Məhkəmə qərarları › İş №2(103)-1749/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1749/2021

01.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1749/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Cavabdehnə qarşı “əsassız cərimə borcunun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)- 2164/2020 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə (abonent kodu: **********44000 sayğac nömrəsi **********5) əsassız olaraq hesablanmış 553,50 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən evdə yaşayır. Təbii qazdan istifadəyə görə tərəfindən vaxtı-vaxtında ödənişlər aparılmışdır. İstifadəsində olan mənzildən kənarda yerləşən itron tipli qaz sayğacı sındığı üçün xx.xx.2020-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən yeni sayğacla əvəz edilmişdir. Köhnə sayğac çıxarılarkən sayğacın bütövlüyü pozulmamışdır, belə ki, sayğacın üzərindəki bütün möhürlər yerində olmuşdur. Yeni sayğacdan qısa bir müddət istifadə etdikdən sonra ona xx.xx.2020-ci il tarixli bildiriş-xəbərdarlıq qəbzi gəlmiş və həmin qəbzin üzərində 553,50 manat borcunun olması qeyd edilmişdir. Bununla bağlı yerli qaz idarəsinə getdikdə ona bildirmişlər ki, istifadəsində olmuş qaz sayğacına guya tərəflərindən müdaxilə olunduğu üçün sayğac mənfiyə işləyir buna görə də cərimə hesablanmışdır. Sayğac yaşayış evindən kənarda, binanın blokunda quraşdırılmışdır. Sayğac çıxarılarkən bütün möhürləri üzərində olub və belə olan halda sayğaca müdaxilə etməsi mümkün deyildir. Qaz sayğacına hər ay Cavabdeh əməkdaşları tərəfindən baxış keçirilirdi, əgər tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə olunsaydı dərhal xəbərləri olardı. O, istifadəsində olmuş qaz sayğacına müdaxilə etməmişdir. Hər hansı bir cərimə aktının kim tərəfindən tərtib olunmasından onun xəbəri olmamışdır və bu günədək həmin akt ona təqdim olunmamışdır. Halbuki, bu cür cərimə aktı tərtib olunan zaman onun iştirakı mütləq təmin edilməli idi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)- 2164/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 2 ünvanında sayğacdan qaz sərfinə görə (abonent kodu: **********44000, sayğac nömrəsi **********5) hesablanmış 553,50 manat cərimə borcunun silinməsi qət edilmişdir. Qətnamədən Cavabdeh nümayəndəsi apelyasiya şikayəti verərək onun ləğv barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətə görə, iddiaçının borcunu tam ödəməməsi səbəbindən qeyd olunan məbləğdə debitor borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçı şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. xx.xx.2020-ci il bildiriş-xəbərdarlığın surətindən görünür ki, İddiaçı Birlik tərəfindən 553,50 manat borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh İB arasında xx.xx.2020-ci il tarixdə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı ünvan 3 ünvanında quraşdırılmış “Smart” tipli qaz sayğacında olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış, heç bir sızma aşkar edilməmişdir. Sayğac texniki qaydalara cavab verir, abonentə təhvil verilmişdir. xx.xx.2020-cii il tarixli çıxarışın surətindən görünür ki, sayğac nömrəsi **********44000 olan ünvan 3 ünvanındakı mənzilə dair (sahibi İddiaçı) 2020-ci ilin 4-cü ayı üzrə borc 478,6 manat olmuş, 2020-ci ilin 3-cü ay üzrə sərfiyyat 200 m3 olmuşdur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısmın vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Cavabdeh təşkilat mübahisələndirmir ki, iddiaçıya məxsus mənzilin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac mənzildən kənarda quraşdırılmışdır. Belə olan halda isə həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericiliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, küçədə quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2164/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar