Məhkəmə qərarları › İş №2(103)-1742/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1742/2020

26.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1742/2020 26.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Qurbanovun sədrliyi və məruzəsi ilə, Etibar Qəzənfər oğlu Nəbiyev və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Lalə Adil qızı Əbdürrəhimovanın katibliyi ilə, Cavabdeh1 vəkili X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7119/2019 saylı mülki iş üzrə qəbul etdiyi 15 oktyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən hündürmərtəbəli binanın ikinci girişi, üçüncü mərtəbəsində, ümumi sahəsi 96,7 kv.m olan 15 saylı mənzilə dair Cavabdeh1 ilə bağlanmış müqavilənin etibarsız hesab edilməsi və mənzilini zəbt etmiş şəxslərin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli 2(011)- 7119/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkili X6 apellyasiya şikayətinə etiraz etdi. İddiaçı və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, o, Bakı şəhər İcra Hakimiyyətinin 20 may 2005-ci il tarixli 126 saylı sərəncamı əsasında "xxxx" MMC-nin ünvan 1 ünvanında ayrılmış torpaq sahəsində inşa etdiyi binada üç otaqdan ibarət 96,7 kv.m olan 15 saylı mənzili 21 sentyabr 2005-ci il tarixdə müqavilə bağlayaraq almışdır. Həmin mənzilin pulunu tam olaraq ödəmiş, lakin MMC öz üzərinə götürdüyü öhdəliyi tamamilə yerinə yetirməmişdir. Belə ki, o, aldığı mənzili həmişə nəzarətdə saxlamış, lakin son altı-yeddi ildə xəstəliyi ilə əlaqədar olaraq həmin mənzilə nəzarət edə bilməmişdir. Bundan istifadə edən MMC-nin bəzi rəhbərləri mənzili başqa bir şəxsin adına rəsmiləşdirmişlər. Bu hal ona bu yaxında məlum olmuş və o, bununla bağlı binanın komendantına xəbərdarlıq etmişdir. Bundan sonra tanımadığı bir nömrədən zəng gəlmiş və həmin mənzildən imtina etməsi bildirilmişdir. Odur ki, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Cavabdeh1 iddiaya etiraz edir və bildirir ki, mübahisəli mənzil tikinti şirkəti tərəfindən ilkin olaraq 26 yanvar 2006-cı il tarixdə X1, Zöhrə İsmayılova mənzilin dəyərini tam ödəmiş və sonuncuya 20 sentyabr 2011-ci il tarixdə mənzilə görə borcunun olmadığını təsdiq edən maliyyə arayışı verilmişdir. X4 "xxxx" MMC-yə ünvanlandığı ərizəsi nəzərə alınaraq, mənzil 13 fevral 2014-cü il tarixdə onun adına rəsmiləşdirilmişdir. Həmin vaxtdan etibarən hal-hazıra kimi mənzil onun sahibliyində və istifadəsindədir. Mənzilə dair iddiaçının təqdim etdiyi müqavilə və maliyyə arayışının həqiqiliyi isə şübhə doğurur. Həmin sənədlər sonradan hazırlanıb və saxtadır. Bundan əlavə, iddiaçı hazırki tələb üzrə iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən 2 tələb irəli sürülmüşdür:

1. ünvan 1 ünvanında yerləşən hündürmərtəbəli binanın ikinci girişi, üçüncü mərtəbəsində, ümumi sahəsi 96,7 kv.m olan 15 saylı mənzili zəbt etmiş şəxslərin mənzildən çıxarılması;

2. Həmin mənzilə dair Cavabdeh1 ilə bağlanmış müqavilənin etibarsız hesab edilməsi. Birinci iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Yalnız həmin şərtlərin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırkı işdə isə birinci şərtin, yəni iddiaçının mübahisəli əmlakın mülkiyyətçisi olması müəyyən olunmur. Belə ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün onunla "xxxx" MMC arasında bağlanmış 21 sentyabr 2005-ci il tarixli müqavilənin kserosurətini təqdim etmişdir. Cavabdeh1 isə həmin müqavilənin etibarlığını mübahisələndirir. Belə olan halda iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında etibarlı müqavilənin bağlanılması halını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı müqavilənin əslini məhkəməyə təqdim etməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş müqavilənin kserosurəti sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin sənəd Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinin tələblərinə cavab vermir. Bu səbəbdən də, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında etibarlı müqavilənin bağlanılması və mübahisəli mənzilin iddiaçıya məxsus olması sübut olunmur. Eyni zamanda iddiaçının təqdim etdiyi 21 sentyabr 2005-ci il tarixli müqavilənin kserosurətində onun telefon nömrəsi kimi ***-***-**-** qeyd olunmuşdur. Cavabdehin vəkili tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin 09.10.2019-cu il tarixli məktubundan görünür ki, "xxxx" MMC tərəfindən +99455923-44-37 GSM nömrə ilkin satışa 14.03.2012-ci il tarixdə çıxarılmışdır. Qeyd olunan nömrə 24.01.2013-cü il tarixində abunəçinin adına rəsmiləşdirilərək, istifadəyə verilmişdir. Göründüyü kimi 21 sentyabr 2005-ci il tarixdə bağlanmış müqavilədə 24.01.2013-cü il tarixdə rəsmiləşdirilmiş telefon nömrəsinin qeyd olunması həmin müqavilənin etibarlığının şübhə altına alınması üçün kifayət qədər əsaslar yaradır. Beləliklə, müəyyən olunur ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları, yəni 21 sentyabr 2005-ci il tarixdə cavabdeh "xxxx" MMC ilə etibarlı müqavilənin bağlanmasını və mənzilin ona məxsus olmasını sübut edə bilməmişdir. Ona görə də, iddiaçı tərəfindən zəbt etmiş şəxslərin mübahisəli mənzildən çıxarılması barədə tələblərin irəli sürməsi əsassızdır və rədd olunmalıdır. Həmçinin kollegiya hesab edir ki, iddia tələbləri ikinci hissədə də əsassızdır. Belə ki, İddiaçı mübahisəli müqavilənin tərəfi deyildir. Çünki həmin müqavilə müvafiq olaraq "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmışdır. Bununla yanaşı iddiaçı həmin müqavilənin etibarsız hesab edilməsi tələbini irəli sürmüşdür. Halbuki əqdlərin etibarsızlığından bəhs edən Mülki Məcəllənin 337.2-ci maddəsindən görünür ki, əqdin etibarsız hesab edilməsi tələbinin irəli sürməsi hüququ yalnız əqdin tərəfinə məxsusdur. Belə ki, həmin maddədə təsbit olunmuşdur ki, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Göründüyü kimi əqdin mübahisələndirilməsi üçün ilk olaraq əqdin bir tərəfinin digər tərəfə bununla bağlı iradə ifadəsinin bildirilməsi tələb olunur. Bundan başqa, mübahisəli mənzilə dair iddiaçı ilə müqavilənin bağlanması və mənzilin ona məxsus olması da təsdiq olunmur. Bununla bağlı qeyd olunur ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı həmin müqavilənin tərəfi olmadığından və onun mübahisəli mənzilə aidiyyəti təsdiq olunmadığına görə o, həmin müqaviləni mübahisələndirmək üçün zəruri olan müvafiq subyektiv hüququ malik olan şəxs hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, həmin iddia tələbləri buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından, sübutlar araşdırılmadın rədd olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7119/2019 saylı mülki iş üzrə qəbul etdiyi 15 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Hakim: Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar