Məhkəmə qərarları › İş №2(103)-1749/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1749/2023

30.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1749/2023 30.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə Məhkəmə iclas katibi X3, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(005)- 2292/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Nərimanov rayonu, İ.İbişov küçəsində yerləşən 16/18 saylı fərdi yaşayış evi İddiaçı istifadə və sahibliyindədir. Onunla Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********00180 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin fərdi yaşayış evində təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsi (PQ-4), 1 ədəd samovar, 1 ədəd qızdırıcı radiator istifadə edilir. xx.xx.2021-ci il tarixdə həmin evə quraşdırılmış qaz sayğacı yeni “ZENNER G4T Smart” markalı sayğacla əvəz edilmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən bu ünvanda təbii qazdan sayğacdan kənar istifadə edildiyi aşkar olunmuş və bununla bağlı itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində 8640 m3 həcmində ziyanın vurulması əsası ilə xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt tərtib edilmiş və bu həcmdə qazın dəyərini təşkil edən 1.036,80 manat məbləğində pulun İddiaçı tutulması barədə qərar qəbul edilmişdir. Qeyd edilən akt cavabdehin nümayəndələri tərəfindən imzalanmış, həmçinin aktda abonentin özünü təqdim etməməsi və aktı imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır. Eyni zamanda, sayğacın və evin üst tərəfindən keçən qaz xəttindən evə çəkilmiş ayrıca xəttin fotoşəkilləri çəkilmişdir. Fotoşəkildə əks olunmuş sayğac üzərində olan nömrə (**********851) ilə sayğacın abonentin saldosunda göstərilmiş nömrəsi eynilik təşkil edir. Abonentin saldosuna əsasən aktda göstərilən dövrdə (xx.xx.2022-ci il tarixdən 90 gün əvvəlki dövrdə, yəni xx.xx.2021-ci il xx.xx.2022-ci il tarixlərdə) təbii qazdan istifadəyə görə hər hansı məbləğdə pul ödənilməmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixində ******* saylı akta əsasən ona hesablanmış 1.036,80 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, İ.Abışov küçəsində yerləşən 16/18 nömrəli fərdi yaşayış evində yaşayır. Evinin qaz təchizatı ilə təmin olunması barədə Cavabdeh ilə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Həmin müqavilə, müqavilənin şərtlərindən asılı olaraq hər il bir il müddətinə uzadılır və ya müddətsiz bağlanır. 2022-ci ilin fevral ayının 14-ü tarixində Cavabdeh nümayəndələri qaydaların tələbinə uyğun olaraq, yaşadığı ünvana gələrək qaz sayğaclarına baxış keçirərkən ona məxsus olan həyət evinin torpaq sahəsinin küçə divarında yerləşən və həyətyanı torpaq sahəsinin küçə hissəsində quraşdırılmış qaz sayğacına növbəti baxış keçirmişlər. Qaz sayğacına baxış keçirildikdən sonra əməkdaşlardan biri qonşu evin damına çıxaraq oradan çəkiliş aparmış və qonşunun evinə gedən qaz borusu xəttinin şübhəli quraşdırılması diqqətlərini çəkdiyindən və həmin boru xəttinin onun evinə getmə ehtimalı əsası ilə onun iştirakı təmin olunmadan və fikri soruşulmadan ona boru xəttinə qanunsuz qoşulmasına görə xx.xx.2022-ci il tarixdə, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunaraq, ona qanunsuz və əsassız olaraq 1.036,80 manat cərimə hesablanmışdır. Qaz sayğacına baxışın nəticəsi barədə münasibət bildirilməmiş, qaz xəttinin hara və ya hansı evədək getməsi izlənilməmişdir. Nəticədə isə ona cərimə hesablanması qərara alınmışdır. Həmin tarixədək olan dövrlərdə quraşdırılmış qaz sayğacları ilə bağlı heç bir pozuntu aşkar edilməmişdir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktlar tərtib olunarkən borcunun olması barədə ona və ya ailə üzvlərinə heç nə bildirilməmişdir. Digər tərəfdən isə cavabdehin nümayəndələri tərəfindən qaz sayğacına hər ay mütəmadi baxış keçirilir və qəbz yazılaraq müştəriyə-abonentə təqdim edilir. Qaldı ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin şərtlərinin onun tərəfindən pozulmasına, bu sübut edilməli və həqiqəti əks etdirməli idi. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2-ci bəndinin 2.1.6-cı yarımbəndində əsasən paylayıcının vəzifəsi barədə qeyd olunur ki, istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək). Yəni paylayıcının nümayəndəsi hər ay qaz sayğacının göstəricilərini canlı olaraq yerində müəyyən etməli və istehlakçıya məlumat verməlidir. Odur ki, cavabdehin nümayəndələrinin hərəkətləri ona qarşı həqiqəti əks etdirmir. Borcun yaranması səbəbi dəqiq göstərilməlidir. Ailə üzvlərinin hamısı ziyalıdır, hər biri bir dövlət orqanında çalışır. Cavabdehin nümayəndələrinin hərəkətləri onlara qarşı təhqirdir. Cərimə ilə razılaşmadığına görə müraciətlərini və xahişini nəzərə alaraq, cavabdehin nümayəndələri ona məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Hesab edir ki, üzərinə qoyulan cərimə qanunsuz və əsassızdır, ona görə də məhkəmə tərəfindən silinməsinə dair qətnamə çıxarılmalıdır.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(005)- 2292/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı **********00180 saylı abonent koduna əsassız olaraq hesablanmış 1.036,80 manat borcun silinməsi, Cavabdehndən 30,37 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, mühəndis-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. (hakim X6)

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasındakı mübahisə “Qazdan istifadə qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xəttinə qoşularaq qanunsuz təbii qazdan istifadəyə görə hesablanmış borcla bağlıdır. Bu səbəbdən cavabdeh iddiaçının təqsirli hərəkətləri, yəni istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamasını sübut etməlidir. Cavabdeh təşkilat tərəfindən məhkəmə araşdırması zamanı iddia tələbi ilə bağlı hər hansı bir sübut təqdim edilməmişdir. Belə ki, abonent kodu **********00180 olan istehlakçı İddiaçı ünvan 1 ünvanında iddiaçının qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində zərərin vurulduğu, zərərin mövcud olması və bu hərəkətlərlə (hərəkətsizliklə) ziyan arasındakı səbəbli əlaqənin olduğunu sübut edən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. İddiaçının yaşadığı ev fərdi yaşayış evidir, sayğac küçədə yerləşir. Cavabdehə dəymiş maddi zərərin iddiaçının təqsirli hərəkətlərindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı mötəbər sübutlar təqdim edilməmişdir. yaranmış vəziyyətdə iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz xəttinə sonuncu tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində qazın sərfiyyatında itkilərin olmasını sübut etmək yükü cavabdeh təşkilatın üzərində olmuşdur. Başqa sözlə, təchizatçı təşkilatın cavabdehlik daşıdığı qaz xəttinə hər hansı müdaxilə edilməsində iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Bununla belə, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən iddiaçının abunə koduna hesablanmış 1.036,80 manat borcun silinməsi barədə iddia tələbi də təmin edilməlidir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci, maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 119.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinə, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci və 9.1.5-ci maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci, 4.6-cı, 4.7-ci, 4.8-ci, 4.9-cu, 6.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB tərəfindən birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də iddiaçının evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar olunaraq, aktlaşdırılmış və bu halı təsdiqləyən foto şəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş və xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 1.036,80 manat dəymiş ziyam hesablanmışdır. Keçirilmiş mühəndis-texniki ekspertizası üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5501 nömrəli, xx.xx.2022-ci il tarixli rəyində ünvan 2 ünvanda qaz sayğacına kənardan hər hansı qanunsuz müdaxilə edilməsinin və borcun məbləğinin yaranma səbəbinin müəyyən olunması mühəndis-texniki ekspertin səlahiyyətindən kənar olduğu qeyd edilmişdir. Cavabdeh İB tərəfindən xx.xx.2022-ci il tarixdə işin obyekiv araşdırılması üçün iddiaçıya məxsus həmin fərdi yaşayış evinə yerli baxışın təşkil olunması, fotoşəkillərdə əks olunmuş görüntülərin yerində müyinə edilməsi üçün məhkəməyə vəsatət təqdim edilmiş, lakin məhkəmə vəsatəti təmin etməmişdir. Bundan başqa iş üzrə keçirilmiş məhkəmə iclaslarında iddiaçının nümayəndəsi də çəkilmiş foto şəkillərin həmin ünvana aid olduğunu təsdiq etmişdir. Lakin məhkəmə istehlakçının qaz xəttinə qeyri-metal borular vasitəsilə özbaşına qoşulması faktını tədiqləyən akta əsasən dəymiş ziyan kimi hesablanıb saldosuna əlavə edilmiş borcunu heç bir normaya əsaslanmadan silmişdir. Beləliklə, cavabdeh tərəf qanunsuz qoşulma faktını təsdiq edən sübutları, tərtib edilmiş aktı, fotoşəkilləri, istehlakçının saldosunu məhkəməyə təqdim etmiş, iddiaçı tərəf də fotoşəkillərdəki faktları təsdiq etməsinə baxmayaraq məhkəmə heç bir fakta əsaslanmadan iddianı təmin etmişdir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

11. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən İddiaçınn nümayəndəsi (oğlu) X7 apellyasiya şikayətini qəbul etməyərək, mübahisəli evdə daimi əsaslarla yaşayışın olmadığını, hərdən anasının həmin evdə qaldığını və həmin vaxtlar anasının yanına gedib-gəldiyini, evdə yaşayış olan vaxtlar ayından asılı olaraq 30-50 manat dəyəri olan həcmdə təbii qazdan istifadə edildiyini, qanunsuz qoşulma halına yol vermədiklərini bildirmiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Lakin bundan sonra məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

14. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

16. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir.

17. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə bütövlüklə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən real olaraq qanunsuz qoşulma halına yol verilibb-verilmədiyi, həmin evdə yaşayan şəxslərin sayı, istifadə olunan cihazlar və onların sayı aydınlaşdırmamış, habelə aktın əhatə etdiyi aylarda istifadə edilmiş təbii qazın həcminin müəyyən edilməsi üçün iddiaçıya aid abonent saldosu araşdırmamışdır. Hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz.

22. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur.

23. Bu səbəbdən istehlakçının təbii qazdan sayğacdan kənar, qanunsuz qoşulma yolu ilə istifadə etməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halın rəsmiləşdirilməsini, o cümlədən pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın məhz istehlakçının iştirakı ilə tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Buna baxmayaraq, istehlakçının iştirakının təmin edilməsinin mümkün olmaması, habelə istehlakçının aktı imzalamaqdan real olaraq imtina etməsi və ya istehlakçının özünün pozuntuya yol verməməsi mövqeyindən çıxış etməsi də istisna deyil. Bu səbəbdən yalnız belə bir akta əsaslanan rəsmiləşdirmə etibarlı, buna uyğun olaraq, istehlakçıya hesablanmış zərər məbləği isə əsaslı hesab edilə bilməz. Bu səbəbdən cavabdehin əməkdaşları yalnız aktın tərtib edilməsi ilə kifayətlənməməli, qanunsuz qoşulma halını təsdiq edən sübutların (məsələn, fotoşəkillərin çəkilməsi, çəkilişin aparılması, sayğacın laboratoriya şəraitində müayinə olunması və sair) əldə edilməsi üçün tədbirlər görməli, habelə real sərfiyyatın müəyyən edilməsi baxımından abonentin saldo məlumatlarını araşdırmalı, təbii qazla işləyən cihazları, habelə əhəmiyyəti olan digər halları müəyyən etməlidir.

24. İddiaçı iddia ərizəsində Bakı şəhəri, Nərimanov rayonu, İ.İbişov küçəsində yerləşən 16/18 saylı fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə daimi əsaslarla yaşadığını göstərir. Lakin iddiaçının nümayəndəsi (oğlu) fərqli bir mövqeydən çıxış edərək, həmin evdə iddiaçının hərdən və tək yaşadığını, evdə yaşayan zaman onun iddiaçıya baş çəkdiyini bildirir. Buna baxmayaraq, öz mövqeyini sübuta yetirə bilmir. Həmin evə aid olan abonent saldosundan isə 2022-ci ilin mart ayından hər ay təbii qazdan istifadəyə görə ödənişlərin olduğu müəyyən edilir ki, bu da evdə daimi əsaslarla yaşayışın olduğunu təsdiq edir). Həmin ev hüquqi vəziyyətinə görə özbaşına tikili olmaqla, iddiaçıya məxsusdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış müvafiq müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən təbii qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla iddiaçıya **********00180 nömrəli abonent kodu verilmişdir. Abonentin saldosuna əsasən həmin fərdi yaşayış evində təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsinin (PQ-4), 1 ədəd samovar və 1 ədəd qızdırıcı radiatorun istifadə edildiyi göstərilmişdir. Qeyd edilənlər öz növbəsində hər ay təbii qazdan istifadə edildiyini təsdiq edir.

25. Cavabdehin əməkdaşları tərəfindən həmin evdə olan qaz sayğacına xx.xx.2022ci il tarixdə keçirilmiş baxış zamanı sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edildiyi aşkar edilmiş və itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində ümumilikdə 8.640 m3 həcmində ziyanın vurulması əsası ilə eyni tarixli akt tərtib edilmiş və bu həcmdə qazın dəyərini təşkil edən (1 m3 0,12 manatdan hesablanmaqla) 1.036,80 manat məbləğində pulun iddiaçıdan tutulması barədə qərar qəbul edilmişdir. Aktda abonentin özünü təqdim etmədiyi və aktı imza etməkdən imtina etdiyi göstərilmişdir. Lakin iddiaçı keçirilən baxış barədə ona hər hansı məlumatın verilmədiyini, o cümlədən aktın tərtib edilməsində iştirak etmək üçün dəvət edilmədiyini bildirir. Belə olan halda, həmin aktın etibarlığı, o cümlədən aktda aparılmış hesablamanın düzgünlüyü şübhə altına alınır. Başqa sözlə, mövcud vəziyyətdə həmin akt iddiaçının təbii qazdan qaz xəttindən kənar istifadə etməsini təsdiq etmir, belə bir qənaətə gəlmək üçün yalnız bu aktların mövcudluğu kifayət deyil.

26. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, baxış zamanı cavabdehin əməkdaşları tərəfindən fotoşəkillər də çəkilmişdir. İddiaçı fotoşəkillərdə əks olunmuş görüntülərin onun evinə hər hansı aidiyyətinin olmadığını bildirir. Bu fotoşəkillərdən qaz xəttindən başqa bir xəttin ayrıldığı açıq və aşkar görünür. Fotoşəkillərdə əks olunmuş qaz sayğacının tipi və nömrəsi iddiaçıya aid abonent saldosunda əks olunmuş sayğac barədə məlumatlarla eynilik təşkil edir. Hər bir halda, bütün abonentlər, o cümlədən sayğaclar barədə məlumatlı olan və məhz bu sahə üzrə ixtisaslaşan cavabdehin əməkdaşları qanunsuz qoşulmaya iddiaçı tərəfindən deyil, qonşuluqda yerləşən hər hansı digər ev üzrə yol verilsə idi, qanunsuz xətt iddiaçının evinə daxil olmazdı (iddiaçı tərəf fotoşəkillərdə əks etdirilmiş evin onların evi olmadığını bildirmir) və fotoşəkillərdə əks olunmuş sayğacın məlumatları iddiaçının istifadəsində olan sayğacın məlumatları ilə eynilik təşkil etməzdi. Qeyd edilənlər də öz növbəsində fotoşəkillərdə əks olunmuş kənar xəttin iddiaçıya aid olduğunu təsdiq edir.

27. Digər tərəfdən iddiaçı tərəf qış aylarında təbii qazdan istifadə edilməsinə görə hər ay təxminən 30-50 manat məbləğində pul ödədiyini qeyd edir. Lakin ona aid abonent saldosuna əsasən aktın əhatə etdiyi 90 günlük müddətə daxil olan 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar-fevral aylarında təbii qazdan istifadəyə görə hər hansı məbləğdə ödəniş edilməmişdir. Lakin aktın tərtib edildiyi xx.xx.2022-ci il tarixdən sonra 2022-ci ilin dekabr ayınadək hər ay müxtəlif məbləğlərdə ödənişlər aparılmışdır. Bu da öz növbəsində həmin evdə daimi əsaslarla yaşayışın olmasını, sadəcə olaraq təbii qazdan qaz xəttindən kənar, qanunsuz qoşulma yolu ilə istifadə etməsini təsdiq edir.

28. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmamışdır. Aşkar edilmiş pozuntularla bağlı akt tərtib edilərkən iddiaçının iştirakı təmin edilməsə də, iddiaçı tərəfindən şəbəkəyə qanunsuz qoşulması və təbii qazdan sayğacdan kənar istifadə etməsi bu aktlardan başqa, iş materiallarında olan sənədlərlə, o cümlədən iddia ərizəsində göstərilənlərlə iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahat arasında olan ziddiyyətlərlə tam sübuta yetir. Başqa sözlə, iddiaçı sayğacdan kənar xətt çəkmiş və təbii qazdan məhz həmin xətt üzrə istifadə etmiş və onun təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkəti) nəticəsində cavabdehə maddi zərər vurmuşdur.

29. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edilən aktın etibarlılığını iddiaçının təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edilməsinin müəyyən edilməsi hissəsində qəbul edir və bununla bağlı vurğulayır ki, aşkar edilmiş pozuntularla bağlı akt tərtib edilərkən iddiaçının iştirakı təmin edilməsə də, iddiaçı tərəfindən şəbəkəyə qanunsuz qoşulması və təbii qazdan sayğacdan kənar istifadə etməsi bu aktdan başqa, iş materiallarında olan digər sənədlərlə, o cümlədən abonentin saldosu və fotoşəkillərlə tam sübuta yetir. Başqa sözlə, iddiaçı təbii qazdan sayğacdan kənar istifadə etmiş, onun bu təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkəti) nəticəsində cavabdehə maddi zərər vurulmuşdur və həmin məbləğ silinə bilməz, əksinə iddiaçı tərəfindən cavabdehə ödənilməlidir.

30. Məhkəmə kollegiyası aktda və akt əsasında qəbul edilmiş qərarda göstərilmiş müddətlə razılaşır, lakin aparılmış hesablama, yəni vurulmuş maddi zərərin məbləği ilə razılaşmır və müddətlə bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdeh zərər məbləğini 90 gün əvvəli əhatə etməklə hesablayır. Müddət etibarı ilə cavabdeh qanuna zidd əməlin əvvəli kimi xx.xx.2021-ci il tarixini, sonu kimi isə xx.xx.2022-ci il tarixini əsas götürür. İddiaçıya aid abonent saldosuna əsasən həmin dövrdə təbii qazdan istifadəyə görə hər hansı məbləğdə ödəniş aparılmamışdır. Lakin artıq qeyd edildiyi kimi, akt tərtib edildikdən sonra növbəti aydan hər ay ödənişlər edilmişdir. İddiaçının sonuncu ödəniş tarixi olan 2021-ci ilin mart ayından növbəti ödəniş tarixi olan 2022-ci ilin mart ayına kimi bu evdə yaşamaması və yalnız 2022-ci ilin mart ayında daimi əsaslarla yaşamasını təsdiq edən hər hansı sübut təqdim edilmir. İddiaçı iddia ərizəsində hərdən həmin evdə qaldığını bildirmir, halbuki hərdən qalmanın özü də ən azı hərdən ödənişlərin edilməsini ehtiva edir. Bu səbəbdən məhkəmə kollegiyası aktda göstərilən müddəti qanunsuz qoşulma müddəti kimi qəbul edir.

31. Məhkəmə kollegiyası zərər məbləği ilə bağlı qeyd edir ki, abonentin saldosuna əsasən evdə təbii qazdan işləyən 3 cihaz mövcuddur. İddiaçı tərəf bu məsələdə başqa mövqeydən çıxış etmir. Lakin akta əsasən hesabat nominal qaz sərfi, yəni 4 m3/saat əsas götürülməklə və 24 saat üzrə aparılmışdır. Halbuki, bu cihazların hər birinin həm adi şəraitdə, həm də müxtəlif səbəblərdən (məsələn, sakinlərin 24 saat ərzində evdə olmaması, habelə gecə vaxtlarında yatmaları səbəbindən cihazları söndürməsi və sair), həm də təyinatına görə (məsələn, qaz plitəsinin təyinatı yemək hazırlamaq və ya qızdırmaq, su qaynatmaqdan ibarətdir, buna ehtiyac olmayanda qaz plitəsinin istifadəsinə də hər hansı ehtiyac yoxdur. Su qızdırıcısı isə konkret olaraq isti su tələb olunduğu hallarda istifadə edilir) 24 saat işlək vəziyyətdə saxlanılması mümkün deyil. Ümumiyyətlə bu cihazların təyinatı təhlükəsizlik baxımından da onların bütün gün ərzində istifadə edilməsini istisna edir. Bu səbəbdən məhkəmə kollegiyası təbii qazdan sayğacdan kənar istifadə edilməsi səbəbindən qənaət edilməməsi və nəticədə hər cihazdan 24 saat ərzində, fasiləsiz olaraq istifadə edilməsi barədə mövqeyini əsassız, aktı və onun əsasında qəbul edilmiş qərarı isə bu hissədə etibarsız hesab edir. Belə olan halda, mövcud vəziyyətdə iddiaçı tərəfindən qaz xəttindən kənar istifadə edilmiş təbii qazın həcminin müəyyən edilməsi üçün məhz abonentin saldosunda olan məlumatlar araşdırılmalıdır.

32. İddiaçıya aid abonent saldosuna əsasən 2020-ci-2021-ci illərin eyni dövründə, yəni 2021-ci ilin dekabr, 2022-ci ilin yanvar və fevral aylarında təbii qazdan istifadəyə görə müvafiq olaraq 70 manat, 85 manat və 85,20 manat məbləğində ödəniş edilmişdir.

33. Məhkəmə kollegiyası cihazların təyinatına və istifadə edilməsinə dair yuxarıda nümayiş etdirilmiş mövqeyi, habelə abonentin saldosu üzrə 2020-2021-ci ilin eyni dövründə təbii qazdan istifadə həcmini və onun dəyərini nəzərə alıb, hesab edir ki, zərər məbləği qismində həmin dövrün 3 ayı ərzində ödənilmiş məbləğin orta məxrəci əsas götürülməli və bu qaydada aparılmış hesablama nəticəsində əldə edilmiş (70 + 85 + 85 = 240/3=80) 80 manat hər ay üzrə cavabdehə vurulmuş maddi zərər məbləği kimi qəbul edilməli və cavabdeh tərəfindən hesablanmış 1.036,80 manat cərimə məbləğindən çıxılmalı (1.036,80 – 240 (80 manat x 3 ay) = 796,80), qalan 796,80 manat məbləğində pul cavabdeh tərəfindən əsassız olaraq hesablanmış cərimə məbləğ kimi silinməlidir.

34. Məhkəmə kollegiyası aparılmış ekspertiza üzrə tərtib edilmiş ekspert rəyi ilə iş üçün əhəmiyyətli olan hər hansı bir halın müəyyən edilmədiyini nəzərə alıb, həmin rəyi mötəbər sübut kimi qəbul etmir.

35. Məhkəmə kollegiyası əsassız hesablanmış cərimənin məbləğini nəzərə alıb, belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və iddiaçı istehlakçı olaraq dövlət rüsumunu ödəməkdən azad edildiyindən həmin məbləğdə dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

36. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2292/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, İ.İbişov küçəsində yerləşən 16/18 saylı fərdi yaşayış evi (abonent kodu **********00180) üzrə Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 796,80 manat məbləğində borc silinməli, İddiaçı ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət gəlirlərinə alınmalı, iddia qalan hissədə rədd edilməlidir.

37. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti 796,40 manat təşkil etdiyindən, yəni məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384-390-cı, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2292/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, İ.İbişov küçəsində yerləşən 16/18 saylı fərdi yaşayış evi (abonent kodu **********00180) üzrə Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 796,80 (yeddi yüz doxsan altı manat, səksən qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə rədd edilsin. İddiaçı qıznın ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar