Məhkəmə qərarları › İş №2(103)-1747/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1747/2021

04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1747/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı - Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X1, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli Qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq olunduğunu, həmin yaşayış sahələrinin verilməsinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirildiyini, Komitənin qeyd olunan Qaydaya əsaslanaraq daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini təmin etdiyini, eyni zamanda Komitənin məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirdiyini, aparılmış araşdırmalar nəticəsində bəzi məcburi köçkünlərin onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmədiklərinin, mənzilləri kirayə verdiklərinin, yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamadıqlarının müəyyən edildiyini, xx xxxxx 2020-ci il tarixli 11/30 nömrəli kirayə müqaviləsinə əsasən, Zəngilan rayonundan məcburi köçkün olan cavabdehlərin Dövlət Proqramı çərçivəsində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş “Qobupark” yaşayış kompleksində 11 saylı binada 30 nömrəli 1 otaqlı mənzillə təmin edildiklərini, lakin onların orada yaşamadığının və mənzili kirayə verdiklərinin aşkarlandığını bildirmiş, buna görə də cavabdehlərin müvəqqəti istifadəsinə verilmiş ünvan 1 ünvanında yerləşən 30 nömrəli 1 otaqlı mənzilə dair xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin, işin bütün faktiki hallarını aydınlaşdırmadığı, məcburi köçkün olaraq onlara ayrılan mənzilin yerləşdiyi ərazinin qızının iş yerinə uzaq olması səbəbilə məcburiyyətdən Maştağa qəsəbəsində kirayəyə ev tutub orada yaşadıqlarını, Komitə tərəfindən verilmiş mənzilə isə arabir baş çəkdiklərini nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 30 nömrəli 1 otaqlı mənzilin Cavabdeh2 iş yerinə uzaq olmaqsı səbəbilə oranı kirayəyə verdiklərini və Maştağa qəsəbəsində kirayədə yaşadıqlarını bildirməklə apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi isə iddia ərizəsinin məzmununa uyğun izahat verməklə şikayətin əsassız olduğunu bildirmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir. Belə ki, qətnamə yalnız Cavabdeh1 tərəfindən mübahisələndirilmiş olsa da, onun şikayəti digər cavabdehin mənafeyini də əhatə etməklə, şikayətin dəlilləri qətnamənin tam ləğvinə yönəlmişdir. Apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "QobuPark” yaşayış kompleksi 11 saylı binada yerləşən 30 nömrəli 1 otaqlı mənzil xx xxxxx 2020-ci il tarixli 11/30 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” əsasında məcburi köçkün Cavabdeh1 və ailə üzvünə (qızı Cavabdeh2) müvəqqəti yaşamaq üçün verilmiş, müqavilənin 2.4.2-ci bəndində, kirayəçinin xüsusi təyinatlı yaşayış sahəsini subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək vəzifəsini daşıdığı, 5.7.1-ci bəndində, kirayəçinin və ailə üzvlərinin (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 (üç) aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə biləcəyi təsbit olunmuşdur. İşin, cavabdehlərin bilavasitə özlərinin bildirdikləri ilə müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, onlar 2020-ci ilin mart ayından sözügedən mənzildə yaşamamış, Cavabdeh2 Maştağa qəsəbəsində müəllimə işləməsi səbəbilə həmin ərazidə kirayəyə ev tutaraq həmin qəsəbədə yaşamağa başlamış, mübahisəsi gedən mənzili isə başqa şəxsə kirayətə vermişlər. “Qobupark” Mİİ-nin rəisi tərəfindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil-İstismar Departamentinin direktoruna ünvanlanmış xidmətiməlumatda isə göstərilmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsbəsi, “Qobupark” yaşayış kompleksi, bina 11, mənzil 30-da məskunlaşan Cavabdeh1 mənzilinə dəfələrlə getsələr də, mənzildə yaşamadığı və eyni zamanda mənzilin kirayəyə verildiyi məlum olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Mülki Məcəllənin 425.1-ci bəndinə görə isə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Mülki qanunvericiliyin müddəalarına görə, müqavilənin ləğv edilməsi üç halda mümkündür; bunlardan birincisi Mülki Məcəllənin 421.1-ci maddəsində təsbit edilən tərəflərin könüllü razılaşmasıdır. Hazırki halda bu hal istisna olunur, çünki tərəflərin razılaşması yoxdur. İkinci hal Mülki Məcəllənin 421.2-ci maddəsində müəyyən olunmuş digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunun sübuta yetirildiyi haldır. Buna görə, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Yuxarıda qeyd olunduğu kimi, hazırki işdə bu halın mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir – belə ki, cavabdehlərin müqavilə şərtlərini pozmaları, Dövlətin (Komitənin) mənzilin daha çox ehtiyacı olan məcburi köçkün ailəsinə verilməli olması mənafeyinə xələl gətirmişdir. Üçüncü hal isə Mülki Məcəllənin 422-ci maddəsində təsbit olunmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğv edilməsi halıdır. Həmin Məcəllənin 422.1-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Kollegiyanın qənaətinə görə, hazırkı mübahisə baxımından həmin halın mövcud olub-olmadığının xüsusi araşdırılmasına ehtiyac yoxdur – çünkü, iddiaçının “müqavilənin ləğvi” tələbinin bir qanuni əsasının mövcudluğu artıq müəyyən edilmişdir. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İşin hallarından aydın olur ki, tərəflərin arasında müqavilənin icrası ilə bağlı müzakirələr olmuş, iddiaçının nümayəndələri cavabdehlərə ayrılmış mənzilə gedərək onların orada yaşayıb-yaşamadıqlarını aydınlaşdırmış, bundan sonra məhkəmədə iddia irəli sürülmüşdür; bu baxımdan kollegiya hesab edir ki, iddiaçı “müqavilənin ləğvi” tələbinə münasibətdə Mülki Məcəllənin 423.2-ci maddəsinin şərtlərini yerinə yetirmiş hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2182/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar