Məhkəmə qərarları › İş №2(103)-1742/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1742/2022

07.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1742/2022 07.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3269/2021 saylı, 03.11.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı "müqavilənin etibarsız hesab edilməsi və digər" tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinin Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmasına dair Sumqayıt şəhəri 4 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 27.08.2020-ci il tarixli, 4Ə-1760 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağ evi üzərində Cavabdeh1 mülkiyyət hüququnun və İddiaçı xeyrinə ipoteka yüklülüyün daşınmaz əmlakın dövlət reyestrində bərpa edilməsi, 354.128 (üç yüz əlli dörd min yüz iyirmi səkkiz) manat pulun Cavabdeh1 İddiaçı xeyrinə tutulması, tutmanın Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinə yönəldilməsi və sözügedən əmlakın ilkin satış qiymətinin 140.000 (yüz qırx min) manat müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılmaqla və satışdan əldə edilmiş vəsaitin cavabdehdən tutulmalı olan pulun ödənilməsinə yönəldilməklə realizə edilməsi, əmlakın hərracdan satışından əldə edilmiş vəsait öhdəliyin icrasına kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir). Nəsimi Rayon Məhkəməsinin 2(006)-3269/2021 saylı, 03.11.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 əsas borca görə 140.000 (yüz qırx min) manat, əsas borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanılmaqla 49.000 (qırx doqquz min) manat, ümumilikdə 189.000 (yüz səksən doqquz min) manat pul İddiaçı xeyrinə, ipoteka predmetinin qiymətləndirilməsinə görə xidmət haqqı olaraq 400 (dörd yüz) manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinin Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmasına dair Sumqayıt şəhəri 4 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 27.08.2020- ci il tarixli, 4Ə-1760 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, bağ evi üzərində Cavabdeh1 mülkiyyət hüququ və İddiaçı xeyrinə ipoteka yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində bərpa edilməsi, tutmanın ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti onun likvid dəyəri əsasında 320.000 (üç yüz iyirmi min) manat müəyyən edilsin, ipoteka predmeti açıq hərracdan satılmaqla və satışdan əldə edilmiş vəsait Cavabdeh1 İddiaçı xeyrinə tutulmalı olan məbləğlərin ödənilməsinə yönəldilməklə realizə edilsin, ipoteka predmetinin hərracdan satışından əldə edilmiş vəsait Cavabdeh1 İddiaçı xeyrinə tutulmalı olan məbləğlərin ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğ Cavabdeh1 İddiaçı xeyrinə tutulması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına bu qətnamə ilə müəyyən edilmiş məbləğlər ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 verilməsi qərara alınmışdır. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasına baxılarkən, cavabdeh İddiaçı 189.000.00 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə 04.03.2022-ci il tarixli mədaxil orderini məhkəməyə təqdim etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında tərəflərin nümayəndələri vəsatət verərək hazırkı mübahisəni barışıq yolu ilə həll etmək istədiklərini bildirmiş və bunun üçün də onlara vaxt verilməsini xahiş etmişlər. Bu əsasla məhkəmə iclası təxirə salınmış, növbəti iclasda cavabdeh əsas öhdəliyi tam olaraq icra etdiyini, yəni İddiaçı 189.000.00 manat məbləğində pulun ödənilməsi barədə 04.03.2022-ci il tarixli mədaxil orderini təqdim edərək, onlar tərəfindən əldə olunmuş razılığın şərtlərinə əməl edildiyini bildirdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 göstərdi ki, həqiqətən də tərəflər arasında əldə olunmuş razılığa əsasən cavabdeh tərəfindən əsas öhdəliyi tam icra olunmuş, yəni 189.000 manat məbləğində vəsait iddiaçının bank hesabına köçürülmüşdür, eyni zamanda nümayəndə bildirdi ki, ona verilən etibarnamədə iddiadan imtina səlahiyyəti nəzərdə tutulmadığından, o, bununla bağlı iddiaçının öz ərizəsini təqdim etmək üçün və yaxud da onun şəxsən iştirakının təmin etmək üçün məhkəmə iclasının növbəti dəfə təxirə salınmasını xahiş etdi. Bu əsasla təxirə salınmış növbəti məhkəmə iclasına iddiaçı gəlməmiş, lakin məhkəməyə yazılı ərizə göndərərək qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 cavabdeh tərəfindən əsas öhdəliyin icra olunduğunu, iddiaçıya 189.000.00 manat məbləğində pul vəsaitinin 04.03.2022-ci il tarixdə ödənildiyini təsdiq etdi, iş üzrə məhkəmə kollegiyasının mülahizəsinə uyğun qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29.04.2019-cu il tarixli, 2(102)-2697/2019 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh1 ilə cavabdeh X4 arasında Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0,08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinə dair bağlanmış AN-İ ******* saylı, 21 avqust 2014-cü il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında cavadeh X2 adına bağ evinə dair verilmiş 24 avqust 2014-cü il tarixli, ******* № li çıxarışın ləğv edilməsi və həmin bağ evi üzərində iddiaçı Cavabdeh1 mülkiyyət hüquqlarının bərpa edilməsi, tərəflər arasında yaranmış münasibətlərə tərəflərin əslində nəzərdə tutduqları borc və ipoteka müqavilələrinə dair qaydaların tətbiq edilməsi, iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı arasındakı borc öhdəliyi ilə bağlı iddiaçıya məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0,08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinin iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı olan borcunun təminatı kimi ipotekanın yüklülüyünün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınması, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0,08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinə dair iddiaçı Cavabdeh1 adına müvafiq dövlət reyestrində qeydin bərpası ilə həmin bağ evinə dair ipoteka yüklülüyünün qeydə alınması eyni vaxtda icra edilməsi qərarı alınmışdır. Cavabdeh1 və Cavabdeh2 arasında Sumqayıt şəhəri 4 saylı notariat ofisində bağlanmış və həmin notariat ofisinin notariusu X1 tərəfindən təsdiq edilmiş 27.08.2020-ci il tarixli, daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən bağ evi 450.000 manat müqabilində satıcı Cavabdeh1 tərəfindən alıcı Cavabdeh2 satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 22.12.2020-ci il tarixli, **********84 № li məktubundan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4807/1 bağ evi Sumqayıt şəhər 4 saylı Notariat Kontoru tərəfidən təsdiq edilmiş 27 avqust 2020-ci il tarixli, 4Ə-1760 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 tərəfindən Cavabdeh2 adına özgəninkiləşdirilmiş və qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilmişdir.Həmin daşınmaz əmlak üzərində yüklülük və məhdudiyyət yoxdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01/21-404 nömrəli, 10 avqust 2021-ci il tarixli qiymətləndirmə rəyinə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4807/1 ünvanında yerləşən bağ evinin 10.08.2021-ci il tarixə bazar dəyəri 425.000 manat, likvid dəyəri 320.000 manat təşkil edir. İşə apellyasiya qaydasında baxılarkən, cavabdeh İddiaçı 189.000.00 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə 04.03.2022-ci il tarixli mədaxil orderini məhkəməyə təqdim etmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinə göndərdiyi 09.03.2022-ci il tarixli ərizəsində qeyd etmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3269/2021 saylı, 03.11.2021-ci il tarixli qətnaməsi ilə qət olunmuş 189.000 manat məbləğində pul vəsaiti cavabeh tərəfindən ona ödənilmişdir. Vəkili tərəfindən hazırkı iddia tələbindən imtina edilməsi barədə ona təklif edilsə də, bunu məqsədəmüvafiq hesab etmir. Bu səbəbdən də, qanunla yol verilən müvafiq məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Bakı Apellyasiya Məhkəməsinə göndərdiyi ərizədə iddiaçının 09.03.2022-ci il tarixli ərizəsini nəzərə alaraq mülki iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Kollegiya qeyd edir ki, işə apellyasiya qaydasında baxılarkən, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddiaçı ilə barışıq əldə olunması üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, bununla bağlı məhkəmə iclası təxirə salınmış, növbəti iclasda cavabdeh İddiaçı 189.000.00 manat məbləğində pulun ödənilməsi barədə 04.03.2022-ci il tarixli mədaxil orderini təqdim edərək, əsas öhdəliyin icra olunduğunu bildirmişdir. Həmçinin iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 da cavabdeh tərəfindən əsas öhdəliyin icra olunduğunu, iddiaçıya 189.000.00 manat məbləğində pul vəsaitinin 04.03.2022-ci il tarixdə ödənildiyini təsdiq etmişdir. Belə olan halda məlum olur ki, iddiaçının tələbi tam təmin olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Demək ki, hazırda tərəflər arasında icra səbəbindən öhdəliyə xitam verildiyindən, iddiaçının tələb hüququ da aradan qalxmış olur ki, bu səbəbdən də iddiaçının həmin öhdəliyə əsalanan tələbi təmin oluna bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3269/2021 saylı, 03.11.2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilməsin. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar