maddəsinin tələblərinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu Məcəllənin 419,2-ci maddəsinin tələblərinə görə müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir”. Qeyd edilənlərə əsasən hesab edirlər ki, iddiaçı “Ekolizinq" MMC-nin apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2063/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi iddia tələbinin zaminlik hissəsində qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, birinci məhkəmə mübahisəsi zamanı avtomobil cərimə meydançasında olmuş və avtomobil onlara təhvil veriləndən sonra onun tam yararsız vəziyyətdə olduğu və açarının olmadığı məlum olmuşdur. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
20. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə verdiyi etiraza uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin zaminə adi hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, digər Cavabdeh2 hazırda Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə cəzası çəkir. Hüquqlarını müdafiə etdiyi Cavabdeh1 oğlunun lizinq müqaviləsi üzrə yaranmış borclarını hazırda da ödəyir və onun himayəsində sağlamlıq imkanları məhdud digər bir oğlu da var. Digər tərəfdən, iş materiallarından da göründüyü kimi, tərəflər arasında mübahisə predmeti olan avtomobilin qaytarılması və lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ilə bağlı məhkəmə mübahisəsi olmuşdur. Hesab edir ki, iddiaçının irəli sürdüyü avtomobilin açarının cavabdehlər tərəfindən təhvil verilməsi əsası, həmin məhkəmə mübahisəsinin predmeti olmuşdur. Avtomobil 2020-ci ilin dekabr ayında İddiaçı MMC-yə təhvil verilmişdir.
21. Digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş, lakin hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə cəzası çəkdiyindən məhkəmə iclasına iştirak edə bilməmiş, eyni zamanda onun iddiaya münasibətini əks etdirən hər hansı ərizə məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi və prosessual hüquq normaları
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir; 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 04 sentyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Zaminlik birtərəfli, konsessual müqavilədir. Müqavilənin birtərəfli olması kreditorun zamindən borclunun məsuliyyətini öz üzərinə götürməsini tələb etməsində, zamin tərəfindən isə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin təmin edilməsində öz əksini tapır. Zaminlik - əvəzsiz müqavilədir və zaminin əsas borclunun öhdəliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməsi müqabilində kreditor zamin qarşısında heç bir öhdəlik daşımır. Zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı7nı onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
26. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
27. Hazırkı apellyasiya şikayətində qətnamənin qismən ləğv edilərək, iddia tələbinin zaminə dair hissədə təmin edilməsi xahiş olunduğundan, qətnamə mübahisələndirilən hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 arasında 29 dekabr 2019-cu il tarixli, 1901/0662 saylı Daxili lizinq müqaviləsi üzrə lizinq alanın öhdəliklərinin icrasının təmin olunması üçün zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə Cavabdeh1 öz üzərinə Cavabdeh2 ilə birgə məsuliyyət götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən zamin və lizinq alan lizinq müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazimi qaydada icra olunmasına görə, o cümlədən lizinq və onun faizi lizinq müqaviləsində şərtləndirilmiş müddətdə qaytarılmadığı, lizinq müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu ödənilmədiyi və lizinqdən məqsədli təyinatına uyğun istifadə olunmadığı hallarda lizinq verən qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Müqavilənin 2.2-ci bəndinə görə zamin lizinq verən qarşısında lizinqin lizinq müqaviləsində nəzərdə tutulmuş müddətlərdə və məbləğdə qaytarılmaması, lizinqin faizinin lizinq müqaviləsində nəzərdə tutulmuş müddətlərdə və məbləğdə ödənilməməsi, lizinq müqaviləsində nəzərdə tutulmuş dəbbə pulunun (cərimə və penya) ödənilməməsi, lizinqdən məqsədli təyinatına görə istifadə edilməməsi, lizinq müqaviləsinin şərtlərinin lizinq alan tərəfindən pozulması hallarında məsuliyyət daşıyır.
30. Hazırda iddiaçı məhz X6 müvafiq maddələrinə istinadən avtomobilə dəymiş zərərin həmçinin, cavabdeh - zamindən tutulmasını xahiş edir. Halbuki zaminlik müqaviləsində zaminin lizinq verən qarşısında məsuliyyətinin yaranması əsasları lizinqin lizinq müqaviləsində nəzərdə tutulmuş müddətlərdə və məbləğdə qaytarılmamasından, lizinqin faizinin lizinq müqaviləsində nəzərdə tutulmuş müddətlərdə və məbləğdə ödənilməməsindən, lizinq müqaviləsində nəzərdə tutulmuş dəbbə pulunun (cərimə və penya) ödənilməməsindən, lizinqdən məqsədli təyinatına görə istifadə edilməməsindən və lizinq müqaviləsinin şərtlərinin lizinq alan tərəfindən pozulmasından ibarət olmuşdur. Lakin müqavilənin müvafiq bəndində konkret göstərilən bu hallar arasında zaminin lizinq predmetinə dəymiş zərər üzrə lizinq verən qarşısında məsuliyyət daşıması halı müəyyən edilməmişdir.
31. Halbuki, zaminlik müqaviləsində öz əksini tapan əsas şərtlər aydın müəyyən olunmalı, digər müqaviləyə istinad mücərrəd olmamalı, zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən dəqiq göstərilməlidir. Zaminliklə təmin edilmiş öhdəliyin konkret göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Belə ki, zamin imzaladığı müqavilədə nəzərdə tutulmuş şərtlər çərçivəsində məsuliyyət daşıyır.
32. Nəzərə alınmalıdır ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Zamin müqavilə münasibətlərindən irəli gəlməyən əsaslarla məsuliyyət daşıya bilər, lakin bu kimi hallar zaminin məsuliyyətini artıran hallar kimi zaminlik müqaviləsində aydın şəkildə qeyd edilməlidir.
33. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsində də məhz lizinq müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmaması zaminin məsuliyyətinin yaranması əsası kimi göstərilmiş və öhdəliyin icra edilməməsi hallarına lizinq, faiz və dəbbə pulunun ödənilməməsi, habelə lizinqdən məqsədli təyinatına uyğun istifadə edilməməsi aid edilmiş və bu yanaşma müqavilə üzrə müxtəlif bəndlərdə təkrarlanmışdır. Lizinq obyektinin yol-nəqliyyat hadisəsi, habelə istismar nəticəsində zədələnməsi də onun təyinatına uyğun istifadə edilməməsi anlamına gəlmir. Əksinə lizinq obyektinin təyinatı üzrə istifadə edilməsi məhz onun idarə olunması yolu ilə istismar edilməsindən ibarətdir.
34. Müqavilənin 2.3-cü bəndində qeyd edilmiş “və lizinq müqaviləsindən irəli gələn öhdəliyin icrasına mənfi təsir edə bilən hallar” ifadəsi isə qeyri-müəyyənliyi baxımından iddiaçının hazırda iddia etdiyi halı əhatə etmir, bu səbəbdən həmin müqaviləni tərtib etmiş, o cümlədən belə bir qeyri-müəyyən şərti müqaviləyə daxil etmiş iddiaçı tərəfin ziyanına (əleyhinə) təfsir edilməlidir. Bu baxımdan zaminin lizinq obyektinin yararsız vəziyyətə salınması, habelə yol hərəkəti qaydalarının pozulması nəticəsində lizinq alan barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsinə görə lizinq alanla birgə və eyni həcmdə məsuliyyət daşıması barədə iddiaçının dəlilləri əsassızdır. Zaminlik müqaviləsi ilə zaminin konkret olaraq bu növ zərərə (nəqliyyat vasitəsinin yararsız vəziyyətə salınması və inzibati qərarlarla cərimənin tətbiq edilməsi) görə hər hansı məsuliyyəti müəyyən edilməmişdir. Başqa sözlə, zaminlik müqaviləsi çərçivəsində tərəflər arasında belə bir şərt üzrə hər hansı razılıq əldə edilməmişdir. Bu da öz növbəsində iddiaçının zaminə qarşı hazırki iddiasının rədd edilməsini şərtləndirir.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı MMC-nin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı MMC-yə aid edilməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, e-2(006)- 2063/2022 saylı qətnaməsi İddiaçı MMC-nin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.