Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1747/2025 07.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-5462/2024 nömrəli qətnaməsindən Cavabdeh İB-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, ünvan 1 ünvanında (abonent kodu: **********10000) təbii qazdan istifadə ilə bağlı hesablanmış 6.336,70 manat borc silinsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 5.753,50 manat borc silinsin, iddianın qalan hissəsi təmin olunmasın. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilsin və iddia tam rədd olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Cavabdeh iddiaçıya aid olan ünvan üzrə xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək olan dövrdə 24 akt tərtib edib. Həmin aktların 8-i mülki işin materiallarında var, qalanı yoxdur. İşdə olan aktlara görə, həmin ünvanda təbii qazdan sayğacdankənar istifadə edilib. Daha sonra hesabat aparılıb, dəymiş ziyanın (itirilmiş qazın) əvəzi kimi abonentə 6.336,70 manat borc hesablanıb və abonentin saldosunda qeyd edilib. İddaçı aktların və hesablanmış borcun əsassız olduğunu iddia edir. Birinci instansiya məhkəməsi birinci akta – xx.xx.2017-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış borcu saxlayıb, qalan aktlara əsasən hesablanmış borcun silinməsini qət edib. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsinə aid olan hissədə düzgün nəticəyə gəlib. Bu, aşağıda göstərinlərlə təsdiq olunur. Birinci, cavabdeh iddiaçının qazdan sayğacdankənar istifadə etdiyini təsdiq edən sübut (qazdan sayğacdankənar istifadə edildiyini təsdiq edən fotoşəkil, videoçəkiliş və s.) təqdim etməyib. İşdə yalnız aktlarin bir hissəsi mövcuddur, həmin aktlar isə abonent tərəfindən imzalanmayıb. İkinci, AR Mülki Prosessual Məcəlləsinin 106.2-ci maddəsinə görə, digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsində keçirilən məhkəmə iclaslarına gəlməyib, iddianın əsassızlığını təsdiq edən heç bir sübut təqdim etməyib. Hətta cavabdeh özündə olan aktları məhkəməyə təqdim etməyib. Belə ki, 24 akt tərtib edilsə də, iddiaçı onların 8-ni məhkəməyə təqdim edib. Belə vəziyyətdə qalan 16 aktı cavabdeh məhkəməyə təqdim etməli idi, çünki aktlar cavabdeh tərəfindən tərtib olunub. Ona görə də məhkəmə iddiaçının bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyəti olan halları müəyyən olunmuş hesab edir. Üçüncü, “Qaz təchizatı haqqında” AR Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində qeyd olunub: “Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir...”. AR Mülki Məcəlləsinin 1096.1-ci maddəsindən görünür ki, delikt – təqsirli əməldir. Lakin qazın talanmasında iddiaçının təqsiri qanunda göstərilən qaydada müəyyən edilməyib. Evə sayğacdan kənar qaz borusunun daxil olması faktı öz-özlüyündə qazın talanmasında abonentin təqsirli olduğunun müəyyən edilməsi üçün kifayət deyil. X1 Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası müəyyən edilib. Odur ki, qazın talanmasında təqsirli şəxs müəyyən olunmalıdır. Dördüncü, Mülki Məcəllənin 21.3-cü maddəsinə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Cavabdeh İB ölkə ərazisində təbii qazı təchizat nöqtələrindən qəbul edərək, paylanması və satışını həyata keçirir. Təbii qazdan sayğacdankənar istifadə faktı ilk dəfə aşkar edilərkən öz statusuna görə Cavabdeh İB bu hərkətləri etməyə borclu idi: 1) təbii qazdan sayğacdan kənar istifadənin qarşısının almaq; 2) təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonenti inzibati məsuliyyətə cəlb edilməsini təmin etmək; 3) təbii qazdan istifadə qaydaların pozulmasına görə abonentin mülki məsuliyyətə cəlb edilməsini təmin etmək, yəni zərərin əvəzinin ödənilməsi üçün iddia qalırmaq. Lakin Cavabdeh İB 7 ilə yaxın müddətdə bunları etməyib, öz hərəkətsizliyi ilə zərərin həcminin artmasına şərait yaradıb, 7 ildən sonra – xx.xx.2024-cü ildə məhkəməyə iddia verib. Belə iddialar hətta tam həcmdə təmin edildiyi halda, abonentin ödəmə qabiliyyəti olmadığına görə qətnamənin icrası mümkün olmur. Ona görə də təbii qazdan sayğacdan kənar istifadə faktı ilk dəfə aşkar edilən kimi Cavabdeh İB zərərin həcminin atmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə borcludur. Beləliklə, qətnamə mübahisələndirilən hissədə, yəni iddianın təmin edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamə iddianın rədd edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə, həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384-392ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-5462/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1747/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1747/2025
07.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver